21.11.2019, 14:33 - Baxış sayı: 929

“Bir əsrin xəzinəsi - Bakı Dövlət Universiteti 100 il” kitabı nəşr olunmuşdur


“Bir əsrin xəzinəsi - Bakı Dövlət Universiteti 100 il” kitabı nəşr olunmuşdurAMEA Fəlsəfə İnstitutunun “Heydər Əliyev irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklinin “Xəzər Universiteti” nəşriyyatında “Bir əsrin xəzinəsi - Bakı Dövlət Universiteti 100 il” adlı kitabı nəşr olunmuşdur.
Kitabda müsəlman Şərqinin ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin 100 illik tarixi dövrü, keçdiyi şərəfli yol araşdırılmışdır. Bakı Dövlət Universitetinin böyük potensialı, inkişaf istiqamətləri, dünya təhsil sisteminə inteqrasiyası, fakültələri, elmi tədqiqatların son texnologiyalarının tətbiqi, məzunları haqqında geniş məlumat verilir.
Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı fikirləri, çıxışları, bu təhsil ocağının yubiley mərhələlərində iştirakları ətraflı göstərilir.
Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin banisi kimi çoxşaxəli fəaliyyətinin nəticəsi olaraq Bakı Dövlət Universitetinin inkişafı, mühüm məqamları təhlil edilir. Prezident İlham Əliyevin həmin kursu uğurla, yaradıcılıqla davam etdirməsi məsələləri, bilavasitə araşdırılır.
AMEA Fəlsəfə İnstitutunun Elmi Şurasının 27 iyun 2019-cu il tarixli iclasında (protokol №6) müzakirə olunaraq çapa tövsiyyə olunan kitabın elmi məsləhətçisi Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, rəyçiləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “Əmək və Sosial Siyasət” komitəsinin sədri, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli, AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, yazıçı-publisist Hüseynbala Mirələmov və fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmovdur.
Kitab müəllimlər, tədqiqatçılar, doktorantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.