09.07.2021, 14:35

Süni intellekt və tənhalıq


Ziba Ağayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Heydər Əliyev siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi
şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru


Açar sözlər: dördüncü sənaye inqilabı, Sİ, insan, tənhalıq, proqramlaşdırma, etik problemlər, əxlaq kodeksi;

Ключевые слова: четвертая промышленная революция, ИИ, человек, одиночество, программирование, этические проблемы, этический кодекс;

Keywords: fourth industrial revolution, artificial intelligence, man, loneliness, programming, ethical problems, ethical code.
Giriş: Hal hazırda müasir bəşəriyyətin qarşısında duran əsas məsələlərdən biri tarixi əhəmiyyət kəsb edən yeni texnoloji inqilabın dərk olunması və formalaşmasıdır. İsveçrə iqtisadçısı, 1971-ci ildə Davos İqtisadi Forumunun (DİF) yaradıcısı (1987-ci ildən etibarən Dünya İqtisadi Forumu) Klaus Şvebsin ifadəsilə desək: “Bizim həyatımızı, əməyimizi və münasibətlərimizi əsaslı şəkildə dəyişdirəcək bir inqilabın başlanğıcında durmuşuq. Miqyasına, həcminə və mürəkkəbliyinə görə bu fenomeni mən bəşəriyyətin əvvəlki bütün təcrübələrində analoqu olmayan dördüncü sənaye inqilabı hesab edirəm” [1,3]. Göründüyü kimi bu sənaye inqilabı inkişaf tempinə, genişliyinə və dərinliyinə, eləcə də sistemli təsirinə görə (K.Şvab) bütün ölkələri, kompaniyaları, sahələri və bütövlükdə cəmiyyəti əhatə edir. Hal-hazırda dünyanın qırxdan cox ölkəsi Sİ sahəsində milli strategiya və ya proqram hazırlamışdır.
Təbiidir ki, milyardlarla insanı əhatə edən, dünya dövlətlərinin fəaliyyət prosesində köklü dəyişikliklərə səbəb olan bu hadisə ölkəmizdən də yan keçməyib. 22 yanvar 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Microsoft” şirkətinin vitse-prezidenti, Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Mişel Van Der Bel ilə görüşündə süni intellekt dövrünə hazırlıq üçün Azərbaycan hökumətinin də müvafiq tədbirlər həyata keçirdiyini [2], eləcə də 16 iyun 2020-ci ildə “Mikrosoft” şirkətinin vitse-prezidenti və digər nümayəndələri arasında videokonfransda dövlətimizin hazırda növbəti beş il üçün rəqəmsal transformasiya üzrə dövlət strategiyası üzərində işlədiyini, eyni zamanda süni intellekt üzrə strategiyanın ətraflı işlənib hazırlanması ilə bağlı məsələlərin də gündəlikdə olduğunu [3] bildirmişdi. Azərbaycanda Sİ-tin, bütövlükdə informasiya texnologiyalarının inkişafı güclü bir dövlətin qüdrətinin göstəricisi kimi hərbi, iqtisadi, siyasi, elmi, sosial, mədəni potensialla yanaşı informasiya potensialının da inkişafına istiqamətlənmişdir.
Tənhalığın aradan qaldırılmasında Sİ-in rolu
Nə qədər kədərli olsa da qeyd etmək lazımdır ki, XXI əsrdə tənhalıq qlobal epidemiya səviyyəsinə yüksəlmişdir.Yer üzündə, xüsusilə ABŞ-da və inkişaf etmiş Qərb ölkələrində 80-cı illərdən müasir dövrümüzə qədər tənha insanların sayı 3 dəfədən çox artmışdır və bu proses həndəsi silsilə ilə artmaqda davam edir. Vəziyyət o həddə çatmışdır ki, Böyük Britaniyada tənhalıq nazırı vəzifəsi təsis edilmiş, Yaponiyada tənhalıqda ölən insanların yas və dəfn mərasimləri ilə əlaqədar bütöv sənaye müəssisələri təmizlik işlərinə cəlb edilmişdir. Filosof Ben Lazar Miyuşkoviçin “Fəlsəfədə, psixologiyada və ədəbiyyatda