30.10.2020, 14:26

“Liderlik problemi fənlərarası yanaşma kontekstində” mövzusunda onlayn elmi konfrans keçirilib


“Liderlik problemi fənlərarası yanaşma kontekstində” mövzusunda onlayn elmi konfrans keçirilib30 oktyabr 2020-ci il tarixində, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Liderlik problemi fənlərarası yanaşma kontekstində” mövzusunda onlayn elmi konfrans keçirilib.
Konfransda çıxış edən Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə öncə Azərbaycan ordusunun Qarabağda apardığı uğurlu əks-hücum əməliyatları ilə bağlı konfrans iştirakçılarını təbrik etdi və ordumuza uğurlar arzuladı.
Sonra İlham Məmmədzadə “Siyasi liderlik problemi və fənlərarası tədqiqatlar” mövzusunda çıxış edərək qeyd edib ki, liderlik olduqca məsuliyyətli, ciddi, ağır yükdür və onun altına yalnız müdrik, təcrübəli siyasətçilər girə bilərlər: “Dünyanın aparıcı dövlətlərinin siyasətçiləri yalnız onlara, əsasən də öz ölkələrinin mənafeyinə uyğun strategiyalar həyata keçirirlər. Bu böyük ölkələrin dövlət və institusional quruluşları fərqlidir. Lakin xüsusi olaraq qeyd etməliyik ki, bu sıralarda öz strategiyası və uzaqgörən siyasəti ilə özünəməxsus və dünya siyasətində parlaq yerlərdən birini Prezident İlham Əliyev tutur. Bu gün Qarabağada aparılan əks hücum əməliyyatları zamanı biz gördük ki, siyasi lider həm hərbi, həm də infromasiya müharibəsində bir orduya bərabərdir.”
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.e.d. Eynulla Mədətli “Heydər Əliyev-liderlik simvolu”, f.e.d. prof. Rəna Mirzəzadə “İlham Əliyevin Azərbaycanın dövlət sərhədlərinin bərpası strategiyası liderlikdə siyasi-diplomatik məktəbdir”, f.e.d. Fəxrəddin Quliyev “Liderlik məsələləri müasir elmi baxışlar və xalq təfəkkürü baxışların komparavistik analizi kontekstində”, s.ü.f.d. Günel Məlikli “Müharibə dövründə İlham Əliyevin liderlik fəaliyyəti”, f.e.d. Qorxmaz Vəliyev “Liderliyin ümumi psixoloji və pedaqoji-psixoloji aspektləri”, f.ü.f.d. Şölət Zeynalov “Liderliyin fenomeni və müasir problemlər”, f.ü.f.d. Sənan Həsənov “Xalq lider birliyi strateji hədəflərin təminatçısı kimi”, f.ü.f.d. Heydər Aslanov “Liderlik fenomeninin reallığı və yaxud klassik sosial psixologiyanın sonu”, f.e.d., professor Sakit Hüseynov “İnformasiya müharibəsi və liderlik” və Fəlsəfə və Sosiologiya İnstitutunun Gənc alimlər və mütəxəssislər şurasının sədri Tünzalə Musayeva “Gənclərdə liderlik keyfiyyətlərinin formalaşmasının sosial-psixoloji xüsusiyyətləri” mövzusunda çıxış etmişlər.
Konfrans iştirakçıları Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyevə Azərbaycan tarixinə bu şanlı dövrü yaşatdığı üçün öz minnətdarlıqlarını ifadə edib, Ona Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə böyük uğurlar arzuladılar. Qarabağ Azərbaycandır!