31.10.2023, 07:23 - Baxış sayı: 268

20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru (Fəlsəfi-sinergetik təhlil) III YAZI


20 il: milli dövlətçiliyin yeni mərhələsinə doğru (Fəlsəfi-sinergetik təhlil) III YAZIBöyük siyasəti kiçik hisslərə, xırda mənfəətlərə bağlamaq olmaz.

Heydər ƏLİYEV,
Ümummilli lider


III məqalə

II MƏQALƏYƏ KEÇİD

Liderin siyasi ünsiyyət məharəti

İkinci məqalənin sonunda Prezident İlham Əliyevin 20 illik fəaliyyəti konteks­tində ifadə etdiyimiz “siyasi məharəti, yüksək mənəvi keyfiyyətləri, kommuni­kasiya bacarığı sayəsində sadə insan­lardan tutmuş dünyanın nüfuzlu şəx­siyyətlərinə kimi hər kəsin rəğbətini və hörmətini qazanaraq, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə böyük nüfuz əldə etmişdir” tezisinin fəlsəfi-sinergetik təhlilinin iki aspektinin vacibliyini vurğula­mışdıq. Onlardan biri yeni siyasi məna­ların liderlik fəaliyyətinin hansı sahəsində meydana gəlməsi, digəri isə liderin şəxsi ünsiyyət qabiliyyəti ilə əlaqəli idi.
Burada məsələnin iki tərəfi bizim üçün maraqlıdır: birincisi, siyasi lider han­sı şərtlər ödənildikdə həm sadə insanla­rın, həm də dünyanın nüfuzlu şəxsiy­yətlərinin, o cümlədən, siyasi liderlərinin rəğbət və hörmətini qazana bilir, ikincisi, ölkə daxilində qazandığı nüfuzu ilə bey­nəlxalq aləmdəki nüfuzunu uyğunlaşdıra bilir. Fəlsəfi-sinergetik və siyasi-nəzəri baxımdan bunlar mürəkkəb məsələlərdir və ciddi əsaslandırma tələb edir. Onlara yeni siyasi mənaların meydana gəlməsi­nin sinergetikası prizmasından baxaq.
Öncə vurğulayaq ki, indiki tarixi mərhələdə bütün dünya dövlətləri üçün liderin ünsiyyət qabiliyyəti, onun kom­munikativ imkanları dövlət başçısı–lider kontekstində ön plana çıxmışdır. Səbəb kimi müasir dövrdə liderlikdə qarşıya çıxan çətinliklər və qlobal geosiyasətin ziddiyyətləri göstərilir. Belə bir vəziyyət bütün dövlətlər üçün uğurlu liderin möv­cudluğunu həyati əhəmiyyətli məsələ edir. Həmin bağlılıqda da liderin uğurlu olmasının önəmli şərtlərindən biri kimi onun ünsiyyət qabiliyyəti göstərilir.
Yəni indiki mürəkkəb, riskli, bey­nəlxalq hüququn tam işləmədiyi bir mərhələdə liderin ünsiyyət potensialı, ritorikası və bütövlükdə, kommunikabel­liyi əhəmiyyətli rol oynayır. Dövlət baş­çısı–liderin daxili nüfuzu ilə beynəlxalq nüfuzu arasında harmoniya məsələsi də politoloji və fəlsəfi aspektlərdə bu priz­mada aktuallıq kəsb edir. Həmin məqam müxtəlif politoloji və fəlsəfi tədqiqatlarda vurğulanır.
Araşdırmalar göstərir ki, İlham Əliyev yüksək ünsiyyət qabiliyyəti və bütövlük­də, geniş kommunikabelliyi sayəsində güclü dövlətin güclü liderini xarakterizə edən bütün komponentləri üzvi surətdə birləşdirərək, hər bir fəaliyyət istiqamə­tində möhtəşəm uğurlar əldə etmişdir. Bu tezisi təsdiq edən konkret faktlar yeni siyasi mənalar formasında bizim liderin “siyasi interfeys zonasında kommuni­kativ fəaliyyəti” adlandırdığımız sahədə meydana gəlir. Biz “interfeys” (“vasitəçi zona”, “aralıq sahə”) anlayışının izahını öncəki məqalələrdə vermişik. Bu, lide­rin həm daxili, həm də beynəlxalq miq­yaslarda fəaliyyətinin dinamikasının və praktiki nəticələrinin ifadəsidir. Həmin aspektdə bizim akademik İsa Həbibbəy­linin ümummilli liderliyin kriteriyaları kimi liderliyin missiyası və miqyası anlayışları­na maraq göstərməyimizin səbəbi aydın olur. Liderin siyasi interfeys zonasında nümayiş etdirdiyi fəaliyyət miqyası və bu fəaliyyətin missiyası yeni siyasi mənalar yaratmaq potensialını müəyyən edir.
