13.10.2021, 09:11 - Baxış sayı: 545

Ulu Öndər Heydər Əliyev: konstitusiya, demokratiya və insan hüququnda etik dəyərlər (hüququ, ictimai-siyasi və fəlsəfi təhlil)


Əntiqə Paşayeva
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.

Azərbaycan Milli Elmlər Akademiyası, Fəlsəfə və Sosiologiya İnstitutu. Azərbaycanın Strateji Hədəfləri və Cənubi Qafqazda yeni reallıqlar. Kitab Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilir. Bakı: “Bilgi” 2021-ci il. s. 82-92.
UOT 321. 01; 340. 11:1


Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər vətəndaşın Konstitusiyasıdır! Konstitusiya birinci növbədə dövlətlə, hakimiyyətlə xalqın arasında olan münasibətləri özündə əks etdirməlidir.
İnsan azadlığı, söz, vicdan azadlığı, insan hüquqlarının qorunması, bütün vətəndaşların eyni hüquqa malik olması, siyasi plüralizm Azərbaycanda demokratik cəmiyyətin əsas atributları kimi bərqərar olmalıdır!

Ulu Öndər Heydər Əliyev

Xülasə. Azərbaycan Respublikasında Konstitusiya, demokratik prinsiplər və insan hüquqları digər ölkələrlə müqayisədə fərqli bir istiqamətdədir. Fərqi ondadır ki, Azərbaycan xalqının və burda yaşayan azsaylı xalqların adət və ənənələri, milli-mənəvi dəyərləri nəzərə alınmış və ən əsası etik normalara riayət olunmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının hər bir maddəsi və bəndi etik normaların göstəricisidir; həm Konstitusiyada və həm də Ulu Öndərin kəlamlarında dövlətçiliklə yanaşı həm də demokratik prinsiplər, insan azadlıqları və bunların funksiyaları təsbit olunmuşdur. Onun buyurduğu kəlamdan əsas məqsəd hər bir Azərbaycan vətəndaşı Konstitusiyaya və qanunlara əməl etməli, dövlət və ictimaiyyət qarşısında öhdəlikləri layiqincə yerinə yetirməli, milli dəyərləri qorumalı və ən əsası dövlətin quruculuq siyasətində fəal iştirak etməlidir.
Hazırki tədqiqatda Azərbaycan Respublikasının Konstitusiyasına və digər səhih mənbələrə istinad edərək, Ulu Öndər Heydər Əliyevin Konstitusiya, demokratiya və insan hüquqları barədə buyurduğu tarixi kəlamlarından nümunələr gətirilmiş və bunların əsasında həm hüquqi, ictimai-siyasi və həm də fəlsəfi aspektdə təhlillər aparılmışdır.

Açar sözlər: Konstitusiya, demokratiya, insan hüquqları, etik normalar, Heydər Əliyev.

Giriş. Müstəqil dövlətimizin tarixinə nəzər saldıqda konstitusiya, demokratiya və insan haqlarında etik dəyərlərə diqqət etmək hüquqi, ictimai-siyasi və fəlsəfi aspektdə təhlillər aparmaq olduqca zəruridir. Çünki 1991-ci ilin 18 oktyabrında Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra konstitusiyada, demokratik prinsiplərdə, insan haqlarında və digər məsələlərdə insanların rifahı və gələcəyi naminə bir sıra əlavələr və dəyişikliklər olmaqla yanaşı, həm də etik dəyərlərə daha çox diqqət olunurdu. Səbəbi odur ki, Azərbaycan tarixən təkcə güclü dövlətçilik, demokratik və hüquqi prinsipləri ilə deyil, həm də bütün hallarda etik normaları qoruyan, bunlara yerindəcə əməl edən, ümumbəşəri və milli dəyərlərə söykənən və dövlətçilik ənənələrini qoruyan fədakar bir millət kimi tarixdə iz qoymuşdur. Bütün bu müddəalar Azərbaycan Respublikasının Konstitusiyasında, demokratik prinsiplərində və insan azadlıqlarında öz əksini tapmışdır. Ulu Öndər Heydər Əliyev Konstitusiyanın yaranmasında tarixi keçmişimizlə yanaşı, həm də dünyanın demokratik dövlətlərinin demokratik və hüquqi prinsiplərinə diqqət etməyi və yeri gələndə bunlardan istifadə etməyi təkidlə bildirirdi: “Azərbaycanın tarixi keçmişi, bugünkü reallıqlarını və gələcək perspektivlərini əks etdirməsi, ümumbəşəri və milli dəyərlərə söykənməsi Konstitusiyamızı səciyyələndirən əsas cəhətlərdir. Konstitusiya yaratmaq üçün şübhəsiz ki, tarixi keçmişimizə nəzər salmalıyıq, amma eyni zamanda, ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin əldə etdiyi naliyyətlərdən, təcrübədən istifadə etməliyik, bəhrələnməliyik” (1.s.63).
