16.05.2022, 10:54 - Baxış sayı: 408

MODERNLƏŞMƏ VƏ MƏNƏVİ İRS


Xanımağa İsmayılova
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu
“Azərbaycan fəlsəfə tarixi” şöbəsinin elmi işçisi


Modern sözü yunanca (moderne) ən yeni deməkdir və müasir fəlsəfi ədəbiyyatda müəyyən obyektin müasir, yeni tələblərə və normalara uyğun təkmilləşdirilməsi, yaxşılaşdırılması, yeniləşdirilməsi kimi şərh olunur. Son illərdə ölkə və xarici fəlsəfi ədəbiyyatda modernləşmə probleminə diqqət artmış və bəzi mənbələrdə modernləşmə dedikdə cəmiyyətin siyasi, sosial-iqtisadi, mədəni inkişafının müasir Qərb sivilizasiyasına uyğun təkmilləşdirilməsi başa düşülür. Məsələn, iqtisadçı alimlər modernləşməni iqtisadi kateqoriya hesab edərək onu – geniş mənada, müxtəlif təkmilləşdirmələr tətbiq etmək yolu ilə müasir tələblərə uyğun mütərəqqi irəliləyişlərə, dəyişikliklərə nail olmaq kimi səciyyələndirirlər. Modernləşməni fəlsəfi aspektdən tədqiq edən alimlər onun “postsovet məkanında, o cümlədən Azərbaycanda iqtisadi inkişafdan və ölkənin texnoloji baxımdan yenidən təchiz olunmasından başladığını” [3,113] göstərsələr də “sonra isə bu nailiyyətlərin əsasında sosiomədəni modernləşmənin formalaşdığını”[3,113] diqqətə çatdırırlar. Sosiomədəni modernləşmə ictimai şüurun yeniləşməsi və mənəvi irsin dirçəldilməsi, mənəvi irs isə xalqın gələcəyə yönəlmiş ictimai şüurun dərk olunması zamanı daha çox faydalıdır. Azərbaycan tədqiqatçısı, professor İlham Məmmədzadə sosiomədəni modernləşmə və mənəvi irsin əlaqələri ilə bağlı yazır: “Azərbaycanın sosiomədəni modernləşməsi təkcə yeni texnologiya, bazar mexanizmlərinin sürətli keyfiyyətli tətbiqini deyil, kreativ və innovasion şüurun köməyilə millətin sivilizasiyalı yenilənməsini şərtləndirə biləcək keyfiyyətcə yeni qarşılıqlı münasibətlərin...yaradılmasını da ehtiva edir”[3,114]. Şübhəsiz ki, bu yenıləşmə prosesində mənəvi irsin dirçəldilməsi mühüm rol oynayır.
Müstəqil Azərbaycan çoxdan dünyəvi dövlət kimi formalaşıb. Bununla belə cəmiyyətdə mənəvi irsin tərkib hissəsi olan dini dəyərlər bu dünyəviliklə bərabər əsas amilə çevrilmişdir. Oleq Sıqanovun bu məsələ ilə bağlı fikirləri xüsusi maraq doğurur: “Azərbaycan haqlı olaraq bununla fəxr edə bilər ki, Islam təkcə ölkənin mütərəqqi dünyəvi tərəqqisilə ilə birgə inkişaf edir, həm də bütün cəmiyyətə tamamilə unikal, müxtəlif aspektdən ahəngdar inkişaf naminə tarixi-mədəni irsdən ən diqqətli istifadə etməyə ən dolğun və geniş imkan verildiyini praktikada sübut etməyə nail olmuşdur”.[4] Bu gün iqtisadi cəhətdən güclü və modern dövlət olaraq Azərbaycan dayanmadan sürətlə irəliləyir, inkişaf edir.
Azərbaycanlıların ictimai şüurunun modernləşməsi və mənəvi irsinin dirçəldilməsi üçün bir neçə istiqamət göstərilir:
1. Rəqabətə davamlılıq. Bu isə təkcə maddi məhsul deyil, həm də mənəvi sərvət - bilik, intellektual dəyər və nəhayət, keyfiyyətli insan kapitalı ehtiyatı deməkdir. Bir millətin uğurunu təbii, maddi sərvətlər deyil, həm də insanların rəqabət qabiliyyəti müəyyən edir.
2. Praqmatizm - öz milli və şəxsi sərvətlərini dəqiq bilmək, onlardan qənaətlə istifadə etmək və buna uyğun olaraq öz gələcəyini planlaşdırmaq, israfçılığın, təkəbbürün, şou-biznesin yolunu bağlamaq bacarığıdır.
3. Mənəvi irsin, milli özünəməxsusluğun qorunub saxlanması. İstənilən dövlət öz inkişaf modelini formalaşdırır. Biz də öz inkişafımızda milli adət-ənənələrimizi, dilimizi, incəsənətimizi, ədəbiyyatımızı itirməməliyik.
