22.04.2024, 07:28 - Baxış sayı: 135

Yeni müstəmləkəçiliyin Fransa yenilikləri


Eynulla MƏDƏTLİ,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini,
tarix elmləri doktoru, fövqəladə və səlahiyyətli səfir


Fransanın xarici siyasəti dünyanın müxtəlif regionlarında müstəmləkə altına saldığı xalqları assimilyasiya etmək, dilini, mədəniyyətini, adət-ənənələrini aradan qaldırmaqla onlara fransız mədəniyyətini aşılamaq, daim öz orbitində saxlamaqdan ibarət olmuşdur.
İndiki postmüstəmləkə dövründə də həmin siyasəti “demokratik əməkdaşlıq” və bu kimi cəzbedici adlarla davam et­dirən Fransa keçmiş kaloniyalarını siyasi, iqtisadi, mənəvi-mədəni sahələrdə öz tə­siri altında saxlayıb, həmin ölkələrin təbii sərvətlərini mənimsəmək, ucuz işçi qüv­vəsi kimi onların əməyinin Fransa iqtisa­diyyatına xidmətini davam etdirməkdir.
Qeyd etmək lazımdır ki, Fransanın müstəmləkəçilik siyasəti XVIII əsrdə fəlsəfi-siyasi baxımdan J.J.Russo tərə­findən formalaşan “Bon sauvage”(bon suvəc-nəcib vəhşi) nəzəriyyəsinə istinad edir. Russonun “Bərabərsizliyin mənşəyi haqqında mülahizələr” əsəri başdan-ba­şa antihumanist çağırışlardan ibarət idi. Kənardan yeridilən mədəniyyəti idealizə edən bu təlimə uyğunlaşdıraraq sonrakı illərdə fransız mədəniyyəti bəh-bəhlə iş­ğaldakı xalqlara təlqin edilirdi.
Fransanın müstəmləkəçilik siyasəti Böyük Britaniya müstəmləkəçilik siyasə­tindən tam fərqlidir. Bu, birbaşa assi­milyasiya siyasətidir. Məsələn, Afrikanı “fransızlaşdırmaq” (“Frenchification”), onları bir qara dərili fransıza çevirmək siyasəti. Bunun üçün bütün təbliğat va­sitələri işə salınırdı.
Müstəmləkə ölkələrində mətbuatı öz əlində tutmaq, yalnız Fransadan gətirilən təbliğat vasitələrini yaymaq, yerli mətbu­atın inkişafını məhdudlaşdırmaq siyasəti indi də Afrikada və digər regionlarda da­vam etdirilir.
Yerli-köklü xalqların həyat tərzin­də, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə müstəmləkəçilik dövrünün fə­sadları, problemləri yaşanmaqdadır.
Fransızların müstəmləkəsi olmuş Yeni Kaledoniyada yerli-köklü (aborigen) əhalinin sıxışdırılması baş vermişdir. Hələ də belə ölkələrə Fransanın tərkib hissəsi kimi baxılır. Onlar Fransa parla­mentinə də nümayəndə(lər) seçirlər.
Katolik kilsəsi də kolonial siyasətdə fəal rol oynadığı kimi, indiki şəraitdə də oxşar missiyanı davam etdirməyə çalışır.
Məlumdur ki, 1789-cu il Fransa inqila­bı “İnsan haqları haqqında” Bəyannamə qəbul etmişdi, lakin çox keçmədən Fran­sanın başlatdığı müharibələr və geniş müstəmləkəçilik iştahı bu bəyannamənin humanist müddəalarını unutdurdu.
Fransa müstəmləkələrindəki üsyan­ları amansızlıqla yatırırdı. 1856-1859-cu illərdə Melaneziyadakı, xüsusən Yeni Ka­ledoniyanın mərkəzi Noumeadakı üsyan­lar ağır cəza tədbirləri vasitəsilə boğu­lurdu. Sürgün, ağır vergilər və s. Yaxud 1962-ci ildə Əlcəzair xalqının azadlıq uğrunda mübarizəsi 1 milyonadək qur­ban və 2 milyon məcburi köçkünlə nəti­cələnmişdi.
İrqi-dini ayrı-seçkilik Fransanın si­yasətində hər zaman nümayiş etdirilib. Parisin öz müstəmləkələrinə öz adam­larını yerləşdirməklə, yerli əhalinin sayını aşağı salmaq siyasəti ona gətirib çıxar­dıb ki, köklü əhali bəzi yerlərdə azlıqda qalıb, etnik qrupa çevrilib.
İndi də Fransa öz metropoliyalarında, əslində, yeni müstəmləkəçilik siyasətin­dən əl çəkmir. Bu ölkələrin ümumi sahə­si 551500 kv.km-dir. Fransanın öz sahəsi 643801 kv.km. Dənizarxası ərazilərinin genişliyinə görə Fransa dünyada 2-ci bö­yük “müstəsna iqtisadi zonaya” (exclusi­ve economic zone) malikdir.
Fransanın tabeliyində 18 regionu, mülkiyyətində isə 5 dənizarxası kollekti­vi, 1 dənizarxası ərazi, 1 xüsusi kollek­tiv (Yeni Kaledoniya) vardır. Dənizarxası ərazilər, kollektivlər Fransanın tərkib his­səsidir (Fransız Polineziyası, Sen-Barte­lemi, Sen-Marten, Yeni Kaledoniya və s.). Amma onlar Avropa İttifaqına daxil deyil.
Fransada İslam dininə münasibətlə əlaqədar da ciddi problemlər yaşanır, burada ölkədə islamofobiya geniş yayıl­mışdır.
