18.07.2023, 08:23 - Baxış sayı: 125

Heydər Əliyev irsinin fəlsəfi-elmi araşdırılması: vəzifələr və perspektivlər


Heydər Əliyev irsinin fəlsəfi-elmi araşdırılması: vəzifələr və perspektivlərİdarə etmək öncədən görmək deməkdir.

Emil Jirarden

Ulu öndər Heydər Əliyev yeganə XX əsr Azərbaycan siyasətçisi və dövlət xadimidir ki, dövlətin, ölkənin və cəmiyyətin taleyüklü məsələləri ilə bağlı hər bir məqamı öncədən düzgün görə bilmiş və adekvat qərarlar qəbul etmişdir. Heydər Əliyev zəngin dövlətçilik və liderlik tarixinə malik Azərbaycanın müasir mərhələdə dünya səviyyəsində liderlik məharətinə malik olan əvəzolunmaz şəxsiyyətidir.
Müəyyən mənada bu səviyyədə şəxsiyyətlərin avtobioqrafik həyatını tarixi, siyasi, fəlsəfi, kulturoloji, tarixşünaslıq və başqa aspektlərdə öyrənmək xalqın, ölkənin, dövlətin, regionun və hətta bəşəriyyətin tarixini öyrənmək deməkdir. Tomas Karleyl deyirdi ki, ümumdünya tarixi dahi (böyük) insanların avtobioqrafiyasıdır!
XX əsr məşhur fransız tarixçilərindən olan Filip Aries dahi, böyük insanların avtobioqrafiyasının tarixi-elmi araşdırılmasının, bütövlükdə, xalqın, cəmiyyətin tarixini tədqiq etmək olduğunun elmi nümunəsini yaratmışdır. O, müxtəlif dövrlərin fransız zədəganları, tanınmış ailələri, böyük siyasətçilərinin avtobioqrafik təd­qiqini həmin dövrlər Fransasının tarixi ilə sıx əlaqələndirə bilmişdir.
Əlbəttə, avtobioqrafik tarixdən ümumən ölkənin, xalqın, dövlətçiliyin tarixinə adekvat keçid üçün ciddi fəlsəfi-elmi yanaşma tələb olunur. Xüsusilə, fəaliyyətləri ilə bütöv bir epoxanın ölkə və dövlət miqyasında mövcudluğunu təmin edən şəxsiyyətlərin avtobioqrafik araşdırılması daha məsuliyyətli bir işdir. Ulu öndər Heydər Əliyevin irsinin fəlsəfi-elmi təhlili də bu qəbildən olan çox məsuliyyətli və əhatəli işdir.
Burada mühüm məqamlardan biri ondan ibarətdir ki, Heydər Əliyevin fəaliyyətinin adekvat dərki üçün mütləq Azərbaycanı, azərbaycançılığı, Azərbaycan dövlətçilik və liderlik ənənəsini duymaq və sevmək gərəkdir. Azərbaycanı duymadan, onun dövlətçiliyini, tarixini, mədəniyyətini, cəmiyyətin sosial-psixoloji özəlliklərini dərindən bilmədən Heydər Əliyevi adekvat fəlsəfi və elmi dərk etmək mümkün deyildir. Çünki ulu öndərin Azərbaycan SSR-in rəhbəri, Azərbaycan Respublikasının Prezidenti və xalqımızın lideri kimi fəaliyyətinin məzmun, məqsəd və mahiyyətini Vətənimizə sevgi təşkil edir. Ulu öndərin həyat fəaliyyətində yüzlərlə fakt bu tezisin doğruluğunu sübut etməkdədir.
Araşdırmalar göstərir ki, ­Heydər Əliyev sovet dövründə böyük məharətlə Azərbaycanın mədəniyyət və iqtisadi məkan kimi mövcudluğunu Mərkəzə sübut etdi. Azərbaycan dilini, milli ruhlu ziyalıları qorudu, kadrları milliləşdirdi, görkəmli mədəniyyət, elm, təhsil xadimlərinin yubileylərini təşkil etdi.
Heydər Əliyev çıxışlarında, nitqlərində Azərbaycan xalqının ziyalılığını, dövlətçiliyin təməlində mədəniyyət, elm və təhsilin dayandığını vurğulayırdı. Bu, böyük bir iş idi və gələcək müstəqil dövlət quruculuğunun əsas komponentləri kimi öz inkişafını tapacaqdı. Həmin prosesdə azərbaycançılığın Vətən, dövlət, mədəniyyət, millilik sevgisinin romantik-bədii formadan ciddi siyasi-nəzəri-ideoloji müstəviyə keçidin tarixi əhəmiyyətini bir daha vurğulamaq olar.