Müasir Azərbaycan öz tarixi keçmişinin, demək olar ki, əsas mənəvi irsini, adət-ənənələrini şüurlu surətdə inkişaf etdirir ki, bunun da əsas özəyi dinlərin və mədəniyyətlərin plüralizminin mövcudluğudur. Dünya sivilizasiyasının dəyərləri və nailiyyətlərini, tükənməz mənəvi irsini nəsillərdən-nəsillərə keçirərək zəngin-ləşən azərbaycanlılar Şərq xalqı kimi özlərinə xas olan islami koloriti milli həyat tərzinə çevirmışlər. Azərbaycan tarixən müxtəlif dünya mədəniyyətlərinin qovuşu-ğunda yerləşdiyi üçün onun seçimi həmişə mədəniyyətlərin sintezi olmuşdur. “Əsrlər boyu müxtəlif mədəniyyətlər çərçivəsində formalaşmış klassik cəmiyyətdə, bir qayda olaraq, üç sosial təbəqəyə modernləşməyə əsas impuls verir: yaradıcı ziyalılar, alimlər, elm adamları; biznes icması, sahibkarlar, bankirlər; ilk ikisinin ən yaxşı nümayəndələrinin daxil olduğu üçüncü qrup adətən güc elitası, üstəlik hakim bürokratiyanın ən parlaq nümayəndələri aiddir. Ölkədə inkişaf hərəkatının hansı istiqamətdə və hansı ideoloji-mənəvi əsaslar üzərində aparılacağı da məhz bu qruplardan asılıdır”.[4]
Milli ziyalılar da modernləşməyə təkan verərək mənəvi irsi, milli dili, ədəbiyyatı, incəsənəti, milli-mənəviliyi, dəyərləri və milli kimliyi, eyni zamanda müasir mədəniyyətin inkişafına öz töhfəsini verməsi istiqamətində yeni ideyalarla çıxış edirlər. Xalq kütləsi də öz növbəsində modernləşməyə cəlb edilərək müasir elmi biliklərə yiyələnir, yeniliyə əngəl yaradan ideyaları aradan qaldırır, həyata rasional baxış formalaşdırır, mənəvi irsini qoruyur. Milli dil ümumbəşəri mədəni dəyərlərə qovuşur. Xalq milli şüurunu inkişaf etdirir, tarixi və müasir təfəkkürə mənsubluğunu, bəşər tarixində öz rolunu, milli hisslərini və milli böyüklüyünü dərk edir. Bütün Avropa xalqları kimi Azərbaycan xalqı da öz ictimai şüurunu modernləşdirir, mənəvi irsini dirçəldir, inkişaf etdirir, eləcə də milli birliyə nail olur. “Bu baxımdan Azərbaycan xalqı özünün milli-mənəvi irsinə - onu bütövləşdirən və zənginləşdirən komponentlərə - dil, din, adət-ənənə, eyni zamanda birgəyaşayış mühiti və tolerantlıq kimi xüsusiyyətlərə söykənərək bəşəriyyətin mürəkkəb və ziddiyyətli ictimai-siyasi sınaqlarından məharətlə çıxa bilmiş, dünya xalqları arasında öz varlığını, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmışdır. Tarixi hadisələrin gedişatı göstərdi ki, minilliklər ərzində formalaşmış milli-mənəvi sərvətimiz milli mənlik şüurumuzu oyadaraq müstəqil dövlətçiliyimizin bərpasına səbəb olan əsas amildir.”[2,14] Deməli, modernləşmə, qloballaşmanın ağır sınaqlarından çıxmaq üçün mənəvi irsin dirçəldilməsi mühüm gücdür. Mənəvi irsin modernləşməsi dövlətin, dövlətçiliyin inkişafına da kömək edir.
Ulu öndər Heydər Əliyev modernləşmə və mənəvi irs probleminə xüsusi diqqət yetirmişdir. H.Əliyev Azərbaycanın müstəqilliyinin dövlətçiliyin möhkəmləndirilməsindən, modernləşmədən və mənəvi irsin dirçəldilməsindən asılı olduğunu göstərirdi. Modernləşmə ilə yanaşı, dil, din, adət-ənənə və mentalitetdən ibarət mənəvi irsin qorunub saxlanmasını mühüm vəzifə hesab edən ümummilli lider diqqətə çatdırırdı ki, modernləşmə prosesi elm və texnologiya ilə bərabər mənəvi irsə də güclü sirayət edir. “Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqın təkidi və istəyi ilə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu işləri ilə bərabər, milli-tarixi yaddaşın bərpasına da xüsusi önəm vermiş, mədəniyyətimizi, mənəvi dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirmişdir. Mənsub olduğu xalqın tarixi keçmişinə, mənəvi irsinə dərindən bağlı olan Ümummilli Lider bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin, adət-ənənələrimizin keşiyində durmuşdur”. [2,11]
Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı iqtisadi islahatlar ictimai şüurun müasirləşdirilməsinə, mənəvi irsi intibahına təsir edir. Dövlət başçısı modernləşmənin mühüm prioritetlərini müəyyənləşdirir. İctimai şüurun müasirləşdirilməsi ölkədə birlik və harmoniyanın möhkəmləndirilməsi üçün mühüm addımdır. “Müstəqil Azərbaycan dövlətinin ana dilinə - dövlət dilinə qayğısı azərbaycançılıq ideologiyasının daha da yetkin ifadəsinə və zənginləşdirilməsinə, ümummilli ideyalarla müstəqil dövlətçilik strategiyasının üzvi surətdə əlaqələndirilməsi yolu ilə ölkəmizdə milli şüurun və müstəqil dövlətçilik təfəkkürünün birgə və bariz surətdə səsləşməsinə işıq salır.