Konstitusiya – Əsas Qanun ölkədə, respublikada sabitliyi təmin etməklə yanaşı, həm də etik normalara riayət etməli və bütün situasiyalarda bu normaların aliliyini qorumalıdır. Azərbaycan Respublikasının Konstitusiyası, demokratik prinsiplər, insan haqları və burada olan müddəalar həm bu günümüzlə və həm də gələcəyimiz ilə sıx bağlıdır. Dövlətimizin əsas simvollarından olan bu üç kateqoriyanın təkcə hüquqi və ictimai-siyasi deyil, həm də fəlsəfi aspektdə təhlil olunması, daha dərindən öyrənilməsi həm bu günümüz, gələcəyimiz, gəncliyimiz, və vətənimizin qorunması üçün əsas şərtlərdən biridir. Çünki hər bir insan Konstitusiya və qanunlara əməl etməli, ondan irəli gələn öhdəlikləri layiqincə yerinə yetirməli, həmçinin demokratik prinsipləri qorumalı və insan haqlarının yerinə yetirilməsində fəal iştirak etməlidir. Azərbaycanlı olan hər bir vətəndaş cinsindən, yaşından, milli mənsubiyyətindən, tutduğu mövqeyindən, elmi səviyyəsindən və dərəcəsindən asılı olmayaraq bütün bu vəzifələri özünə borc bilməli, vətəndaşı olduğu ölkənin inkişafı, gələcəyi naminə çalışmalı və dövlət tərəfindən irəli gələn bütün vəzifələri layiqincə yerinə yetirməlidir. Çünki vətən, ölkə, hakimiyyət, dövlət hər biri insana məxsusdur, insanın dəyəri, onun kimliyidir; insanın ictimai bir fərd kimi formalaşmasında əsas amildir. Bunları təkcə sözdə deyil, ən əsası əməldə, qəlbdə qorumaq və möhkəm saxlamaq lazımdır. Çünki vətən, ölkə, hakimiyyət və dövlət hər biri ayrı-ayrılıqda insanın şərəfi, mənliyi və ləyaqətidir; yəni hər bir fərd məhz bunlarla tanınır. İnsan olan hər bir şəxs yaşadığı ölkəsinin Konstitusiyasına, demokratik prinsiplərinə, hüquqi qaydalarına və etik normalarına nə dərəcədə riayət etməsi ilə seçilir və tanınır. Məhz bugünkü gəncliyin də üzərinə çox böyük məsuliyyət düşür və hər bir gənc tarixi gerçəklikləri nəzərdən keçirərək baş verən tarixi hadisələri dərindən təhlil edərək bu yolda irəliləməli və heç bir kənar qüvvələrin təsirinə düşməməlidir. Belə olan halda həm dövlətimiz və həm də dövlətçiliyimiz daha da inkişaf edəcək, möhkəmlənəcək, demokratik prinsiplər və insan haqları ilə yanaşı bütün məsələlər öz həllini layiqincə tapacaqdır.

