18.02.2022, 11:04 - Baxış sayı: 401

Professor Rəfiqə Əzimova elmi konfransda iştirak edib


Professor Rəfiqə Əzimova elmi konfransda iştirak edibBakı Dövlət Universitetində (BDU) professor İzzət Rüstəmovun 90 illiyinə həsr olunmuş "Təbiətşünaslığın fəlsəfəsi sosial və humanitar elmlərin qovşağında" mövzusunda Respublika elmi konfransı keçirilib.
Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev İzzət Rüstəmovu yubiley münasibəti ilə təbrik edərək, onun Universitetin ictimai həyatında böyük xidmətləri olduğunu qeyd edib: "İzzət Rüstəmov hamı üçün əzizdir. O, həm dövlət xadimi, həm filosof, həm müəllim kimi öz sözünü deyib və ağsaqqallıq zirvəsinə yüksəlib".
İzzət Rüstəmovun fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, bir sıra orden və medallarla təltif olunduğunu xatırladan rektor qeyd edib ki, qocaman müəllim kimi o, bu gün də gənc nəslin təlim-tərbiyəsində, ixtisaslı kadrların hazırlanmasında və ölkənin ictimai həyatında fəal iştirak edir.
Daha sonra rektor Elçin Babayev İzzət Rüstəmovu fəxri fərmanla təltif edib.
Konfransda BDU-nun alimləri ilə yanaşı AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru, professor Rəfiqə Əzimova “Fəlsəfə və Sosiologiya İnstitutunda sosioloji tədqiqatların əsas istiqamətləri” mövzusunda çıxış etmişdir.