Bu yanaşma çərçivəsində Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin lider­lik aspektində mühüm olan bir sıra fəlsəfi məqamları konkretləşdirmək mümkün­dür. Hər şeydən öncə, liderliyin miqyası və missiyası kontekstində İlham Əliyevin fəaliyyətini lider-ardıcılları-nəticə miq­yasından daha geniş olan lider-cəmiy­yət-milli, regional, qlobal kontekstlərin harmoniyası-nəticə miqyasında dərk etmək doğru olardı. Biz milli liderlərin fəaliyyətlərinin müasir mərhələdə adek­vat fəlsəfi dərki üçün bu cür miqyasın fəlsəfi-elmi əsaslarını təhlil etməyə cəhd göstərmişik.
Belə yanaşma, bütövlükdə, bir sıra fi­losofların və politoloqların, ümumiyyətlə, liderliyin XXI əsrin tələblərinə uyğun fəl­səfi və siyasi-nəzəri dərki üçün mövcud liderlik təlimlərinin keyfiyyətcə yeniləş­məsi zərurətini vurğulamaları ilə bağlıdır. Bütün bunlar İlham Əliyevin 20 illik fəaliy­yətinin məzmunu, mahiyyəti, məqsədləri, miqyası və missiyası kontekstində Pre­zidentin liderliyinə fərqli fəlsəfi-elmi və politoloji meyarlarla yanaşmamıza ciddi əsaslar verir.
Bilirik ki, “siyasi interfeys zonasında yeni siyasi mənaların yaranması” kimi ifadələr xeyli mürəkkəb məzmuna malik­dir. Lakin məhz bu cür yeni anlayışların fonunda İlham Əliyevin fəaliyyətinin siya­si aspektdə yeniliyini real olaraq fəlsəfi və politoloji adekvatlıqla dərk etmək müm­kündür. Prezidentin fəaliyyəti o dərəcədə geniş miqyasa və dərin missiyaya malik­dir ki, onların dərki yanaşmalarda yenilik tələb edir.
Bu prinsipial mövqedən son 20 illik fəaliyyətdə İlham Əliyevin yaratdığı yeni siyasi mənalarda Prezidentin yüksək ünsiyyət qabiliyyətinin siyasi-diplomatik aspektdə böyük səmərə verdiyini görü­rük. İlham Əliyev Avrasiya məkanında yeganə liderdir ki, Türkiyə, Rusiya, İran, ABŞ, Çin, Aİ ölkələri başçıları ilə siyasi dialoq qura bilmişdir. Prezidentin siyasi fəaliyyəti başqa ölkələrin siyasi liderləri ilə qarşılıqlı ünsiyyətdə siyasi məzmunla siyasi ritorikanı yüksək səviyyədə uyğun­laşdırması ilə yaddaşlarda qalmaqdadır.
Bu cür kommunikabellik Azərbaycan Prezidentinə 2003-cü ildən bu günə kimi nəzərdə tutduğu bütün prinsipial layihələ­ri reallaşdırmağa imkan vermişdir. Bu proses daimi olaraq siyasi interfeys zona­sında İlham Əliyevin yeni siyasi mənalar yaratması fonunda reallaşmışdır. Onu da vurğulayaq ki, İlham Əliyevin fəaliyyətin­də siyasi interfeys zonası həm nəzəri-po­litoloji, həm də praktiki-təcrübi müstəvidə eyni dərəcədə öz ifadəsini tapmışdır. Burada İlham Əliyevin digər liderlərlə dialoqda yaratdığı yeni siyasi mənaların bir neçə parametri özünü göstərmişdir. Onların sırasında yeni daxili sosial-mə­dəni-ideoloji dəyərlər (Azərbaycançılığın məzmunca daha da zənginləşdirilməsi­nin konkret nümunələri, məsələn, “biz birlikdə güclüyük”, “bir millət, iki dövlət”, “Qarabağ Azərbaycandır!” kəlamları, Azərbaycan cəmiyyətində multikultural dəyərlərin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi), yeni geosiyasi dəyər­lər (məsələn, “Bakı prosesi”, Humani­tar Bakı Forumu, Azərbaycanın Cənubi Qafqazın geosiyasi, nəqliyyat-loqistika və energetik “kəsişmə məkanı”na çev­rilməsi), yeni əməkdaşlıq formatları (İlham Əliyevin təşəbbüsü ilə ikitərəfli, üçtərəfli, dördtərəfli regional əməkdaş­lıq formatları), nəqliyyat-loqistika, enerji, informasiya, sərmayə qoyuluşu, enerji təhlükəsizliyinin milli təhlükəsizliklə sıx əlaqələndirilməsi, qlobal layihələrin regi­onal reallıqlarla uyğunlaşdırılması, yeni texnologiyaların ixtirası və tətbiqi üzrə əməkdaşlığın optimallaşdırılması, regio­nal və qlobal təşkilatlarda fəaliyyət mexa­nizmləri əsasında enerji, milli, regional və qlobal təhlükəsizliyin təminatı üçün yeni siyasi-diplomatik və praktiki fəaliyyət dəyərlərinin yaradılması xüsusi yer tutur. Bu punktların hər birinin Prezidentin ya­ratdığı yeni siyasi mənalar kontekstində fəlsəfi-sinergetik anlamları və dövlətçilik baxımından oynadıqları rol üzərində ay­rıca dayanmağa ehtiyac vardır.