Konstitusiya, demokratiya və insan haqlarında əsas müddəalar

Azərbaycan Respublikası özünün çoxəsrlik dövlətçilik ənənələrini və tarixi faktlarını, həmçinin “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar olması və keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək maddələr təsbit etmişdir ki, bu gün biz buna Konstitusiya deyirik. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən: sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi – referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir (2. m.2.b.1, 2). Belə bir şəraitdə, yəni ölkəmizin yenicə müharibə şəraitindən çıxdığı bir dövrdə hər bir vətəndaşın ən mühüm vəzifəsi Konstitusiyanı daha dərindən öyrənmək və onun müddəalarına ciddi əməl etməkdir. Çünki Azərbaycan Respublikasının konstitusiyası xalqın konstitusiyasıdır. Burada Azərbaycanın gələcəyi, onun inkişafı və perspektivləri müəyyənləşir: “bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır – hər bir vətəndaşın Konstitusiyasıdır. Bizim Konstitusiyamız Azərbaycanın gələcək perspektivlərini müəyyən edibdir və biz o perspektivlər yolu ilə gedirik, bundan sonra da gedəcəyik” (1.s. 64). Təbii ki, Konstitusiyanın işlənib hazırlanmasından məqsəd xalqa, dövlətə, dövlətçiliyə, müstəqilliyimizin əbədi olmasına xidmət etmək, ən əsası hüquqi, demokratik dövlət qurmaqdır. Azərbaycanın ilk demokratik Konstitusiyası xalqın demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin etmiş və gələcək nəsillərə sivilizasiyalı, yüksək səviyyəli dünya demokratiyasında özünə məxsus yeri olan müstəqil Azərbaycan dövlətini miras qoymuşdur. Bu Konstitusiyanın hər bir maddəsi və bəndi Azərbaycan xalqının adət-ənənəsini, onun keçdiyi tarixi sınaqları və ən əsası etik dəyərləri göstərir. Konstitusiyada Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, vətəndaş cəmiyyətinin yaranması üçün bütün təminatların mövcud olduğu göstərilir. Ulu Öndər Konstitusiyada təsbit olunmuş müddəaları əsas gətirərək demokratik hüquqi dövlətin yaradılmasına və insanların hüquqlarının qorunmasına diqqəti yönəldir: “yeni Konstitusiya Azərbaycanda demokratik, hüquqi dövlətin qurulması, demokratik, vətəndaş cəmiyyətinin yaranması üçün bütün əsaslar yaradıbdır, bütün təminatları veribdir. Bizim borcumuz bu təminatlardan, Konstitusiyanın bizə verdiyi qanuni əsaslardan səmərəli istifadə etmək və ölkəmizdə hüquqi, demokratik dövlət yaratmaq, vətəndaşların, insanların hüquqlarının qorunmasını təmin etməkdən ibarətdir” (1.s.65). Konstitusiya ilə bağlı olan digər mühüm məsələ də bundan ibarətdir ki, Ulu Öndər Konstitusiyada təsbit olunmuş maddələri dərindən öyrənməyi tövsiyə edirdi. Çünki Onun nəzərində, Konstitusiya xalqa məxsusdur və hər bir insan ondan irəli gələn müddəaları bilməli və bundan qanun çərçivəsində bəhrələnməlidir: “bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Bu gün ən mühüm vəzifə Konstitusiyanı daha dərindən mənimsəmək və onun verdiyi təminatlardan bəhrələnməkdən ibarətdir”(1.s.65). Azərbaycan Respublikası müstəqil bir dövlət olduqdan sonra hüquqi, dünyəvi dövlət quruculuğu daha da inkişaf etməyə başladı. Məhz buna görə də Ulu Öndər bu müstəqil dövlətin inkişafını əbədi hesab etməklə yanaşı, həm də demokratiya yolu ilə irəliləyişinin dönməz olduğunu bildirir: “dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə əzmlə irəliləyir. Azərbaycanın müstəqillik, demokratiya yolu ilə inkişafı dönməzdir”(3.s.74).