tənhalıq” əsərində göstərdiyi kimi, “yunan mif və dramlarından, Platonun dialoqlarından və Aristotelin traktatlarından üzü bəri tənhalıq bəşəriyyətin ümumi problemi olmuşdur”, “İnsan həmişə və hər yerdə kəskin tənhalıq hissindən əziyyət çəkmişdir” [4]. Göründüyü kimi tənhalıq davamlı olaraq insan cəmiyyətinin meydana çıxdığı andan bu günə qədər insanları müşaiyət edən psixoloji, sosialoji, fəlsəfi, mədəni, bədii mahiyyət kəsb edən əbədi bir hadisədir. Eyni zamanda tənhalığın özünüdərketmədə həlledici, pozitiv əhəmiyyət daşıdığını göstərməklə yanaşı, uzun müddətli tənhalığın dərin depessiyadan tutmuş sağalmaz koqnitiv zərbələrə qədər kifayət qədər çox mənfi neqativ nəticələrinin tənha insanlar arasında ölüm riskinin 30% -dən çox olmasına səbəb olmasını xüsusilə qeyd etmək lazımdır.
Hazırda 8 milyarda yaxın əhalisi olan yer kürəsində internetin mövcud olduğu bir zamanda tənhalıq durmadan artır. Bunun səbəbləri çoxdur. Nə qədər porodoksal səslənsə də sanki cəmiyyət, həyat özü tənhalığı formalaşdırır. Azərbaycanlı alim, süni intellekt sahəsində ömürlük professor seçilmiş yeganə şəxs, qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı L.Zadənin qeyd etdiyi kimi, “Həyat dinamik mürəkkəb sistemdir, Onu optimallaşdırmaq çətindir. Çünki onun parametrləri çoxdur, Parametrləri tapan yolsa yoxdur”. O, riyazi olaraq sübut etmişdir ki, heç bir mürəkkəb dinamik xətti sistemi bütün parametrlər üzrə optimallaşdırmaq mümkün deyil. Bu hardasa təbiətin qadağan qanunudur. Təbiətdə, cəmiyyətdə, texnikada da ideal quruluşun, ideal sistemin olmaması bundan doğur [5]. Zənnimizcə məhz bu təbii səbəbdən də tənhalıq cəmiyyətin əzəli, əbədi və bəşər övladı üçün həlli mümkün olmayan mürəkkəb və mücərrəd problemlərindən biri olaraq qalacaqdır.
Müasir dövrdə siyasi, iqtisadi, sosial, mədəni sahələrdə baş verən transformasiyalar insanların həyat tərzində, dünyagörüşündə, münasibətlərində, tələbatlarında, təsəvvürlərində müxtəlif dəyişikliklərə zəmin yaratmışdır. Xüsusilə müşkül məsələlərinin həllində yaxınlarından və qohumlarından dəstək görməyən insanlar sanki tənhalaşaraq, özləri bilərəkdən xilası ümümdünya şəbəkə torunda axtarırlar. Lakin burda da bioloji varlıq olan insanlar, tənhalıqdan azad ola bilmir. Çünki istənilən insanın onu başa düşən, fikirlərini bölüşə bilən insanla canlı təmasa, ünsiyyətə təbii ehtiyacı vardır. Digər tərəfdən, əgər canlı insan yoxdursa və insan tənhadırsa, onda bəs necə, onda əlbəttə ki, istənilən yoldaşın olması, heç kimin olmamasından daha yaxşıdır. Yəni hecdənsə nəsə yaxşıdır. Və bu tendensiya yaxın gələcəkdə bu istiqamətdə də Sİ-dən istifadənin istiqamətinə güclü təsir göstərmək ehtimalını daha da gücləndirir.
Ənənəvi olaraq Sİ informatikanın bir sahəsi olub, bütöv konsepsiya kimi fəlsəfədən fizikaya qədər akademik həyatın bütün sahələrində özünü göstərir. 1956-cı ildən başlayaraq bu sahədə tədqiqatlar və texnologiyalar geniş spektrdə təkmilləşmişdir. İlk Smarterchild - dən müasir dövrümüzə qədər Sİ çатботlardan virtual köməkçilərə, tibbi botlara, sosial botlara və digər ağıllı innovasiyalara qədər uzun yol keçmişdir. Hal-hazırda dünyanı gündəlik ünsiyyətin və qarşılıqlı münasibətlərin bir hissəsinə çevrilmiş çatlarsız təsəvvür etmək çətindir. Düzdür hal-hazırda müasir maşınlar insanlarla fərdi qaydada yüksək səviyyədə ünsiyyət qura, tələbə uyğun cavab verə bilirlər, lakin tam mənada həmişə köməyə çata bilmirlər. Bu nöqteyi-nəzərdən perspektivdə əgər mükəmməl Sİ tənhalığın aradan qaldırılmasında yardımçı ola biləcəksə, bu tənhalar üçün yaxşı nəticələnə bilər.
