İBN SİNA MƏKTƏBİNİN NÜMAYƏNDƏSİ: BƏHMƏNYAR
Aytək MƏMMƏDOVA,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.
Erkən orta əsrlərdə Qərbdə mədəniyyət, elm və fəlsəfənin dərin tənəzzül keçirdiyi bir vaxtda müsəlman Şərqində yüksək inkişaf dövrü başlamışdı. Xilafətin ilk çağlarından dünyəvi elmlərin öyrənilməsinə böyük əhəmiyyət verən xəlifələr Qədim Şərqdə, Yunanıstanda yaradılmış zəngin elmi, fəlsəfi irsin toplanıb ərəb dilinə tərcümə edilməsinə xüsusi maraq göstərmişlər. Xəlifə Məmun tərəfindən 832-ci ildə təsis edilmiş "Hikmət evi" akademiyası daha böyük uğur qazanmışdı. Burada çalışan müxtəlif xalqların, əqidələrin nümayəndələri ayrı-ayrı ölkələrdən toplanmış əsərləri ərəb dilinə çevirməklə yanaşı, şərh edir və onların təsiri altında yeni, orijinal traktatlar yazırdılar. Bununla da IX-X əsrlərdə elmi-fəlsəfi fikrin Yəqub Kindi, Əbunəsr Farabi, "Sarlıq qardaşları" cəmiyyətinin üzvləri tərəfindən qiymətli nümunələri yaradılmış, XI-XII əsrlərdə isə tərəqqi İbn Sina, Bəhmənyar və başqalarının simasında ən yüksək zirvəyə çatmışdır.
Bu dövrdə Şərqin müsəlman ölkələrində Aristotelin əsərləri daha çox yayılmışdı. Birinci müəllim kimi məşhurlaşan Aristotel təliminin öyrənilməsində Farabinin mühüm xidməti var. Ensiklopedik alim Şərq peripatetiklərinin "Birinci təlim" adlandırdıqları Aristotelin əsərlər külliyyatını yenidən işləməklə "İkinci təlim"i yaratdığına görə "ikinci müəllim" kimi tanınmışdır. Farabidən sonra Şərq peripatetizmi ensiklopedik alim İbn Sina yaradıcılığında dolğun şəkildə ifadə edilmişdir. Şərq peripatetizminin Azərbaycanda ilk böyük nümayəndəsi Əbülhəsən Bəhmənyar (993-1066) İbn Sina məktəbinin nümayəndəsidir.
Bəhmənyar irsinin görkəmli araşdırıcısı, AMEA-nın müxbir üzvü Zakir Məmmədov filosofun doğum tarixini mənbələr əsasında müəyyənləşdirmişdir. Alimin fikrincə, Bəhmənyarın anadan olduğu yeri və ili müəyyənləsdirmək üçün İbn Sinanın onunla harada və nə zaman qarşılaşa bilməsini dəqiqləşdirmək lazımdır. Onun İbn Sinadan təhsil aldığı dövr XI əsrin əvvəllərinə təsadüf etməli idi. İbn Sina 1002-ci ildən başlayaraq Xarəzmdə yaşamış, sonra isə Xorasan vilayətinin müxtəlif şəhərlərini gəzmişdir. Deməli, Bəhmənyarın anadan olduğu, yaxud uşaqlıq illərini keçirdiyi yerin Azərbaycan ərazisindən kənarda olması ehtimalı yaranır. Belə ki, onun müəllimi ilə öz ölkəsində görüşmək imkanı aradan qalxır. Filosofun "Azərbaycanlı", "Azərbaycan ölkəsindən idi" faktının o dövrün müəllifləri tərəfindən xüsusi vurğu ilə deyilməsi də buradan irəli gəlir. Çünki azərbaycanlı olub, Azərbaycanda yaşaya-yaşaya, təbii ki, ona "Azərbaycanlı", "Azərbaycan ölkəsindən idi" deməzdilər. İbn Sina ilə Bəhmənyarın arasındakı ünsiyyəti, ehtimal olunan 10-15 yaş fərqini və Xorasanda XI əsrin əvvəllərində onların görüşmək imkanını nəzərdə tutaraq güman etmək olar ki, Azərbaycan filosofu X əsrin sonlarında, təxminən 993-cü ildə Xorasan vilayətində təvəllüd tapmışdır.