Yuxarıda qeyd olunan məsələlərdən bəhs edərkən demokratik prinsiplərə diqqəti yönəltmək olduqca zəruridir. Çünki Konstutusiyanın əsas müddəlarından biri də ölkədə hüquqi, demokratik dövlət yaratmaq və insanların hüquqlarının qorunmasını təmin etməkdir. Ulu Öndər demokratik prinsiplərə xüsusi ilə diqqət etmiş və onu insanların şurunda dəyişiklik hesab etmişdir: “demokratiya insanların şurunda dəyişiklik deməkdir. Bu dəyişiklik heç bir inqilabla olmur, təkamül yolu ilə tədricən gedir. Respublikamızada bütün demokratik prinsiplər, insan hüquqlarının müdafiəsi, siyasi plüralizm, söz azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquqi bərabərliyi təmin edilsin! Demokratik prinsiplər bu günümüzün, gələcəyimizin əsasını təşkil edəcəkdir”(1.s.66).
Ulu Öndərin fikirlərini təhlil etdikdə məlum olur ki, demokratiya dedikdə təkcə insan haqları, siyasi plüralizm, söz, vicdan azadlığı və digər məsələlər nəzərdə tutulmur, demokratiya geniş bir mənaya dəlalət edir. Çünki demokratiya hər bir millətin milli-mənəvi dəyərlərinə, mentalitetinə, hər bir cəmiyyətin, hər bir dövrün tələblərinə uyğun olaraq inkişaf edir və təbii ki, bu prosesdə etik dəyərlər də özünü göstərir. Çünki hər xalqın özünə xas əxlaq normaları mövcuddur və bunlar demokratik prinsiplərlə vəhdət təşkil edir; etik normalara əsaslanmayan hər hansı bir maddənin və qərarın hüquqi əsası yoxdur. Məhz buna görə də Ulu Öndər hər bir nitqində milli və mənəvi dəyərləri önə çəkir və çalışırdı ki, hər bir vətəndaşa əsil demokratiyanın mənasını aşılasın: “elə etmək lazımdır ki, ayrı-ayrı adamlar demokratiyadan istifadə edərək, öz şəxsi məqsədlərinə nail olmasınlar. Buna yol vermək olmaz. Ona gərə də bu işlərə çox diqqətlə yanaşmaq lazımdır”(1.s.67). Digər nitqində isə demokratiyanı özbaşınalıq və hərc-mərclik deyil, insanların bir-birlərinə olan hörməti və sayğısı kimi dəyərləndirirdi: “demokratiya hərc-mərclik deyildir, özbaşınalıq deyildir, xaos deyildir. Demokratiya yüksək mədəniyyət, yüksək nizam-intizam, vətəndaş həmrəyliyi, vətəndaşların bir-birinə hörməti, dövlət orqanlarına hörməti, dövlətin vətəndaşlarına hörməti, sayğısı və qayğısıdır” (4.s.77). Ulu Öndər demokratik prinsiplərə o dərəcədə diqqət edirdi ki, dəfələrlə çıxışlarında buna toxunurdu. O demokratiyanı əxlaqi və mənəvi bir dəyər hesab edirdi. Onun nəzərində demokratiya qanunları pozmaq deyil, hər hansı bir iş qanun çərçivəsində olmalı və etik normaları ehtiva etməlidir. Əgər bu normalara təkcə sözdə deyil, praktikada da əməl olunarsa onda dövlət də olacaqdır, hüquqda, qanunda. Çünki dövlət və hüquq arasında sıx bağlılıq mövcuddur; demokratik və hüquqi dövlətin yaranmasında, insan haqlarının qorunmasında hüququn mövcudluğu əsas şərtdir: “Biz hüquqi dövlət qururuq. Hüquqi dövlətin də əsasını təşkil edən qanunlardır. Ona görə bizim hamımızın üzərinə çox vəzifələr düşübdür. Qanunun aliliyi təmin edilməlidir və hər bir vətəndaş qanuna tabe olmalıdır. Biz öz tərəfimizdən qanunun aliliyini təmin etməyə çalışacağıq və hər bir vətəndaşı qanuna tabe olmağa dəvət edirəm”(1.s.75). Ulu Öndər demokratiyanı əxlaqi və mənəvi bir dəyər bilməklə yanaşı həm də yüksək mədəniyyət hesab edirdi. Belə bir yüksək mədəniyyətə sahib olmaq üçün İslam dininin ayinlərinə diqqət etmək, etik və mənəvi dəyərlərə yiyələnməyi zəruri hesab edirdi: “demokratiya yüksək mədəniyyət deməkdir. Demokratiya yüksək mənəviyyat deməkdir. Bu yüksək mənəviyyatı, yüksək mədəniyyəti hər bir Azərbaycan vətəndaşında yaratmaq üçün, gənc nəsli bu əsaslarda tərbiyələndirmək üçün İslam dininin mənəvi dəyərləri çox gərəkdir” (1.s.74).
