08.02.2021, 11:11 - Baxış sayı: 882

Gənc alimin uğur ili


Gənc alimin uğur iliRespublikamızda həyata keçirilən uğurlu siyasətin nəticəsi olaraq gənc nəsil cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Elə bir fəaliyyət sahəsi yoxdur ki, orada gənclər fəal olmasınlar.
Elm sahəsini seçərək bu yolda inamla addımlayan uğurlu gənclərimizdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Günel Məliklidir.
G.Məlikli eyni zamanda Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasının müəllimi, Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının professoru vəzifəsində çalışaraq dövlət siyasətini həm təbliğ, həm də tədris edir.
Xatırladaq ki, 2010-cu ildə Bakı Dövlət Universitetinin Politologiya ixtisası üzrə bakalavr pilləsini, 2011-ci ildə V.N.Karazin adına Xarkov Dövlət Universitetində “Milli təhlükəsizlik və siyasi strategiya” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirən G.Məlikli 2011-ci ildə Bakı Dövlət Universitetinin Politologiya və sosiologiya kafedrasında “siyasi nəzəriyyə” ixtisası üzrə əyani doktoranturaya qəbul olub.
Hələ məktəb illərindən biliyi və savadı ilə seçilən gənc alim elm sahəsindəki nailiyyətlərinə görə indiyə qədər xeyli sayda təltiflərə, diplomlara layiq görülüb. Belə ki, 2006-cı ildə yüksək intellektual, zehni qabiliyyəti və elmi biliklərinə görə Təhsil Nazirliyi tərəfindən fəxri fərmana layiq görülən G.Məlikli 2008-ci ildə Beynəlxalq Respublikaçılar İnstitutunda “Liderlik”, “Təşkilatı quruculuq”, “Strategiya” üzrə təlim, 2009-cu ildə isə “Siyasi biliklər” olimpiadası, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məqalə müsabiqəsinin qalibi, elə həmin il BDU-da “İlin tələbəsi” olub. O, 2012-ci ildə “İrəli” ictimai Birliyi “Liderlik Forumu”nun fəxri üzvü, Doktorant və Gənc Tədqiqatçilarin XVII Respublika elmi konfransında birinci yeri tutub, Praqa şəhərində II Beynəlxalq elmi-praktik konferensiyası proqramının qalibi olub. 2012-2014-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsində, 2012-2016-cı illərdə Azərbaycan Milli Məclisinin Sosial siyasət komitəsində “Azərbaycan Respublikasının dövlət təhlükəsizliyində sosial siyasətin yeri və rolu” dissertasiya işi üzrə tədqiqat işləri aparıb. Doktorluq işi ilə bağlı Milli Məclis Aparatının Analitik və informasiya şöbəsində dissertasiya işinə dair tədqiqat aparıb. 2019-cu il elm günü ilə əlaqədar AMEA-da “Gənc qadınlar elmdə” müsabiqəsində qalib olub.
Fəlsəfə doktoru gənc yaşında əldə etdiyi bütün uğurların açarını əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan düzgün gənclər siyasətində görür. Onun sözlərinə görə, bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev hər zaman gənc nəslin fəallığının artırılmasına diqqətlə yanaşır.
G.Məlikli deyir ki, elmi biliyi, savadı, təcrübəsi, ən əsası da zəhmətkeşliyi ilə və öz üzərində daim işlədiyinə görə bütün bu nailiyyətləri qazanmağı bacarıb: “Təbii ki, bunun arxasında yuxusuz gecələr, istirahətə az vaxt ayırmaq, gənclik əyləncələrindən, sosial şəbəkələrdən uzaq durmaq da var. Amma zamanımın böyük əksəriyyətini elmi fəaliyyətimə ayırıram ki, gənclik illərimi bada verməyim”.
Və elə gənc alim ötən il də zamanının böyük qismini elmə, biliyə yönəltdiyi üçün zəhmətinin mükafatını qazanıb. O, 2020-ci ildə elm sahəsində qazandığı uğurlara görə 2 Fevral - Azərbaycan Gənclər Günü çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən Gənclər Mükafatına layiq görülürək diplomla təltif edilib.

Yasəmən MUSAYEVA,

“Azərbaycan”