Lakin digər tərəfdən həyat sübut edir ki, Sİ-ə aludəçilik başqa insanlarla canlı təmasdan yayındıra, insanlar arası canlı ünsiyyətə zərbə vura, insan həyatının mənəvi və sosial mahiyyətini, başqa insana fiziki və emosional tələbatını zəiflədə və yaxud tamamən poza və bütövlükdə gələcəyə inamını azalda bilər. Bu ona dəlalət edir ki, SI əgər insanın tənhalığını aradan qaldıra bilərsə, eyni zamanda tənhalığına da vəsilə və ya səbəb də ola bilər. Bu halda məntiqi olaraq belə bir sualla qarşılaşmış oluruq: tam mənada Sİ insanı əvəz edə bilərmi? Canlı insanı, hiss, həyəcan, sevinc, kədər, ümumilikdə emosiyalarla dolu canlı insanı robotlar əvəz edəcəksə, dünyanın mənzərəsi necə olacaq. Əgər Sİ – robot ev işlərində kömək edə, əyləndirə, dərs verə, insanın kefini qaldıra, yaşlı insanlara qulluq edə, tənhalarla ünsüyyət qura, dayəlik edə bilərsə onları insanla bir müstəviyə qoymaq olarmı? Bütövlükdə Sİ nədir?
Süni İntellekt, ətraf mühitdən informasiya almaq, aldığı informasiyanı aydınlaşdırmaq, təhlil etmək və şərh etmək bacarığı olan, eyni zamanda müəyyən zaman kəsiyində qarşısına qoyulan məqsədə çatmaq və ya hər hansı vəzifəni icra etmək, hədəfə çatmaqda çevik davranış və fəaliyyət modeli nümayiş etdirən cansız, süni varlıqdır. Qeyd etmək lazımdır ki, Sİ digər elmlərlə müqayisədə daha çox fəlsəfə ilə əlaqəlidır desək, yəqin ki, yanılmarıq. Çünki Sİ fəlsəfə ilə məsələn, şüur, fəaliyyət, təfəkkür, sağlam düşüncə, azad iradə, qabiliyyət və digər bir çox ümumi konsepsiyaları bölüşür.
Adətən alimlər tərəfindən Sİ ilə əlaqəli üç fəlsəfi sual ortaya qoyulur:
1. Ümumi süni intellekt mümkündürmü; bir maşın, bir insan zəkasının həll edə biləcəyi problemin öhdəsindən gələ bilərmi və ya bir maşının edə biləcəklərinə sərt məhdudiyyətlər qoyula bilərmi?
2. İntelektual maşınlar təhlükəlidirmi; insanlar maşınların etik davranışını və onlardan etik istifadəni təmin edə bilərmi?
3. Maşın insanlarla eyni səviyyədə ağıla, şüura və zəkaya sahib ola bilərmi və əgər maşın bütün bunlara sahib olarsa, onda o da müəyyən hüquqlara malik olmalıdırmı və belə maşınlar bilərəkdən zərər verə bilərmi.
Bu suallara cavab informatikanın əsaslarına və xüsusilə süni intellekt nəzəriyyəsinə həqiqi töhfələr vermiş ingilis riyaziyyatçısı və məntiqçısı Alan Tyürinqin (bir maşın bir insan qədər ağıllı fəaliyyət göstərə bilərmi?) testlərində [6], 1956-cı il Dartmut Konfransının zamanı əldə olunan nəticələrdə (təlimin istənilən aspekti və ya intellektin istənilən xüsusiyyəti o qədər dəqiqiliklə təsvir oluna bilər ki, bu əsasla onun modelləşdirilməsi üçün maşın yaratmaq olar) [7], Nyüell və Saymonun hipotezlərində (intellekt simvollar üzərində formal əməliyyatlardan ibarətdir) [8], Xubert Dreyfusun(intellekt simvolik biliklərdən deyil, əksinə, insan təcrübəsi şüursuz instinkdən və vəziyyəti hiss etməkdən asılıdır) [9] və digər alimlərin hipotez və fərziyyələrində öz əksini tapmışdır.

