Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutu
15.02.2018, 11:00

Heydər Əliyev şəxsiyyətinin sərhədləri aşan cazibəsi


Eynulla Mədətli
AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent

Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin və əbədiliyinin memarı və təminatçısı, müstəqilliyin mürəkkəb və təhdidlərlə dolu on ilində ölkəmizə uğurla rəhbərlik edərək xalqımızın ulu öndəri Heydər Əliyevin parlaq şəxsiyyətinin cazibəsi hələ keçən əsrin son rübündə yaxın - uzaq bir sıra ölkələrdə maraq və diqqətlə qarşılanırdı. Azərbaycana rəhbərlik etdiyi və SSRİ hökuməti başçısının birinci müavini olduğu zamanlarda dəmir iradəsi, nəsillərə nümunə olacaq yüksək rəhbərə xas olan insani keyfiyyətləri və mahir idarəçilik qabiliyyəti ilə bütün həmkarlarından üstün olan Heydər Əliyevdə digər yüksək sovet rəhbərlərində olmayan fitri bir qüvvə var idi - bu onun kamil şəxsiyyətinin insanları çəkən möhtəşəm cazibə qüvvəsi idi. Yeriyəndə yerişiylə, baxanda baxışıyla, güləndə gülüşüylə, danışanda nitqi ilə insanları elə cəlb edirdi ki, bu da hər kəsdə sövqi-təbii hüsn-rəğbət yaradırdı. Həm öz vətənimizdə, həm də xarici ölkələrdə Heydər Əliyevlə bir dəfə epizodik olsa da görüşən şəxs üçün həmin an ömürlük xatirəyə çevrilirdi.
Müstəqil Azərbaycan dövlətində Heydər Əliyev xalqımızın iradəsi ilə hakimiyyətin məsuliyyət yükünü çiyinlərinə götürəndə dövlətçiliyimizin taleyinin həll olunduğu ölüm-dirim zamanı idi. Lakin, Heydər Əliyev ölkəni labüd fəlakətdən qurtaracağına əmin idi, xalq da Heydər Əliyevə inanır, bu çıxılmaz vəziyyətdən çıxış yolunu ancaq onda görürdü. Bu həmin vaxtlar idi ki, SSRİ dağılandan sonra hakimiyyətlərin varisliklə keçmiş kommunist respublika rəhbərlərinə ötürüldüyü yeni müstəqil ölkələrdə sabitlik və az-çox inkişaf davam etməkdə idi.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin rəhbərliyi dövründə onun siyasi müdrikliyi və fenomen şəxsiyyəti həm ölkəmizdə, həm də xaricdə diqqət mərkəzində olmuşdur. 1996-cı ilin əvvəllərindən bəri İran, Pakistan, Əfqanıstan və Ukraynada diplomatik xidmətdə çalışdığım zamanlarda artıq Heydər Əliyev şəxsiyyətinə həm müstəqil Azərbaycan dövlətinin başçısı kimi, həm də, dünyanın tanınmış, görkəmli dövlət adamı və müdrik siyasətçi kimi diqqətlərin necə yönəldiyini müşahidə edir, Prezidentimizin timsalında dövlətimizlə iftixar edirdik. Müstəqilliyimizin dostları Heydər Əliyev şəxsiyyətinə dərin ehtiram bəslədiklərini izhar edir, xoş arzularını bildirirdilər. Xalqımıza xor baxan, istiqlalımızı və inkişafımızı gözü götürməyənlər Heydər Əliyev şəxsiyyətinə insanlarda şübhə və inamsızlıq yaymaqla ölkəmizi gözdən salmağa cəhd göstərirdilər. Lakin belə cəhdlər əbəs idi, çünki Heydər Əliyevin hər bir xarici ölkəyə səfəri, beynəlxalq təşkilarda çıxışı, yaxud ölkəmizə gələn dövlət rəhbərləri, rəsmi şəxslərlə görüşləri müstəqil Azərbaycan dövlətçiliyinin ən yaxşı təqdimatı idi. Heydər Əliyev Azərbaycan həqiqətlərini, ölkəmizin Ermənistan tərəfindən işğala məruz qaldığını, bir milyondan çox qaçqın və məcburi köçkünün problemləri ilə üzləşdiyini, lakin bunlara baxmayaraq, demokratik prinsiplərə və hüquqi dövlət quruculuğuna sadiq qaldığını, bölgəmizdə və dünyada sülhə və təhlükəsizliyə töhfə verdiyini dəfələrlə şərh etməkdən yorulmurdu.
