08.04.2024, 08:44 - Baxış sayı: 231

İctimai fəaliyyətlə elmin sintezi Rəna Mirzəzadə – 70


Fəlsəfə elmləri doktoru, siyasi elmlər üzrə professor Rəna Mirzəzadənin ölkəmizdə qadın hərəkatı fəalı, akademik gender diskursunun formalaşmasında danılmaz xidməti olan tədqiqatçılardan biri kimi özünəməxsus yeri vardır.
Əmək fəaliyyətinə 1978-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda başlayan Rəna Mirzəzadə bu gün AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsinin müdiridir. Rəna xanım elmi fəaliyyətə başladığı ilk dövrdən ictimai fəallığı ilə seçilmişdir. 1989-cu ildə “Gənclərin mənəvi aləminin formalaşmasında şüurlu nizamın rolu” mövzusunda dissertasiya müdafiə edərək, tədqiqat işlərini cəmiyyətin aktual problemlərinin öyrənilməsinə yönəltmişdir. Namizədlik dissertasiyası mövzusunun seçimində, eləcə də uzun müddət AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda həmkarlar ittifaqı təşkilatına rəhbərlik etməsində bu faktorun əhəmiyyətli rolu olmuşdur.
Rəna Mirzəzadə Azərbaycanda qadın hərəkatı fəallarından, bu sahədə ekspertlərdən biridir. Təsadüfi deyil ki, 1995-ci ildə Pekində keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan nümayəndə heyətinin tərkibində Rəna Mirzəzadə də iştirak etmişdir. Qeyd edim ki, Azərbaycan qadınlarının həmin konfransda iştirakının təşəbbüsçüsü və təşkilatçısı şəxsən ulu öndər Heydər Əliyev olmuşdur.
Azərbaycan qadınının yeni, müstəqil respublika quruculuğunda fəaliyyətinə qayğı və diqqətlə yanaşan Ümummilli liderin təşəbbüsü və dəstəyi ilə 1998-ci il sentyabrın 14-də Bakıda Azərbaycan Qadınlarının I Qurultayı (müstəqillik illərində ilk qurultay) keçirilmişdir. Daha sonra 2003, 2008, 2013, 2018 və 2023-cü illərdə Azərbaycan qadınlarının daha beş qurultayı olmuşdur. Rəna Mirzəzadə qadınların bu ali məclislərinin hər birinin iştirakçısı olmuş və aktual mövzularda məruzələrlə çıxış etmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində İctimai Şuranın sədri, Dini Məsələlər üzrə Dövlət Komitəsində İctimai Şuranın üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü (“Ailə, qadın, uşaq” istiqaməti üzrə) kimi fəaliyyəti onun cəmiyyətin sosial həyatı ilə sıx bağlılığının təzahürüdür.
Rəna xanım AMEA-nın Rəyasət Heyəti və AMEA Azad Həmkarlar İttifaqının birgə təşəbbüsü ilə yaradılan AMEA Qadınlar Şurasının sədridir. Şura alim qadınların sosial aktivliyini koordinasiya edir. AMEA Qadınlar Şurasının təşəbbüsü və təşkilatçılığı ilə önəmli tədbirlər həyata keçirilir, alim qadınların birgə fəaliyyəti təmin olunur. Ənənəvi hal almış belə tədbirlərdən biri BMT Baş Assambleyasının təsis etdiyi “11 Fevral – Elmdə Beynəlxalq Qadınlar və Qızlar Günü” münasibətilə keçirilən konfranslardır. Dünyanın hər yerində bu gündə alim qadınlar, yüksək vəzifəli dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri və özəl sektor təmsilçiləri bir araya gələrək dayanıqlı inkişafın iqtisadi çiçəklənmə, sosial ədalət, ətraf mühitlə inteqrasiya kimi məqsədləri ətrafında birgə təşəbbüslə çıxış edirlər. Əsas hədəflər:
– qadın liderliyinin diplomatiya və beynəlxalq əməkdaşlıqda rolunu əks etdirmək;
– dayanıqlı, ədalətli, inklüziv sosial-iqtisadi inkişaf üçün gender məsuliyyətli və insan hüquqları əsaslı müraciət hazırlamaq;
– elmi diplomatiyanın köməyi ilə elmlə cəmiyyəti yaxınlaşdırmaq;
– elm, texnologiya və yaşıl iqtisadi artım arasında qarşılıqlı təsir və asılılığı üzə çıxarmaq;
– əngəlli qadınların milli və beynəlxalq səviyyəli tədbirlərə qatılmasına nail olmaq;
– elm, mədəniyyət və təhsildə qadınların liderliyini dəstəkləmək və sairdir.
AMEA Qadınlar Şurasının təşəbbüsü ilə “Elmdə Beynəlxalq Qadınlar və Qızlar Günü” münasibətilə 2019-cu il fevralın 11-dən ölkəmizdə elmi konfranslar təşkil olunur. “Azərbaycan qadınları elmdə” mövzusunda ilk belə konfrans 2019-cu ildə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında, 2020-ci ildə isə Neft-Kimya Prosesləri İnstitutunda keçirilmişdir.
