24.04.2024, 11:49 - Baxış sayı: 119

Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb


Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşüb

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə səfərdə olan pakistanlı alim dahi Azərbaycan şairi Nizami Gəncəvi irsinin tədqiqatçısı, Pakistan İslam Respublikasının Lahor Dövlət Kollec Universitetinin Urdu dili və ədəbiyyatı bölməsinin dosenti, həmin universitetin “Məclisi İqbal” (Majilis İqbal) ədəbi məclisinin rəhbəri doktor Safeer Hydarla görüşüb.
Azərbaycanla Pakistan arasında genişlənməkdə olan elmi əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirən akademik İsa Həbibbəyli AMEA-nın bir sıra elmi-tədqiqat müəssisələrinin dost ölkənin elmi qurumları ilə sıx əlaqələrinin yaradıldığını vurğulayıb. Qarşılıqlı elmi-ədəbi əməkdaşlıq əlaqələrinin yüksələn xətlə inkişaf mərhələsində olduğunu diqqətə çatdıran AMEA rəhbəri Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşübPakistanda Azərbaycan yazıçılarının, ölkəmizdə isə dost ölkənin ədəbi simalarının tanıdılması istiqamətində aparılan işlərdən danışıb. AMEA-nın yaxından iştirakı ilə Pakistan Ədəbiyyat Akademiyası, Lahor Dövlət Kollec Universiteti və Azərbaycanın Pakistandakı Səfirliyi tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının, Nizami Gəncəvi haqqında monoqrafik tədqiqat əsərinin, Cəlil Məmmədquluzadənin seçilmiş hekayələrinin qardaş ölkədə urdu dilində çap olunduğunu qeyd edən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən görkəmli Pakistan şairi və filosofu Məhəmməd İqbalın seçilmiş əsərləri Azərbaycan dilində nəşr olunub, eləcə də böyük söz ustadının yaradıcılığını əhatə edən monoqrafik tədqiqat əsəri işıq üzü görüb. Pakistanlı alimlərdən professor Yusuf Kuşk, professor Saima İram və professor-doktor Almaz Xanımın urdu dilində tərcümə və nəşr sahəsində fəaliyyətini yüksək qiymətləndirən akademik İsa Həbibbəyli bu istiqamətdə işlərin qarşılıqlı olaraq bu gün də uğurla davam etdirildiyini xüsusi vurğulayıb.
Akademik İsa Həbibbəyli pakistanlı nizamişünas alimlə görüşübAkademik İsa Həbibbəyli pakistanlı alim Safeer Hydarın dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı barədə tədqiqatlarını yüksək dəyərləndirib, bu sahədə qarşılıqlı elmi əməkdaşlıq perspektivlərini diqqətə çatdırıb.
Lahor Dövlət Kollec Universitetinin Urdu dili və ədəbiyyatı bölməsinin dosenti, həmin universitetin “Məclisi İqbal” (Majilis İqbal) ədəbi məclisinin rəhbəri doktor Safeer Hydar Pakistanda böyük Azərbaycan şairi Nizami Gəncəvi irsinin tədqiqi barədə ətraflı məlumat verib. Azərbaycan yazıçılarının əsərlərinin Pakistanda urdu dilində nəşr edilməsinin əhəmiyyətini xüsusi vurğulayan nizamişünas alim hazırda ölkəmizlə bağlı iki kitab üzərində çalışdığını diqqətə çatdırıb.
Səfər çərçivəsində Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini, eləcə də AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Pakistan Ədəbiyyatı Mərkəzini ziyarət edən pakistanlı alim AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda keçiriləcək beynəlxalq elmi konfransda Pakistan-Azərbaycan elmi əlaqələri mövzusunda məruzə ilə çıxış edəcəyi barədə də məlumat verib.
Görüşdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadə də iştirak edib.

science.gov.az