Keçmiş SSRİ məkanında isə Heydər Əliyevi tanıtmağa ehtiyac yox idi. Sovet İttifaqı rəhbərliyində yüksək vəzifə tutduğu zamanda xalqlar arasında qazandığı nüfuz və hüsn-rəğbət Azərbaycan dövlətinə qarşı xoş münasibətə, inam və ehtirama çevrilirdi. Hətta rəsmi səviyyələrdə diplomatlarımızla keçirilən görüşlərdə səsləndirirdilər ki, Heydər Əliyev kimi dövlət başçınız olduğu üçün fəxr etməlisiniz. Respublika günü ilə əlaqədar rəsmi mərasimlərdə, müxtəlif tədbirlərdə Heydər Əliyev şəxsiyyətinə dair yarı həsəd, yarı qibtə ilə müşayiət olunan xoş sözlər daha çox eşidilirdi.
Ulu öndərin vəfatından sonra onun xatirəsinə həsr edilən hər hansı tədbir onu tanıyanların və ehtiram edənlərin maraqlı və hüsn-rəğbət dolu xatirələri ilə müşayiət olunurdu. Bu sətirlərin müəllifi bir sıra ölkələrdə Heydər Əliyev şəxsiyyətinə, onun zəngin siyasi irsinə göstərilən maraq və ilginin yaxından şahidi olmuşdur. Yalnız vaxtilə yanaşı çalışdığı, sonra isə müstəqil dövlətlərin rəhbərləri olmuş prezidentlər deyil, böyük dövlətlərin və beynəlxalq qurumların rəhbərləri də, əvvəldən şəxsi tanışlıqları olmadıqları hallarda belə, Heydər Əliyevin cazibədar şəxsiyyətinin onun yüksək dövlətçilik məharətini necə tamamladığını hiss edir, onda xalqımızın, xalqımızda isə onun gücünü görürdülər.
Bu yazımızda 2010-2015-ci illərdə çalışdığım Ukraynada Heydər Əliyev şəxsiyyətinin, onun yüksək insani və rəhbərlik keyfiyyətlərinin, elmə, mədəniyyətə, incəsənətə, tarixə, ədəbiyyata, yaradıcı ziyalılara xüsusi münasibətinin buraxdığı dərin izlərdən bəhs edəcəyik. Burada vurğulamaq yerinə düşər ki, ulu öndərin vəfatından cəmi bir il sonra Kiyevin mərkəzinə yaxın Qluboçiçka küçəsində Heydər Əliyevə qoyulmuş heykəl onun işıqlı xatirəsinə Ukraynanın o zamankı prezidenti Leonid Kuçmanın, bütünlükdə Ukrayna xalqının sonsuz ehtiramının göstəricisi idi. 2013-cu ildə həmin ərazidə Ukraynada misli-bərabəri olmayan bənzərsiz Heydər Əliyev parkının salınması qısa müddətdə bu parkın və Heydər Əliyev abidəsini kiyevlilərin sevilən ziyarət yerinə çevirdi, xüsusilə gənc ailə quranların Heydər Əliyev abidəsi ətrafında, ölkəmizin tarix və mədəniyyətinin simvolları, parlaq nümunələri olan Şeyx Səfi xalı şəlaləsi, Bakımızın İçərişəhər qala divarlarının bənzəri park tikililəri, üçrəngli canlı çiçəklərdən yerdə tərtib edilmiş Azərbaycan xəritəsi qarşısında videoseansları həm Heydər Əliyevi, həm ölkəmizi gənc nəsillərə yaxından tanıdır.
Maraqlıdır ki, Ukraynada Heydər Əliyevin həm Sovet dövründə bu ölkənin iqtisadi-mədəni inkişafına və yaradıcı şəxslərinə göstərdiyi diqqət və qayğı ilə yanaşı, müstəqil Azərbaycana rəhbərlik etdiyi zaman da Ukraynaya dost köməyini əsirgəmədiyi insanların yaddaşında kök salmış və bu kimi hisslər bir neçə yüz min soydaşımızın yaşadığı bu böyük ölkənin Azərbaycan Respublikası ilə münasibətlərinin sabit dostluq və qarşılıqlı etimad əsasında qərarlaşmasına öz təsirini göstərmişdir.