Yeni ideoloji dəyərlər

Bu məqam Azərbaycan Prezidentinin 20 illik fəaliyyətinin fəlsəfəsinin özəyini təşkil edir. Belə ki, İlham Əliyev dövlət başçısı və milli lider kimi həmişə Azər­baycan cəmiyyəti və müstəqil dövlətinin milli maraqları, onların inkişafını təmin edən şərtlərin ödənməsi, dövlət və top­lum olaraq böyük güc halına gəlməsini fəaliyyətinin əsasında görmüşdür. Bu məqam siyasi varisliklə yanaşı, hər si­tuasiyada vurğulanan dəyərlər naminə kreativ addımlar atmağı da özündə eh­tiva etməkdədir. Deməli, fəlsəfi anlam­da İlham Əliyevin liderliyinin yeni siyasi mənalarında Azərbaycanın “bir millət, iki dövlət” və siyasi varislik prinsipləri çərçi­vəsində güclü müstəqil dövlət və güclü cəmiyyət olması mərkəzi yer tutmuşdur. Fəlsəfi-sinergetik kontekstdə obrazlı ifadə etsək, İlham Əliyevin fəaliyyətinin siyasi interfeys sahəsi güclü müstəqil dövlət və güclü toplum quruculuğunun əhatə etdiyi siyasi, geosiyasi, geoiqtisa­di, təhlükəsizlik, mədəni, mənəvi-əxlaqi, diplomatik sərhədləri daxilindədir. Məhz bu sistemli, risklərlə dolu, yüksək dinami­kaya malik, ziddiyyətli, müxtəlif təsirlərin özünü göstərdiyi “siyasi fəaliyyətin inter­feys zonası”nda Azərbaycan Prezidenti səmərə verən yeni siyasi, sosial, mədə­ni, ideoloji, aksioloji dəyərlər (mənalar) yarada bilmişdir. Bu özəllik İlham Əliyevi regional və qlobal miqyaslarda lider kimi çox fərqləndirir!
Bu prizmadan baxanda azərbaycan­çılığın məzmunca daha da zənginləşdi­rilməsinin konkret nümunələri kimi “biz birlikdə güclüyük”, “bir millət, iki dövlət”, “Qarabağ Azərbaycandır!”, “dəmir yum­ruq”, “sən azadsan, Şuşa”, “biz qayıtdıq, Şuşa”, “ata vəsiyyətinə tam əməl etdim” kimi kəlamların yeni siyasi mənalar qis­mində anlamı aydınlaşır.
Belə ki, İlham Əliyev XXI əsrin əv­vəllərindən azərbaycançılığı iki aspekt­də – daxili sosial-siyasi, ideoloji, mənəvi, mədəni, psixoloji birliyi daha da güclən­dirmək və xalqı (cəmiyyəti) dövlətin ərazi bütövlüyünü bərpa etmək naminə yeni səfərbərlik səviyyəsinə yüksəltmək is­tiqamətlərində inkişaf etdirmişdir. Burada yeni siyasi məna dövlət ideologiyasının konkret zaman kəsiyində dəqiq və strateji faydası olacaq hədəflərə yönəldilməsin­dən ibarətdir. Bunun üçün İlham Əliyev lider–cəmiyyət kontekstində bütövlükdə, toplumla (yuxarıda vurğuladığımız lider–cəmiyyət qarşılıqlı əlaqəsi çərçivəsində) çox ciddi işləmişdir, insanlara inam, ira­də, əminlik, öz dövlətinə arxalana bilmə kimi duyğular aşılamışdır. Dövlət başçısı bu fəaliyyətinin əsas hədəfi və məzmu­nunu bir neçə dəfə gənclərlə bağlı söy­lədiyi fikirlərdə ifadə etmişdir. Prezident vurğulamışdır ki, indi Qarabağı azad edən gənclər mənim Prezidentlik döv­rümdə dünyaya gəlmişlər. Yəni onlar yaradılan daxili siyasi, ideoloji, mənəvi, mədəni və s. şəraitdə vətənpərvər ruhda tərbiyə olunmuşlar ki, bu da çox qiymətli yeni siyasi mənadır!
İlham Əliyevin vurğuladığı həmin prosesdə Azərbaycan cəmiyyətində multikultural dəyərlərin dövlət siyasəti səviyyəsinə yüksəldilməsi ayrıca yer tu­tur və rolu əvəzedilməzdir. Məsələ on­dan ibarətdir ki, İlham Əliyev cəmiyyətin bütün təbəqələri ilə ünsiyyətdə onları vahid Azərbaycan xalqının, mədəniyyə­tinin, mənəvi-əxlaqi dəyərlərinin eyni hüquqlu təmsilçiləri olduqlarına inandır­mışdır. Bunu Prezident şəxsi davranış nümunələri ilə sübut etmişdir! Tədqiqat­çıların fikrincə, müasir mərhələdə liderin şəxsiyyət kimi legitimliyinin əsas şərti şəxsi nümunədir!
