03.07.2023, 06:44 - Baxış sayı: 375

ƏSRLƏRİN YAŞATDIĞI ENSİKLOPEDİK ALİM


Aytək MƏMMƏDOVA
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Ensiklopedik alim Nəsirəddin Məhəmməd Tusi dünya elm və fəlsəfəsinin zənginləşdirilməsində misilsiz xidmətlər göstərmiş böyük şəxsiyyətdir. Əbu Cəfər Nəsirəddin Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi Xorasan vilayətinin Tus şəhərində anadan olmuşdur. Bəzi mənbələrdə qeyd edilir ki, onun əsli Zəncanla Həmədan arasında yerləşən Savə şəhərindəndir, Tusda təvəllüd tapdığı üçün Tusi nisbəsi ilə tanınmışdır. Mütəfəkkirin doğum tarixinə gəldikdə, mənbələri və tədqiqat əsərlərini müqayisə edərək bu qənaətə gəlmək olur ki, Nəsirəddin Tusi şənbə günü 17 fevral 1201-ci ildə anadan olmuşdur. Filosof ziyalı mühitində böyümüş, atasından və dayısından təhsil almış, sonra Xorasana getmiş və orada dövrün məşhur alimlərinin mühazirələrini dinləmişdir.
Nəsirəddin Tusinin milli mənşəyindən bəhs edərkən İbn əl-Füvətinin mütəfəkkirdən danışarkən qeyd etdiyi bir fakt xüsusi əhəmiyyət daşıyır. O yazır ki, Nəsirəddin Tusi Marağaya gələndə oradakı zadəgan ailəsindən olan Fəxrəddin Loğman Məhəmməd oğlu Maraği ilə görüşüb ona belə bir tapşırıq vermişdir: İrbil, Mosul və Əlcəzirəyə getsin, son 40 il ərzində Marağa və Təbrizi tərk etmiş ailələri vətənə qayıtmağa razı salsın. Fəxrəddin Maraği 500-ə qədər ailəni geri qaytara bilmişdi. Bu, Azərbaycan alimi Nəsirəddin Tusinin öz həmvətənlərinə dərin məhəbbət hissini ifadə edir.
Nəsirəddin Tusi görkəmli alim kimi tanındığı bir vaxtda XIII əsrin iyirminci illərində Nasirəddin Möhtəşəmin dəvəti ilə Kuhistana getmiş, İsfahanda olmuşdur. Türkiyəli alim Hilmi Ziya Ülkən ismaili məzhəbinin XIII əsrdə ən parlaq bir dövrü olduğunu xatırladarkən Xorasanda bu məzhəbə mənsub alimlərin toplandığını qeyd edir: "İsmaili məzhəbinin ən məşhur simalarından biri o sırada Kuhistan valisi olan Nasirəddin Əbülfəth ibn Mənsur özü ədəbiyyatçı olduğu kimi, ətrafına da zamanın tanınmış təsəvvüf, fəlsəfə və riyaziyyatçı alimlərini toplayırdı. Xoca Nəsir Tusi prinsip baxımından İsmailliklə eyni əsldən olan İmami məzhəbindən olduğu üçün Nasirəddinin məclisinə qatılmaqda gecikmədi və orada çox yaxşı qarşılandı".
Nəsirəddin Tusi sonra müəyyən narazılıq üzündən İsmaililər hökmranlığının iqamətgahı olan Ələmut qalasına salınmışdı. O, qalada olan zəngin kitabxanadan istifadə edərək elmi yaradıcılıqla məşğul olur. Lakin filosofa qaladan kənara çıxmaq qadağan edilir və o, burada bir növ sürgün həyatı keçirir.
Monqol xaqanı Hülakü xan 1256-cı ildə Ələmut qalasını tutub İsmaililər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Nəsirəddin Tusi azad olur. Hülakü xan bu qələbəsindən sonra 1258-ci ildə Bağdad şəhərini tutaraq xəlifə Müstəsimi öldürdü. Bununla Abbasilər sülaləsinin 500 ildən artıq hökm sürən hakimiyyətinə son qoyuldu.
Şərq aləmində elmin inkişaf etdirilməsində Nəsirəddin Tusinin və başqa Şərq alimlərinin monqol xaqanları üzərində böyük təsiri vardı. Çünki monqollar işğal etdikləri əraziləri dağıdır, əhalini məhv edirdilər. Bu baxımdan orta əsrlər Şərq aləminin böyük tarixçisi İbn əl-Əsir "Mükəmməl tarix" kitabında monqolların hücumunu "böyük müsibət" adlandırmışdır: "Ümumi xalqın, xüsusilə müsəlmanların düçar olduğu bu müsibət elə bir müsibətdir ki, gecələr və gündüzlər onun mislini doğurmamışdır. Əgər bir adam - "Allah-taala dünyanı yaratdığı zamandan indiyə qədər dünya bir belə bəlaya düçar olmamışdır!" - deyərsə, doğru demiş olar. Çünki tarixlər indiyə qədər buna yaxın olan və buna bənzəyən heç bir hadisə görməmişdir".
Monqollar qətl-qarətlər törədərək Hülakülər dövləti, yaxud başçılarına "elxan" deyilən Elxanilər dövlətini yaratmışdılar. Yaxın və Orta Şərq, xüsusilə də Azərbaycan monqolların hücumu, vəhşilikləri nəticəsində iqtisadiyyatı tənəzzülə uğramışdı. Lakin yüksək mədəniyyətə malik xalq kimi onlar mədəni dəyərlərini qoruya bilmişdilər. Köçəri həyat tərzi yaşayan monqollar zaman keçdikcə yerli xalqların mədəniyyətini, mənəvi dəyərlərini mənimsəməyə başlamışdır. Bu da təbii idi.
Nəsirəddin Tusinin fəlsəfi məktəbinin nümayəndəsi ensiklopedik alim Qütbəddin Mahmud Şirazi (1236-1311) alim kimi məşhur olmaqla bərabər, siyasi xadim kimi də tanınmışdır. Belə ki, o, XIII əsrin 60-cı illərindən etibarən ictimai-siyasi fəaliyyətə başlamışdır. Qütbəddin Şirazi Misirdə səfir işləyərkən monqolların diplomatik tapşırıqlarını yerinə yetirərək, monqollar və misirlilər arasındakı münasibətləri yaxşılaşdırır. O, səkkiz il uğurlu siyasi fəaliyyət göstərdikdən sonra Elxanilər dövlətinin o zaman paytaxtı olan Təbrizə qayıtmışdır. Elxan Arqun xan Qütbəddin Şiraziyə alim kimi böyük hörmətlə yanaşmış, bir dəfə Qütbəddin Şiraziyə müraciət edərkən özünü cahil, onu isə alim adlandırmış, özündən yüksəkdə tutmuşdur.
Beləliklə, Müsəlman Şərqi ölkələri xalqlarının köçəri həyat yaşayan monqollara təsiri nəticəsində Şərq aləmində yenidən elmi biliklər və mədəniyyət əvvəlki vəziyyətinə qayıtdı, yüksəliş baş verdi. Bu işdə isə Azərbaycan filosofu Nəsirəddin Tusinin xidməti əvəzsizdir.
Nəsirəddin Tusi 25 iyun 1274-cü ildə Bağdadda vəfat etmişdir. Öz vəsiyyətinə görə o, Musa Kazım əleyhissəlamın türbəsində, İraqda Bağdad yaxınlığında yerləşən müqəddəs şəhər Kazımeyndə dəfn edilmişdir. Bu yerdə on iki imamdan yeddincisi və doqquzuncusu Musa ibn Cəfər əl-Kazım və onun nəvəsi Məhəmməd dəfn olunduğu üçün Kazımeyn (İki Kazım) adlanmışdır.
Nəsirəddin Tusi hicri tarixi ilə 47 il hakimiyyətdə olmuş xəlifə Nasir li-Dinillah üçün hazırlanmış, lakin müəyyən səbəblərə görə boş saxlanmış sərdabədə dəfn olunmuşdur. (Qəribədir ki, sərdabə 17 fevral 1201-ci (11 cumadəl ulə 597) ildə tamamlanıb. Həmin gün isə Nəsirəddin Tusi anadan olub, hicri tarixi ilə 75 il 7 ay 7 gün yaşayıb).
Nəsirəddin Tusinin vəfatı ağır itki kimi elmi ictimaiyyəti sarsıtmışdı. Bundan təsirlənmiş Fəzlüllah Rəşidəddin yazırdı:

