22.04.2024, 10:35 - Baxış sayı: 165

Diplomatiya ilə elmi qovuşduran ömür yolu


Eynulla Mədətli – 70

Alim haqqında yazmaq asan iş deyil. Xüsusiə tarixçi alimlərin yaradıcılıq tarixini elmi təhlil etmək ikiqat çətindir. Çünki tarix elm kimi fərqli interpretasiyaları olan, lakin son dərəcə vacib bir ciddi araşdırma sahəsidir. Buna görə də tarixi araşdıranlar haqqında sanballı söz demək tarixin özü qədər məsuliyyətli və həm də çətin işdir. Lakin əgər tarixçi alimi tanıyırsansa, onun idrakı ilə yanaşı, mənə­vi-əxlaqi və bütövlükdə, emosional dünyasını duya bilirsənsə, barəsində söz demək artıq zövq məsələsi olur.
Mən tarix elmləri doktoru Eynulla Mə­dətlini bir neçə ildir ki, tanıyıram. Biz bir kollektivdə – Fəlsəfə və Sosiologiya İns­titutunda çalışırıq. Eynulla müəllim həm direktorun elmi işlər üzrə müavini, həm də Heydər Əliyev irsini araşdıran şöbənin müdiridir. Həm şöbə, həm də bütöv insti­tut miqyasında hörməti çoxdur. Buna ça­lışqanlığı, zəkası, vətənsevərliyi, müstəqil dövlətçiliyə bağlılığı, təmkini və qayğıkeş­liyi ilə nail olmuşdur. Əməkdaşlar Eynulla müəllimə hətta şəxsi məsələləri ilə bağlı çəkinmədən müraciət edə bilirlər.
Diplomatiya ilə elmi qovuşduran ömür yoluÖzü haqqında danışmağı xoşlamır. Lakin ümummilli lider Heydər Əliyevlə Naxçıvanda birgə çalışdıqları mərhələdən həvəs və sevgi ilə danışır. Eynulla müəllim Heydər Əliyevin fəaliyyətini konkret fakt­larla gözəl tədqim edə bilir. O dərəcədə ki, Ulu öndər haqqında obyektiv təsəvvür ya­ranır. Tarixçi alim üçün böyük üstünlükdür!
Eynulla müəllim haqqında danışmağı sevdiyi mövzu İran, Pakistan, Əfqanıs­tan və Ukraynada səfir işləyən müddətdə həmin ölkələrin tarixindən bəhs etməkdir. Burada Azərbaycan diplomatının səfir iş­lədiyi ölkənin mədəniyyətinə və tarixinə dərin hörməti ilə, xalqımızın tarixini və mədəniyyətini həmin ölkələrdə tanıtmaq, eləcə də, həmin ölkələri azərbaycanlılara anlatmaq həvəsi maraqlı şəkildə birləşir. Təsadüfi deyildir ki, Eynulla Mədətli həm 1996–2001-ci illərdə yüksək diplomatik vəzifədə çalışdığı (Azərbaycanın Təbrizə təyin edilmiş baş konsulu və Azərbaycan səfirliyinin müşaviri) İran, həm də səkkiz il uğurla xidmət etdiyi Pakistanla bağlı ma­raqlı əsərlərin müəllifidir. Həmin əsərlərdə E.Mədətli İran və Pakistan tarixini ciddi, obyektiv və elmi araşdırmaqla yanaşı, on­ların dövlətçilik həyatında türklərin oyna­dığı rolu da mənbələrə və dəqiq faktlara əsaslanaraq təhlil edir. Həm də bu barədə danışanda Eynulla müəllim ölkələr arasın­da əməkdaşlığın inkişafı ruhuna köklən­miş məsələlərdən bəhs edir.
Bununla bağlı Eynulla müəllimin söh­bətlərinə institutda hər kəs maraq və diqqətlə qulaq asır. Etiraf edək ki, biz Eynulla müəllimin təqdimatında İran və Pakistan türklərinin tarixlərində mövcud olmuş bir sıra əhəmiyyətli məqamları öy­rənə bilmişik.
Diplomatiya ilə elmi qovuşduran ömür yolu
Burada bir haşiyə çıxmaq istərdim. Müasir tarixşünaslıqda (məsələn, fransız tarixşünaslığında) şəxsi avtobioqrafiya­dan bütöv toplumun tarixinin müəyyən özəlliklərinə nəzər salmaq metoduna söy­kənərək, Eynulla müəllim haqqında fikir söyləməyə ehtiyac görürəm. Onu kon-kretləşdirim ki, bu halda “bir tarixçi alimin, Azərbaycan ziyalısının və təcrübəli diplo­matının avtobioqrafiyası ilə fəaliyyətinin xarakteri arasında hansı əlaqə ola bilər?” sualına cavab axtarmağa çalışıram. Tər­cümeyi-halına baxaq.
