29.03.2018, 15:15 - Baxış sayı: 1138

Dövlətin tarix fəlsəfəsinin dərkində sənədlərin rolu


İlham Məmmədzadə
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub və indi biz alimlər üçün bu uzaqgörən və dəyərli qərarın hansı səbəblərlə şərtləndirildiyini araşdırmaq əhəmiyyət kəsb edir. Bu yalnız müsəlman Şərqində ilk respublikanın yaradılması və mövcudluğu, ilk dəfə olaraq qadın və kişilərin hüquq bərabərliyinin tanınması və ya həmin hökumətdə ölkənin müxtəlif etnoslarının təmsil olunması faktlarını anlamaqla bağlı deyil, hərçənd bunlarla fəxr etmək olar və lazımdır. Fəqət həmin fərmanının qəbul edilməsi, ilk növbədə, təsdiq edir ki, bizə cəmisi 23 ay mövcud olmuş, lakin yaddaşımızda, dövlətçilik tariximizdə müstəsna iz qoymuş bu dövlətin bir fenomen kimi özünü, onun fəlsəfəsini dərk etmək lazımdır.
Biz hansı səbəbdən Azərbaycan üçün ən yeni dövrə bir sıçrayış olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin yalnız bir anı olduğunu və onun mövcudluğu faktının özü ilə bağlı nələri nəzərə almalı olduğumuzu dərk etməliyik. Bundan başqa, onun liderlərinin şah əsərinin əzəməti, onların fərdi taleyi və ölkənin müqəddəratı arasındakı fərqləri də görmək gərəkdir. Bu kontekstdə onu da nəzərə almaq lazımdır ki, insanlar, adətən, siyasi liderlərin nailiyyət və uğurlarına, onların Vətənə mənəvi xidmətinə valeh olurlar. Həmin Respublikanın liderlərinin taleyi siyasət və mənəviyyat arasında, zərurət və siyasətçinin fərdi seçimi arasında kolliziyaların, toqquşmaların nümunəsidir.
Bu barədə düşüncələrə bizi akademik Ramiz Mehdiyevin “Ön söz” yazdığı “ADR-İran diplomatik munasibətləri Qafqaz Fövqaladə Komissiyasının sənədləri işiğında (1919-1920-ci illər)” adlı sənədlər toplusu təkan verdi. Ramiz Mehdiyev öz yaradıcılığında Azərbaycanın tarix fəlsəfəsi, tariximizin ayrı-ayrı mərhələlərində dövlət və siyasət fəlsəfəsi və dövlətçiliyin müxtəlif formalarının ardıcıllığı məsələlərinə çox vaxt həsr etmiş müəlliflərdəndir. Əlbəttə, müasir suveren dövlətimizin sələfi olan Azərbaycan Respublikasının geniş, sənədli tarixi onu maraqlandırmaya bilməzdi. Bu problemlərlə o, yalnız dərin filosof kimi deyil, həm də Azərbaycan dövləti və millətinin gələcəyi barədə düşünən siyasət tarixçisi, siyasətçi və vətəndaş kimi maraqlanır. Onun bu əsərində müəyyən dərəcədə tarixçilərə də qınaq vardır, çünki indiyə qədər bu dövlətin, tariximizin bu ən maraqlı mərhələsinin sənədləri elmi dövriyyəyə cəlb edilməmişdir. Olduqca mürəkkəb bir dövr, müxtəlif dövlətlərin münasibətlərinin çarpazlaşması, onların mənafelərinin toqquşması, geosiyasi vəziyyət, Birinci Dünya Müharibəsi, inqilab və s. Bu məsələləri elmi cəhətdən araşdırmaq vacibdir, amma sənədlər ya yoxdur, ya da onlar lazımi dərəcədə tam deyil. Həm də ki, fars dilində olan sənədlər önəmlidir, lakin başqa dillərdə də olan və Rusiya, İngiltərə, Fransa, Türkiyə və digər ölkələrin arxivlərində saxlanılan sənədləri də dövriyyəyə cəlb etmək lazımdır.
Eyni zamanda, qeyd edək ki, Azərbaycan Respublikasının o dövrünün tarixinə dair nəticələr çıxarmaq üçün müxtəlif dillərdə olan sənədləri müqayisə etmək lazımdır, çünki bu, müxtəlif dövlətlər arasında Azərbaycan ilə bağlı münasibətlərin əsl səbəbini açıb göstərə və ya buna kömək edə, o illərin siyasi gerçəklikləri arxitektonikasını, İkinci Dünya Müharibəsi ərəfəsində dünya düzəninin necə yaradıldığını anlamağa imkan verə bilər. Yeri gəlmişkən, müəyyən məqamlarda onlar XX əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində təkrar olunur, bəzi cəhətlərdən isə onlar bu gün də əhəmiyyətlidir.
