16.09.2020, 14:44 - Baxış sayı: 700

Qocaman filosof Solmaz Rzaquluzadə


Qocaman filosof Solmaz RzaquluzadəAzərbaycanın görkəmli fəlsəfə tarixçisi, böyük alim və gözəl insan, fəxri doktor Solmaz Rzaquluzadənin sentyabrın 10-da dünyasını dəyişməsi xəbərini institutumuzun əməkdaşları dərin kədərlə qarşıladılar. O, həqiqi alimin şərəfli bir ömür yolu keçmişdir.
Solmaz Rzaquluzadə 1931-ci ili yanvarında Bakıda ziyalı ailəsində dünyaya gəlmişdir. 1949-cu ildə Azərbaycan Dövlət universitetinin tarix fakültəsi nəzdindəki fəlsəfə şöbəsinə daxil olub, 1954-cü ildə universiteti şərqşünaslıq təmayüllü fəlsəfə tarixçisi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. SSRİ EA-nın müxbir üzvü A.O.Makovelskinin rəhbərliyi altında icra etdiyi diplom işi Nizami Gəncəvinin fəlsəfəsinə həsr edilmişdi. 1954-1958-ci illərdə fəlsəfə tarixi ixtisası üzrə təhsilini Azərbaycan Elmlər Akademiyasının aspiranturasına davam etdirir. 1961-ci ildə görkəmli filosof-şərqşünas professor Əhməd Kəradi Zəkuyevin rəhbərliyi ilə yazdığı “Xaqani Şirvaninin ictimai-siyasi və fəlsəfi görüşləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edir. 1958-ci ildən taleyini AMEA-nın Fəlsəfə institutunu (müxtəlif illərdə müxtəlif adlarla fəaliyyət göstərmiş institut həmin vaxt “Fəlsəfə sektoru” statusunda idi) ilə bağlayır.
Solmaz Rzaquluzadə üç monoqrafiya; “Xaqani Şirvaninin ictimai-siyasi və fəlsəfi görüşləri” («Общественные и философские взгляды Хагани Ширвани») (1962, “Baba Kuhinin dünyagörüşü” («Мировоззрение Баба Кухи Бакуви») (Bakı, 1978) və “XI-XII əsrlərdə Azərbaycanda panteizm tarixindən” («Пантеизм в Азербайджане в X – XII вв.») (Bakı, 1982), orta əsrlər Azərbaycan fəlsəfəsinin nəzəri-metodoloji məsələlərinə, ayrı-ayrı mütəfəkkirlərin fəlsəfi dünyagörüşünə həsr etdiyi çoxsaylı məqalələrin müəllifidir. “Azərbaycan fəlsəfə tarixi”nin I və II cildlərindəki “Azərbaycanda fəlsəfi fikrin yaranması və inkişafı”, “Əli ibmn Harun əz-Zəncani “İxvan əs-Səfa” cəmiyyətinin ideoloqlatından biri kimi”, “Məhəmməd Bakuvinin (BabKuhinin) fəlsəfi baxışları”, “Eynəlqüzat Miyanəci”, “Məhsəti Gəncəvi”, “Bəhmənyar”, “Şihabəddin Yahya Sührəverdi”, “Xaqani Şirvani”, “Şəms Təbrizi”, “Nəsirəddin Tusi”, “Şəms Məğribi” məqalələr onun qələminin məhsuludur. Bu əsərlər cildlərin ümumi həcminin təxminən üçdə bir hissəsini təşkil edir. 2011-ci ildə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq institutunun xətti ilə onun əsərlərinin toplusundan ibarət “Azərbaycan fəlsəfəsi tarixindən” adlı kitab nəşr edilmişdir.
Solmaz xanım Beynəlxalq “Şərq fəlsəfəsi problemləri” jurnalının yaradılmasının təşəbbüskarlarından və baş redaktor müavini olmuşdur. O, dəfələrlə respublika və beynəlxalq konfranslarda məruzələrlə iştirak etmişdir. Azərbaycan fəlsəfə tarixinin inkişafında, fəlsəfə tarixi üzrə elmi kadrların yetişdirilmisində onun xidmətləri böyükdür.
Allah Rəhmət eləsin.