Eynulla Mədətli (Mədətli Eynulla Ya­dulla oğlu) 1954-cü il aprelin 18-də Nax­çıvan Muxtar Respublikasının Şahbuz rayonunun Biçənək kəndində anadan olmuşdur. 1975-ci ildə Naxçıvan Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. 1981-ci ildə Azərbaycan EA Fəlsəfə və Hüquq İnstitutunun qiyabi aspiranturasını bitirmişdir. 1984-cü ildə fəlsəfə elmləri na­mizədi elmi dərəcəsi (indiki təsnifata görə, fəlsəfə doktoru), 1994-cı ildə isə dosent elmi adı almışdır. 1975–1996-cı illərdə fasilələrlə Şahbuz Rayon Partiya Komitə­sində təlimatçı, Naxçıvan Vilayət Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsində mühazirəçilər qrupunun rəhbəri, Naxçı­van Vilayət Partiya Komitəsinin İdeologiya şöbəsinin müdiri, Naxçıvan Dövlət Univer­sitetində müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində işləmişdir. 1990–1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olmuşdur.
18 aprel 2002-ci il tarixində Azərbay­can Respublikası Prezidenti Heydər Əli­yevin fərmanı ilə Azərbaycan Respubli­kasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilmişdir. 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Res­publikasının, eyni zamanda, iqamətgahı İslamabadda olmaqla, Əfqanıstan İslam Respublikasında səfiri vəzifəsinə təyin edilmişdir.
2010-cu ilin iyulun 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Pakistandan geri çağırılaraq Azərbaycanın Ukraynada­kı səfiri vəzifəsinə təyin edilmişdir. 2015-ciilin iyununda xidmət müddəti bitdiyinə görə səfir vəzifəsindən geri çağırılmışdır.
Bundan sonra Eynulla müəllim ye­nidən elmi fəaliyyətlə məşğul olmuşdur. Belə ki, 2016-cı ilin yanvarından AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda mənbəşünaslıq və tarixşünaslıq şöbə­sində aparıcı elmi işçi vəzifəsində çalış­mışdır. 2017-ci ilin fevral ayından AMEA Fəlsəfə İnstitutunun, hazırda Fəlsəfə və Sosiologiya İnstitututunun elmi işlər üzrə direktor müavinidir, ictimai əsaslarla “Heydər Əliyevin siyasi irsi və azərbay­cançılıq fəlsəfəsi” şöbəsinə rəhbərlik edir. 2019-cu ildən tarix elmləri doktorudur, fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi vardır. Yeni Azərbaycan Partiya­sının üzvüdür. Ailəlidir, 3 övladı və 7 nəvə­si vardır.
Burada bir metodoloji reduksiya etmək istərdim. İngilis (məsələn, U.Vordsvortun “Avtobioqrafiya” əsəri) və fransız tarix­şünaslarının bir qismi (məsələn, F.Ariesin “Köhnə zamanda uşaq və ailə həyatı” əsə­ri və s.) ingilis və fransız cəmiyyətləri üçün xarakterik olan bir sıra zadəgan ailəsinin avtobioqrafik həyatında bütövlükdə ölkə tarixinin müəyyən özəllikləri haqqında fikir formalaşdırmağa çalışmışlar. Uğurlu alın­mışdır.
Azərbaycan cəmiyyəti üçün xarakterik olan ziyalı ailəsinin avtobioqrafik həyatın­dan bütövlükdə Azərbaycanda ziyalılığın, vətəndaşlığın fəlsəfəsinə baxmaq fayda­lıdırmı?
Tarixçi alim E.Mədətlinin yuxarıda qısa verdiyimiz avtobioqrafik tarixçəsi bütöv­lükdə Azərbaycan ziyalılığı aspektində maraqlı faktorları aydınlaşdırır. E.Mədətli Azərbaycanın kəndlərinin birində həyatı zəhmətlə keçmiş bir ailədə dünyaya gəl­mişdir. Şübhəsiz, ailə mühiti onu uşaq­lıqdan zəhmətə, elmə, təhsilə və Vətənə bağlılığa yönəltmişdir. Eynulla müəllimin dünyaya gəldiyi ailədə milli adət-ənənəyə böyük sayğı olmuşdur. Bu barədə onun, ümumiyyətlə, Biçənək kəndi haqqında danışdıqlarından sezmək mümkündür. Hətta, evə daxil olanda ayaqqabıların çıxarılması (bu yerdə fransız tarixşünası F.Ariesin malikanədə yaşayan zədagən ailəsini təsvir edərkən, hətta, ayaqqabını qapının önünə düzmək qaydasını belə təsvir etməsi yadıma düşür) mədəniy­yətindən tutmuş qonşularla münasibətin saxlanmasına qədər bir çox incə məqam­lara toxunması bütövlükdə o ailə haqqın­da təsəvvür yaradır.