2017-ci ilin noyabrında Burkino–Fasoda universitetdə çıxış edən Pre­zident Makron Fransanın Afrikadakı keçmiş müstəmləkələri ilə yeni müna­sibətlərdən, tarixi ənənələrdən və gələ­cək nikbin perspektivlərdən danışmışdı. Lakin Beynəlxalq Sülh üçün Karnegi Fondunun (“Carnagie Endowment for In­ternaional Peace”) dəyərləndirməsinə görə, Prezident Makronun Afrika ölkələri ilə qarşılıqlı faydalı və mütaqabil əmək­daşlıq etmək vədi yerinə yetirilməmişdir. Onun bu ölkələrə yönəlmiş siyasətindən məqsəd, əslində, keçmişdəki müstəm­ləkəçilik irsinin yenidən canlandırılması, frankofon ölkələrdə qeyri-Avropa döv­lətlərinin və Çinin fəallaşmasına mane olmaqdır. Buna görə də o, yardımları və insani əlaqələri gücləndirməyi qarşı­ya məqsəd qoymuşdu. Lakin təkrar se­çilərkən onun verdiyi vədlər, etdiyi mü­raciətlər, bu ölkələrə daha xoş yanaşma üsulu – heç biri həyata keçmədi.
Qeyd edilməlidir ki, müstəmləkə ölkələrində Fransanın formalaşdırdığı yerli elita bütün dövrlərdə məhz fransız maraqlarının ifadəçisi rolunu oynamağa hədəfləndirilmişdi.
1960-cı ildən dekolonizasiya başlasa da, Fransanın siyasəti bir sıra ölkələrdə, əslində, yeni müstəmləkəçilik şəklində davam etməyə başladı. 1990-da Prezi­dent Mitteran demokratik tərəfdaşlığa dair vədlər versə də, Fransanın həyata keçirdiyi tədbirlər Parisin insan haqları ilə əlaqədar ritorikasının iç üzünü orta­ya qoydu. 2008-də N.Sarkozi Fransafrik (Françafrique) anlayışının başa çatdığını bəyan etdi. Lakin Afrikada siyasi və ma­liyyə əlaqələrində Fransa maraqlarının yeridilməsi yenə də davam etdirildi.
Azad seçkilər və demokratiya bəya­natları versə də, Paris zaman-zaman özünə uyğun rejimləri dəstəkləyir, ölkələ­rin daxili işlərinə qarışır, hərbi-siyasi gü­cünü və iştirakını davam etdirir. Bu si­yasət prezident Makronun dövründə də Afrika ölkələrində davam etdirilir ki, bu da Fransaya inamsızlığı get-gedə artırır. Xüsusən də, Çinin, Hindistanın, İsrailin, Türkiyənin, Rusiyanın, Birləşmiş Ərəb Əmirliyinin bu qitədəki artan fəaliyyətləri Fransa siyasətinin təsirini azaldır, göz­dən salır, haqlı etirazlar doğurur. Bir fakta nəzər salaq: 2018-ci ildə 82 min afrikalı tələbə Çində təhsil almışdır, bu Fransada təhsil alan afrikalılardan təqribən iki dəfə çoxdur.
2017-ci ildə Burkino Fasoda prezi­dent Makron demişdi ki, “müstəmləkəçilik insanlığa qarşı cinayətdir”. Amma Fran­sanın baş naziri milli xəbər proqramında çıxış edərkən müstəmləkəçiliyi mədh et­mişdi. Fransanın dərsliklərində hələ də müstəmləkəçiliyin ancaq müsbət yönləri əks etdirilməkdədir. Fransız mədəniyyəti­nin digərlərindən üstünlüyü təlqin olunur.
Halbuki, Afrika ölkələrinin mad­di-mənəvi irsinin ən yaxşı nümunələri hələ də Fransa muzeylərindədir. Pre­zident Makron mədəniyyət sahəsində keçmişdə yol verilən səhvləri etiraf etsə də, həmin dəyərli artefaktların geriyə, aid olduqları ölkələrə qaytarılması üçün heç bir addım atılmamışdır (66 min mühüm eksponat).
Keçmiş müstəmləkələrində iqtisadi diplomatiya ilə yanaşı, hərbi müdaxilələr də Fransanın istifadə etdiyi üsullardan­dır. Son illərdə Fransa Burkino–Faso, Mərkəzi Afrika Respublikası, Çad və Malidə bu vasitəyə əl atmışdır. Ümu­miyyətlə, Fransa 1960-cı ildən 1990-cı illərin ortalarınadək 122 dəfə Afri­ka ölkələrinə hərbi müdaxilə etmişdir. Məsələn, Benin (1991), Mərkəzi Afrika Respublikası (1979, 1996), Çad (Bizon əməliyyatı).
Nəticə olaraq demək olar ki, Afrika və digər regionlardakı keçmiş müstəm­ləkələrlə yeni münasibətlərin qurulma­sı Makron hökumətinin yanlış siyasəti nəticəsində uğursuzluğa duçar olur. Dünyanın digər bölgələrində də Makron hökumətinin siyasətinə etimad azalır və Fransa dünya nizamında iddia etdiyi yeri tuta bilmir. Bu da, Fransanın sülhə və əməkdaşlığa əngəl olan siyasəti ilə birba­şa əlaqədardır. Bunun ən yeni nümunəsi də Fransanın Cənubi Qafqazda sülhə və əməkdaşlığa ciddi zərər vuran cəhdləri­dir. Lakin bu təxribatçı fəaliyyətlərin də iflasa uğrayacağı labüddür.

"Xalqqazeti.az"