Müstəqil Ukraynanın ilk prezidenti Leonid Kravçuk (1991-1994) görüşlərimizdə Heydər Əliyevin SSRİ hökumətindəki fəaliyyəti illərində Ukraynaya daim diqqət göstərdiyini, bir sıra böyük layihələrin məhz Heydər Əliyevin qətiyyətli mövqeyi sayəsində reallaşdırıldığını qeyd edirdi. İri mədəniyyət mərkəzlərinin inşasının qadağan edildiyi illərdə Kiyev Filarmoniyasının hazırkı binasının tikintisinin plana salınması və ona vəsait ayrılması yalnız Heydər Əliyevin şəxsi səyi ilə mümkün olmuşdu. Yeri gəlmişkən Kiyev Dövlət Filarmoniyasının yaşlı yaradıcı nəslinə mənsub olan şəxslər, filarmoniyanın rəhbərliyi səfirliyimizin orada keçirdiyi tədbirlərdə hər dəfə Heydər Əliyevin xatirəsini minnətdarlıqla yad edirdilər.
1994-2004-cü illərdə Ukraynanın prezidenti olmuş Leonid Kuçma ilə hər görüşümüzdə yaxından dostluq etdiyi, əziz xatirəsinə dərin ehtiram bəslədiyi Heydər Əliyevdən səmimiyyətlə bəhs edir, Ukraynanın qonşularla müəyyən çətinliklərinin yarandığı ağır zamanda, taxıl yığımının yanacaq yoxluğundan tam təhlükə ilə üzləşdiyi vaxt (Ukrayna dünya bazarına 30 mln. ton taxıl çıxarır) Heydər Əliyevin onun xahişinə görə heç bir rəsmi sənədləşmə qaydaları keçmədən dərhal bu dost ölkəyə lazımınca yanacaq göndərdiyini minnətdarlıqla vurğulayırdı. Leonid Kuçma Heydər Əliyevə “Yaroslav Mudrı” ordeni təqdim edərkən demişdi: “Müdriklik və şöhrət”. Bu sözlər tam anlamında Heydər Əliyevi təcəssüm etdirir. Siz, bir Prezident kimi, dövlətin siyasi və iqtisadi məsələlərini həll edərkən zəkanızı nümayiş etdirirsiniz, öz fəaliyyətinizlə Azərbaycanın şöhrətini bütün dünyaya, Avropaya, ən əsası isə bütün Qafqaz regionuna yayırsınız”.
Yadımdadır ki, Ukraynanın Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında AMEA-nın müxbir üzvü (indi akademik) Yaqub Mahmudovun “Heydər Əliyev ideyalarının zəfər yolu” kitabının Ukrayna dilində nəşrinin ölkənin siyasi-elmi dairələrinin, Kiyevdə akreditə olunmuş xarici ölkələrin səfirlərinin, mətbuat nümayəndələrinin geniş iştirakı ilə keçirilən təqdimatında Ukrayna alimlərinin, yaradıcı ziyalılarının təmsilçiləri olan bir qrup tədqiqatçı, başda tarixçi alim Anatoli Denisenko olmaqla, mənimlə görüşüb Heydər Əliyev haqqında kitab yazmağı təklif edərək bildirdilər ki, Ukraynada Heydər Əliyevin xatirəsini qəlbində, hafizəsində yaşadan ziyalılarımız çoxdur və Azərbaycan səfirliyinin də iştirakı olarsa, maraqlı bir kitab ortaya qoyula bilər. Beləliklə, haqqında bəhs edəcəyimiz “İki dövrün Lideri” kitabı yarandı. Üzərində bu sətirlərin müəllifi də daxil olmaqla, Ukraynanın bir qrup tədqiqatçısının işlədiyi bu kitabda ulu öndərin zəngin siyasi irsi, dövlətçilik təcrübəsi, nəsillərə nümunə olacaq rəhbərlik məharəti və insani keyfiyyətləri maraqlı bir dillə öz əksini tapmışdır.
Qeyd edək ki, 2003-cü ildən sonra Ukraynada ulu öndər haqqında həm ukraynalı, həm də orada yaşayıb çalışan azərbaycanlı elm adamları tərəfindən ayrı-ayrı məqalələr yazılmış, çıxış və məruzələr olmuşdu. Xüsusilə, ukraynalı yazıçı-jurnalist Viktor Andrianovun Azərbaycanın tanınmış yazıçısı Hüseynbala Mirələmovla birgə qələmə aldıqları və bu sətirlərin müəllifinin redaktorluğu ilə 2011-ci ildə Kiyevdə Ukrayna dilində nəşr edilən “İlham Əliyev - Azərbaycan Prezidentinin portreti” əsəri artıq ölkə ictiamiyyətində Azərbaycan Respublikası haqqında, ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev barəsində bilgi və məlumatların genişlənməsinə zəmin yaratmışdı...
