18.02.2022, 10:45 - Baxış sayı: 443

Müasir gənclik gələcəyə olan ümidin rəhnidir


Günel MƏLİKLİ,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru

Respublikamızda dövlət gənclər siyasətinin müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində ölkəmizin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün hər cür şərait yaradılıb və bu sahədə mühüm nəticələrə nail olunub.
25 il öncə - 1997-ci ildə Ulu Öndər fevralın 2-ni Gənclər Günü elan etdi və həmin tarix qəlbi qurub-yaratmaq eşqi ilə döyünən hər bir Azərbaycan gəncinin Vətən qarşısında hesabat günü oldu.
Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də hər zaman fəaliyyətində gənclərlə iş məsələsinə çox həssaslıqla yanaşır, müstəqil Azərbaycan dövlətinin bugünün və gələcəyinin əsas sosial qüvvəsi olan müasir gəncliyin vətənpərvər ruhda yetişməsi üçün nə lazımdırsa edir.
Dövlət gənclər siyasətini prioritet istiqamət kimi diqqət mərkəzində saxlamaqla, gəncliyin cəmiyyətin inkişafında sosial təbəqəyə çevrilməsinə, demokratikləşmədə, sosial-iqtisadi sahələrdə uğurlar əldə etməsinə, islahatların gerçəkləşdirilməsi prosesinə qoşulmasına dəstək verir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclər hər bir xalqın xoşbəxt gələcəyə olan ümidinin rəhnidir. Gənclər cəmiyyətin dinamik, hərəkətverici, fəal hissəsi, ideyaların gələcəyə ötürülmə qüvvəsidir.
Prezident İlham Əliyev son 19 ildə gənclərimizin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi üçün bütün imkanlardan istifadə edir. Bu gün gənclərimiz müxtəlif siyasi və qeyri-hökumət təşkilatlarında uğurlu fəaliyyətləri ilə seçilirlər. Təmsil etdiyim Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox insanı birləşdirir ki, onların 40 faizdən çoxu gənclərdir. Yəni bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq.
Prezident İlham Əliyevin “Gənclərə müraciət edirəm! Mən sizinləyəm, mən sizi həmişə dəstəkləmişəm. Bu gün də dəstəkləyirəm və gələcəkdə də dəstəkləyəcəyəm” sözləri əslində Azərbaycan gəncliyinin qarşısında açılan aydın üfüqlərdir.
Azərbaycanda gənclərin hərtərəfli inkişafı istiqamətində genişmiqyaslı işlər aparılır. Prezident İlham Əliyevin 26 yanvar 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” dövlət gənclər siyasətinin yeni mərhələyə qədəm qoyduğunu bir daha göstərdi. Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, bundan ölkəmizin mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır.
Ötən dövr ərzində adıçəkilən strategiya və proqram gənclər siyasətinin səmərəli həyata keçirilməsində, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaradılmasında əhəmiyyətli rol oynayıb. Bu, eyni zamanda təhsil sisteminin gücləndirilməsinə, ölkədə elmi potensialın artırılmasına əsaslı şərait yaradıb.
Məhz bunun nəticəsidir ki, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə sahib olan gənclər formalaşır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayırlar.
Vətən müharibəsindəki şanlı Zəfərin əldə olunmasında da gənclərin böyük, əvəzedilməz rolu oldu. Qüdrətli Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə yazdığı möhtəşəm zəfər tarixində gənclər misilsiz qəhrəmanlıqlar göstərdilər. Bu gün isə Azərbaycan gəncləri işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində fəal iştirak edirlər.
Azərbaycanda Gənclər Günü 25 ildir ki, qeyd olunur. Biz tarixi hadisələrlə zəngin bir dövrü yaşayırıq. Azərbaycan öz tarixində heç vaxt olmadığı qədər müstəqil və güclü dövlətə çevrilib. Bu gün hər bir Azərbaycan gənci Ali Baş Komandanın əsgəridir. Orduda əsgəridir, təhsildə əsgəridir.
Azərbaycan gəncliyi xoşbəxtdir ki, uzaqgörən lideri, qətiyyətli Prezidenti ona daha güclü, daha zəngin bir Azərbaycan bəxş edib. Bu gün Azərbaycanın gələcəyi olaraq biz gənclərin üzərinə çox böyük vəzifələr düşür. Gənclər Prezidentin göstərdiyi etimadı doğrultmalı və yeni ideyalarla Azərbaycanın daha da inkişafı üçün çalışmalıdırlar. Bütün fəaliyyətimizdə cənab Prezidentə arxalanır və qayğısını hər zaman hiss edirik.

"Azerbaijan-news.az"