E.Mədətlinin ailəsi zəhmətkeşliklə bərabər milli adət-ənənəyə xüsusi diqqət yetirən və eyni zamanda, xalq müdrikliyi­ni mənimsəmiş böyüklər tərəfindən idarə olunmuşdur. Eynulla müəllim zəhmətkeş­liklə xalq müdrikliyinin bir-birini tamam­ladığı çox sayda epizodlar danışa bilər. Deməli, Azərbaycan ziyalısı ailədə möv­cud olan ənənəvi zəhmətsevərliklə xalq müdrikliyinin birliyi üzərində yetişə bilər.
Bu tale yolunda indiyə qədər olan müddətdə onun özü ilə bir sıra keyfiy­yətləri dəyişmədən “daşıdığını” görürəm. Onları belə təsnif edə bilərəm: hər zaman zəhmətə alışqanlıq, dünyaya gəldiyi mə­kana sayğını saxlamaq, elmi fəaliyyətə üstünlük, Azərbaycan poeziyasına böyük bağlılıq, Vətənə sevgi və ayrıca, Heydər Əliyevin siyasi liderliyinə və dövləti fəaliy­yətinə sadiqlik!
Bu keyfiyyətləri Eynulla müəllimin hə­yat yolu və malik olduğu şəxsi özəllikləri təsdiq edir. Əsərlərinə baxdıqda yuxarıda vurğuladığımız kimi tariximizə və bütöv­lükdə türk tarixinə milli təəssübkeşlikdən və dəqiq təhlildən “yoğrulmuş” yanaşmanı görürük. Rəhbərlik etdiyi şöbənin əmək­daşları da həmin istiqamətdə araşdırma­lar aparırlar. Eynulla müəllimin şöbəsi hər il Ulu öndərin siyasi irsinə, o cümlədən, azərbaycançılıq məfkurəsinə aid mövzu­larda fəlsəfi-elmi toplu dərc edir. Artıq say­ca 4-cü olan “Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq” (2023) adlı toplu işıq üzü görmüşdür. Onların hər biri birbaşa Hey­dər Əliyevin siyasi irsinin müxtəlif aspekt­lərdə tədqiqinə həsr edilən məqalələrdən ibarətdir.
Tarix elmləri doktoru E.Mədətli mo­noqrafiyalar yazır və institutda həyata keçirilən müxtəlif elmi tədqiqat layihələ­rin işlənməsində fəal iştirak edir. O, altı monoqrafiyanın müəllifidir. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar iş­ləyib nəşr etdirdiyi “Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan – Tür­kiyə birliyinin fəlsəfəsi” əsəri xüsusi maraq doğurur. Son olaraq E. Mədətli “Heydər Əliyev – İlham Əliyev. Müasir Azərbayanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi” (2023-cü il) adlı kolleketiv monoqrafiyanın yazılmasında fəal iştirak etmiş və işin bö­yük həcmini üzərinə götürmüşdür.
Sonda E.Mədətlinin alim-ziyalı kimi iki özəlliyini də vurğulamaq istərdim. Eynulla müəllim həm aydın izah edə bilir, həm də aktual mövzu formalaşdırmaq istiqamə­tində konkret ideyalar verir. Eynulla müəl­limlə həmmüəllif olduğumuz “Bir millət, iki dövlət: fəlsəfi-tarixi təhlil” (2020) adlı monoqrafiyamız onun ideyasından yaran­mışdır. Aydın şəkildə araşdırma mövzusu­nu formalaşdırmış və mən də tam qəbul etmişəm.
E. Mədətlinin alim-ziyalı kimi digər özəlliyi böyük vətənsevərliyidir! Sözün həqiqi mənasında, Azərbaycançı, döv­lətini, xalqını, millətini dərindən sevən tədqiqatçıdır! Bu keyfiyyətini Eynulla mül­limin malik olduğu bütün üstün keyifyyətlə­rin fövqündə görürəm.
Öncə qoyduğum suala bir də yekun olaraq qayıdıram: Azərbaycan ziyalı-alim­lərinin avtobioqrafik tarixlərindən cəmiyyə­tin tarixinə keçid mümkündürmü? Məncə, nəinki mümkündür, hətta çox vacib aktual məsələdir. Çünki Azərbaycan ziyalılarının hər biri ayrıca enerji, bilik, tərbiyə, Vətənə bağlılıq qaynağıdır. O cümlədən, Eynulla Mədətli kimi alimlərin avtobioqrafik tarixlə­ri bizlərə çox şeyləri demirmi?
70 yaşın mübarək Azərbaycan ziyalı­sı! Hələ uzun illər bir-birimizə işlədiyimiz kollektivdə “Sabahınız xeyir!” deyə bilək!

Füzuli QURBANOV,
fəlsəfə elmləri doktoru

"Xalqqazeti.az"