09.10.2023, 07:52 - Baxış sayı: 200

Türkiyənin “Akademik tarix və düşüncə” jurnalının xüsusi sayı Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub


Türkiyənin “Akademik tarix və düşüncə” jurnalının xüsusi sayı Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunubTürkiyənin nüfuzlu “Dergipark” elmi nəşrlər sisteminə daxil olan “Akademik tarix və düşüncə” jurnalının xalqımızın dahi şəxsiyyəti, dövlətinin və xalqının azadlığı, müstəqilliyi uğrunda əzmlə mübarizə aparmış, Azərbaycanın müasir müstəqilliyinin böyük memarı, hələ sağlığında xalqın Ulu Öndəri adını qazanmış Heydər Əliyevin anadan olmasının 100 illiyi, həmçinin bu il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022 ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması münasibəti ilə xüsusi sayı yayımlanıb.
Jurnalın xüsusi sayı Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin həyatını, fəaliyyətini, irsini əks etdirən bioqrafiyasının xronologiyası əsasında fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın yazdığı genişhəcmli “Keşməkeşli və şərəfli ömür” məqaləsi ilə başlayır.
35 məqalənin daxil olduğu bu xüsusi sayda ilk məqalə AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Heydər Əliyevin müstəqil dövlətçilik idealları və müasir dövr” məqaləsidir. Məqalədə Ulu Öndər Heydər Əliyevin dövlət quruculuğu və siyasi idarəçilik məktəbi təhlil olunub, müasir dünya siyasi düşüncəsi üçün Heydər Əliyevin ideyalarının əhəmiyyəti əsaslandırılıb.
Bundan əlavə, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Heydərizm konsepsiyası (problemə giriş)”, Naxçıvan Universitetinin professoru Məmməd Rzayevin “Azərbaycan xalqının Ulu Öndəri, tarixi şəxsiyyət Heydər Əliyevin yolu”, fəlsəfə elmləri doktorları Ziba Ağayevanın “Haydar Aliyev ve stratejik gelişimimizin temelinde milli manevi değerlerin yeri ve rolü”, Lalə Mövsümovanın “Концепция Гейдара Алиева об участии и роли женщин в диалоге культур”, Yusif Hüseynovun “Ümummilli Lider Heydər Əliyevin gələcəyə istiqamətlənmiş siyasi doktrinası”, AMEA MEK-nın direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyevin “Общенациональный Лидер Гейдар Алиев и Азербайджанская модель мультикультурализма”, tarix elmləri doktoru Sevinc Abbasovanın “Ulu Önder Haydar Aliyev ve Azerbaycan kadınlarının toplumdaki rolünün genişletilmesi stratejisi”, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımov və Flora Qasımovanın “Heydər Əliyev siyasəti. Müstəqil Azərbaycanda insan və vətəndaş hüquqları məsələləri”, filologiya üzrə fəlsəfə doktorları Zümrüd Mənsimovanın “Heydər Əliyev irsində milli-mənəvi dəyərlər kontekstində folklor faktoru”, Aynur Novruzovanın “Heydər Əliyev və Gəncə ədəbi mühiti” və başqa bir çox tanınmış Azərbaycan aliminin müxtəlif mövzulu elmi məqalələri təqdim olunur.
Jurnalın xüsusi sayının məqalələrini AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva toplayıb tərtib etmişdir.
“Akademik tarix və düşüncə” jurnalının bu sayının redaktorları fəlsəfə elmləri doktoru Xatirə Quliyeva və jurnalın baş redaktoru Hakan Yılmazdır.

"science.gov.az"