29.09.2023, 06:52 - Baxış sayı: 161

Azərbaycan milli və qlobal ideyaların kəsişməsində


Azərbaycan milli və qlobal ideyaların kəsişməsindəErməni separatizmi bəşəri dəyərlərə qarşı yönəlmişdir

Müasir qloballaşma ideologiyası həm qlobal, həm də milli münasibətlərə təsirlər edərək, yeni xüsusiyyətlər qazanır. Milli və qlobal ideyalar kəsişir və bu, cəmiyyətləri, dövlətləri, transmilli korparasiyaları dialoq mühiti axtarışlarına sövq edir. Xalq TV-nin növbəti müsahibi Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Hüseyn İbrahimovla söhbətimiz bu proseslərin ölkəmizə təsiri və ondan qorunma yolları barədə oldu.

– Hüseyn müəllim, müasir dünya­da milli və qlobal ideyaların kəsişməsi necə təzahür edir?

– Hazırda dünyanın qlobal mənzərə­si sürətlə dəyişir. İdeologiyalar müasir dövrdə cəmiyyəti irəli aparmaq üçün daha çox həvəsləndirmə, eyni zamanda, milli təhlükəsizlik funksiyalarını yerinə yetirir. Müasir dövrdə bəşəri ideya kimi daha çox işlənən qloballaşma, sosial de­mokratiya və liberalizm ideologiyasıdır. Bu ideologiyalar ayrıca şəkildə mövcud deyillər, onlar tam halda, eyni zamanda, müxtəlif hissələrdən -- dəyərlər sistemin­dən ibarət olaraq, bu və digər şəkildə milli ideologiyaların da tərkibində çıxış edirlər. Məsələn, bu gün Azərbaycanın milli ideyası olan azərbaycançılığın öz tərkibində həm liberalizm, həm də qlo­ballaşma ideyasının müsbət xüsusiy­yətləri olmaqla yanaşı, eyni zamanda, sosial demokratiyanın, sosial dövlətin, demokratiyanın hissələri də var.
Bunlar hamısı kompleks halda Azər­baycan dövlətinin bu gün apardığı mul­tikulturalizm siyasəti ilə uyğunlaşır. Nə­ticədə, Azərbaycan dövlətinin apardığı siyasətin tərkib hissəsində, müasir ideo­logiyasında multikulturalizm artıq aparı­cı bir ideologiyaya çevrilir. O, cəmiyyəti müasir qlobal dünyanın müsbət tərəflər zəminində səfərbər edir. Bu ideologi­ya eyni zamanda, cəmiyyəti birləşdirir, onunmultikultural təhlükəsizliyi konsep­siyasını da təmin etmiş olur.

– Müasir qlobal və milli ideyaların kəsişməsində Azərbaycan hansı yolu seçib?