Deməli, İlham Əliyevin multikultura­lizm konsepsiyasında aparıcı rolu Azər­baycan cəmiyyətinin tamlığının, bütöv­lüyünün təmini və bu keyfiyyətdə daxili ziddiyyətsiz inkişaf edə bilmə potensia­lının daim reallaşması oynayır. Multikul­turalizm bu anlamda hər kəsin istədiyini edə bilməsi kimi deyil, dövlətçilik maraq­larının üstün tutulduğu bir şəraitdə hər bir vətəndaşın toplumun birliyi, tamlığı və inkişafı üçün eyni hüquqlara sahib olmasını nəzərdə tutur. Buna mədəniy­yət, dövlət və hakimiyyət–xalq birliyi də demək olar. Onun başlıca hədəfi isə XXI əsrin kreativ vətəndaş cəmiyyətini yarat­maqdan ibarətdir!
Lakin İlham Əliyev liderliyində yeni daxili sosial-mədəni-ideoloji dəyərlərin (mənaların) yaradılması bunlarla məh­dudlaşmır. Dünya liderlik təcrübəsində nadir sayıla biləcək və dərin fəlsəfi, siya­si-nəzəri anlamı olan daha bir xüsusiy­yət də vardır. Məsələ ondan ibarətdir ki, İlham Əliyevin daxil üçün nəzərdə tutul­muş yeni siyasi mənaları real olaraq milli dövlətin sərhədlərini aşaraq regional və qlobal miqyaslarda yeni mənaların yara­dılması prosesinə ciddi təsir göstərmişdir. Həmin məqam İlham Əliyevin yeni lider kimi əvəzolunmaz siyasi-diplomatik və xarizmatik özəlliyini təşkil edir (onu şəkil­ləşdirir, məzmunlaşdırır). Fəlsəfi-sinerge­tik kontekstdə obrazlı ifadə etsək, İlham Əliyev Avrasiya məkanında yeganə lider­dir ki, daxili yeni siyasi mənaları sistemli, səmərəli və konkret nəticə verə biləcək konsepsiya statusunda dövlətlərarası münasibətlərin təşkili, mexanizmləri və məzmunu miqyasına nəzəri və praktiki proyeksiya edə bilmişdir!
Bunun üçün Azərbaycan Prezidenti öz siyasi fəaliyyət interfeys sahəsini daha da genişləndirmişdir. Konkret olaraq, İlham Əliyev Azərbaycanın lideri kimi fəa­liyyəti ilə regional və beynəlxaq təşkilat­larda Azərbaycanın liderliyini təmin edə biləcək siyasi, diplomatik əməkdaşlığın praktiki formatlarını tətbiq etməyin mexa­nizmlərini sinxronlaşdırmışdır. Bu faktor­lar Azərbaycana liderliklə Azərbaycanın liderliyinin İlham Əliyev siyasi fəaliyyəti­nin interfeys sahəsində mühüm yeni ge­osiyasi, lideroloji və siyasi-diplomatik mə­nalarından biridir. Hələlik Avrasiyada bu nəticəyə kimsə nail ola bilməmişdir.
Yuxarıdakı təhlildən belə nəticə ha­sil olur ki, İlham Əliyev daxili yeni siyasi mənaları konsepsiya statusunda dövlət­lərarası münasibətlərə uğurlu proyeksi­ya etmək üçün regional və beynəlxalq təşkilatlarda, bir sıra qlobal xarakterli layihələrdə Azərbaycanın liderliyini (ən azından aparıcılığını) təmin etməyi əsas mexanizm kimi götürmüşdür. Bu seçimin səmərəsi göz qabağındadır! Azərbay­can Cənubi Qafqazın regional lideri və bir sıra regional və qlobal təşkilatların (Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı) aparıcı dövləti kimi beynəlxalq aləmdə öz yerini möhkəmlətmişdir.
Beləliklə, İlham Əliyevin yeni daxili sosial-mədəni-ideoloji dəyərlərin (məna­ların) yaradılması istiqamətində gördüyü işlər iki mühüm tezisi formalaşdırmağa imkan verir. Birincisi, Prezident İlham Əliyev azərbaycançılıq ideologiyası­nı daha da zənginləşdirdi, Azərbaycan xalqının, dünya azərbaycanlılarının va­hid ideya ətrafında daha sıx birliyini, milli həmrəyliyimizi təmin etdi. İkincisi, İlham Əliyev daxili yeni siyasi mənaların (dəyərlərin) beynəlxalq miqyasda nəzəri və praktiki tətbiq edilə bilməsi üçün onları daha geniş geosiyasi, siyasi, diplomatik, iqtisadi məkana proyeksiya edə bildi. Bu zaman bir siyasi lider kimi konkret olaraq regional və qlobal təşkilatlarda fəaliyyəti proyeksiyanın əsas mexanizmlərindən birinə çevirdi!
Bununla biz Prezidentin 20 illik fəa­liyyətinin dinamikasına daha geniş kon­tekstdə fəlsəfi yanaşmaq üçün elmi və metodoloji əsas əldə etmiş oluruq.

