04.03.2022, 09:08 - Baxış sayı: 285

Elmdə islahatlar: Fəlsəfə və Sosiologiya İnstitutunda seminar-müzakirə keçirilib


Elmdə islahatlar: Fəlsəfə və Sosiologiya İnstitutunda seminar-müzakirə keçirilibMartın 3-də Fəlsəfə və Sosiologiya İnstitutunda seminar-müzakirə keçirilib. İnstitutun baş direktoru, f.e.d., professor İlham Məmmədzadənin təşəbbüsü ilə keçirilən tədbirdə f.e.d., professor Əli Abasov, f.e.d., professor Əbülhəsən Abbasob, f.e.d. Füzuli Qurbanov və f.e.d. Arif Bünyadov iştirak ediblər. Müzakirə mövzusu ümumilikdə elmdə islahatların aparılması üsul və mexanizmlərinin fəlsəfi izahı və onun fonunda yeni kollektiv monoqrafiyanın hazırlanması ilə əlaqəli olub.
İnstitutun baş direktoru İ.Məmmədzadə məsələnin ümumi qoyuluşunu ifadə edib. Göstərib ki, indi bütün ölkədə, o cümlədən elm sahəsində islahatlar uğurla gedir. Bu prosesdə filosoflar real səmərə verən üsulda iştirak eməlidirlər. Xüsusilə, Fəlsəfə və Sosiologiya İnstitutunda həmin istiqamətdə yeni fəaliyyət mexanizmlərini, yanaşmaları həyata keçirməliyik. Bunun üçün filosoflar öz fəaliyyətlərinə tənqidi aspektdə bir də nəzər salmalı, yəni islahatları özümüzün təcrübəsi ilə tətbiqi kontekstdə təhlil etməliyik. Alimlərin mentallığı, koqnitiv elmlərlə əlaqəsi və iştirakı bu işdə ön planda olmalıdır.
Real olaraq Azərbaycan cəmiyyəti və dövlətinə fayda verə bilən mövzular seçilməli, onların aktuallığı dünya fəlsəfəsi konteksində əsaslandırılmalı və bu cür hazırlıqdan sonra əsərlər və elektron laboratoriyalar hazırlanmalıdır. Bunu fərdi qaydada, institutda fəaliyyət göstərən elmi seminarlar vasitəsi ilə həyata keçirmək mümkündür.
Sözlərinə davam edərək, baş direktor diqqətə çatdırıb ki, biz bu gün həmin məsələni müzakirə edib, müəyyən qənaətə gələ bilər və onu bütövlükdə institut əməkdaşlarının müzakirəsinə çıxara bilərik. İndi əlimizdə olan layihə süni intellekt, Lütfüzadənin qeyri-səlis məntiqi və bütövlükdə sosiomədəni və elmi modernləşmə istiqamətində olan mövzuları əhatə edən kollektiv işlər hazırlamaqla bağlıdır. Kimin vurğuladığım istiqamətdə təklifi vardır?
F.ü.e.d., professor Ə.Abbasov kollektiv işlərlə bağlı özünün hazırladığı layihə variantını müzakirəyə çıxardı. O vurğuladı ki, biz problemə daha geniş aspektdə yanaşmalı və tətbiqi aspektdə işi qurmalıyıq. Bu müasir fəlsəfə üçün də aktual olan elmi idrak problemlərini tədqiq etmək deməkdir.
F.e.d., professor Əli Abasov isə monoqrafiyaları öncə institutun seminarında müzakirə edilən mövzuların videoanalizini apararaq, müəyyən korrektələr etməklə yazmağın daha səmərəli ola biləcəyi fikrini irəli sürdü. Bu prosesə kənardan nüfuzlu alimləri dəvət edib, dinləməklə daha yüksək keyfiyyət əldə edə bilərik.
Professor Ə.Abasovun bu təklifinə İnstitutun elmi seminarının moderatoru f.e.d. Füzuli Qurbanov münasibət bildirərək, elə olsa kifayət qədər texniki çətinliyin yaranacağını ifadə etdi. Çünki video informasiyanı kağıza köçürmək proseduru da olmalıdır ki, bunun üçün xüsusi qrupa ehtiyac var. Monoqrafiyanı yazmalı olan heç bir alimin bu işi yerinə yetirməyə imkanı olmayacaq. Professor Ə.Abbasov bu fikri dəstəkləyərək təklif etdi ki, müəlliflərin özləri mətnlərini seminarsız hazırlasa daha faydalı olar.
Baş direktor İlham Məmmədzadə fikirləri diqqətlə dinlədikdən sonra ona təkrar qayıtmaq təklifini irəli sürdü. Arif Bünyadov söz alaraq özünün hazırladığı layihə variantını geniş təqdim etdi. O, kitabın “Azərbaycanda sosiomədəni modernləşmə kontekstinin öyrənilməsində süni intellekt texnologiyalarının tətbiqi xüsusiyyətləri” adlandırılmasının məqsədə daha uyğun olduğunu ifadə etdi. Bu bağlılıqda A.Bünyadov layihəsində yer almış kitabın strukturunu açıqladı.
Fikir mübadiləsinin sonu olaraq, bu mövzunun bir daha müzakirə edilməsi haqqında qənaət əldə edildi.