Şübhə yoxdur ki, Heydər Əliyev irsinin elmin bütün sahələri üzrə araşdırılması aktual məsələdir. Onların sırasında fəlsəfi-elmi yanaşma əsasında tədqiqinin isə xüsusi əhəmiyyət daşıdığını qəbul etmək olar. Məsələnin bu tərəfinin bir neçə aspekti mövcuddur. Öncə, “fəlsəfi-elmi araşdırma” ifadəsinin izahını vermək lazımdır. “Fəlsəfi-elmi araşdırma” “fəlsəfi araşdırma” və “elmi araşdırma”dan fərqlənir. Müasir fəlsəfi ədəbiyyatda “fəlsəfi-elmi” ifadəsi fəlsəfə ilə elmin müxtəlif sferalarının ortaq nəzəri-metodoloji sahəsində aparılan tədqiqatları ifadə edir. Yəni həmin istiqamətdə təd­qiqatlar predmetin müasir elmi yanaşmalardan, fənlərarası metodologiyalardan istifadə etməklə, fəlsəfi qənaətlər əldə olunması, fəlsəfi ümumiləşdirilmələrin aparılması şərtinin nəzərə alınması ilə aparılır. Burada fəlsəfi metodologiyanın tətbiqi prizmasında predmetin elmi araşdırılması istiqaməti də ola bilər. Hər bir halda araşdırılan problem fəlsəfə ilə elmin qarşılıqlı əlaqələri sahəsində öyrənilməlidir. Təbii ki, bu ümumi xarakteristika araşdırılan məsələnin xarakterindən, mahiyyətindən və araşdırma məqsədindən asılı olaraq ayrıca detallara malik ola bilər.
Dünya praktikasında dövlət başçılığının və liderliyin fəlsəfi-elmi araşdırılması nümunələri mövcuddur. Bu, əsasən həm liderologiyanın siyasi-nəzəri aspektinin tədqiqində, həm də liderliyin fəlsəfi, sosial-fəlsəfi, kulturoloji və digət aspektlərdə öyrənilməsi istiqamətlərində yer ala bilir. Hazırda dövlət başçısı–lider tandemi kontekstində siyasi-nəzəri araşdırmalar bir neçə lideroloji təlimlər çərivəsində aparılır. Onların sırasında liderliyin irsilik nəzəriyyəsini, situasiya nəzəriyyəsini, analitk-psixoloji təlimi, transformasiya nəzəriyyəsini, dəyərlər nəzəriyyəsini və son illər formalaşmaqda olan digər təlimləri göstərmək olar. Bununla yanaşı, liderliyin sosal-fəlsəfi, kulturoloji, kross-kültür tədqiqatları da geniş yayılır.
Eyni zamanda, liderliyin müasir sintetik elmi istiqamətlərin nəzəri-metodoloji özəllikləri çərçivəsində araşdırmalara da rast gəlmək olur. Ancaq onların sayı çox məhduddur. O cümlədən, sinergetik metodoloji prizmadan liderliyin araşdırılmasına nadir hallarda rast gəlmək olar. Bunlardan başqa, ümum nəzəri və metodoloji səviyyədə liderliyin fəlsəfi-elmi araşdırılmasına, demək olar ki, rast gəlinmir.
Vurğuladığımız kontekstdə tədqiqatçıların böyük əksəriyyətinin qənaətinə görə, bu zaman ayrı-ayrı ölkələrin, xalqların, siyasi-dövlətçilik və liderlik ənənələrinin ciddi surətdə nəzərə alınması mütləq şərtdir. Məsələnin bu tərəfinin fəlsəfi izahı üzərində geniş dayanmaq imkanı burada yoxdur. Onu vurğulayaq ki, xüsusi olaraq ulu öndər Heydər Əliyevin irsinin fəlsəfi-elmi kontekstdə təd­qiqinə ciddi ehtiyac vardır və bu istiqamətdə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda addımlar atılır.
Ayrıca, Heydər Əliyev irsinin fəlsəfi-elmi araşdırılmasının prezident–lider tandemi kontekstində konkret nəzəri-metodoloji sistemi hazırlanmalıdır. Liderliyin Azərbaycan təcrübəsi qlobal miqyasla yanaşı, özəl faktorları olan xüsusi proses kimi fəlsəfi təqdimatına ciddi ehtiyac vardır. Bu baxımdan Azərbaycanda uğurlu və legitim liderliyin modelində etik-mənəvi və əxlaqi faktorların ciddi nəzərə alınması vaz keçilməyən şərtdir. Çünki Azərbaycan əsrlərlə əxlaq, mənəviyyat, ədalət, haqq, hörmət, tolerantlıq, multikuturallıq məkanı olmuşdur. Azərbaycanda liderin siyasi fəaliyyətinin nəticəsinin uğurlu və ya uğursuz olması mütləq etik-mənəvi dəyərləndirmə çərçivəsində aparılır. Bu, bir ənənədir!
