13.02.2021, 19:04 - Baxış sayı: 469

"Qalibiyyət duyğusu ölüm qorxusunu unutdurmuşdu" - Müsahibə


"Qalibiyyət duyğusu ölüm qorxusunu unutdurmuşdu" - MüsahibəFəlsəfə üzrə fəlsəfə doktoru, dosent Radif Heybət oğlu Mustafayev də 21 sentyabr 2020-ci ildə hərbi vəzifəlilərin təlim toplantısına qatılıb, ilk gündən son günə kimi döyüşlərdə iştirak edib. Qazi alimimizlə müharibədən, hərbin fəlsəfəsindən və cəbhədə yaşadıqlarından danışdıq.

- Bakı Dövlət Universitetində oxuduğum vaxt orada Hərbi kafedra vardı. Məzun olanda leytenant rütbəsi aldım. 2001-ci ildən aspirantı olduğum Azərbaycan Milli Elmlər Akademiyasında işləyərkən 2006-2007-ci illərdə həqiqi hərbi xidmətə çağırıldım. Cəbhə bölgəsində xidmət etdim və baş leytenant kimi ehtiyata buraxıldım. Qanun belədir ki, müəyyən müddətdə ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri keçirilməlidir. 2016-cı ildə təlim keçiriləcəyi ilə əlaqədar məlumat verilmişdi. Ancaq o zaman çağırılmadım. Bu dəfə isə sentyabrın 21-də Səfərbərlik və Hərbi Çağırış üzrə Xidmət tərəfindən təlimlərə cəlb olunduq. Mənə çağırış gələndə əsas iş yerim olan AMEA Fəlsəfə İnstitutundan başqa, iki yerdə - İdarəçilik Akademiyasında və Bakı Dövlət Universitetində dərslərim vardı. Üstəlik, 2020-ci ildən elmlər doktorluğu mövzumun planını hazırlamaqda idim. Müvafiq rəhbərliyə bildirdim ki, təlimə çağırılmışam və beləcə, ordumuza qoşuldum. Həqiqi hərbi xidmətimdə motoatıcı tağım komandiri olsam da, bu dəfə məni artilleriya qoşununda tağım komandiri təyin etmişdilər. Cəbhə xəttinə gətirildiyimiz günün səhərisi müharibə başladı. Bundan sonra mən də digər cəbhədaşlarımla birlikdə döyüşlərə qatıldım, verilən tapşırıqları mümkün qədər vaxtında və dəqiqliklə icra etməyə çalışdım.
- Müharibə adını eşidib, haqqında oxuyub, görmədiyimiz bir məfhum idi. Siz - 1990-cı illəri görmüş insanlar belə əminəm ki, bu miqyasda müharibə görməmişdiniz. Bir filosof kimi soruşsaq, nədir müharibənin fəlsəfəsi?
- Bəli, haqlısınız ki, biz müharibəni kinolarda görmüş, kitablarda oxumuşduq. Ancaq əsl müharibə onlardan qat-qat dəhşətli, qat-qat ağırdır. Orda keçmiş, mülkidəki həyat tamamilə unudulur. Sanki elə bil həmişə bu döyüşlərin içərisində olmusan. Ən əsası isə müharibədə hər kəsi bir amal birləşdirir: döyüş tapşırığını düzgün yerinə yetirmək və yalnız irəliyə getmək.
Müharibə qandır, itkidir, ölümdür. Orda bir çox şeylər kimi cəsədlər də görürdük. Heç də həmişə belə bir şəraitə düşmədiyimdən, bir ziyalı kimi insanların ölümünə şahid olmaq, cəsəd görmək mənə çox ağır idi. Ancaq 1990-cı illərin acı xatirələri zehnimdə canlandıqca, qarşımdakı mənzərəyə fərqli baxmağa başladım, çünki bu savaşımızla haqq-ədalətin öz yerini tutduğunu anlayırdım.
- Müharibənin ilk günlərində adaptasiya prosesi necə getdi, yoxsa heç vaxt qalmadı adaptasiyaya?