Yeni geosiyasi dəyərlər

Cəmiyyət və dövlətin daxili vəziyyə­ti üçün yaradılan yeni siyasi mənaların mühüm proyeksiya istiqamətlərindən birini Azərbaycan Prezidentinin regional və qlobal miqyaslarda fəaliyyət üçün ya­ratdığı yeni geosiyasi dəyərlər təşkil edir. Həmin dəyərlər (yeni mənalar) sırasında “Bakı prosesi”ni, Humanitar Bakı Foru­munu, Azərbaycanın Cənubi Qafqazın geosiyasi, nəqliyyat-loqistika və ener­getik “kəsişmə məkanı”na çevrilməsini, Qafqaz platformasını, “3+3” formatını, Avropa İttifaqı ilə imzalanan müxtəlif əməkdaşlıq sazişləri çərçivəsində yara­dılan əməkdaşlıq formatlarını və digərlə­rini göstərmək olar.
Bu dəyərlər, sadəcə olaraq, Prezi­dentin təşəbbüsü və fəallığı ilə yaradılan geosiyasi mahiyyətli nəzəri-siyasi struk­turlar deyildir. Onların dərin daxili məntiqi və konkret geosiyasi hədəfləri mövcud­dur. Deyək ki, “Bakı prosesi” siyasi-dip­lomatik müstəvidə dünyanın çox sayda siyasətçisini, liderini, mütəxəssisini, KİV nümayəndələrini, iş adamlarını, diplo­matlarını aktual regional və qlobal geosi­yasət problemləri üzrə vahid platformada müzakirəyə cəlb etməyi nəzərdə tutmuş­dur. Bu platforma çərçivəsində keçirilən tədbirlər göstərmişdir ki, “Bakı prosesi” həm Azərbaycanın mühüm məsələlərdə geosiyasi duruşunu, həm regional miq­yasda bir sıra qüvvələrin pozucu fəaliy­yətini, həm də qlobal miqyasda qarşılıqlı faydalı əməkdaşlığın konkret aspektlərini anlamaqda olduqca faydalıdır. Bu çərçi­vədə aparılan müzakirələr müxtəlif sfe­raların ortaq geosiyasi baxış bucağına gətirilməsi üçün səmərə vermişdir.
Eyni məntiqlə Bakı Beynəlxalq Hu­manitar Forumu haqqında fikir bildir­mək olar. Bu forum Avrasiya məkanın­da siyasətdə humanitarlığı, humanizmi, qarşılıqlı yardımlaşmanı, insanlar üçün humantiar aspektin təmin edilməsinin böyük əhəmiyyətini anlamaq, yenidən dəyərləndirmək və praktiki tətbiq etmək baxımından mühüm yenilikdir. Bakı fo­rumu böhranlı situasiyalarda (məsələn, pandemiya mərhələsində) çoxlu sayda siyasətçi, diplomat, iş adamı və s. sahə­nin təmsilçiləri üçün mayak rolunu oyna­mışdır. Siyasətdə humanitarlığın İlham Əliyev nümunəsinin milyonlara anladıl­masında vacib faktor olmuşdur.