Onun ölümü ilə fəzilətlər və elmlər öldü,
Qoy fəzilətlər və elmlərdə salamatlıq olsun!

"Fəzilətlər və elmlərin salamatlığında" Nəsirəddin Tusinin xidməti misilsizdir. Onun yaratdığı Marağa rəsədxanasının alimlərinin sorağı zaman keçdikcə Təbriz rəsədxanasından, Səmərqənd rəsədxanasından, Pekin rəsədxanasından gəlməyə başladı. Elmi-fəlsəfi əsərləri isə sonrakı alimlər, filosoflar üçün örnək oldu.
Nəsirəddin Tusinin dini və dünyəvi elmlərə dair qiymətli traktatları öz şagirdləri və sonrakı əsrlərdə yaşamış mütəfəkkirlər üçün də örnək idi. Hilmi Ziya Ülkən Azərbaycan filosofunun "Əxlaqi Nasiri" əsərində Aristotelin "Nikomaxın etikası" ilə Qəzalinin təsəvvüfün əxlaq görüşünü uzlaşdırmağa çalışdığını bildirərək, "İslam aləmində ilk dəfə sistemli əxlaq kitabı" yazdığını qeyd etmişdir.
Nəsirəddin Tusinin təbiətşünaslıq, astronomiya, riyaziyyat və s. dəqiq elmlərə dair traktatları bütün dünyada məşhurdur. Şərq və Qərb alimləri bu barədə geniş rəy söyləmiş, onun xidmətlərini yüksək qiymətləndirmişlər. Azərbaycan filosofunun fəlsəfə, məntiq, siyasət və etikaya dair traktatları orta əsr fəlsəfə tarixinin qiymətli inciləridir.
Nəsirəddin Tusiyə fövqəladə qabiliyyətinə, dərin zəkasına görə "on birinci əql" demişlər. Belə ki, Şərq peripatetizminin sistemini yaratmış Əbunəsr Farabi özünün emanasiya nəzəriyyəsində "on əql" doktrinasını vermişdir. Onuncu və sonuncu fəal əql Ay göyünə mənsub edilir. Nəsirəddin Tusiyə "on birinci əql" deməklə onun misilsiz idrak sahibi olmasına işarə edirdilər.

"Respublika-news.az"