19.04.2024, 05:43 - Baxış sayı: 197

Elmə və diplomatiyaya həsr olunan ziyalı ömrü


Elmə və diplomatiyaya həsr olunan ziyalı ömrü

TARİX ELMLƏRİ DOKTORU EYNULLA MƏDƏTLİNİN 70 YAŞI TAMAM OLUR

Bütün dövrlərdə cəmiyyətin inkişafında elm ocağı məbədgah, alimlər və aydınlar isə bu müqəddəs məbədgahın ziyası olub. İnsanın kamilləşməsi, əqlinin və dünyagörüşünün inkişafı bəhrələndiyi bu ziyadan və bu prosesi həyata keçirən ziyalılardan, alimlərdən asılıdır. Diplomat isə, Səlcuq dövlətinin məşhur şəxsiyyətlərindən biri olmuş Nizam əl-Mülkün dediyi kimi, "Söhbətdə cürətli, çox danışmayan, hər elmdən xəbərdar, yaddaşı güclü, ehtiyatkar, təmkinli və zahirən gözəl insan olmaq" deməkdir. Qeyd olunan bu komponentləri özündə birləşdirmək isə xüsusi bir keyfiyyət, fədakarlıq və istedad tələb edir.
Sadalanan keyfiyyətlərə malik olan dəyərli alim və tanınmış diplomat, uzun müddət İran İslam Respublikasında, Pakistan, Əfqanıstan və Ukraynada Fövqəladə və Səlahiyyətli Səfir kimi fəaliyyət göstərmiş, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, dosent Eynulla Mədətlidir.
E.Mədətli 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Biçənək kəndində anadan olub. 1975-ci ildə Naxçıvan Dövlət Universitetinin Tarix fakültəsini, 1981-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirib. 1984-cü ildə fəlsəfə elmləri namizədi elmi dərəcəsi, 1994-cü ildə dosent elmi adı alıb. Naxçıvan Dövlət Universitetində müəllim, dosent, kafedra müdiri, prorektor vəzifələrində işləyib. 1990-1995-ci illərdə Naxçıvan MR Ali Məclisinin deputatı olub. 5 fevral 1996-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasının Təbriz şəhərində Baş konsulu vəzifəsinə təyin edilib, bununla bərabər, 1996-2001-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin müşaviri olub. 2001-2002-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində müşavir vəzifəsində çalışıb. 18 aprel 2002-ci il tarixində Prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib, 2005-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının eyni zamanda, iqamətgahı İslamabadda olmaqla, Əfqanıstan İslam Respublikasında səfiri vəzifəsinə təyin olunub. 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Ukraynadakı səfiri vəzifəsinə təyin edilib, 2015-ci ilin iyununda xidmət müddəti bitdiyinə görə səfir vəzifəsindən geri çağırılıb.
Eynulla Mədətli 2016-cı ilin yanvarından AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunda mənbəşünaslıq və tarixşünaslıq şöbəsində aparıcı elmi işçi vəzifəsində çalışıb. 2017-ci ilin fevral ayından AMEA Fəlsəfə İnstitutunun, hazırda Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində və ictimai əsaslarla "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi" şöbəsinə rəhbərlik edir.
2018-ci ildə tarix elmlər doktoru elmi dərəcəsini almaq üçün "XX əsr Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında" mövzusunda dissertasiya işini müdafiə edib.