– Bilirsiniz, müasir dövrdə, tək Azər­baycanda yox, dünyanın hər yerində, qonşu ölkələrin hər birində, gördüyümüz siyasi reallıqda ideyaların kəsişməsi baş verir. Bu kəsişmədə təbii ki, toqquşmalar da ola bilir, xoş ünsiyyət, inteqrasiya pro­sesləri də ortaya çıxır. Bu, təbii ki, ölkələ­rin apardığı siyasətin məzmununundan, onun dünyada gedən proseslərə, dünya­nın nizamına, müasir dünyanın gedişatı­na nə dərəcədə real cavab verməsindən asılıdır. Bu gün Azərbaycan dövlətinin, onun rəhbərinin apardığı siyasət elə bir istiqamətə yönəlmişdir ki, o, eyni za­manda, ölkədə aparıcı milli ideyanın və qlobal ideologiyanın həm bəşəri, həm də milli reinteqrasiya proseslərini yaratmış­dır.
Ölkəmizdə 2008-ci ildən keçirilən sivilizasiyalar arasında dialoq forumla­rı, burada sistemli olaraq qlobal dialoqa çağırışlar, Bakı Bəyannaməsi və bu istiqamətdə keçirilən görüşlər, Qoşul­mama hərəkatına üzv ölkələrin birgə toplantısında səslənilən fikirlər, - hamı­sı ona gətirib çıxarır ki, Azərbaycan öz milli ideologiyasını formalaşdırmaqla bərabər, qlobal ideologiyanın da müsbət stereotiplərinə, qlobal humanitar dəyər­lərin qorunması tendensiyasına cavab verir. Azərbaycan yolu özlüyündə yalnız milli ideya, yerli dəyərlərlə inkişaf etmir, o həm də bəşəri dəyərlərin, beynəlxalq hüququn ən yaxşı kompleksini özündə ehtiva edə bilir.
Azərbaycanın bu baxımdan digər postsovet ölkələrindən fərqi ondadır ki, əsası ümummilli lider Heydər Əliyev tərə­findən qoyulmuş siyasətin bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan həm ideoloji, həm də iqtisadi keçid dövrünü kompleks şəkildə başa vurmuşdur. Azər­baycanın reallığının postsovet ölkələrin­dən üstünlüyü ondadır ki, o, kompleks keçid dövrünü yaşadı. Bu gün torpaqla­rımızın 44 günlük müharibədə düşmən­lərdən azad olunmasının da əsasında bir çox amillərlə bərabər, Azərbaycanın kompleks keçid dövrü yaşaması dayanır.
Bu amillər həm ordu qurulucuğu, həm vətənpərvərlik mövzusunun təbli­ği məsələlərində, eləcə də beynəlxalq hüququn, beynəlxalq dəyərlərin aliliyinin əldə rəhbər tutulması baxımından aktu­aldır. Eləcə də, bəzi ölkələrin multikulti­ralizmdən imtina etdiyi bir dövrdə ölkə­mizdə onun təbliği müasir Azərbaycan yolunun milli və bəşəri dəyərlərlə vəh­dətdə inkişafının bir ideoloji rakursunu yaradıb.

– Azərbaycan qlobal dünyaya milli ideyalar zəminindən inteqrasiya edib – belə demək mümkündürmü?

– Əlbəttə, dövlətimizin apardığı si­yasət həmişə milli və mənəvi dəyərlərin qorunması prinsipini əldə rəhbər tutub. Milli və mənəvi dəyərlərin qorunması hər zaman azərbaycançılığın və Azərbay­can multikulturalizminin əsas qayəsini təşkil edib. Bu baxımdan milli və mənəvi dəyərlərin qorunmasının özü vətənpər­vərlik ruhunun möhkəmlənməsidir.
Baxın, illər ərzində, torpaqlarımız iş­ğal altında olduğu dövrdə hər zaman hə­min ərazilərdən olan məcburi köçkünləri­mizin uşaqları “sən haralısan?” sualına cavab olaraq valideynlərinin doğulduğu yeri qürurla yad edirdilər. Elə 44 günlük Vətən müharibəsində də qəhrəmanlıq tarixini qanları ilə yazan o uşaqlar oldu.
Təbii ki, bunlar həm ailələrin, ailə institutunun verdiyi tərbiyə ilə bərabər, eyni zamanda, dövlətimizin apardığı ide­ologiyanın nəticəsində formalaşmış bir dəyərdir. Təsadüfi deyil ki, qələbədən sonra ölkə başçımız çıxışlarından birin­də çox gözəl vurğuladı ki, bu qələbənin əldə olunmasında, məhz müasir dövrdə yeni doğulan gəncliyin çox böyük rolu, çox böyük təsirləri oldu. Və bütün bun­lar hamısı təbii ki, dövlətimizin apardığı ideologiyanın, tərbiyəedici funksiyasının gücü ilə də ölçülürdü və ölkədə tolerant mühitin, multikulturalizm mühitinin inki­şafını şərtləndirirdi.