Sİ və bəzi etik problemlər

Müasir dövrdə neyron şəbəkələrinə əsaslanan süni intellektin yaradılması istiqamətində olduqca bahalı elmi proqramların ortaya qoyulmasında əsas məqsəd beynin fəaliyyətini araşdırmaq və bunun əsasında yaradıcılıq qabiliyyətinə görə təbii beyinə yaxın Sİ yaratmaqdır. Lakin qeyd etmək lazımdır ki, son dərəcə mükəmməl insan beyni elm üçün əvvəlki kimi naməlumdur, yəni Terra incognita vəziyyətindədir. İnsan beynində olan 85 mlrd. neyrondan yalnız biri, beyincikdə olan Purkinye hüceyrəsi bir zaman vahidi ərzində ən müasir kompyuterdən daha çox informasiyanı qəbul və analiz etmək qabiliyyətinə malikdir. Sİ necə, bunun 10% -ə malikdirmi?
Hələ ki, alimlər yolun başlanğıcındadırlar. Məsələn son dərəcə məşhur robot Sofiya (ABŞ) o qədər də uğurlu alınmamışdır. Onun imkanları məhduddur. Lakin sosial yardımlar etmək üçün düşünülmüş bu robot sosial şəbəkələrdə daha çox bəşəriyyəti məhv etməyə hazır olduğunu bəyan etməsilə məşhurlaşmışdır. Bundan əlavə məlumdur ki, Sİ-tin neyron (sinir) şəbəkəsinə bir insana qarşı yönəlmiş təhlükəli məlumatların daxil edilməsi ehtimalı mövcuddur. Eyni zamanda bu da məlumdur ki, özünü idarə etməyi öyrənən neyron şəbəkələri inkişafının müəyyən bir mərhələsində dağıdıcı qərarlar verməyə qadirdir.
Müasir dünyada texnologiyaların sürətli inkişafı nəticəsində mənəviyyatın, əxlaqın və humanizmin deqradasiyaya uğradığı bir şəraitdə bu təhlükə daha da realdır. Belə halda aydın məsələdir ki, ölümlə nəticələnə biləcək fəaliyyətə qabil robotların mənəvi-etik kodlarla təmin olunması zərurətə çevrilir. Oxşar məqamlar Navin Sundar Govindarajulu və Selmer Bringsjordun "İkili effekt doktrinasının avtomatlaşdırılmasıı" məqaləsində öz əksini tapmışdır. Məqalədə ikili fəaliyyət doktrinası araşdırılır. Müəlliflər ikili fəaliyyət doktrinasını, əxlaqi məsələlərin müzakirəsi üsulu kimi qəbul edir və məsələn, müəyyən şərtlər daxilində ən yaxşı özünü müdafiə üsulları haqqında XIII əsr katolik alimi Foma Akvinalıya isnad edirlər [10].