2021-ci ildən etibarən Dayanıqlı İnkişaf Məqsədləri yönümlü konfranslar AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsi ilə birgə təşkil olunur. “Qadın alimlər COVID 19-la mübarizədə ön sıralarda” mövzusunda onlayn formatda baş tutan konfransın təşkilatçılarından biri də Rəna xanımın təşəbbüsü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olmuşdur.
“Bərabərlik, müxtəliflik və inklüzivlik: su bizi birləşdirir” mövzusunda konfrans 2022-ci il fevralın 11-də pandemiya səbəbindən yenə də onlayn formatda baş tutmuşdur.
2023-cü və 2024-cü illərin fevral aylarında “Dayanıqlı İnkişaf Məqsədləri kontekstində qadınların, qızların və elmin rolu”, “Qadınlar və qızlar elmi liderlikdə” mövzularında elmi konfranslar AMEA-nın əsas binasında keçirilmişdir. Bu konfranslar alim qadınları ölkənin digər sahə təmsilçiləri ilə görüşdürməklə yanaşı, diqqəti onların problemlərinə də yönəldir.
Rəna Mirzəzadə Azərbaycanda akademik gender diskursunu formalaşdıran tədqiqatçılardan biridir. 1998-ci ildə AMEA Fəlsəfə və Hüquq İnstitutunun sosial fəlsəfə şöbəsində onun təşəbbüsü və rəhbərliyi ilə fəaliyyətə başlayan gender tədqiqatları qrupunun bazasında sonralar yeni şöbə yaradılmışdır. Respublikada gender tədqiqatları sahəsində ilkin akademik işlər həyata keçirilmiş, bu sahədə ixtisaslı kadr hazırlığına başlanılmışdır. Alimin gender tədqiqatlarına həsr olunmuş “Gender: fəlsəfi, tarixi və siyasi-hüquqi istiqamətlər” mövzusunda dissertasiyası bu sahədə ilk elmlər doktoru işidir.
Rəna xanım 1998-ci ildə gender tədqiqatlarına həsr olunmuş ilk respublika konfransının, eləcə də “Gender. Təhsil. Sülh mədəniyyəti” mövzusunda ikinci elmi-praktik konfransın təşəbbüsçüsü və təşkilatçılarından biri olmuşdur. Gender bərabərliyi ideyalarını populyarlaşdırmaq üçün QHT-lər, tələbələr, müəllimlər və başqa qruplar üçün treninqlərin, konfrans və seminarların təşkilində iştirak və rəhbərlik etmişdir. O, “Gender və feminizm”, “Gender: siyasi-hüquqi təhlil”, “Qadın və münaqişə”, “Qadın və siyasət”, “Dövlətçilik, modernləşmə və gender”, “Multikulturalizm siyasəti din və gender dialoqunda”, “Azərbaycanda gender siyasəti”, “İKT-nin gender indikatorları” monoqrafiyalarının müəllifi, ali məktəblərdə gender tədqiqatlarının tədrisi məqsədilə hazırlanmış 3 dərsliyin (“Gender tədqiqatları”, “Genderə giriş”, “Azərbaycanda genderin əsasları”) həmmüəlliflərindən biri, 4 nömrəsi işıq üzü görmüş “Genderşünaslıq” elmi-populyar jurnalının baş redaktorudur.
Rəna Mirzəzadə araşdırmalarında milli gender məktəbinin nümayəndəsi kimi çıxış edir. Onun gender yanaşması milli kimlik, eqalitarizm, cinsi tarazlıq kimi ideyalara söykənir. Alim öz tədqiqatlarının nəticələri barədə milli və dünya səviyyəsində keçirilən beynəlxaq konfranslarda, forum və qurultaylarda məruzələr edir, başqa ölkələrin sahə mütəxəssisləri ilə fikir mübadiləsi aparır.
Rəna xanım bir alim kimi tədqiqat ənənəsinin formalaşmasına böyük əhəmiyyət verir və bu mənada gənc kadrların hazırlanmasında yaxından iştirak edir. Onun hazırda rəhbərlik etdiyi siyasətin fəlsəfəsi və sosiologiyası şöbəsi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun ən məhsuldar şöbələrindən biri hesab olunur.
Rəna Mirzəzadənin elmi və ictimai fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Alim 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə respublikada elmin və təhsilin inkişafında göstərdiyi xidmətə görə “Tərəqqi” medalı, 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı, 2021-ci ildə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur.
Rəna xanımı 70 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona yeni elmi uğurlar və sağlam ömür arzulayırıq.

İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti, akademik


xalqqazeti.az