14.02.2022, 11:02 - Baxış sayı: 364

"Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib


"Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilibFevralın 9-da Moskvada "Nizamidən Nəvaiyə qədər: dövrləri bağlayan tellər" mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans təşkil olunub.
Konfrans Azərbaycan və Özbəkistan respublikalarının Rusiya Federasiyasındakı səfirliklərinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Asiya və Afrika Ölkələri İnstitutunun təşkilatçılığı ilə keçirilib.
Tədbirdə çıxış edən səfir Polad Bülbüloğlu bu kimi konfransların keçirilməsinin əhəmiyyətindən söz açaraq bildirib ki, tarixdə elə görkəmli şəxsiyyətlər var, əsrlər keçməsinə baxmayaraq, onlar öz yaradıcılığı ilə xalqları, mədəniyyətləri və ölkələri birləşdirirlər. Səfir qeyd edib ki, belə şəxsiyyətlər bəşəriyyətdə qarşılıqlı anlaşma mühitinin yaranmasına, müxtəlif mədəniyyətlərin daha da zənginləşməsinə və gələcəyə böyük ümidlə baxmağa imkan yaradırlar. Nizaminin şəxsiyyəti və yaradıcılığı mənəvi dəyərlərin qorunub saxlanılmasına xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2021-ci ilin ölkəmizdə "Nizami Gəncəvi İli" elan edildiyini diqqətə çatdıran diplomat keçən il həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində dahi şairin 880 illiyinin geniş qeyd olunduğunu bildirib. Polad Bülbüloğlu Nizaminin qədim Azərbaycan şəhəri olan Gəncədə yaşayıb-yaratdığını vurğulayaraq, görkəmli şairin həyat və zəngin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib.
Nizaminin xatirəsinin Azərbaycanda, o cümlədən, onun doğma Gəncə şəhərində əbədiləşdirildiyini qeyd edən Polad Bülbüloğlu, Rusiyada da dahi mütəfəkkirin adının hər zaman əziz tutulduğunu, 1941-ci ildə blokadada olan Leninqrad şəhərində Dövlət Ermitajının ovaxtkı direktoru İosif Orbelinin təşəbbüsü ilə dahi mütəfəkkirin 800 illiyinin təntənəli qeyd edildiyini deyən səfir 1991-ci ildə Peterburqun sabiq meri Anatoli Sobçakın iştirakı ilə eyni binada Nizaminin 850 illik yubileyi ilə bağlı tədbirin keçirildiyini xatırladıb. Elə həmin il Moskvada səfirliyin binasının yanında yerləşən parkda görkəmli şairin abidəsinin ucaldıldığını, bu gün də insanların, xüsusilə də gənclərin parka gələrək abidənin qarşısına gül-çiçəklər qoyaraq Nizaminin əziz xatirəsini yad etdiklərini bildirib. Səfir onu da diqqətə çatdırıb ki, 2002-ci ildə Nizaminin daha bir abidəsinin təntənəli açılış mərasimi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin iştirakı ilə Sankt-Peterburq şəhərində baş tutub.
Çıxışının sonunda Polad Bülbüloğlu Nizaminin yaradıcılığına müraciət edərək şeir səsləndirib.
Həmçinin konfransda Özbəkistan Respublikasının Rusiyadakı səfiri Botirjon Asadov, MDU-nun Asiya və Afrika Ölkələri İnstitutunun direktoru Aleksey Maslov, Avrasiya Xalqları Assambleyasının Baş katibliyinin rəhbəri - Baş katibin birinci müavini Svetlana Smirnova, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Qulçexra Rixsiyeva və Özbəkistan Milli Universitetinin Tarix fakültəsinin dekanı Alişer Muminov, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli və digərləri çıxış ediblər. Natiqlər Nizami və Nəvainin həyat və yaradıcılığı haqda danışıb, onların əsərlərində bəşəriyyətə ünvanlanmış çağırışları vurğulayıblar.
Birinci sessiyada AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun icraçı direktoru, tarix elmləri doktoru Eynulla Mədətli "Nizami Gəncəvi irsinə İranda münasibət: iddialar və həqiqətlər" mövzusunda çıxış etmişdir.
Sonra konfrans öz işini seksiyalar üzrə davam etdirib.

"525.az"