Bu gün Ukraynada Azərbaycan xalqının nümayəndələrindən ibarət bir neçə yüz minlik diasporumuz mövcuddur və ulu öndərin zəngin siyasi irsinin bu ölkədə geniş təqdim edilməsində müvafiq rəsmi qurumlarımızla yanaşı, diasporumuzun da əvəzsiz xidmətləri vardır. Xüsusilə, hüquq elmləri doktoru, Ukraynanın Əməkdar müəllimi, professor Arif Quliyevin ulu öndərimiz Heydər Əliyev, Prezident İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında elmi və publisistik məqalələri Heydər Əliyev irsinin Ukraynada böyük maraq doğurduğunun bariz timsalıdır.
Heydər Əliyevin uca şəxsiyyəti, xüsusilə Ukraynanın yaradıcı elitası tərəfindən yüksək dəyərləndirilir, onların nümayəndələrinin səsləndirdikləri heç bir təsir və təmənna yükü daşımayan hüsn-rəğbət dolu fikirlər xüsusilə əhəmiyyətlidir. Ukraynanın, eləcə də keçmiş SSRİ-nin ən tanınmış simalarından biri, müstəqil Ukrayna dövlətində isə bir müddət Avropa Birliyində Ukrayna Nümayəndə Heyətinin başçısı olan Xalq yazıçısı Boris Oleynik deyirdi ki, Azərbaycan təhlükə altında olduğu zaman xalqın oğlu, Heydər Əliyev ölkənin hərəkətverici çarxını öz əlinə aldı və zəkası, cəsurluğu və istəyi nəticəsində ölkəni kədərli vəziyyətdən çıxara bildi.
Ukraynanın Xalq artisti Dmitro Qnatyukun ulu öndərlə əlaqəli xatirələri də olduqca maraqlıdır. Adıçəkilən kitaba yazdığı “Azərbaycan mənim sevgimdir” başlıqlı məqalədə qeyd edir ki, 1950-ci ildə ilk dəfə Azərbaycanda keçirilən gənclər festivalında iştirak etmiş, ölkəmizin böyük sənət adamları ilə tanışlığı və dostluğu o zamandan başlamışdır. Lakin, Heydər Əliyevlə ilk dəfə Moskvada Heydər Əliyev tərəfindən təşkil edilmiş bir mərasimdə yaxından ünsiyyət saxlamaq ona nəsib olmuşdur. “Mənim Azərbaycanla tanışlığım yalnız müğənnilərlə məhdudlaşmır. Mən Azərbaycanın siyasi xadimi Heydər Əliyevlə görüşmüşəm. Bu, Əliyev tərəfindən aparılan Moskvadakı böyük qəbul mərasimində baş verdi. Gənc, yaraşıqlı, alicənab bir şəxs kimi o, unudulmaz bir təəssürat yaratmışdı. Onu 1970-ci illərdə Azərbaycanda Ukraynanın incəsənət və ədəbiyyatının on illiyinin keçirildiyi ərəfədə daha yaxşı tanımaq imkanım oldu. Heydər Əliyev o zamanlar Azərbaycanın Komunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi və bizi ən əziz dostları kimi qarşılamışdı. O, Respublikanın rəhbəri idi, lakin heç vaxt özünü bizdən üstün göstərmirdi. Əksinə, öz yaşıdı və yaxın dostları kimi münasibət göstərirdi. Bu şəxsiyyət haqqında Moskvadakı ilk təəssüratım tam şəkildə özünü doğrultmuşdu. Onun rəftarı göstəriş üçün deyildi, daxili mənəviyyatdan irəli gəlirdi. Heydər Əliyevə on il ərzində həmin mehriban ab-havaya görə böyük təşəkkür düşür, biz özümüzü Azərbaycanda evimizdəki kimi hiss edirdik. Biz rəqs edir, mahnı oxuyurduq, bizi incəsənət birləşdirirdi. Bir-birimizi anlayır, bir-birimizə çox bənzəyirdik. Bu böyük şəxsiyyət mədəniyyətlərin vəhdətini təcrübədə tətbiq etmişdi. Mənim ona rəğbətim incəsənət adamlarına göstərdiyi münasibəti gördükdə daha da artmışdı. Dəfələrlə onun Rəşid Behbudov haqqındakı dəyərli fikirlərini, eləcə də gənc Müslüm Maqomayevə ata qayğısını görmüşəm. İncəsənət adamları üçün mənəvi dəstək çox vacibdir. Heydər Əliyevin Polad Bülbüloğlunu Azərbaycanın mədəniyyət naziri vəzifəsinə təyin etməsini qeyd etməsəm, düzgün olmaz. Bu vəzifəni ona etibar etməklə Heydər Əliyev mədəniyyətin təmsilçisinə böyük dəyər vermiş oldu. Heydər Əliyev bütün sektorlarda böyük öhdəlik daşıyır və böyük işlər görürdü, ona görə də təsəvvür etmək mümkündür ki, nə qədər insana dəstək vermişdir”.
