16.06.2021, 15:40 - Baxış sayı: 773

Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu


GÜNEL MƏLİKLİ
AMEA-nın YAP İdarə heyətinin üzvü, Fəlsəfə və Sosiologiya
İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ulu öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qoruduUlu öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu
“İki sahil” siyasi elmlər fəlsəfə doktoru Günel Məliklinin müsahibəsini təqdim edir.
- Günel xanım, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etdik . 15 iyun Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı, bu mühüm hadisə xüsusunda fikirlərinizi qeyd edəsiniz?
- Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlində Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Hər gün Azərbaycanın müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanır, teleqram-teleqram ardınca göndərilir, Heydər Əliyevi dar ayaqda xalqının harayına çatmağa dəvət edilirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək istəyirdi. Belə bir ağır, çıxılmaz vəziyyətdə Azərbaycan xalqı yeganə ümidini Heydər Əliyevə bağladı, ölkənin düşmüş olduğu ağır bəlalardan yalnız onun zəkası sayəsində xilas ediləcəyinə inanırdı. Tarixi prosesləri araşdırdıqca bir daha aydın olur ki, Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi.
- 1990-cı illərin əvvəlində Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya idi və faktiki olaraq siyasi, iqtisadi böhran dərin tənəzzülə yol açmışdı. Həmin dövrdə həm müstəqilliyin qorunub saxlanması, həm də milli dirçəlişin təməlinin qoyulması istiqamətində Ulu Öndər Heydər Əliyevin xidmətlərini necə dəyərləndirirsiniz?
- “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən ümummilli lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə Azərbaycanın müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və dinamik inkişafın təməlini qoydu. Bununla da ölkədə davam edən gərginlik və qarşıdurma səngidi, Azərbaycan vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
- Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. 1993- 2003 ümummilli lider Heydər Əliyev sayəsində qazanılan uğurları qeyd edərsiz?
- Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu uğurla həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, digər vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev milli dövlətçiliyimizin mükəmməl konsepsiyasını yaratdı. Dahi şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna çıxdı. Azərbaycan daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı. Onun gerçəkləşdirilməsi Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdi. Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkilərinin keçirilməsi, Konstitusiya Məhkəməsinin təşkili, mətbuatda senzuranın aradan qaldırılması, yerli özünüidarəetmə orqanlarının-bələdiyyələrin yaradılması kimi köklü islahatlar məhz Heydər Əliyevin siyasi iradəsi, həmçinin məqsədyönlü fəaliyyəti sayəsində mümkün olmuşdur. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi, bir tərəfdən milli ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən atəşkəsə nail olmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmışdır.
- Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin siyasi strategiyası, nailiyyətləri haqqında nə deyə bilərsiniz?
- Ulu öndər Heydər Əliyevin, qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün göstərdiyi böyük fədakarlıqlarından, müstəsna xidmətlərindən biri də özündən sonra ölkəmizə layiqincə rəhbərlik edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı - siyasi varis yetişdirməsindədir. Azərbaycan xalqının dahi öndəri Heydər Əliyev 2003-cü il prezident seçkiləri dövründə cənab İlham Əliyevi şəxsiyyət və dövlət xadimi kimi xarakterizə edərkən deyirdi: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri, İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə ümidlər bəsləyirəm”.
“Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” - ifadəsi cənab İlham Əliyevin bütövlükdə xarakter cizgilərini, onun imkan və potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Yeni dövrün görkəmli siyasətçisi və dövlət xadimi kimi möhtərəm Prezident İlham Əliyev üçün böyük siyasətdə, beynəlxalq münasibətlərdə, ölkədaxili məsələlərin həllində, dövlət idarəçiliyində ulu öndər Heydər Əliyevin siyasi təlimi möhkəm təməl, ən etibarlı bünövrədir.
Ümummilli Liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələbləri və reallıqlarına müvafiq surətdə uğurla davam etdirilir.
- Vətən müharibəsində müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi zəfəri haqqında fikirləriniz.
- Bu gün Prezident İlham Əlyevin hakimiyyəti həmin qranit dövlətçilik pyedestalı üzərində ucalır. Hadisələrə və proseslərə tarixi baxışla bir sırada dünyanın hazırkı reallıqlarının və yeni dövlətçilik təfəkkürünün işığında yanaşmaq, qiymət vermək və bütün bunlara uyğun olaraq əsaslı qərarlar qəbul etmək Prezident İlham Əliyevin dövləti idarəetməsinin əsasını təşkil edir. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdilər. Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü. Rəşadətli Ordumuz Vətən torpaqlarından işğalçı vətənsizləri qovaraq Azərbaycanın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etdi. Qüdrətli Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər tarixi yazdı. Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub işğalçı Ermənistan deyil, bütün dünya gördü. Rəşadətli Ordumuz Vətən torpaqlarından işğalçı vətənsizləri qovaraq Azərbaycanın ərazi bütövlüyünü, toxunulmazlığını təmin etdi. Prezident İlham Əliyevin adı böyük Xilaskar, Qəhrəman kimi tariximizə əbədi həkk olundu.
- “Xarı bülbül" festivalını necə dəyərləndirirsiniz? Bu barədə sizin fikirlərinizi bilmək istərdik.
- Dillərə dastan, əfsanə olan Xarı bülbül gülü Şuşanın rəmzi, təbiətin möcüzəsidir. Xarı bülbül sanki gülün üzərinə qonmuş bülbülü xatırladır. 2021-ci il mayın 12-i və 13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə festival baş tutaraq, bir sıra ictimaiyyət və mədəniyyət xadimləri, Qarabağdan, o cümlədən Şuşadan olan tanınmış şəxslər dəvət olunmuşdur. Müxtəlif xalqların incəsənət nümayəndələrinin “Xarı bülbül" festivalında iştirakı bizdə böyük iftixar hissi yaradır. Cənab Prezident İlham Əliyev çıxışında qeyd etmişdi: “Şuşa Azərbaycan xalqının milli sərvətidir”. "Xarıbülbül" Festivalının mədəni əhəmiyyəti ilə yanaşı, siyasi əhəmiyyəti də tarixə düşdü. Bir azərbaycanlı olaraq möhtərəm prezidentin çıxışı zamanı gözyaşlarımı saxlaya bilmədim. Bu bizim üçün böyük fəxrdir ki, möhtərəm Prezident və rəşadətli Ordumuz nəticəsində torpaqlarımız erməni daşnaqlarından azad olunduAzərbaycan 2021-ci ilə iqtisadi inkişaf hədəflərini açıqlayıb və qarşıda ölkə iqtisadiyyatını yenidən qaldırmaq, inkişaf etdirmək, 30 il ərzində məhv edilmiş Qarabağ torpaqlarını yenidən dirçəltmək kimi şanlı missiya dayanır. Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq Azərbaycanı yeni zirvələrə dogru aparmaqdadır. Xüsusilə Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi zəfərin misli-bərabəri yoxdur.
Bu günlərdə həmçinin Bakı yenidən möhtəşəm tədbirə evsahibliyi edir. paytaxtımızda növbəti dəfə “Formula-1” yarışlarının həyəcanı yaşanır. Azərbaycan bu idman yarışlarına ən ideal şəkildə evsahibliyi etməklə Avropanın və İslam dünyasının idman tarixinə öz möhürünü vurub, yeni və ideal təşkilatçılıq nümunələri yaradıb. Ölkəmiz bütün dünyaya evsahibliyinin və yüksək təşkilatçılığın necə olduğunu göstərib. Nadir xüsusiyyətlərə malik Bakı Şəhər Halqası elə qurulub ki, yarış zamanı pilotlar və milyonlarla televiziya tamaşaçıları paytaxtımızın gözəlliyini, tarixi və müasir memarlıq abidələrini, bir sözlə ecazkar bir mənzərəni görə bilirlər. Bu yerdə ümummilli lider Heydər Əliyevin 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətindəki “ona özüm qədər inanıram” inamını ifadə edən Ulu Öndərin ruhu qarşısında müzəffər Ali Baş Komandan hesabatını verdi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim... Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.


"İki sahil" qəzeti