Azərbaycanın Cənubi Qafqazın ge­osiyasi, nəqliyyat-loqistika və energetik “kəsişmə məkanı”na çevrilməsi ayrıca təhlilə ehtiyacı olan geniş mənalı yeni dəyərdir. Bu, İlham Əliyevin dövlət baş­çısı–lider kimi şəxsi liderliyinin regional miqyasda dövlətin liderliyini təmin etmək fəaliyyətinə müncər edilməsidir. İlham Əliyevin bu nümunəsi də nadir hallarda rast gəlinən məqamdır. Məsələ ondan ibarətdir ki, hazırda dünyanın çox sayda filosof və politoloqları şəxsi liderliklə döv­lət liderliyi arasında bir-birini qarşılıqlı ta­mamlamanın vahid kriteriyalarını müəy­yən edə bilmirlər. Deyək ki, ABŞ-ın dövlət kimi liderliyini onun prezidentinin liderliyi təmin edə bilmir. Baxmayaraq ki, eks­pertlər Amerika Prezidentini, məsələn, Donald Trampı güclü lider kimi təqdim edirdilər. Arçi Braun bu aspekti yaxşı təhlil etmişdir və göstərmişdir ki, söhbət faktiki olaraq şəxsi liderliklə dövlət liderli­yi arasında yaranmış “uçurum”dan gedir. Cəmiyyətin güclü saydığı lider dövləti li­der edə bilmir.
Eyni vəziyyət müasir Avropa siya­si-politoloji fikrində yer alır. Avropalı araş­dırmaçılar bütövlükdə Avropada liderlik­də ciddi böhranın meydana gəldiyini və hələ vəziyyətdən çıxış yolunun tapılma­dığını vurğulayırlar. Onlar problemi məhz Avropada dövləti lider edə biləcək elə güclü liderin yoxluğu kontesktində qo­yurlar. Bunu Böyük Britaniya, Fransa və Almaniya nümunəsində izah edirlər. Bu güclü dövlətlərdə özlərini güclü hesab edən liderlər praktikada dövlətlərini lider edə bilməmişlər və bu məsələ üzərində bir-biri ilə çəkişməkdədirlər.
Beləliklə, milli, regional və qlobal miq­yaslarda uğurlu liderliyin fəlsəfi-sinerge­tik təhlil etdikdə İlham Əliyevin yeni siyasi dəyərlər (mənalar) yaratmaq konteks­tində, sözün həqiqi mənasında, siyasi inqilabi sıçrayış etdiyinə tam əmin olu­ruq. Bu siyasi liderlik reallığının fonunda öncəki məqalədə vurğuladığımız mühüm tezislərdən olan - “...2003-2023-cü illər... Azərbaycan xalqının həyatında silsilə qələbələr, misli görünməmiş yüksəliş və tərəqqi illəri olmuşdur”, cümləsinin fəl­səfi-sinergetik və praktiki-siyasi anlamı daha geniş spektrdə işıqlanmış olur. Bu qənaətin işığında İlham Əliyev liderliyi­nin yeni siyasi mənaları (və ya dəyərlə­ri) kimi daxili siyasi yeniliyi konsepsiya statusunda proyeksiyasının məntiqi fo­nunda Qafqaz platforması, “3+3” formatı və Avropa İttifaqı ilə imzalanan müxtəlif əməkdaşlıq sazişləri çərçivəsində yara­dılan əməkdaşlıq formatlarının təhlilinə çalışaq.

(Davamı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,fəlsəfə elmləri doktoru

"Xalqqazeti.az"