Heydər Əliyevin fəaliyyətinin fəlsəfi-elmi aspekti üçün əhəmiyyəti olan başqa bir məqam “rəhbər”, “siyasi lider”, “milli lider” və “ümummilli lider” anlayışlarının fəlsəfi tədqiqi ilə əlaqəlidir. Çünki Heydər Əliyev real fəaliyyəti ilə bu mərhələlərin hər birini keçmək nümunəsi yaratmışdır və Azərbaycan liderlik ənənəsində ilk dəfə olaraq ümummilli lider səviyyəsinə yüksəlmişdir.
Bütün bunların fonunda biz konkret olaraq sinergetikanın epistemoloji özəlliyi əsasında Heydər Əliyev irsinin fəlsəfi-elmi tədqiqindən bəhs edirik. “Sinergetika” termini XX əsrin 70-ci illərindən başlayaraq işlədilir (bir sıra müəlliflər bu terminin xeyli əvvəl də işlədildiyi fikrini irəli sürürlər, ancaq biz burada sinergetikanı xüsusi elmi istiqamət kimi xarakterizə edən alman alimi Herman Hakenin işlətdiyi termini nəzərdə tuturuq) və ayrıca sintetik (müxtəlif elmlərin kəsişməsinin ortaq nəzəri-metodoloji istiqaməti kimi) elmi istiqaməti ifadə edir.
Bu fənlərarası elmi istiqamət müxtəlif təbiətli mürəkkəb sistemlərin xaosdan nizamlılığa və bir nizamlılıq səviyyəsindən digər nizamlılıq səviyyəsinə (və əksinə) keçidin ümumi mexanizmlərini araşdırır. Sinergetika kifayət qədər ümumi yanaşmadan istifadə etdiyi üçün bəzən onu yanlışlıqla fəlsəfi xarakterli hesab edirlər. Lakin audentik sinergetika heç bir zaman fəlsəfi ola bilməz – o, müasir mərhələdə fənlərarası yanaşmalardan yalnız biridir. Onunla yanaşı, məsələn, avtopeytik və ya qeyri-səlis məntiqi yanaşma kimi maraqlı istiqamətlər də vardır.
İzahı mürəkkəbləşdirmədən və elmi məntiqlə qəlizləşdirmədən onu vurğulayaq ki, siyasi liderliyin, idarəetmənin və dövlətə rəhbərliyin fənlərarası aspektdə fəlsəfi-elmi araşdırılması son dərəcə aktuallaşmışdır. Xüsusilə, Heydər Əliyevin dövlət başçılığı və liderliyi miqyasında fəaliyyətinin fəlsəfə ilə elmin nəzəri-metodoloji ortaq sahəsində tədqiqi çox vacibdir. Məsələ ondan ibarətdir ki, məhz fəlsəfi-elmi araşdırma Heydər Əliyev fenomenini daha geniş prizmada adekvat anlamağa yardım edə bilər. Bütöv bir xalqın, dövlətin, millətin, regionun taleyində çox əhəmiyyətli rol oynamış bir şəxsiyyətin məhz həmin kontekstdə fəaliyyətinin dərin və geniş öyrənilməsi milli-regional-qlobal miqyaslarda dövlət başçılığı–liderlik tandeminin oynadığı rolun müasir tələblərə uyğun dərk edilməsi üçün ciddi imkanlar yaranar.
Burada bir neçə prioritet istiqamətləri müəyyən etmək olar.
Birinci, Heydər Əliyevin siyasi fəaliyyətinin prezident–lider aspektində fəlsəfi-elmi araşdırılması.
İkinci, Heydər Əliyevin ümummilli liderlik nümunəsi və təcrübəsinin fəlsəfi-elmi araşdırılması.
Üçüncü, Heydər Əliyevin inandırma etikasının fəlsəfi-elmi tədqiqi.
Dördüncü, Heydər Əliyevin nitq mədəniyyətinin linqvistik-
epistemoloji təhlili.
Beşinci, Heydər Əliyevin xilasedici-qurucu-birləşdirici lider kimi fəaliyyətinin fəlsəfi-elmi araşdırılması.
Altıncı, ulu öndərin müasir dövrdə müstəqil dövlət quruculuğu konsepsiyasının yaradıcısı və onun praktiki reallaşdırılmasının lideri kimi fəlsəfi-elmi tədqiqi.
Yeddinci, Heydər Əliyevin müstəqillik mərhələsində yeni liderlik nümunəsi kimi fəaliyyətinin fəlsəfi-elmi öyrənilməsi.
