11.10.2021, 13:58 - Baxış sayı: 411

İran Vətən müharibəsində Ermənistan üçün "nəfəslik" rolunu oynadı


Sənan Həsənov,
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işcisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

İran Azərbaycanın tarixi ədaləti bərpa etməsindən niyə narahatdır?

Heç bir tarixi dönəmdə Azərbaycan qonşu dövlətlərlə münaqişə yaradan tərəf olmayıb. Lakin Azərbaycanın tarixi ərazilərinin zəbt olunması və formal sənədlərlə saxtalaşdırılma cəhdləri real tarix olaraq hər kəsə məlumdur. Bəzi qonşu dövlətlərin Azərbaycana qarşı olan tarixi ədalətsizliyə obyektiv mövqe sərgiləmədikləri də gözümüz önündədir.
Əgər Azərbaycanın iki yerə bölünməsi imperialist maraqların nəticəsi olaraq inkarolunmaz faktdırsa və bunun nəticəsində ermənilərin indiki İran ərazisində Qarabağa köçürülməsi gələcək milli münaqişələrin yaradılmasına planlaşdırılan siyasət olduğunun inkara yeri qalmırsa real tarixə qərəzli yanaşma hansı obyektivliyi əks etdirə bilər? Faktiki olaraq Azərbaycan xalqının imperialist qüvvələr arasındakı mübarizə ilə iki yerə bölünməsi xalqımızın ağır faciələrlə qarşılaşmasının səbəbidir. Buna başqa heç bir ad vermək mümkün deyil. Ona görə də hazırda müstəqil politoloqlar, ictimai fikrin formalaşmasında rolu olan mütəxəssislər tərəfindən qonşu İran dövlətinin anlaşılmaz mövqeyi düzgün təhlil edilməlidir. Ənənəvi siyasətin davamı olaraq Vətən müharibəsində İranın sülhə heç bir tövhə verməyən mövqeyi əksinə işğalçıya olan yumşaq münasibəti və qardaşlıq köməyi qonşuluq siyasətinin qeyri- şəffalığından başqa heç nə vəd edə bilməz.
Bir vaxtlar Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcbur olan İran dövlətinin işğalçı ilə yenə də eyni mövqeyi siyasi riyakarlığın yeni müstəvidə davamıdır. Çünki 30 il bundan öncə Azərbaycan torpaqları işğal olunarkən susmağa üstünlük verən İran eyni xətt üzrə Azərbaycanın Vətən müharibəsində Ermənistan üçün "nəfəslik" rolunu oynadı. Müharibədən sonra Azərbaycanın regiona gətirdiyi reallıqlara olan qeyri-sağlam münasibəti ilə iç üzü açıldı. Deməli, bu hadisələrin ardıcıllığına nəzər yetirməklə qonşuluq siyasətində İranın mövqeyinin hansı mahiyyət kəsb etdiyini anlamaq çətin deyildir. Bunlardan əlavə özünü İslam Respublikası sayan İranın Azərbaycan məscidlərini donuz fermasına çevirən, Xocalıda müsəlmanları qətlə yetirən erməni vandalizminin əməllərinə göz yümması azmış kimi, üstəlik İran TIR-larının erməniləri silah-sursat, yanacaq, ərzaqla təchiz etməsi səmimi qonşuluq siyasəti ilə bir araya sığmadığı acıq həqiqətlərdir və belə mövqenin rəsmi dairələrdən qaynaqlanması isə ədalətsizliyin bariz nümunəsidir. Məsələn, İran tərəfinin "regionda sionist rejimə dözməyəcəklərini və rejimin fəaliyyətinə qarşı lazımi tədbirlər" görəcəklərini bildirməsi, ardınca Azərbaycanın tutduğu mövqedən narazılığını bildirərək Azərbaycanda İran dövlət nömrəli nəqliyyat vasitələrinin sürücülərinə göstərilən münasibəti "yaraşmayan rəftar" kimi dəyərləndirməsi regiondakı sabitliyin pozulmasına edilən təhdid mövqeyidir.
Təbii ki, belə münasibətə Prezident Prezident İlham Əliyevin Arazın sahilində Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı verdiyi layiqli cavabı çox məqamlara aydınlıq gətirməklə İranın rəsmi dairələrini yenidən düşünmməyə vadar etdi. Prezident demişdir: "Biz xoş niyyət göstəririk. Amma bu, o demək deyil ki, biz özümüzə qarşı əsassız ittihamları qəbul edəcəyik. Mən bunu burada - Cəbrayılda, bax, burada Araz çayının kənarında deyirəm, Azərbaycan xalqına və bütün dünyaya, bizə qarşı əsassız ittihamlar cavabsız qalmayacaq. Biz bu ittihamları rədd edirik, qəbul etmirik və sübutlar tələb edirik. Bilirsiniz, bu yaxınlarda İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Mənə məlumat verildi, mən dedim ki, fikir verməyin. Hansısa əyalət mollasının sözləri ilə biz indi bu fikirlərə əhəmiyyət verəsi deyilik. O kimdir ki?! Sadəcə olaraq, əhəmiyyət verməyin. Amma sonra, əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Onlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun".