Ümummilli Lider Heydər Əliyevin kəlamlarına əsasən Konstitusiya, demokratiya, insan haqlarını təhlil edərkən, dövlətin statusu unudulmamalı və buna xüsusi diqqət olmalıdır. Çünki dövlət istər xüsusi və istərsə də ümumi mənada olsun hüquqi statusa, yəni xüsusi və müstəqil bir səlahiyyətə malikdir. Çünki ictimaiyyət dövlət nəzarəti altında qərara gəlir, dövlətin müəyyənləşdirdiyi vəzifələri yerinə yetirir və bu mənada ictimaiyyət dövlətin mühüm bir hissəsi hesab olunur. Elə buna görə də dövlətin hüquqi statusundan bəhs edərkən ictimaiyyəti – ictimai prinsipləri nəzərdən qaçırmaq olmaz, çünki dövlət məhz ictimaiyyət əsasında hüquqi statusa və səlahiyyətə sahibdir. Burada ictimaiyyət dedikdə, kütlələrin bir-birinə bağlılığı nəzərdə tutulur. Bu bağlılıqlar arasında xüsusi bir tələbat mövcuddur və həmin tələbat hüquqi-siyasi bir məfhumdur ki, bunun vasitəsi ilə insanlar bir-birlərinin ətrafında toplaşaraq müəyyən bir qurum yaradırlar; yəni insan təbii varlıq olduğu üçün bəzən ətrafda olanları təbii olaraq qəbul etmək istəyir. Onun təbiətindən yaranan bu istək onu digər insanlarla qarşılaşdırır. Belə olan halda bu istəklər daha da genişlənərək böyük bir toplunun yaranmasına səbəb olur. Bu kütlələrin iradəsi və istəyi müəyyən bir qurumun yaranmasına təkan verir və bu həmin hüquqi qurumdur ki, bu gün biz onu dövlət adlandırırıq (5.110-111). Hüquq elmində, dövlət və hüquq nəzəriyyəsində hüquqi dövlət anlayışı və onun prinsipləri adətən vətəndaşın hüquq və azadlıqlarını ifadə edən bir sistem kimi göstərilir. Hüquq elminin verdiyi tərifə əsasən: “hüquqi dövlət elə bir fəaliyyət formasıdır ki, hüquq normaları əsasında fərdlərlə və onların birlikləri ilə qarşılıqlı münasibətdə qurulur, hüququn köməyi ilə məhdudlaşır və hüquqi normalarda həyata keçirilir” (6.s.182-183). Təbii ki, hüquqi dövlət hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin olunması deməkdir. Amma bir az da dərindən düşünsək məlum olar ki, hüquqi dövlət dedikdə burada təkcə vətəndaşın hüquq və azadlıqlarının təmin olunması deyil, bütün hallarda insan və dövlət arasında olan qarşılıqlı münasibətlər sistemi nəzərdə tutulur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, hüquq və dövlət geniş və əhatəli məfhum olaraq, həm də dövlət və hakimiyyətin hərtərəfli, əhatəli fəaliyyət sistemidir (7.s.247).
Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş maddələrdən biri də insan haqlarıdır və dövlətin ali məqsədi insan – vətəndaş hüquqlarını qorumaq və təmin etməkdir. Konstitusiyada bu müddəaların yerinə yetirilməsi dövlətin vəzifəsi və ali məqsədi hesab olunur: Hər kəsin azadlıq hüququ vardır (2.m.28.b.1). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir (2.m.12.b.1,2). Azərbaycan dövləti insan hüquqlarının qorunmasına xüsusi diqqət göstərmiş və bundan irəli gələn məsələləri yerindəcə həll etmişdir: “insan hüquqlarının qorunması Azərbaycan dövlətinin əsas prinsiplərindən biridir” (1.s.82). İnsan hüququnda mühüm məsələlərdən biri də vətəndaşın mülkiyyətidir. Dövlət şəxsə mənsub olan mülkiyyəti toxunulmaz hesab etməklə yanaşı həm də bu mülkiyyətin dövlət tərəfindən müdafiə olunmasını bildirir, həmçinin mülkiyyətdən vətəndaş hüquqları və azadlıqları, dövlətin mənafeləri və şəxsin əleyhinə istifadə edilməsini yolverilməz hesab edir: Hər kəsin mülkiyyət hüququ vardır (2.m.29.b.1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz (2.m. 13.b.1 və 3). Ulu Öndər məhz Konstitusiya müddəalarını əsas tutaraq, özünü bütün vətəndaşların hüquq və azadlıqlarının təminatçısı kimi təqdim etməklə yanaşı həm də vətəndaşları hüquqlarını tanımağa və bu hüquqları qorunmağa ruhlandırır: “mən Azərbaycanın Prezidenti kimi ölkənin bütün vətəndaşlarının hüquq və azadlıqlarının təminatçısıyam. Əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər gücü olur” (1.s.84).
İnsan haqları üzərində tədqiqat apararkən qeyd etmək lazımdır ki, xalqımız tarixən humanizm, insanpərvərlik nümayiş etdirərək, həmişə qanunun aliliyinə, insan haqlarına və azadlıqlarına hörmətlə yanaşmış, ölkəmizdə yaşayan və müxtəlif dini, dili və milli mənsubiyyəti olan xalqlarla da çox səmimi və mehriban münasibətlər qurmuşdur. Məhz bu səbəbdəndir ki, ölkəmizdə azsaylı xalqlar çoxluq təşkil edir. Ölkəmizdə qəbul edilən hər hansı bir qanun və qərarlar Avropa Şurası ekspertlərinin iştirakı ilə hazırlanır. Hüquqi islahatlar əsasında hər hansı bir insan şəxsiyyət azadlığı və toxunulmazlığına, barəsində qaldırılmış işin müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq şəkildə araşdırılmasına, hüquq müdafiəsinə təminat almışdır. Bu onu göstərir ki, dövlətimiz azadlıq və demokratiya prinsipləri əsasında Konstitusiyanı – Əsas Qanunu rəhbər tutaraq demokratik, hüquqi, dünyəvi, unitar cəmiyyət qurmuşdur: Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır (2.m.7.b.1).
İnsan haqlarında qəbul olunan mühüm qərarlardan biri də ölüm hökmünün ləğv olunmasıdır. 1998-ci fevral ayının 10-da Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul etdi və bu hökm o zamandan qüvvədədir. Ulu Öndər dəfələrlə bu barədə məsələ qaldırmış, ölüm cəzasının mövcud olmasını və tətbiqini insan ləyaqətinə zidd hesab etmişdir: “insan ləyaqətinə, bütövlükdə insan hüquqları ideyasına zidd olan ölüm cəzasının tətbiqi, hansı dəlillərə əsaslandırılmasından asılı olmayaraq demokratik cəmiyyətdə qeyri-insan və amansız tədbir kimi qiymətləndirilir” (1.s.85). İnsan haqlarına və azadlıqlarına təkcə hüquqda deyil, həmçinin siyasətdə və iqtisadiyyatda da əməl olunması Ümummilli Liderin əsas hədəflərindən biri idi: “siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan haqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikanın bir sənə bundan öncə başladığı yol davam etməlidir. Bu düzgün yoldur, doğru öldür, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Biz çalışacağıq ki, vətəndaşların konstitusiyadan irəli gələn hüquq və azadlıqları daim təmin olunsun, qorunsun”(1.s.86).