Səkkizinci, Heydər Əliyevin dövlət başçısı–lider kimi fəaliyyətində strateji zəka ilə realpolitikanın harmoniyasının fəlsəfi-elmi təhlili.
Doqquzuncu, Heydər Əliyevin siyasi varislik prinsipi əsasında yeni uğurlu lider hazırlamasının fəlsəfi-elmi araşdırılması.
Onuncu, İlham Əliyevin fəaliyyətinin XXI əsrin uğurlu lider nümunəsi kimi fəlsəfi-elmi təhlili.
Onbirinci, İlham Əliyevin Böyük millət quruculuğu ideyasının “XXI əsrin kreativ millətinin formalaşdırılması” konsepti kontekstində fəlsəfi-elmi təhlili.
Nəzərə almaq lazımdır ki, özlüyündə Heydər Əliyev irsinin fəlsəfi-elmi tədqiqi çox əhatəli mövzudur və bizim təkliflərimizə alternativlərin ola bilməsi tamamilə normal hal olardı. Lakin fikrimizcə, Heydər Əliyevin dövlət başçısı (prezident) və lider kimi fəaliyyətinin müasir fənlərarası metodologiya prizmasında tədqiqinin başqa məqamlarla yanaşı, dövlətçiliyin daha da inkişaf etdirilməsi baxımından proqnostik faydası ola bilər. Çünki sinergetik mərkəzli fənlərarası yanaşma, təhlillə yanaşı, bütövlükdə, ölkəyə, dövlətə və millətə dinamik dəyişən açıq, qeyri-xətti, multifraktal mürəkkəb sistem kimi baxmağa imkan verir. Bu növ sistemlərin təşəkkülü və inkişafına çoxvariantlı təkamül ssenariləri işığında baxmaq imkanı vardır. Çoxvariantlı proqnostik yanaşma isə uzun müddətə toplumun mürəkkəb sistem kimi inkişaf istiqamətlərini müəyyən etməyə və onlar arasında əlaqələrin fəlsəfi-elmi izahını verməyə imkanlar yaradır.
Biz, faktiki olaraq “Heydər Əliyev və yeni liderlik: fəlsəfi-­elmi təhlil” adlı monoqrafiyamızda məsələnin məhz bu aspektdə təd­qiqinin ilk addımını atmağa çalışmışıq. Orada Heydər Əliyevin liderlik təcrübəsinin fəlsəfi-elmi araşdırılması üçün baza prinsip olaraq “lider-cəmiyyət-regional miqyas-qlobal miqyasda fəliyyət” formulunu irəli sürmüşük. Mövcud nəzəriyyələrdə “lider-tərəfdarları” modelinə üstünlük verilir. Lakin bir çox filosofun da vurğuladığı kimi, bu cür yanaşma müasir tələblərə cavab vermir. Düşünürük ki, bu prosesin daha da genişləndirilməsi və dərinləşdirilməsi faydalı olardı.
Heydər Əliyevin fəaliyyətinin fəlsəfi-elmi dərki baxımından başqa əhəmiyyətli məqam ulu öndərin ümummilli liderlik nümunəsi və təcrübəsi ilə bağlıdır. Ümummilli liderliyin fəlsəfi tədqiqi üçün akademik İsa Həbibbəylinin müəyyən etdiyi ümummilli liderliyin “miqyası” və “missiyası” anlayışları ilkin meyarlar rolunu oynaya bilər. Akdemik İsa Həbibbəyli həm fəlsəfi-nəzəri yükü olan aspektdən ümummilli liderliyin miqyası və missiyasını araşdırır, həm də məsələyə birbaşa ­Heydər Əliyev təcrübəsi kontekstində baxır. Təbii ki, bu iki meyar əsasında ümummilli liderliyin Heydər Əliyev təcrübəsini yeni meyarlar daxil etməklə fəlsəfi-elmi tədqiq etmək aktual məsələlərdəndir.
Ədalət naminə onu da vurğulayaq ki, bu istiqamətdə araşdırmaların aparılması üçün AMEA-da hazırda geniş imkanlar mövcuddur. Çünki həm AMEA rəhbərliyi, həm də Fəlsəfə və Sosiologiya İnstitutunun rəhbərliyi Heydər Əliyev irsinin fəlsəfi araşdırılmasına ciddi diqqət yetirirlər. Heydər Əliyev irsinin fəlsəfi-elmi araşdırılmasının təşəbbüskarı faktiki olaraq AMEA-nın indiki rəhbərliyidir.

Füzuli QURBANOV,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “İdrak nəzəriyyəsi və məntiq” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru

"Xalqqazeti.az"