24.11.2017, 10:21 - Baxış sayı: 1145

Molla Pənah Vaqifin 300 illiyinə həsr edilən dəyirmi masa keçirilib


Molla Pənah Vaqifin 300 illiyinə həsr edilən dəyirmi masa keçirilibBöyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında 12 yanvar 2017-ci il Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən AMEA-nın Fəlsəfə İnstitutunda “Böyük Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqif” mövzusunda 22 noyabr 2017-ci ildə dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dos. Eynulla Mədətli Vaqif irsinin Azərbaycançılıq işığında daha dərindən araşdırılıb öyrənilməsindən, bu gün də öz aktuallığını qoruyan mühüm məsələ olduğundan danışaraq Molla Pənah Vaqifin həyat və yaradıcılığı, xüsusilə də onun Qarabağ xanlığındakı dövlətçilik fəaliyyəti barədə geniş məlumat verdi.
Azərbaycan şeirinin Vaqifin sayəsində öz tarixinin növbəti mərhələsinə qədəm qoymasından, onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən zəngin irsinin müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərdiyini vurğuladı.
Sonra məruzəçilərdən AMEA-nın müxbir üzvü, f.ü.e.d. Könül Bünyadzadə Azərbaycanın düşüncə tarixində Molla Pənah Vaqifin yeri və rolundan danışaraq qeyd etdi ki, Vaqif o vaxta qədər mövcud olan və artıq böhran yaşayan islam təfəkküründə bir dönüş nöqtəsi yarada bildi. F.ü.e.d. Ziba Ağayeva öz məruzəsində Molla Pənah Vaqif yaradıcılığında milli-mənəvi dəyərlərin tariximizin, mədəniyyətimizin, identikliyimizin açar dəyərlərinin movcud olduğunu vurğuladı. F.ü.f.d. Əli İbrahimov isə Molla Pənah Vaqifin nikbinlik fəlsəfəsi haqqında məruzəsində ictimai həyatda, ədəbiyyatda, sənətdə nikbinlik və bədbinlik haqqında bir-birinə əks olan, lakin paralel proseslər olan iki münasibətdən söz açdı.
Məruzələrdə qeyd olundu ki, 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şairin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət abidələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini talayıb məhv etmiş, o cümlədən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün ev-muzeylərini və Molla Pənah Vaqifin məqbərəsini dağıtmışlar. 1982-ci ildə Ümummilli lider Heydər Əliyev Şuşada şairin məqbərəsi ilə yanaşı, eyni zamanda Poeziya Evinin açılışında və orada keçirilən “Vaqif poeziya günləri”ndə iştirak etmişdir. Məhz həmin tarixdən etibarən hər il avqust ayında Vaqif poeziya günləri keçirilir.
Dəyirmi masada f.ü.e.d. prof. Rəfiqə Əzimova, f.ü.e.d. Adil Əsədov, f.ü.e.d. Rəna Mirzəzadə, f.ü.f.d. Məmmədağa Sərdarov, f.ü.f.d. İradə Zərqanayeva, elmi işçi Yasəmən Mahmudova, direktor müavini Qabil Camalov çıxış edərək Molla Pənah Vaqifin çoxsahəli yaradıcılığının fəlsəfi məzmunu və qayəsindən söz açmışlar. Tədbirin sonunda belə bir yekdil fikrə gəlindi ki, M.P.Vaqifin zəngin irsi fəlsəfi baxımdan geniş tədqiq edilməyə möhtacdır.