17.03.2023, 08:13 - Baxış sayı: 247

“İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində seminar keçirilib


“İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində seminar keçirilibAzərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun "İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində martın 15-də f.ü.f.d. Məhəmməd Cəbrayılovun “Neoimperializmin genişlənməsində texnoloji determinizm və siyasi alətlər” mövzusunda seminarı keçirilmişdir. Seminarı Kamran Məmmədov açaraq sözü məruzəçi Məhəmməd Cəbrayılova vermişdir. Alim müasir dövrdə neoimperializmin yeni istiqamətləri, texnoloji determinizmin elmi fəlsəfi mahiyyəti, onun mövcud siyasi proseslərlə qarşılı əlaqəsi haqqında məlumat verərək qeyd etdi ki, texnoloji inkişaf və yeniliklər sosial, iqtisadi və ya siyasi dəyişikliyin əsas hərəkətverici qüvvəsinə çevrilir. Texnoloji determinizmin tərəfdarları üçün ”texnologiya” sözü maşın və alətlər deyil, mövcud olan hər şeyi qavramağımıza istiqamət verən dünya ilə əlaqəli fikirlər mənasını verir. “İnformasiya cəmiyyətinin fəlsəfəsi və sosioloji problemləri” şöbəsində seminar keçirilibTerminin yaranması və mahiyyətini izah edən məruzəçi texnoloji determinizminə sərt və yumşaq yanaşma tərəfdarlarını fərqləndirdi. Bu iki yanaşmanı ayrı-ayrı və qarşılıqlı əlaqədə təhlil edərək fərqli və oxşar xüsusiyyətləri sistemləşdirdi. Yumşaq yanaşma tərəfdarlarının texnologiyaların ictimai-siyasi vəziyyətlərlə əlaqəsinə münasibəti daha passiv xarakter daşıyır. Onlar texnologiyanın təkamülümüzdə bir inkişaf xətti olduğunu söyləsələr də, amma vəziyyətin nəticəsi ilə bağlı qərar vermək şansımızın olduğunu iddia edirlər. Sərt yanaşma tərəfdarları rəqiblərindən fərqli olaraq texnologiyanı sosial problemlərdən asılı olmayaq inkişafda olduğunu qəbul edirlər. İnanırlar ki, texnologiya ictimai fəaliyyətimizi tənzimləmək və mənasını dəyişmək üçün hərəkət edən güclü qüvvələt toplusunu yaradır, eyni zamanda nəticə ilə bağlı seçim etmək azadlığımız yoxdur. Məhəmməd Cəbrayılov yanaşmaların müqayisəli təhlilindən belə nəticəyə gəlir ki, sərt yanaşma nəzəriyyələri müasir dövrün reallıqlarına daha çox uyğun gəlir. Məruzəçinin fikrincə, sərt yanaşma nəzəriyyələri irəli sürülən dövrdə nə qədər qeyri real görünürdüsə, keçən bir neçə onilliklər ərzində elmi texniki kəşflərin güclü dalğası, xüsusən, süni intellektlə bağlı əldə olunan nəticələr onu daha çox reallığa çevirməkdədir. Tədqiqatçı texnoloji determinizmin müsbət xüsusiyyətlərini təhlil etməklə yanaşı bu prosesin bəşəriyyət və insanlıq üçün doğura biləcəyi təhlükələrin nədən ibarət olması və bu riskləri azaltmaq üçün görülə biləcək tədbirlər barəsində də fikirlərini seminar iştirakçıları ilə bölüşdü. Seminarda böyük elmi işçi, f.e.d. Səadət Məmmədova, böyük elmi işçi, f.ü.f.d. Xanım Mustafayeva, aparıcı elmi işçi f.ü.f.d., Firuzə Əliyeva, böyük elmi işçi, f.ü.f.d., Səbirə İskəndərova, elmi işçilər Yeganə Bağırova, Humay Eminova, İlhamə Hüseynova, Kamran Məmmədov, Alidə Zeynalova, kiçik elmi işçi Elxan Quliyev, böyük laborant Şəms Qasımova iştirak ediblər.