Əsas məsələ belə hərəkətə qabil robotları nəzarətdə saxlamaq və idarə etmək üçün onların etik düşünmək qabiliyyəti olan əxlaq kodeksi ilə proqram təminatıdır. Məsələ bununla bitmir. Bundan əlavə digər vacib məsələ nornativ məntiqin ( sən bunu etməyə borclusan; sen bunu edə bilərsən) qaydalarına uyğun olaraq proqramlaşdırılmış robotların istənilən yerdə, istənilən şəraitdə etik davranış qaydalarına, yəni etik normalara riayət etməsinə və gözlənilməz nəticələrin baş verməməsinə nəzarətin olmasıdır. Aparılan tədqiqatlar göstərdi ki, bu sahədə kifayət qədər fəlsəfi araşdırılmaların olmasına baxmayaraq, maşın etikasının tədqiqi hələ də özünün ilkin pilləsindədir. Etik maşınların- robotların ixtirası sahəsində ilkin işlər aparılsa da, hələ də istənilən nəticə əldə olunmamışdır. Düzdür son dövrlərdə elmdə etik masın təfəkkürünün əsas xüsusiyyətləri və onların realizə edə biləcəyi etikanı, psixoloji etik proses və prosedurları özündə birləşdirən proqramlaşmanın funksiyalarının tədqiqinə xüsusilə geniş ayrılır. Maşın etikası ilə əlaqədar külli miqdarda aprobasiyadan keçmiş yeni əxlaqi tətbiq proqramları və realizə olunan sistemlər meydana çıxır [11]. Lakin qeyd etmək lazımdır ki, hələ də rəqəmsal elm məhz bu məsələdə istənilən nəticəni əldə edə bilməmişdir.
Hələ 1950-ci ildə hesablama texnikasının pionerlərdən biri ingilis alimi Alan Türinq “Maşın düşünə bilərmi?” adlı məqaləsində maşının ağılda insana bərabər olacağı anı müəyyənləşdirə biləcək proseduru təsvir etmişdi. Bu elmdə Türinq testi adı qazanmışdır. Bir çox tədqiqatçılara görə Türinq testi (TT) kompyüterlərdə fikir və şüur kimi dərin hadisələrin mövcudluğunun yoxlanılması üsuludur. Təəssüflər olsun ki, hazırda Türinq testini keçə biləcək hesablama sistemlərinin yaradılması simvollarla kiçik manipulyasiyalara çevrilmişdir. Müasir dövrdə Türinq testinin yaradılmasından yetmiş il keçdiyindən təcrübi olaraq zamanla ayaqlaşa bilmir. Bu səbəbdən hazırda Türinq testini əvəzləyəcək yeni metodlar meydana çıxmışdır. Bu metodlardan biri də Lavleys testidir. Kreativliyi intellektin əsas səbəbi hesab edən Ada Levleys XIX əsrin birinci yrısında yaşasa da, bəşər tarixində ilk proqrammist hesab olunur. Levleys testi Sİ –in yaradıcı qabiliyyətlərini yoxlamağı təklif etmişdir. LT –nə görə Sİ-in işinin nəticəsi onun yaradıcılarının proqram koduna əsaslanan izahı ilə üst-üstə düşə bilməz. Eyni zamanda yaradıcı iş əvvəlcədən sistemə qoyulmuş tələblərə uyğun olmalıdır. Tədqiqatçıların fikrinə görə Lavleys testinin də çatışmayan cəhəti vardır [12]. Göründüyü kimi hələ ki, proqramçılar tam mənada maşının ağılda insana bərabər olacağı anı müəyyənləşdirə biləcək qüsursuz, tam mənada ideal test kəşf edə bilməmişlər.