Qeyd etmək lazımdır ki, akademiklər Heydər Hüseynov və A.O.Makovelski, professor Ə.K.Zəkuyev Bəhmənyarın həyatı, yaradıcılığı və dünyagörüşü haqqında araşdırmalar aparıb, elmi mülahizələr söyləsələr də, onun şagirdlərindən söhbət açmamışlar. Çünki onların, eləcə də bir sıra xarici ölkə tədqiqatçılarının fikrincə, XI əsrdən sonrakı dövrdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda peşəkar filosoflar yaşamamışlar.
AMEA-nın müxbir üzvü Zakir Məmmədov "Bəhmənyar istisna sayılmaqla orta əsrlərdə Azər-baycanda peşəkar filosoflar yaşamamışlar" kimi yanlış bir müddəanı elmi tədqiqatı ilə təkzib etmiş, milli fəlsəfi irsimizin varlığını üzə çıxarıb arasdırmısdır. Alim Əbülhəsən Bəhmənyarın İbn Sinadan sonra otuz ildən bir qədər az ömür sürdüyünü yazmışdır. Şərq peripatetizminin XI əsrin ortalarına aid mərhələsi bilavasitə Azərbaycan filosofunun adı ilə bağlıdır. Şərq peripatetizminin, ilk növbədə İbn Sina ənənələrini qoruyub saxlamaq filosofun üzərinə ciddi və məsul vəzifələr qoyurdu. O, var qüvvəsini əsirgəmədən aristo-telçi fəlsəfənin irəliyə doğru inkişafını təmin etməli idi. İbn Sina vaxtilə bəlkə də bu ümidlə öz sevimli şagirdi Bəhmənyar haqqında yazmışdır: "Onun axır gəlib mənim yerimdə olmasına bir şey qalmayıb". Azərbaycan filosofu öz yaradıcılığında İbn Sinanın əsərlərindən iqtibaslara geniş yer vermiş, müəlliminin ideyalarının daha artıq dərəcədə təbliğinə çalışmışdır.
Zakir Məmmədov mənbələr əsasında apardığı araşdırmalar nəticəsində ilk dəfə olaraq bildirmişdir ki, orta əsrlərdə Şərqin müsəlman ölkələrində fəlsəfə, məntiq və təbiətşünaslıq sahəsində böyük uğurlar qazanılmasında Bəhmənyarın xidməti misilsizdir. Son əsrlərə gəlib çıxan alimlər nəslinin yetişməsində də Bəhmənyar böyük xidmət göstərmişdir. Azərbaycan filosofunun istedadlı şagirdlərindən Əbülabbas Ləvkərinin sayəsində Xorasanda fəlsəfə elmləri intişar tapmışdı. Bununla da, Şərqin müsəlman ölkələrində peripatetik fəlsəfənin inkişaf etdirilməsində Bəhmənyarın, ondan təhsil almış alimlərin və onların şagirdlərinin böyük rolu olmuşdur. Öz müəllimi İbn Sina kimi Azərbaycan filosofu da bir sıra görkəmli alimlər hazırlamışdır. Onlardan Əbülabbas Fəzl ibn Məhəmməd Ləvkəri Mərvi onlardan daha çox tanınmışdır. Zakir Məmmədov ilk dəfə olaraq göstərmişdir ki, böyük filosof, riyaziyyatçı, rübailər ustası kimi məşhur olan Ömər Xəyyam (1048-1131) da Bəhmənyarın şagirdidir.