– Qloballaşan dünyada ailə institu­tunun vəziyyəti necədir? Ailə, əbəs yerə deməyiblər ki, kiçik bir dövlətdir. Bir çox ideyalar da orada təşəkkül ta­pır.

– Cəmiyyətdə çox institutlar var, biz bilirik; sosial, dini, təhsil, siyasi, hərbi ins­titutlar var, ancaq bunların içərisində ailə institutu çox mühüm yer tutur. İnsanın təlim və tərbiyəsinin 70 faizi ailədə for­malaşır. Bura həm təhsil, həm də, tərbiyə daxildir. Deməli, ideologiyanın elə özü­nün də, formalaşması və möhkəmlənmə­si prinsipləri daha çox ailədə baş verir. Yəni, ailə nə qədər vətənpərvər olursa, doğulan və tərbiyə olunan uşaqlar da o dərəcədə vətənərvər olurlar. Bəzən de­yirlər ki, Avropada ailə institutları başqa cürdür, azaddır. Mən belə deməzdim. Bu gün ailə institutuna Almaniyada dövlətin müdaxiləsi çox güclüdür. Bu, bir tərəfdən valideynin hüququnu, bəzən də dövlət qanunlarını məhdudlaşdırır. Və birbaşa olaraq, sosial işçilər ailələrə daxil olaraq hər hansı bir uşağın təlim və tərbiyəsi ilə bağlı ailənin işinə müdaxilə edir.
Azərbaycan ailəsinin isə təlim-tər­biyəsində ənənəvi milli, mənəvi dəyərlər sistemi mühüm əhəmiyyət kəsb edir. Bu gün qlobal baxışlar dövründə ailə institu­tuna təlim-tərbiyə çoxistiqamətli, çoxvek­torlu yönlərdən daxil olur. Təsəvvür edin ki, valideyn də tərbiyyəvi işləri aparır, bu işdə müxtəlif informasiya, elektron kom­munikasiya bolluğu da mühüm rol oyna­yır. Bu gün informasiyanın rolu o dərəcə­də artıbdır ki, o, ailə institutuna müxtəlif yollarla daxil olur. Belə bir dövrdə ailə institutunu qorumaq, onun təhlükəsizliyi­ni təmin etmək milli təhlükəsizliyin təmin olunması qədər önəmlidir.
Başqa ölkələrlərlə müqayisədə gö­türdükdə, milli ruhun, dəyərlərin qorun­ması istiqamətində biz hələ ki, dünyanın apardığı təhdidlərə baxmayaraq, yaxşı səviyyədəyik. Bu gün təhsil ilə bağlı xa­rici ölkələrə gedənlərin sayı həddən ar­tıq çoxdur. Bu, bir tərəfdən yaxşıdır, bir tərəfdən də həmin gənclərlə müvafiq qurumlar iş aparmalıdır. Düzdür, diaspor təşkilatları, səfirliklərimiz xarici ölkələrdə oxuyan tələbələrimizlə iş aparır. Amma yenə də əsas iş ailə institutunun üzərinə düşür. Hər bir ailə xaricdə təhsil alan övladının hansı təsirlərə məruz qalma­sına, təlim-tərbiyəsi ilə maraqlanmalıdır. Təhsildən də vacib, gənclərimizin da­şıdığı mənəvi dəyərləri yaşada bilməsi məsələsidir.

– Regionda dağıdıcı funksiya ye­rinə yetirməkdə maraqlı olan ideologi­yalar da var. Bu baxımdan Azərbay­can hansı addımları atmalıdır?