Akademik Ramiz Mehdiyevin həmin materialların bu cildinə yazdığı “Ön söz”ü oxuduqdan sonra aydın olur ki, vəziyyətin təhlili, dövlətlərin liderlərinin konkret fəaliyyəti və Respublika liderlərinin xatirəsinə ehtiramla yanaşmanı, bir ölkə ilə xarici siyasi münasibətləri və regionun geosiyasəti mahiyətinin dərkini bir-birindən fərqləndirmək lazımdır (regionun taleyinin həllinə cəlb olunmuş və onu həll edən dövlətlərin münasibətlərini anlayaraq). Şübhəsiz ki, ölkənin konkret ölkə ilə, məsələn, İranla münasibətlərinə dair sənədlər lazımdır, hərçənd onlar da digər ölkələrin Azərbaycana münasibətini hansı cəhətdənsə anlamağa imkan verir. İlk növbədə, əlbəttə, yalnız dövlətlərin qarşılıqlı münasibətlərinin sintezi kimi çıxış edən ümumi vəziyyəti təhlil etməyi bacarmaq lazımdır, hərçənd bunların hər ikisi lazımdır. Fəqət sənədlərlə birlikdə təhlil, yalnız Azərbaycanın o dövr tarixinin mahiyyətini dərk etməyə deyil, həm də onun sonrakı tarixini qabaqcadan görməyə, müasir dövrümüzü də hansı cəhətdənsə anlamağa imkan verir.
Çox vaxt deyirlər ki, keçmiş müasir dövrü anlamağa kömək edir. Amma bu təmtəraqlı sözlər, keçmişi dərk etməyin nə qədər çətin olduğu nu, bunun üçün hansı elmi mərkəzlərin və analitik səylərin göstərilməsinin, hansı köməkçi materialların və əlbəttə, alimlərin lazım olduğunu əks etdirmir. Burada hiss və emosiyalarla kifayətlənmək olmaz. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) xatirəsi minnətdarlıq, qürur və məhəbbətlə yad edilir. Yeri gəlmişkən, ümummilli liderimiz Heydər Əliyev bunu dəfələrlə qeyd edərək demişdir ki, AXC-yə minnətdarlıq və sevgi bəsləməyimizlə yanaşı, biz həmin dövrü, o zamanın nailiyyətləri və nöqsanlarını araşdırmalıyıq. Bu fikri VI Qlobal Bakı Forumunda Azərbaycan Prezidenti İlham Əliyev dəqiqləşdirərək qeyd edib ki, o Respublikanın faciəsi bizim üçün ibrət dərsi oldu: suverenliyi qoruyub saxlamaq onun əldə etməkdən daha çətindir. Başqa sözlə, liderlərimiz: ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev hesab edirlər ki, o dövrün mükəmməl, hərtərəfli və dərindən təhlil edilməsi Azərbaycan dövlətinin həmin faciəsinin təkrarlanmaması üçün lazımdır. Ümummilli liderimizin və Prezidentin bu sözləri bizi yalnız tarixi deyil, həm də tarixdən sonrakı tarix adlanan fenomen və hadisələri öyrənməyə, yəni onun mahiyyətini, siyasət fəlsəfəsini, baş verən proseslərin, gələcək nəsillər üçün görülən işlərin mənasını fərqləndirməyə yönəldir. Bunun üçün tədqiq edilən dövrün bütün sənəd və materiallarını elmi dövriyyəyə daxil etmək lazımdır, yalnız onların əsasında obyektiv təhlil aparmaq və deməli, nailiyyətlərdən faydalanmaq və səhvə yol verməmək mümkündür. Məhz ümummilli lider Heydər Əliyevin bu ideyaları və Prezident İlham Əliyevin fərmanı akademik Ramiz Mehdiyevi “Qafqaz Fövqəladə Komissiyası”nın materiallarının tərcüməsini təşkil etməyə şövqləndirib.