- Doğrusunu deyim ki, adaptasiyaya macal olmadı. Dediyim kimi, mən artilleriya batareyasında idim. Səfərbərlikdən gəldiyimiz üçün ilk vaxtlar, daimi heyətdən fərqli olaraq, nəyi necə edəcəyimizi aydın bilmirdik. Ancaq əvvəlcə öz-özümə verdiyim qərar bu oldu ki, ilk növbədə, peşəkarlara mane olmaq lazım deyil. Çünki orada kadr heyətindən olan zabitlər, hərbçilər nə etdiklərini yaxşı bilirdilər. Səfərbərlikdən gedən bizlərin onlara ən mühüm dəstəyi isə, məsələn, mərmilərin yüklənməsi, yüklərin boşaldılması və ən başlıcası, gecə naryadlarının təşkil edilməsi kimi işlər idi. Elə ilk gündən səfərbərliklə gəlmiş ixtisaslı topçular daimi heyətə qoşuldular. Daimi heyətin peşəkarlığı elə ilk gündə göstərdi. Tezliklə, artilleriya baxımından da düşmən üzərində ciddi üstünlüyümüzün şahidi olduq.
- Cəbhədə özünüzlə "müəllim və alim Radif Mustafayev" kimi də qarşılaşırdınızmı?
- Hərdən olurdu (gülürük). Aydındır ki, orduda əsas olan yaş deyil, rütbədir. Məndən neçə yaş kiçik zabitlərimiz vardı ki, rütbəcə böyük idilər. Arada özümü onlarla müəllim kimi danışan, hansısa izahatlar verən yerdə "yaxalayırdım". Ancaq bizim xalqımızda "müəllim", "alim" adına qarşı çox böyük ehtiram, sayğı var. Bunu orda da gördüm. Sağ olsunlar, hər biri bu adların hörmətini saxlayırdılar. İşğalçılardan qalmış kitabları, sənədləri hamı gətirib mənə verirdi. Təbii ki, erməni dilində olanları deyil, rus dilindəkilərə xeyli nəzər saldım. Gördüm ki, erməni faşistlər necə saxta, uydurma, çirkin iddialarla öz nəsillərinin, gənclərin beynini zəhərləyiblər.
- Nələr yazılmışdı o kitablarda?
- Təsəvvür edin ki, mədəniyyətimizdən, mətbəximizdən tutmuş, tariximizə, torpaqlarımıza qədər hər şeyi öz adlarına çıxıblar. Maraqlıdır ki, adları belə dəyişməyiblər. Məsələn, ermənicə və ya rusca qarşılığını yaza biləcəkləri təqdirdə "çubuq", "küftə" kimi Azərbaycan sözlərini işlətmələri diqqətimdən qaçmadı. Yaxud, onların mövqelərini ələ keçirəndən sonra konservləşdirilmiş yeməklərini görürdük. Baxırdıq ki, üstünə yazılıb "piti". İçinə baxırsan ki, bəli, bizim pitidir. Ya da bizim dolmanın üstünə "tolma" yazıblar, guya olub "ermənicə". Qalın kitablar vardı ki, bircə yerində də Azərbaycan, azərbaycanlılar haqqında normal ifadə yazılmamışdı.
- Oraları necə gördünüz, nə kimi mənzərələr vardı?
- Çox gözəl: təbiətiylə, havasıyla, suyuyla əsl cənnətdir. Ancaq təəssüf ki, erməni vandalları çox yeri bərbad günə qoyublar. Cəbrayılda, Füzulidə salamat tikili saxlamayıblar. Xocavənddə - ermənilərin yaşayışı olan yerlərdə isə binalar, evlər əsasən hərbiləşdirilmişdi deyə, az-çox abadlıq vardı. Çox sevinirəm ki, dövlətimiz oralarda sürətlə quruculuq işləri aparmağa başlayıb. Hətta bununla əlaqədar maraqlı bir hadisə gəldi başımıza. Deməli, döyüşlərdən sonra bir evdə qalırdıq. Bir gün bizimkilər gəldilər ki, bu evdən çıxın, burdan yol çəkirik, sizi başqa yerə köçürəcəyik. Onda öz aramızda zarafatlaşıb gülüşürdük ki, bir ev tapmışdıq, o da plana düşdü. Təbii ki, bütün bunlara şahid olmaq, bu fərəhli prosesin bir parçasına çevrilmək insanda böyük qürur hissi yaradır. Hər bir azərbaycanlı kimi məni də Qarabağ münaqişəsi daima narahat edirdi. Axı mən bir ziyalı, vətəndaş olmaqla yanaşı, həm də valideynəm. Hərdən söhbət düşəndə deyirdim ki, nolaydı, bu məsələni biz həll edəydik, övladlarımıza qalmayaydı. Nə yaxşı ki, belə də oldu.