Bu mövqe həm də Azərbaycanın xarici əlaqələrinin və daxili işlərinin özü həll etdiyi halda "Tehran rəsmilərinin Moskvadan regionda "sionistlər və terrorçular"ın mövcudluğuna reaksiya gözləyir" kimi etdiyi təhriklərə verilən cavab idi. Çünki uzun illərin təcrübəsi göstərir ki, belə təhrik üsulları dolayısı ilə Azərbaycanın önə çəkdiyi mehriban qonşuluq siyasətinə kölgə salmaq cəhdlərinə yönəlib. Digər vacib məqamlardan biri də odur ki, uzun illərdir ki, dövlətlərarası münasibətlərdə İran nəqliyyat-tranzit sahəsində Azərbaycan ərazisindən istifadə etdiyi potensial imkanlar bu dövlət üçün çox böyük iqtisadi səmərəyə malikdir. Heç bir dil, din və mədəni yaxınlığa malik olmayan Ermənistanın isə İran üçün tarixən heç bir faydası olmayıb və bu gün də yoxdur. İranın yeganə məqsədi Ermənistandan Azərbaycana təsir vasitəsi olaraq istifadə etməkdir. Lakin təəssüfedici odur ki, belə səmərəsiz diplomatiyanın, siyasi səriştəsizliyin mənfi nəticələri hələ də İran siyasətşünaslığında dərk edilməyib. İran öz siyasi baxışlarını tarixi təcrübələrə və reallıqlara düzgün qiymət verməklə yeniləməli, qonşuluq siyasətinə yanaşmada səmərəlilik və konstruktivlik xəttini tutmalıdır. Buna aşağıdakı səbəblərdən də çox böyük zərurət vardır.
Əvvəla, hazırda bütün dünyaya məlumdur ki, Azərbaycan regionda tarixi ədaləti bərpa edib. Bu ədalətin bərpa edilməsi İran daxil olmaqla heç bir qonşu ölkəni narahat etməməlidir. Əksinə Azərbaycanın haqq ədalət mübarizəsi regionda inkişafa və perspektivə yol açıb. Azərbaycan xalqı öz tarixi ərazilərini azad etməklə pozulmuş hüquqlarının bərpasına nail olub. Burada yalnız işğalçılığa son qoyulması və regionda sülh və sabitliyin təmin edilməsi məqsədindən söhbət gedə bilər.
Digər tərəfdən tarix bölgə xalqları haqqında çox dolğun təsəvvür verdiyindən bu gün tez-tez səksəkəli halda xatırlanan bölgənin tarixi sahibi olan aborogen xalq məsələsi. Onu xatırlamaqla tarixi saxtalaşdırmağa çalışanların içərisində bir təlatüm xofu vardır. Bütün zamanlarda da münaqişəli vəziyyət bu xofa bağlı olan qorxudan yaranıb. Bunun hansı qonşularımızı narahat etməsi göz önündədir. Tarix yenidən sübut etdi ki, Azərbaycan xalqının zaman-zaman hüquqlarının tapdanması kimi sterorotiplər qonşularımızın təfəkküründən uzaqlaşmalıdır. Bu sterotiplər yanlış bir siyasətdən törəməklə ənənəvi hala keçdikcə tarixi həqiqətlərin önə çıxması bir o qədər dərinləşir. Bu dərinləşmə isə istər İran, istərsə də Ermənistan üçün heç vaxt müsbət nəticə verə bilməz. Təcrübə göstərir ki, həmişə belə narahatlığın böyük bir səbəbi regiona köç etmiş xalqların həyat tərzidi ilə bağlıdır. Onların narahatlığının kökündə ya imperialist maraqlarını əks etdirən düşmənçilik sterotipləri, ya da tarixi reallıqları həzm edə bilməməyin nəticəsi olaraq özlərini narahat hiss etmələri dayanır. Azərbaycan xalqının əsrlər boyu göstərdiyi qardaşlıq və qonşuluq münasibətinin qarşılığında isə ermənilər və İran dövlətinin düşmənçilik mövqeyi onlar haqqında qənaətləri artıq formalaşdırmışdır.
Digər vacib bir məqam odur ki, bölgədə Azərbaycana qarşı atılmış istənilən qeyri- səmimi addım xarici qüvvələrin əlində əsirə çevrilmiş bir sıra dairələrin məkrli niyyətlərindən doğan ikrah hissidir və regionda sülhə yaradılmış münbit şəraitin pozulmasına cəhddir. Təəssüf ki, İran dövləti bu təhlükələrə qarşı mübarizədə qonşuluq siyasətinin tarixi təkamülünü və effektliyini unudur. Xarici qüvvələrin regionda maraqlarına xidmət edən siyasi manipulyasiyaya əl atır. Məsələn, açıq həqiqətlərdir ki, hətta Ermənistanın sülh istiqamətində səyləri artdıqca İran dövlətini narahatlığı dərinləşməkdədir. Belə siyasətin regiondakı sabitliyin davamlılığına zərbə vurması anlama gəldiyi birmənalıdır. Bütün bunlar İran dövlətinin mövqeyinə dair həm də belə təəsürat yaratmışdır ki, İran bölgədə xarici qüvvələrin təsir dairəsinin genişlənməsinə xidmət edən siyasi manipulyasiya yolunu tutmaqdadır. Bunun Azərbaycan dövlət və xalqı tərəfindən yolveriloməzliyi bir həqiqət olaraq iran ictimaiyyatını dərindən düşündürməyə bilməz...
"İkisahil.az"