23.06.2022, 13:45 - Baxış sayı: 290

“Estetika” şöbəsi İqtisad Universitetinin “Dizayn” kafedrası ilə birgə “moda və dizayn” mövzusunda seminar keçirmişdir


“Estetika” şöbəsi İqtisad Universitetinin “Dizayn” kafedrası ilə birgə “moda və dizayn” mövzusunda seminar keçirmişdirAMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Estetika” şöbəsinın və Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasının birgə təşkilatçılığı ilə “moda və dizayn” mövzusunda seminar keçirilmişdir.
Seminarı İnstitutunun “Estetika” şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Adil Əsədov giriş sözü ilə açmış, moda və dizayn arasındakı münasibətlərin tarixi və bu günü barədə çıxış etmişdir. O, modanı insanın cəmiyyətə təsir vasitələrindən biri kimi xarakterizə etmiş və bu səpkidə insanın cəmiyyətə digər təsir vasitələri və moda arasında paralellər aparmışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elfanə Qasımova diqqəti moda və dizaynın memarlıq sənəti ilə qarşılıqlı əlaqələrinin təhlilinə yönəltmiş, Fəlsəfə və Sosiologya İnstitutunun “Estetika” şöbəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrası arasında əməkdaşlığın perspektivlərinə toxunmuşdur.
Müzakirələrdə Fəlsəfə və Sosiologya İnstitutunun aparıcı elmi işçiləri Təhmimə Ağakişiyeva və Nailə Əsədova, elmi işçilər Aypara Abbasova və Yasmina Məlikova, şöbənin doktoranı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Xavər Əhmədova, şöbənin doktorantı Elnarə Hacıyeva, Avropa liseyinin müəllimi Səidə Məmmədova mövzu ilə bağlı öz münasibətlərini bildirmişlər.
Tədbirin sonunda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elfanə Qasımova kafedra adından bu kafedranın əməkdaşları tərəfindən hazırlanan və üzərində Şuşa şəhərinin rəmzi olan xarıbülbülün əksi təsvir olunmuş dizayn tərtibatlı saatı Estetika şöbəsinə bağışlamışdır.