- Ordudakı, xidmət etdiyiniz hərbi hissədəki ovqatdan, mənəvi ab-havadan danışaq...
- Hər kəsin öz psixologiyası, fərqli mədəni-insani mühiti var. Bu, qaçılmazdır. Lakin bizim hər birimizi orda bir amal birləşdirmişdi: qələbə naminə mübarizə! Böyük ruh yüksəkliyi vardı ordumuzda. Hətta bəzən gülməli anlar yaşayır, zarafat etməyə də vaxt tapırdıq. Qalibiyyət duyğusu bizə təhlükəni, ölüm qorxusunu unutdurmuşdu. Halbuki dediyim kimi, hər an ölümlə üz-üzə gələ bilərdik. Məsələn, bir neçə mövqedə düşmən bizi çox möhkəm atəşə tutdu. Hətta Xocavəndin Tuğ kəndi uğrunda döyüşlərdə düşmənin atdığı mərmilər, onlardan qopan qəlpələr çox yaxınlığımızdan keçmişdi. O məqamda sağ qalmağımız əsl möcüzə idi. Elə anlarda yalnız Allaha ümid bağlayır, dua edirsən. Misal üçün, mən Allaha dua edir, özüm də daxil olmaqla ordumuz, xalqımız, dövlətimiz üçün kömək diləyirdim ki, bu çətin sınaqdan bizi zəfərlə, salamat çıxartsın.
- Mülki insanlarımızın köməyi dəyirdimi sizə?
- Onların çox böyük köməyi olurdu. Sığınacaqlar, toplar üçün yerlər qazmaqda mülki adamlarımız ekskavatorla köməyimizə çatırdılar. Onlar olmasaydı, əsgərin gücünə oraları qazmaq həm çox vaxt və güc aparardı, həm də xeyli çətin olardı. O insanlar isə fədakarcasına bizə kömək edirdilər. Biri Həşimov soyadlı İlqar dayı, o biri isə Elsevər adlı gənc idi. İlqar dayı, yaşına baxmayaraq, bütün mövqelərimizi qazmaqda bizə kömək etdi: ta Xocavəndin Böyük Tağlarındakı mövqelərimizə qədər. Yadımdadır ki, bir dəfə sığınacaq qazanda mən İlqar dayıya istiqamət verirdim. Bir də gördüm, gözləməyim üçün mənə işarə edir. Təəccübləndim ki, görəsən, nə oldu birdən? Baxdım ki, torbadan dərmanını çıxarıb içdi və yenidən işə başladı. Yəni o insanlar çox böyük fədakarlıq göstərirdilər. Mülki maşınlarıyla bizə mərmi daşıyan vətəndaşlarımız da o cümlədən. Həqiqətən də heç üzünü görmədiyimiz, adını bilmədiyimiz insanların bizə yolladıqları əşyaları, isti yeməkləri, hətta məktəblilərin yazdıqları məktubları təsirlənmədən qəbul etmək mümkün deyildi. Biz bir daha böyük bir millətin, yenilməz xalqın övladları olduğumuzu dərk edib bütün varlığımızla qələbəyəköklənirdik. Ən başlıcası isə, hamının qürurla hiss etdiyi azərbaycanlı olmaq duyğusu, birgə mübarizə nəticəsində qovuşduğumuz Qarabağlı Azərbaycan amalı oldu.
- Vətən müharibəsində xidmətiniz dövlətimiz tərəfindən medallarla qiymətləndirilib. Bir zaman həsrət qaldığımız torpaqların adını indi həm də medal kimi öz sinəsində görmək necə bir duyğudur?
- Bu, çox qəribə, sözlə ifadə olunmayacaq qədər möhtəşəmdir. Cəbrayılın, Füzulinin, Laçının adları həkk olunan medallarla təltif edilmişəm. Mən özümü oraların bir parçası kimi hiss edirəm. Cəbrayıldan olan dostuma deyirəm ki, mən də Cəbrayıldanam. Füzulidən olan tanışıma deyirəm, daha mən də Füzulidənəm, Laçından olan iş yoldaşıma özümü laçınlı kimi təqdim edirəm. Bəli, mən artıq onların hər biri ilə həmyerliyəm. Ən əsası isə, mən qalib xalqın nümayəndəsi, Qarabağlı Azərbaycanın vətəndaşıyam!

Şahanə MÜŞFİQ

"525.az"