Onun tədqiqatlarında mövcud İran tarixşünaslığının antiazərbaycan mövqeyinin təhlili və tənqidi əsas istiqamətlərdən birini təşkil edir. O, hələ İran İslam Respublikasında çalışdığı illərdə öz elmi axtarışlarında qeyd olunan məsələlərə xüsusi diqqət yetirmiş və bu mövzuda onlarla elmi məqalələri çap edilmişdi. 2011-ci ildə müəllifin bu səpkidə yazdığı "Azərbaycan həqiqətləri İran tarixşünaslığında" adlı elmi məqalələr toplusu çap olunmuşdu.
Müəllif bu əsərlərində İran tarixşünaslığında Azərbaycan tarixinə olan qərəzli mövqeyi işıqlandıraraq tariximizi saxtalaşdıran İran tarixçilərinə əsaslı elmi cavab vermişdi.
Bu istiqamətlərdə elmi tədqiqatlarını davam etdirən tanınmış alim sonrakı dövrlərdə də Azərbaycan tarix elminin zənginləşməsinə xidmət edən olduqca əhəmiyyətli əsərlər ortaya qoydu. Onun "Azərbaycan tarixi məsələləri İran tarixşünaslığında (XX əsrin əvvəllərində), "İranda Azərbaycan tarixi məsələləri", "Tarix və tarixşünaslıq məsələləri (Məqalələr toplusu)" adlı əsərlərində, İran tarixçilərinin Azərbaycanın tarixi-siyasi coğrafiyasına, etnik və dövlətçilik tarixi məsələlərinə, Azərbaycan xalqının, dilinin, mədəniyyətinin təşəkkülü məsələlərinə qərəzli münasibəti təhlil edilərək elmi əsaslarla tutarlı cavab verilib. Müəllifin qeyd edilən əsərlərində, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin Qacarlar dövləti ilə qarşılıqlı əlaqələrinin İran tarixçilərinin əsərlərində tədqiqi səviyyəsi öyrənilib, XX əsrin əvvəllərində Güney Azərbaycanda mill-demokratik hərəkatların tarixinin İran tarixşünaslığında tədqiqi dövrün qaynaqlarına istinad edilərək obyektiv şəkildə təhlil edilib.
Eynulla Mədətlinin "Pakistan: qısa tarixi-siyasi oçerklər" adlı monoqrafiyasını xüsusi olaraq qeyd etmək lazımdır. Müəllif bu əsərində tarixin müxtəlif dövrlərində Pakistan bölgəsinin siyasi tarixi şərh edilib, tarixlər boyu Pakistan bölgəsini də əhatə edən dövlət və imperiyaların fəaliyyəti elmi tədqiqat əsərlərinə və mənbələrə istinadən şərh olunub. Əsərdə Pakistan bölgəsinin islamaqədərki tarixi və bu bölgədə islam dininin yayılması prosesi şərh edilib, orta əsrlər dövründə baş verən proseslər, bölgənin etnik və dini mənzərəsi təhlil olunub. Tədqiqat əsərində həmçinin Pakistanın XIX-XX əsrlər dövrü tarixi də işıqlandırılaraq XIX əsrdən etibarən böyük dövlətlərin bölgədə həyata keçirdiyi müstəmləkəçilik siyasəti, region uğrunda amansız mübarizə, yerli xalqların müstəmləkə zülmünə qarşı azadlıq mübarizəsi, bölgədə hind-müsəlman qarşıdurmaları, Pakistanda milli dövlətçilik ideyasının yaranması, təşəkkülü, formalaşması və praktiki nəticələrindən də bəhs edilib. Təqdiq olunan əsərdə Pakistan İslam Respublikası yarandıqdan günümüzə qədərki dövrdə baş verən ictimai-siyasi proseslər təhlil edilmiş, dövlətin siyasi sistemi, hökumət dəyişiklikləri, həyata keçirilən islahatlar müqayisəli şəkildə şərh olunub.
Eynulla Mədətlinin elmi tədqiqatlarında Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyəti və dövlətçilik fəlsəfəsi xüsusi bir tədqiqat obyekti olub. Müəllifin bu istiqamətdə apardığı tədqiqatlarda Heydər Əliyevin siyasi irsi, Müasir Azərbaycan dövlətçiliyinin təməllərini təşkil edən dövlətçilik fəlsəfəsinin mahiyyəti, milli özünüdərk, mənəvi dəyərlər, Bir millət - iki dövlət fəlsəfəsi, Azərbaycançılıq ideologiyası və digər məsələlər elmi-nəzəri baxımdan təhlil edilir.