Beləliklə, Bəhmənyarın şagirdlərinin və davamçılarının Şərqin müsəlman ölkələrində elmi fəlsəfi fikirlərin inkişafında böyük xidmətləri vardır. Bəhmənyardan başlanan müəllim-şagird ardıcıllığı, yəni onun məktəbinin ənənələri də ensiklopedik alim Nəsirəddin Tusi (1201-1274) tərəfindən davam etdirilmişdir. Bununla da, Nəsirəddin Tusi tərəfindən yaradılan fəlsəfi məktəb də öz ardıcıllarını hazırlamışdı. Bu dövrdə fəlsəfə, məntiq, riyaziyyat və təbiət elmləri ilə, habelə ictimai-siyasi və etik məsələlərilə məşğul olan filosoflar, mütəfəkkirlər arasında Nəsirəddin Tusi və onun məktəbinin nümayəndələri də vardı.
Nəsirəddin Tusi Şərq peripatetizmi xəttini əsas tutaraq öz sələflərinin ideyalarını yaradıcı surətdə davam etdirmiş və qorumuşdur. Buna onun İbn Sinanın "İşarələr və qeydlər" kitabına yazdığı şərh parlaq misaldır. Həmin kitab müxtəlif dövrlərdə filosof və mütəfəkkirlərin diqqət mərkəzində olmuşdur. Şərhçilərin bu kitaba münasibəti müəyyən mənada onların fəlsəfə tarxində tutduqları mövqeyi ifadə edirdi. Mütəkəllimlər (sxolastlar) bu qiymətli əsəri əsas etibarilə təkzib etməyə çalışır, peripatetik filosoflar isə elmi fəlsəfə tərəfində dayanır, mütərəqqi fikirlərin təhrifinə yol vermirdilər. Mütəkəllim Fəxrəddin Razinin və filosof Nəsirəddin Tusinin şərhləri bu ideya mübarizəsinin aparıcı istiqamətlərini təmsil edirdi. Fəxrəddin Razinin yaradıcılığında hüquq və sxolastik ilahiyyat aparıcı mövzu olmuş, fəlsəfi məsələlər məhz həmin mövqedən nəzərdən keçirilmişdir. Bu baxımdan onun İbn Sinanın irsinə münasibəti səciyyəvidir. Fəxrəddin Razinin şərhində fəlsəfi müddəalar araşdırılıb aydınlaşdırılmaq əvəzinə dolaşdırılıb təkzib edilmişdir.
Maraqlıdır ki, Fəxrəddin Razi bu şərhi Nəsirəddin Tusinin anadan olduğu ayda və ildə, yəni fevral 1201-ci ildə qələmə almışdır. Azərbaycan filosofu sonralar həmin şərhə qarşı özünün şərhini yazmışdır. O, "İşarələr və qeydlər" kitabına yazdığı şərh üzərində iyirmi ilə yaxın işləmiş və onu 1246-cı ildə Ələmut qalasında bir növ həbsdə olarkən tamamlamışdır. Nəsirəddin Tusinin şərhində İbn Sinanın mütərəqqi fəlsəfi fikirləri təəssübkeş islam ideoloqlarının hücumlarından cəsarətlə qorunmuş, inkişaf etdirilmişdir.
Nəsirəddin Tusinin fəlsəfi məktəbində sələflərinin - Kindinin, Farabinin, İbn Sinanın, Bəhmənyarın fəlsəfi irsi geniş şəkildə təbliğ olunurdu. Elmi-fəlsəfi təlimlər, xüsusilə Şərq peripatetizmi və işraqilik onun fəlsəfi məktəbinin nümayəndələri tərəfindən davam və inkişaf etdirilmişdir. Zakir Məmmədov Azərbaycan filosofu Rəcəbəli Təbrizini (...-1669) Şərq peripatetizminin son böyük nümayəndəsi kimi təqdim edərkən yazmışdır ki, onun yaradıcılığında işraqiliyin və sufiliyin də müəyyən təsiri duyulur.
Nəsirəddin Tusinin şagirdlərindən Nəcməddin Qəzvini, Qütbəddin Şirazi, Cəmaləddin Hilli və başqaları öz məktəblərini yaradaraq bu ənənələri yaradıcılıqla davam etdirmiş, öz şagirdlərini, xələflərini yetirmişlər. Bununla da Bəhmənyar məktəbinin fəlsəfi ənənələri Nəsirəddin Tusi və onun məktəbinin nümayəndələri tərəfindən inkişaf etdirilmişdir.
respublika-news.az