Nəticə. Ulu Öndər Heydər Əliyevin kəlamlarına əsasən konstitusiya, demokratiya və insan hüququnda etik dəyərləri təhlil edərkən, belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə, hər bir xalqın inkişafında və xalq olaraq tanınmasında təkcə siyasi məsələlərin inkişafı və perspektivliyi deyil, konstitusiya müddəalarına, demokratik prinsiplərə və insan haqlarına riayət olunması əsas şərtlərdən biridir. Bu məsələlərə riayət olunarkən təkcə hüquqi normalar deyil, etik normaların da olması vacibdir. Çünki hər şeydən əvvəl hüququn iki əsas hədəfi vardır: birincisi, ictimaiyyətdə nizam-intizam yaratmaq və digəri isə etik normaları ictimaiyyətə aşılamaqdır. Məhz buna görə də konstitusiyadan, demokratik prinsiplərdən və insan azadlığından danışarkən ilk olaraq etik normalar – əxlaq normaları önə çəkilməlidir. Çünki etik normalara əsaslanmayan hər hansı bir müddəa qəbul edilməz və onun heç bir hüquqi əsası yoxdur. Ulu Öndər məhz bunları rəhbər tutaraq təkcə konstitusiya, demokratiya və insan haqlarında deyil, bütün sahələrdə milli-mənəvi və etik dəyərlərin inkişafına, tətbiqinə səy göstərmişdir. Onun fikrincə, ölkədə mili-mənəvi dəyərlər qorunarsa, vətəndaş azad olarsa, dövlət qüdrətli və güclü olar. Dövlət onun ərazisində yaşayan hər bir vətəndaşın təminatçısı olmalıdır. Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır. Əgər sülh və təhlükəsizlik təmin olunmasa nə demokratiya, nə iqtisadiyyat – iqtisadi inkişaf, nə də insanların firavan həyatı ola bilər. Güclü dövlətə, demokratik prinsiplərə və insan azadlığına sahib olmaq üçün yalnız dövlətin arxasında möhkəm dayanmaq və irəli gələn vəzifələri vicdanla və ləyaqətlə yerinə yetirmək tələb olunur. Necə ki, Ulu öndər bizi bu kəlamlarla nəsihət edərək, heç bir halda və heç bir zamanda doru və düz yoldan dönməməyimizi tövsiyə edir: “hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir”.

İstifadə edilmiş ədəbiyyatlar
1.Heydər Əliyev: Dövlət xalq üçündür. Bakı: “Adiloğlu”, 2008, 400 s.
2.Azərbaycan Respublikasının Konstitusiyası.
3.Heydər Əliyev. Müstəqilliyimiz əbədidir. II cilddə, Bakı: “Şərq Qərb”, 2013, 632 s.
4.Əli Rzayev. Dövlət qulluğunun hüquqi əsasları. Bakı: “Elm”, 2011, 480 s.
5.Əntiqə Paşayeva. Hüququn fəlsəfəsi. Bakı: “Avropa”, 154 s.
6.Eldar Həsənov. Azərbaycanın dövlət və hüququnun əsasları. Bakı: Azərnəşr, 2009, 528 s.
7.Məqalə. Ulu Öndər Heydər Əliyevin hüquqi dövlət quruculuğunda etik prinsiplər (fəlsəfi, hüquqi, ictimai-siyasi təhlil). Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq”. Məqalələr Toplusu, “Elm və Təhsil”, Bakı 2020, 448 s.