Ukraynada ölkəmizin qocaman dostlarından biri Ukrayna Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının fəxri doktoru, fövqəladə və səlahiyyətli səfir Yuri Koçubəy ulu öndərin ölkələrimizin mədəni əlaqələrinə böyük diqqət verdiyini önə çəkərək yazır ki, Ukrayna və Azərbaycan arasındakı mədəni əlaqələr dərin köklərə malikdir və bizim “Ukrayna Dyplomatychina” illik kitabların birində ətraflı yazdığımız tarixi hadisəyə söykənir. Azərbaycan müstəqilliyinin ilk günlərindən milli lider Heydər Əliyev humanitar sferadakı əməkdaşlığa xüsusi diqqət ayırmışdır: O dünyaya yeni Azərbaycan: orijinal, zəngin, qədim mədəniyyəti, ənənələri və gənclərin daha çox təmsil olunduğu müasir incəsənətlə zəngin Azərbaycanı nümayiş etdriməyə ehtiyac olduğunu anlamışdır. Həm ukraynalılar, həm də azərbaycanlılar öz övladlarını qarşılıqlı şəkildə zənginləşdirməyi unutmamışlar. 2004-cü ildə Kiyevdə milli lider Heydər Əliyevin abidəsinin açılışı oldu. Onun həyat yoldaşı, tanınmış alim, akademik Zərifə Əliyevaya İrpen şəhərində abidə qoyuldu. Azərbaycanın və Ukraynanın prezidentləri 2008-ci ildə 30 iyunda Bakıda tanınmış Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılışında iştirak etdilər. Kiyevdə məşhur Azərbaycan şairi Səməd Vurğunun, Azərbaycanda isə Lesya Ukrainkanın abidəsi var. Bu qısa baxış göstərir ki, bizim ölkələrimizin əsası Heydər Əliyev tərəfindən qoyulan əməkdaşlığı daha da inkişaf etdirmək imkanları var. Biz yalnız olduqda deyil, bir yerdə olduğumuz zaman daha güclüyük.
T. Şevçenko adına Kiyev Beynəlxalq Münasibətlər İnstitutunun professoru, tarix elmləri doktoru Mikola Doroşenko Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanın xarici iqtisadi siyasətinin uğurla inkişaf etdiyini, çox mühüm strateji layihələrin təməlinin qoyulduğunu vurğulamışdır. O qeyd edir ki, Azərbaycan özünün xarici iqtisadi siyasətində geosiyasi cəhətdən çatışmayan cəhətlərini üstün cəhətlərə çevirmək uğrunda mübarizə aparır. Xüsusən, suverenliyini... qorumaq məqsədilə Türkiyə və Qərbdən siyasi və iqtisadi dəstək almaqla həyata keçirir. Azərbaycan Respublikasına dünya ictimaiyyətinin, xüsusən Azərbaycanda zəngin neft və qaz sahələrinin inkişafında birbaşa iştirak edən enerji şirkətlərinə malik ölkələrin iqtisadi marağını cəlb etmək bu siyasətin vacib elementidir. Bu proses Heydər Əliyevin 1993-cü ildə prezident seçkisindən sonra sürətlə inkişaf etdi. Heydər Əliyev mərkəzi hökumətin bərpasında nailiyyət qazandı, ölkəni siyasi və strateji cəhətdən Qərbə yönəltdi, Xəzər neftinin və qazının daşınma və hasilatında genişmiqyaslı layihələr həyata keçirdi və ABŞ tərəfindən rəhbərlik edilən terrorizmə qarşı koalisiyaya qoşuldu. Heydər Əliyev Post Sovet ölkələrinin əməkdaşlığı üçün ayrıca GUAM (1997) yaradılması ideyasının öncül tərəfdarlarından idi, Ukrayna ilə əlaqələri gücləndirmək üçün fəal şəkildə öz töhfəsini vermişdir. Bakı-Supsa boru kəməri Ukrayna üçün zəruri əhəmiyyət kəsb edir. Çünki keyfiyyətli Azərbaycan nefti tankerlərlə Odessaya və digər Ukrayna limanlarına daşına bilər.
