03.11.2021, 09:03 - Baxış sayı: 272

Azərbaycanlı alim beynəlxalq tədbirdə yeni fəlsəfi təlimini təqdim edib


Azərbaycanlı alim beynəlxalq tədbirdə yeni fəlsəfi təlimini təqdim edibFəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə 27-29 oktyabr tarixlərində ənənəvi keçirilən VIII Dünya Metafizika konfransında onlayn şəkildə iştirak edib.
15-dən çox ölkənin tanınmış alim və tədqiqatçılarının iştirak etdiyi tədbir bu il “Metafizika, Elmlər və Humanitar elmlər: Zəruri dialoq” mövzusuna həsr olunub. “Yaradılış və təkamül. Metafizika, elm, ekologiya və din” seksiyasında azərbaycanlı alim özünün yeni fəlsəfi təliminə - Sufi fenomenologiyaya həsr edilmiş “Sufi fenomenologiyada intensionallıq və ilahi işıq” adlı məruzə ilə çıxış edib.
Könül Bünyadzadə yeni təlimin əsas kateqoriyalarından olan işıq haqqında təməl prinsipləri təqdim edib. Həmçinin əlavə edib ki, adından da bəlli olduğu kimi, Sufi fenomenologiya özündə iki böyük təlimi vəhdət halında birləşdirməklə yanaşı, həm də yeni orijinal yanaşmalar da ehtiva edir. Məruzədə Könül Bünyadzadə Platondan başlayan ideya eydos kateqoriyasını Şihabəddin Sührəvərdinin İşraq fəlsəfəsi ilə əlaqələndirməklə yanaşı, həm də kvant fizikası ilə əsaslandırmağa cəhd edib. Artıq bir neçə beynəlxalq konfransda, o cümlədən yüksək reytinqli jurnallarda Sufi fenomenologiya haqqında məruzə və məqalələrlə çıxış edən Könül Bünyadzadənin bu çıxışı da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.