Nəticə
Aparılan araşdırmalar göstərdi ki, müasir elm insan qabiliyyətlərinə malik və ya hər sahədə rasional ola biləcək robotların hazırlanmasından çox uzaqdır. Yəni robotların insan beynini və emosiyalarını tam şəkildə imitasiya edə bilməyəcəkləri təqdirdə, insanların digər insanlarla canlı ünsiyyətinə, təmasına fitri, təbii ehtiyacı qalacaqdır.
Hələ ki, alimlərin Sİ-in yalnız insanlara xas problemləri həll etmək sahəsində müzakirə və mübahisələri bitmək bilmir. Lakin ümid etmək olar ki, ETT-nin belə sürətlə inkişaf etdiyi bir dövrdə kamil, emosional intellektə malik, öz həmsöhbətilə hər sahədə pozitiv münasibətlər qura biləcək Sİ yaradılacaq və o qısa zaman kəsiyində cəmiyyət tərəfindən qəbul edilməyən tənha insanların dünyagörüşünü və maraqlarını etik müstəvidə bölüşə bilmək qabiliyyətinə malik olacaqdır.
İstifadə olunmuş ədəbiyyat siyahısı:
1.Шваб Клаус. Четвертая промышленная револьюция. Москва, Эксмо,2016, 208с.
2. Prezident İlham Əliyev: Azərbaycan hökuməti süni intellekt dövrünə hazırlıq üçün müvafiq tədbirlər həyata keçirir. https://az.trend.az/azerbaijan/politics/3009176.html
3. https://president.az/articles/39176
4.Ben Lazare Mijuskovic. «Loneliness in Philosophy, Psychology, and Literature», 2012 https://concepture.club/post/obrazovanie/loneliness-good-and-bad
5. https://az.wikipedia.org/
6.Алан Тьюринг Могут ли машины мыслить? http://www.ict.nsc.ru/jspui/bitstream/
7. Философия искусственного интеллекта https://ru.xcv.wiki/wiki/Philosophy_of_artificial_intelligence,
8.Символический искусственный интеллектhttps://ru.wikipedia.org/wiki/
9.Взгляды Хьюберта Дрейфуса на искусственный интеллект https://ru.xcv.wiki/wiki/Hubert_Dreyfus
10. Исследователи искусственного интеллекта (ИИ) должны учиться этике и следовать им https://www.cisin.com/coffee-break/ru/technology/
11. Луис Мониш Перейра, Саптавиджая, Ари Этика программирования машин 2016 https://www.springer.com/gp/book/
12.Тест Лавлейс как замена тесту Тьюринга. https://itc.ua/blogs/test-lavleys-kak-zamena-testu-tyuringa/

Xülasə

Sİ və tənhalıq
Məqalədə müasir dövrdə yeni texnoloji inqilab, onun cəmiyyətə təsiri, xüsusilə qlobal epidemiya səviyyəsinə yüksəlmiş tənhalığın yüngülləşdirilməsi istiqamətində Sİ-in rolu məsələsi təhlilə cəlb edilmişdir. Tədqiqat işində eyni zamanda robotların proqram təminatında əxlaq kodeksinin yer alması və bu tip maşınların etik düşüncəyə, nəyi etmək olar və ya etmək olmaz kimi etik davranışlara qabil olması ilə əlaqədar bəzi mülahizələr yer almışdır.

Резюме

ИИ и одиночество
В статье анализируется новая технологическая революция, ее влияние на общество, особенно рассматривается роль ИИ в смягчении проблемы одиночества, поднявшегося в современный период до уровня глобальной эпидемии. В исследовании, имеются некоторые соображения относительно программного обеспечения роботов моральным кодексом. Имеются некоторые предположения, на счет морального мышления и поведения роботов, например, что можно, а что нельзя делать, а так же как могут быть использованы роботы во вред и в интересах людей.

Summary

AI and loneliness
The article analyzes the new technological revolution, its impact on society, especially the role of AI, which has risen to the level of global epidemik in modern period. In the study, there are some considerations regarding code of ethics on robots software. There are some assumptions, about the moral thinking and behavior of robots. For example, that it is possible, and that it is impossible to do, as well as how can be used robots in harm and in the interests of people.