Bununla bağlı qeyd etmək istərdik ki, bir çox materiallar fars dilindən ilk dəfə tərcümə olunub və onlar o dövrün sirlərinin üstünü müəyyən qədər açır. “Ön söz”ün ehtiva etdiyi Respublikanın özünə verdiyi Azərbaycan adını götürməsi, bunu liderlərdən birinin necə izah etməsi, bunun üçün onların hansı çətinlikləri dəf etməli olduqları, görkəmli Azərbaycan maarifçisinin bu barədə nə yazdığı haqda məlumatlar ciddi maraq kəsb edir. Yəqin ki, biz özümüzə verdiyimiz adla fəxr etməli və onun qədrini bilməliyik. Azərbaycan adı iftixarla səslənir, həm də ona görə ki, Azərbaycan ola bilməyimiz üçün bu məqsədlə inadkarlıq göstərməli olduq. Buna da fikir vermək lazımdır ki, akademik Ramiz Mehdiyev dövriyyəyə İrana aid sənədləri daxil edir və bu, əlbəttə, tədqiqatçıların diqqətini cəlb edir. Etiraf etməliyik ki, tarixçilərimiz, həmin dövrün tarixini araşdırarkən, Türkiyə və Rusiya mənbələrinə üstünlük verirlər, lakin keçmişdə də, indi də tariximizin, geosiyasətimizin onunla bağlı olduğu ölkəni - İranı nəzərə almamaq olmaz. Onun liderlərinin əvvəllər və indi nə düşündükləri, digər qonşularımızın zəiflədiyi dövrdə hansı qərarları qəbul etdikləri bizi maraqlandırmaya bilməz. İranla münasibətlərimiz taleyimizdə çox şeyi dəyişdirə bilərdi, bunu unutmaq lazım deyil.
Prinsipcə, akademik Ramiz Mehdiyevin yazdığı “Ön söz” belə bir fikir oyadır ki, tarix təkcə hadisələr və sənədlər deyil, həm də siyasətdə baş verənlərin ardıcıllığı, regional siyasətin dünya prosesləri ilə necə bağlı olması, liderlər üçün onları anlamağın nə dərəcədə əhəmiyyət kəsb etməsi deməkdir. Onlara zamanın ruhunu dərk etmək, bu və ya digər geosiyasi şəraitdəki fərqləri müqayisə etmək və anlamaq, dünya tarixində ümumi və xüsusini (təkcəni) başa düşmək vacibdir. Hətta ən yaxşı və əxlaqlı siyasətçilərin səy və motivləri nəticə verməyə də bilər, çünki bir çox şey dövrün şəraitindən, gerçəkliklərindən, hadisələrin gedişindən və s. asılıdır. Bundan başqa, zamanın ruhunu anlamaq üçün bəzi nəzəriyyələri də, məsələn, müxtəlif dövrlərin imperiyaları haqda, A.Toynbinin çağırışlar haqda nəzəriyyəsi tipli, nasiogenez ideyaları barədə və s., bilmək lazımdır.
Bununla bağlı olaraq, akademik Ramiz Mehdiyevin iki tezisinə - maarifçilik, Azərbaycan maarifçiliyi və Azərbaycan Xalq Cümhuriyyəti (AXC) arasında əlaqə haqqında və AXC-nin ölkə və dövlətçiliyin sovet dövründə qorunub saxlanmasına imkan yaratdığı barədə - xüsusi diqqət yetirmək istərdik. Qeyd edək ki, müəllif 1919-cu ilin yazına Azərbaycan hökumətinin, Xarici İşlər Nazirliyinin fəaliyyətinin İranla münasibətlərdə müsbət nəticələr verdiyini vurğulayır. O, həmçinin qeyd edir ki, Azərbaycanın keyfiyyətli surətdə idarə olunduğuna xarici ölkələr də fikir vermişdi.
Təbii ki, belə bir sual yaranır: necə oldu ki, bu yeni hökumət xarici siyasət problemlərini həll etməyə qadir oldu, hərçənd biz bilirik ki, digər sahələrdə də nailiyyətlər var idi. Bir tərəfdən, etiraf etmək lazımdır ki, hökumət, əsasən, məşhur təhsil ocaqlarının məzunlarından ibarət idi. Onlar kamil hüquqşünas, tarixçi, hərbçi, müəllim və s. idilər. Onlar ziyalı idilər və burada biz Azərbaycan maarifçiliyinin bizə nə verdiyinin dərkinə yaxınlaşırıq. Azərbaycan Respublikasının liderləri maarifçilik ideyaları əsasında inkişaf edib yetişmişdilər, onların, ən azı, bəzilərinin, idealı maarifçilərimizin ideyaları idi. İlk baxışdan belə nəticəyə gəlmək olardı: faciə ondan ibarət idi ki, ziyalılar, humanistlər ən çətin bir dövrdə hökumətə başçılıq edirdilər və buna görə, yəqin ki, həmin Azərbaycan, nailiyyətlərinə baxmayaraq, cəmi 23 ay mövcud oldu. Amma yalnız dardüşüncəli insan bu cür düşünə bilər. Fəqət o Cümhuriyyət olmasa idi, Azərbaycan Sovet Respublikası da olmazdı, XX əsrdə bizim dövlətçiliyimizdə varislik olmazdı.