Kitabın son fəslində Ukraynanın Diplomatik Akademiyasının baş elmi işçiləri tarix elmləri namizədi A. Denişenko, dosent Lyubov Şpakovski və Əməkdar incəsənət xadimi Vasil Turkeviçin ulu öndərə həsr etdikləri bioqrafik esse olduqca təsirli və səmimidir. Müəlliflər qeyd edirlər ki, Heydər Əliyevin bütövlükdə bioqrafiyası və həyatının hər bir faktı tarixə söykənir. Hazırda onun siyasi fəaliyyətinin müxtəlif istiqamətləri araşdırılır, iqtisadi platformasının tətbiqi məsələləri nəzərdən keçirilir, müasir inkişafın qlobal problemlərinin konseptual vizyonunun fəlsəfi aspektləri tədqiq olunur. Heydər Əliyev çıxışlarında, bəyanatlarında, müsahibələrində dəfələrlə vurğulamışdır ki, keçmişdə və ümumilikdə bütün fəaliyyətindəki hər bir addımı ilə qürur duyub. Heydər Əliyev elə bir zamanda Azərbaycan prezidenti oldu ki, ölkə və xalq siyasi ziddiyyətlərlə üz-üzə qalmış, ərazi işğal olunmuş, məcburi köçkünlər öz vətənlərində sığınacaq tapa bilmirdi, vətəndaş müharibəsi reallığa çevrilmişdi. Tarixçilər onun Bakıdan uzaq olduğu müddətdə qəzəb və ümidsizliyinin, kədər və ağrısının şərhini verə bilməzlər. O, hər zaman gördükləri və inandıqları barəsində danışmaqdan çəkinmirdi. Ənənəvi olaraq, bir siyasətçinin hakimiyyət əldə etmədən yaşaya biləcəyinin mümkünsüzlüyünə inanırlar. Heydər Əliyev isə hakimiyyət əldə etmədən yaşaya bilərdi və yaşadı. O, nadir siyasətçilərdəndir ki, ölkənin idarəçiliyini yalnız vəzifə borcu olduğu üçün yerinə yetirmişdir. Döyüşdə məğlub olduğumuz bir zaman şəraitində o, siyasətə geri döndü, ordu rəhbərsiz qalmışdı və onun əmrlərini gözləyirdi. Bu xalqın, ali hakimiyyəti vermək istədiyi siyasətçinin dönüşü idi. Ona hər bir şəxsin, bütövlükdə isə xalqın ehtiyacı vardı. Heydər Əliyev sözün əsl mənasında ölkəsinin vətənpərvəri idi. O, postsovet dövründə də, ondan öncəki zamanda da vətənpərvər olmuşdu. Azərbaycan Prezidenti vəzifəsini qəbul etməklə Heydər Əliyev bir şəxsiyyət kimi özünün ənənəvi həyat tərzinə davam etmiş, liderlik vəzifəsi davam etdirmişdir. Nə dərəcədə demokratik olmasına çalışmasından asılı olmayaraq, hər bir kəs onun istək və fəaliyyətinə sövqi-təbii şəkildə riayət edirdi. Hakimiyyət onun təbiətinin ayrılmaz parçası idi. O, hakimiyyətdə olmadığı zaman belə, insanlar onu, xüsusi baxış bucağına malik siyasət ustası kimi qəbul edirdi. Heydər Əliyev həm siyasətçi, həm də şəxsiyyət idi. Cəvahirləl Nehru Hindistanın və dünyanın tanınmış siyasətçisidir. Onun qızı İndira Qandi atasının siyasətini ləyaqətlə davam etdirdi. Onun oğlu Raciv Qandi baş nazir idi. Onun faciəli ölümündən sonra, xanımı Soniya Qandi siyasi arenaya gəldi. Buhuttonun qızının Pakistanda hakimiyyətə gəlişini də xatırlayaq. Ata Buş və oğul Buşun Amerikadakı gəlişinə nəzər salaq. Miras qoyulan hakimiyyət ölkənin inkişafına maneçilik törətmədi. Azərbaycan xalqı hökumətin idarəsini Heydər Əliyevin oğlu, mənəvi həmkarı və siyasi davamçısı İlham Əliyevə təhvil verdi. O, 2003-cü ildə 88 faiz səslə prezident seçildi, bu səs xalq tərəfindən prezidentin tam dəstəkləndiyinin göstəricisi idi. İlham Əliyev andiçmə mərasimində dedi ki, Azərbaycanın demokratik inkişafına əmindir, müasir və güclü dövlət kimi tərəqqisinə inanır. Onun üçün də Heydər Əliyevin siyasətini davam etdirmək zəruridir. İlham Əliyev ləyaqətli atanın ləyaqətli oğludur.