Müəllifin "Heydər Əliyevin siyasi irsi: Azərbaycançılıq və Azərbaycan-Türkiyə birliyinin fəlsəfəsi", "Heydər Əliyev - İlham Əliyev: Azərbaycançılığın Zəfər yolu", "Bir millət - iki dövlət: fəlsəfi tarixi təhlil" (həmmüəlif Füzuli Qurbanov) adlı elmi monoqrafiyalarında, Ulu öndər Heydər Əliyevin zəngin və çoxcəhətli siyasi irsinin, xüsusilə də bu irsdə mühüm yer tutan Azərbaycançılıq məfkurəsinin və Azərbaycan-Türkiyə birliyinin təməl prinsipi olan "Bir millət, iki dövlət" düsturunun əhəmiyyətinin və reallaşdırılmasının fəlsəfi və siyasi cəhətləri araşdırılır, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti, Vətən torpaqlarının 30 illik işğaldan azad edilməsi kimi məsələlər elmi tədqiqat obyekti kimi öyrənilir.
Onun həmmüəllif olduğu "Heydər Əliyev - İlham Əliyev: Müasir Azərbaycanın liderlik fəlsəfəsi və dövlətçilik təcrübəsi" adlı əsərdə Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsi sahəsindəki tarixi fəaliyyəti, onun nəsillərə nümunə ola biləcək ümummilli liderlik təcrübəsi fəlsəfi və nəzəri baxımdan təhlil edilir, görkəmli şəxsiyyətin Azərbaycan dövlətçiliyində müstəsna xidmətləri qeyd olunur.
E.Mədətlinin 2023-cü ildə nəşr edilən "Heydər Əliyev: Dövlətçilik, milli özünüdərk, mənəvi dəyərlər" (həmmüəllif Anar Qafarov) adlı kitabında Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyinin qurulmasında, ölkəmizdə dövlətçilik şüurunun, milli özünüdərkin və milli kimliyin bərqərar edilməsində, təməlini azərbaycançılıq məfkurəsi təşkil etdiyi milli ideologiyanın formalaşdırılmasındakı xidmətləri tarixi-fəlsəfi baxımdan tədqiqat obyekti olub.
Eynulla müəllim elm və idarəçilik fəaliyyəti ilə yanaşı, ictimai-siyasi həyatda da fəal şəkildə iştirak edir. O, Azərbaycanın ictimai-siyasi həyatında xüsusi rolu olan Yeni Azərbaycan Partiyasının üzvüdür.
O, çevrəsindəki insanlar, çalışdığı kollektiv arasında sadəlik və təvazökarlıq örnəyi kimi tanınır. İstər elmi-diplomatik fəaliyyəti dövründə, istərsə də rəhbərlik etdiyi qurumlarda kollektivlə ünsiyyəti, cəmiyyətə pozitiv münasibəti, demokratik düşüncə tərzi və idarəçilik sistemində demokratik dəyərlərə önəm verməsi cəmiyyətimiz üçün parlaq nümunələrdən biridir.
Eynulla müəllimlə AMEA-nın Tarix İnstitutunda başlayan elmi əməkdaşlığımız bu gün də davam etməkdədir. Dəyərli alimin mənim elmlər doktorluğu istiqamətində apardığım tədqiqatlarda elmi məsləhətçim olması xüsusi əhəmiyyət kəsb edir və onun elmi məsləhətləri və tövsiyələri tədqiqat prosesində böyük rola malikdir.
Dəyərli alim, gözəl insan, elmdən diplomatiyaya qədər böyük bir yol qət etmiş, bu gün də elmi fəaliyyətini davam etdirən hörmətli Eynulla Mədətli, 70 illik yubileyiniz mübarək olsun! Sizə sağlam ömür, idarəçilik fəaliyyətinizdə və elmi yaradıcılığınızda yeni uğurlar arzulayıram.

Mübariz AĞALARLI
Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent

"525.az"