Və nəhayət, ayrıca olaraq, akademik Ramiz Mehdiyevin Azərbaycanın tarix fəlsəfəsi haqqında nəzəriyyəsi üzərində düşünərkən, gəldiyimiz və tezislər şəklində ifadə etdiyimiz, qismən sənədlər cildinin “Ön söz”ündə də şərh olunmuş bəzi nəticələr barədə.
Birincisi, tarixi sənədlər dövlətin tarix metafizikasına (fəlsəfəsinə) doğru, onun suverenliyi və inkişafının nəyə əsaslandığının dərkinə yalnız yol açır.
İkincisi, dövlətin tarixi və siyasətində çox şey liderdən, onun biliklərindən, istedadından asılıdır. Onun keyfiyyətləri zamanın ruhu və şəraitinə üstün gələ bilər. Əsl lider hətta müstəqilliyin itirilməsi şəraitində xalqın rifahı naminə fəaliyyət göstərir. Burada Heydər Əliyevin tariximizin sovet dövründə Azərbaycanın inkişafına, maarifçilik ruhunun, ziyalıların xalq üçün əhəmiyyətinin qorunub saxlanmasına verdiyi töhfələr yada düşür.
Üçüncüsü, yalnız tarix fəlsəfəsi və siyasət fəlsəfəsi konkret tarixi hadisələri, onların dünya ilə, tarixin hərəkətverici qüvvələri ilə qarşılıqlı əlaqələrini başa düşməyə imkan verir. Zaman və məkanın, mədəniyyətin, ölkənin əhatəsinin və xalqın necə yaşadığının tarixini anlamadan ölkənin tarixini başa düşmək mümkün deyil. Akademik Ramiz Mehdiyevüçün keçmişdə baş verən, məhz buna görə də çoxqat görmə optikasına malik bu və ya digər siyasi hadisələrin mahiyyətini görmək, aşkar və təsvir etmək vacibdir. Yalnız öz mənafeyini, öz ideyalarını deyil, bir çox ideyaları, bir çox cəhətləri görmək lazımdır və bu, sənin gücünü, qabiliyyətini, məharətini, sənin dövlətinin qüdrətini artırar.
Dördüncüsü, tarix və siyasətin mahiyyəti bilavasitə insanların həyatına, onların həyatının, azadlığının, dəyərlərinin mənasına, mahiyyətinə nüfuz edib. Onlar siyasi fəaliyyətə əhəmiyyət qazandırır. Buna görə də siyasət mənəvi və ya əxlaqi məna kəsb edir, hərçənd siyasət və tarix əxlaq, əxlaq və mənəviyyat isə siyasət olmasa da, onlar bir-biri ilə ayrılmaz surətdə bağlıdır, onları şərti olaraq, onların dərin əlaqəsini anlamaq üçün bir-birindən ayırırlar. Bu əlaqəni ya dərin fəlsəfi zəka, ya da siyasi fəhm yiyəsi dərk edə bilər.
Beşincisi, Azərbaycan Xalq Cümhuriyyətinin tarixini öyrənərkən, Azərbaycan liderlərinin Azərbaycan dövlətinin, xalqının gələcəyini necə təsəvvür etdiklərini, onların Rusiya imperiyasının süqutu və inqilab barəsində, İranla, “İran” Azərbaycanı ilə münasibətlər haqqında nə düşündüklərini, ilk Respublikamızın süqutundan sonra onların bu məsələlərin bütün spektri üzrə baxışlarının necə dəyişdiyini, nəhayət, onların ölkənin iqtisadiyyatı, kapitalizm və bazar iqtisadiyyatı cəmiyyəti barədə nə fikirləşdiklərini obyektiv olaraq başa düşmək lazımdır. Bunun üçün onların ideyaları və Azərbaycan maarifçilərinin ideyaları arasında əlaqələri araşdırmaq gərəkdir.
Altıncısı, tarix çoxcəhətli anlayışdır, onun bir çox elmlərin obyekti olduğunu, onun böyüməkdə olan nəsillərin tərbiyəsində istifadə edilməli və edilə bilən olduğunu nəzərə almamaq olmaz. Lakin bunun üçün o, fəlsəfə, məntiq, əxlaq və estetikanı özünə hopdurmuş olmalıdır. O, nəinki nailiyyətlərdən, hətta itkilərdən əldə edilmiş təcrübədən, yalnız onlardan yox, həm də sadə insanların bilik və yaşantılarından ibarət olmalıdır.