Məqalədə Ukrayna alimlərinin bir fikri də olduqca diqqətçəkicidir. Qeyd edirlər ki, Heydər Əliyev avtobioqrafiyalarında az hallarda özü haqqında yazırdı və bu avtobioqrafiyalar hazırda həm Moskvada, həm də Bakıda dövlət arxiv sənədlərində saxlanılır, sovet siyasi dairələrində Heydər Əliyev kimi tanınırdı. O, açıq şəkildə özünü azərbaycanlı kimi təqdim edirdi və adını milli ənənəyə əsaslanaraq yazırdı: “Mən, Heydər Əliyev Əlirza oğlu 1923-cü ildə Naxçıvanda anadan olmuşam....” halbuki, Nikita Xruşşov və Leonid Brejnev özləri haqqında yazarkən bir dəfə Ukraynalı kimi, başqa bir dəfə isə Rusiyalı kimi özlərini qələmə verirdilər və buna heç əhəmiyyət də vermirdilər.
Məqalədə müəlliflər yazırlar ki, Çernobıl faciəsindən sonra Heydər Əliyev siyasi bürodan tələb etmişdi ki, Pripyat şəhərində baş verən fəlakət haqqında əhaliyə düzgün və ətraflı məlumat verilsin. Bu, Mixayil Qorbaçov üçün bir problem idi, çünki o qeyri-adi heç bir şeyin baş vermədiyini iddia edirdi. Sonralar SSRİ Ali Sovetinin deputatı olmuş Boris Oleynik yazırdı ki, “Qorbaçov Kiyevə getməyə qorxurdu”. Hətta Şerbitski ilk may paradını təxirə salmağı və ən azından uşaqları faciə baş verən ərazidən köçürməyə cəhd göstərmək istəsə də, Qorbaçov onu hədələyərək söyləmişdi ki, əhali arasında çaxnaşma yaradılmamalıdır. Biz Heydər Əliyevi Qorbaçovu Ukraynada baş verən böyük fəlakəti təsdiqləməyə məcbur etdiyi üçün, onu qürurla anır və dəyərləndiririk.
Məqalədə vurğulanır ki, Heydər Əliyev kommunistlərin faşist sözünə bərabər tutduğu millətçi kimi yox, sözün müsbət mənasında, vətənpərvər millətçi kimi vətənini hər zaman xatırlayır, Azərbaycanı sevirdi. Vətənə olan bu münasibət ukraynalılara da xas idi. Şair Vladimir Sosyuranın sovet ideoloqları tərəfindən heç də hər zaman qəbul olunmayan misralarını xatırlayaq: “Ukraynanı şad və kədərli günündə də günəş, külək, bitki və su kimi sev!”. Beləcə də, Heydər Əliyev öz torpağının vətənpərvəri idi, əsl Azərbaycanlı kimi o başqa cür də ola bilməzdi. Kədərli günlərdə ölkəsi təhlükə altında idi, çevik və qəti şəkildə addım atmaq vaxtı idi. İstənilən digər şəxs çarəsiz, tərəddüd və şübhə içində addım ata bilərdi.