Mühüm siyasi-ideoloji xarakterə və ümummilli mahiyyətə, elmi-praktik əhəmiyyətə malik olan bu fərman yeni vətənpərvər nəsillərin yetişib hazırlanmasına, azərbaycançı qüvvələrin daha geniş və sistemli şəkildə formalaşdırılmasına meydan açır.”[1]
Beləliklə, “mənəvi irs” və “modernləşmə” anlayışları asimmetrikdir və dixotomiya (ikililik– X.İ.) təşkil edə bilməz. Müasir və ənənəvi cəmiyyətlər arasında çox böyük fərqlər var və buna görə də modernləşmə üçün universal reseptlər ola bilməz. Ənənəvi cəmiyyətləri tamamilə statik və hərəkətsiz təsəvvür etmək də yanlışdır, onlar da inkişaf edir və modernləşmənin zorakı tədbirləri bu üzvi inkişafla ziddiyyət təşkil edə bilər. Modernləşmənin əsas ideyası ondan ibarətdir ki, sənayeləşmə və kapitalizmin inkişafı prosesi onun ilkin şərti və əsası kimi insanın fərdi azadlığını və muxtariyyətini, onun hüquqlarının əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.
İkinci dərəcəli modernləşmə inkişaf etməkdə olan ölkələrdə (üçüncü dünya ölkələri) yüksək inkişaf etmiş ölkələrin simasında və müəyyən edilmiş sosial təşkilat və mədəniyyət, mənəvi irs nümunələrinin mövcud olduğu sivil mühitdə baş verən sosial-mədəni dəyişiklikləri əhatə edir.
Müasir dövrdə ənənəvi cəmiyyətlərin, mənəvi irsin modernləşdirilməsi konsepsiyalarında da əsas müddəalar dəyişdi:
• Müasirləşmə proseslərinin hərəkətverici qüvvəsi kimi artıq siyasi və intellektual elita deyil, ən geniş kütlələr qəbul edilir;
• Müasirləşmə bu halda elitanın qərarından deyil, vətəndaşların kütləvi informasiya vasitələrinin və şəxsi ünsiyyətlərin təsiri altında həyatlarını Qərb standartlarına uyğun dəyişmək istəyənlərin kütləvi istəyindən asılıdır;
• Bu gün müasirləşmənin daxili deyil, xarici amilləri - qüvvələrin qlobal geosiyasi uyğunlaşması, xarici iqtisadi və maliyyə dəstəyi, beynəlxalq bazarların açıqlığı, inandırıcı ideoloji vasitələrin mövcudluğu - müasir dəyərlərə əsaslandıran doktrinalara diqqət yetirilir.
• Bu gün modernləşmə təkcə uzun müddət əsas hesab edilən iqtisadi göstəricilərlə deyil, həm də dəyərlərlə, mədəni kodlarla, mənəvi irsin intibahı ilə qiymətləndirilir.

İstifadə edilmiş ədəbiyyat
1. Həbibbəyli İ. İlham Əliyevdən milli-mənəvi dəyərlərin və milli varlığın qorunub saxlanılmasına növbəti dəyərli töhfə//07.11.2018 /https:// science. gov.az/ az/news/open/9096
2. Qurbanlı M. İlham Əliyevdən zəngin milli-mənəvi dəyərlərin və mütərəqqi tarixi ənənələrin qorunmasına böyük töhfə //Dövlət-din,№ 6 (53), noyabr-dekabr, 2017, s.13-20
3. Məmmədzadə İ. Bir daha fəlsəfə haqqında. Müasir yanaşmalar.Təmayüllər. Persrektivlər. Bakı:Təknur, 2012, 216 s.
4. Цыганов О.Синтез культур-традиции народа//Известия, 2010, 29 апреля,с.10
5. 11http://anl.az/down/meqale/izvestia/2010/aprel/116900.htmhttp