– Biz bəşəri, humanist dəyərlərə söy­kənən öz milli ideologiyamızdan, onların müasir dövrdə aktual kəsişməsi nöqtələ­rindən bəhs etdik, ancaq eyni zamanda, unutmamalıyıq ki, dünyanın hər yerində olduğu kimi, bizim geopolitik arenada da müxtəlif dağıdıcı meyilli olan ideologi­yalar vardır. Azərbaycan həmişə belə ideologiyalara qarşı mübarizə aparmış­dır. Onların insanlıq üçün həm regional səpkidə, həm də beynəlxalq aləmdə təhlükəsinin, təhdidinin qarşısını almaq üçün ölkəmiz yorulmadan mübarizə aparmışdır. Məsələn, Ermənistanda və xaricdə dağıdıcı, separatçı ideologiyanın tərəfdarları Qarabağda erməni azlığını “Böyük Ermənistan” xülyası ilə aldada­raq, müxtəlif yollarla qorxudaraq ya­şadıqları ölkəyə reinteqrasiya etməyə qoymurlar. Onları Xankəndində aksiya­lara sövq edirlər, müxtəlif qanunsuz və əxlaqsız addımlar atırlar.
Bütün bunlar onu göstərir ki, biz Qa­rabağda olan hərbi qruplaşmaları, sepa­ratçı tör-töküntüləri ordan silib atmalıyıq. Çünki o dağıdıcı ünsürlər orda qalacaq­sa, təbii ki, yenə də həmin ideologiyanı yaymaq niyyəti güdəcəklər. Deməli, hərb-çilər ilə bərabər, Qarabağda gizlənmiş, yuva salmış tör-töküntüləri də Xankən­dindən uzaqlaşdırmalıyıq! Və ideoloji zəmində onlarla mübarizə aparmalıyıq. Bununla yalnız öz təhlükəsizliyimizi de­yil, eyni zamanda, regional, qlobal təh­lükəsizliyi də təmin etmiş olarıq.
– Göründüyü kimi, ermənilərin se­paratizm ideyası yalnız azərbaycanlı­lara qarşı deyil, bütünlükdə, dünyada bölücülüyü təşviq etdiyinə görə bəşə­ri birgəyaşayış ideyasına qarşı yönəl­mişdir.
– Separatizm bütün zamanlarda onu daşıyan sadə vətəndaşlara xeyir gətir­məmiş, əksinə tarixin qara səhifəsi sa­yılmışdır. Ermənilər də regionda tarixə belə qara səhifə yazan əhali qrupu kimi tanınır. Bu ideyadan həmişə ekstremist­lər, şovinistlər bəhrələnmiş, dinc sakinlər isə əzab-əziyyət çəkmişlər. Ermənilərin separatizm ideyası yalnız azərbaycanlı­lara qarşı deyil, bütünlükdə insanlığa və bəşəriyyətə qarşı yönəlmişdir.
XX əsrin əvvəli İrəvanı və onun ətra­fında azərbaycanlıların tarixi yurdlarını zəbt edən erməni daşnakları, XX əsrin sonu Qarabağda soyqırımı törətdilər. Onlar bir milyondan artıq həmyerlimizi vəhşi üsullarla məcburi köçkün həyatı yaşamağa məcbur etdilər. Bu ağır tarixi sınaqdan xalqımız öz milli birliyi və iradə­si ilə alnıaçıq çıxdı. Ermənilər isə ancaq işğalçı və neofaşist kimi tarixdə qaldılar. Bu gün azərbaycanlıların İrəvandakı və ətraf şəhərlərdəki tarixi ərazilərimizə Qa­yıdış hərəkatı tarixi gerçəklikdən doğan bir zərurətdir. İnanırıq ki, bu tarixi sınaq­dan da qələbə ilə çıxaraq, öz tarixi tor­paqlarımıza qayıdacağıq.
Erməni separatizminin bir daha ər­səyə gəlib işğalçıya çevrilə bilməməsi üçün Zəngəzur dəhlizi açılmalı və Naxçı­vanla Azərbaycan, eləcə də region döv­lətləri arasında quru yolu bərpa edilməli­dir. Bizim mövcud ideologiyamızla qlobal təhdidlərin kəsişmədə müəyyən edilmiş yol elmi, siyasi və mənəvi baxımdan o sabitliyi, sülhü, insanlığı qorumağa tam zəmin yaradır.

xalqqazeti.az