Ukrayna alimləri Heydər Əliyev şəxsiyyətinin, ictimai-siyasi fəaliyyətinin bütün təfərrüatlarını oxuculara çatdırmağa səy etmişlər. Xüsusilə, Heydər Əliyevin Moskvadan Bakıya qayıdışını, sonra Naxçıvan Muxtar Respublikasındakı həyatı və fəaliyyətini, yenidən Azərbaycan rəhbərliyinə gəlməsini addım-addım izləmiş, bu mərhələləri təhlil etmiş, xüsusilə ağır blokada şəraitində Naxçıvan Muxtar Respublikasının siyasi təhlükəsizlyinin, əhalinin həyat və yaşayşışının təmin edilməsi sahəsində Heydər Əliyevin Türkiyə və İran dövlətləri ilə yüksək səviyyədə qurduğu münasibətləri təhlil etmişlər. Türkiyə ilə Azərbaycan arasında münasibətlərdən bəhs edən müəlliflər Heydər Əliyevin prezident Süleyman Dəmirəlin dəvəti ilə Ankaraya səfərindən sonra ən qısa zamanda tikilib istifadəyə verilən “Ümid” körpüsünü II Dünya müharibəsində Leninqradın mühasirəsi zamanı Ladoqa gölü üzərində açılan həyat yoluna bənzətmişlər (s. 110). Onlar Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasındakı xilaskarlıq missiyasını və siyasi fəaliyyətini rəğbətlə təhlil etmiş, böyük siyasətə qayıdış yolunu izləmişlər. Təqdim olunan kitabda, həmçinin, Azərbaycan xalqının öndə gedən şəxsiyyətlərindən ibarət “91-lər qrupunun” Heydər Əliyevə müraciəti, Yeni Azərbaycan Partiyasının yaranması və Heydər Əliyevin böyük siyasətə qayıdış yoluna işıq salınmışdır.
Əsərin “Müstəqil dövlətin rəhbəri” bölümü xüsusilə diqqətçəkicidir. Müəlliflər Heydər Əliyevin 1993-cü ilin oktyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə başlarkən andiçmə mərasimində vurğuladığı strateji fikirlərə diqqət çəkərək Azərbaycanda qanunun aliliyinə və demokratik prinsiplərə əsaslanan dövlət quruculuğunda Heydər Əliyevin tarixi rolunu açmağa müvəffəq olmuşlar.
Heydər Əliyevin ilk xarici səfərindən etibarən xarici ölkələrdə yaşayan azərbaycanlılarda müstəqil Azərbaycan dövləti üçün təəssübkeşlik, vətənçilik hisslərinə çağırışlarının müxtəlif ölkələrdə milyonlarla azərbaycanlının təmsil olunduğu diaspor təşkilatlarının yaranmasına təkan verdiyini vurğulayan tədqiqatçılar Heydər Əliyevin irəli sürdüyü “azərbaycançılıq” ideyasının bir ideologiyaya çevrildiyini, müstəqil dövlətçiliyin əsas təşkiledici və birləşdirici qaynağı olduğunu, dövlətin bu gününün və gələcəyinin taleyini müəyyən etdiyini təhlil etmiş, məntiqi nəticələr çıxarmışlar.
Müəlliflər Heydər Əliyevin Ukraynaya səfəri zamanı bu ölkədə yaşayan yüz minlərlə azərbaycanlının nümayəndələri ilə görüşündə onlara azərbaycançılıq, vətənə bağlılıq hisslərini necə aşıladığını nümunə kimi təqdim etmişlər. Heydər Əliyevin və Ukrayna prezidenti L.Kuçmanın şəxsi dostluq münasibətlərinin iki ölkə arasında qarşılıqı etimada və hüsn-rəğbətə söykənən dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasında əsas rol oynadığını vurğulamışlar. Fikrimizcə, ukraynalı müəlliflərin gəldiyi bu nəticə olduqca təqdirəlayiqdir ki, Heydər Əliyev müasir Azərbaycan dövlətinin möhkəm siyasi təməlini qoyduğu kimi, azərbaycançılıq, Azərbaycan dili, latın əlifbasına keçid və bu kimi milli fəaliyyətləri ilə millətin bütövlüyünün və birliyinin, həm ölkədə, həm də xaricdə yaşayan bütün azərbaycanlıların həmrəyliyinin təməl dayaqlarını qurmuş oldu.
Əlbəttə, bu yazıda ulu öndərin yalnız bir qonşu ölkənin ictimai fikrində yaratdığı unudulmaz təəssüratların bəzi fraqmentlərindən bəhs edə bildik, amma Heydər Əliyevin uca şəxsiyyətinin sərhədləri aşan cazibəsi geniş və hərtərəfli tədqiq edilməyə möhtacdır.