“Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” mövzusunda beynəlxalq konfrans keçiriləcəkdir
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FƏLSƏFƏ VƏ SOSİOLOGİYA İNSTİTUTU
Enerji təhlükəsziliyi siyasəti və gürcüstanşünaslıq şöbəsi
“Əsrin müqaviləsi”nin 32 illiyinə və
“Yeni Əsrin müqaviləsi”nin 9 illiyinə həsr olunmuş
“Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası”
mövzusunda beynəlxalq konfrans
1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın enerji strategiyasının əsasını qoyaraq ölkənin beynəlxalq enerji bazarlarına çıxışını təmin etmiş, regional və qlobal enerji təhlükəsizliyində mühüm rolunu formalaşdırmışdır. Sonrakı dövrdə həyata keçirilən enerji layihələri, xüsusilə “Yeni Əsrin müqaviləsi” çərçivəsində müəyyən edilmiş strateji hədəflər Azərbaycanın enerji siyasətinin davamlılığını təmin etməklə yanaşı, regionda liderlik mövqeyini daha da gücləndirmişdir.
Azərbaycanın İkinci Qarabağ Müharibəsində qələbəsindən sonra Cənubi Qafqazda baş verən əsaslı geosiyasi dəyişikliklər fonunda region dövlətlərinin enerji siyasətinin prioritetləri yenidən formalaşmış, bərpaolunan enerji sahəsinin inkişafına dair strategiyalar ön plana çıxmışdır. “Cənubi Qafqazın yeni geosiyasi reallıqları və Azərbaycanın regional enerji strategiyası” mövzusunda beynəlxalq konfransın keçirilməsində əsas məqsəd postmüharibə dövründə formalaşan yeni regional geosiyasi mühitin təhlili, Cənubi Qafqazın enerji təhlükəsizliyi arxitekturasının qiymətləndirilməsi, Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərinin araşdırılması və ölkənin regional liderliyinin enerji amili kontekstində elmi müstəvidə müzakirə edilməsidir.
Konfransın tarixi: Sentyabr 2026-cı il
Məqalələrin qəbul müddəti: 25 iyun 2026-cı il – 15 sentyabr 2026-cı il
Keçirilmə forması: Hibrid (əyani və onlayn)
Konfransın əsas istiqamətləri:
I Postmüharibə dövründə Cənubi Qafqazın geosiyasi reallıqları, enerji təhlükəsizliyi və Azərbaycanın liderliyi
II Cənubi Qafqazda enerji əməkdaşlığı və bərpaolunan enerji perspektivləri
III Ənənəvi enerji ixracatçısı ölkələr üçün yaşıl keçidin fəlsəfi və sosioloji
aspektləri
IV Sİ və Azərbaycanın enerji strategiyası
Konfransın işçi dilləri:
Azərbaycan dili, türk dili, ingilis dili və rus dilləridir.
Konfrans materiallarının tərtibinə dair tələblər:
- format: Microsoft Word, A4, ölçü 12 pt, şrift Times New Roman, hər tərəfdən kənar boşluqlar 2 sm, sətirarası interval 1,5, abzas 1,25. Mətnin sözləri sətirdən sətirə keçirilmədən;
- məqalənin adı (məqalənin yazıldığı dildə böyük hərflərlə, qalın şriftlə, ortadan; ingilis dilində kiçik hərflərlə, qalın şriftlə, ortadan);
- müəllifin adı, soyadı, elmi dərəcəsi, elmi adı, iş yeri, ölkə, şəhər, e-mail ünvanı, ORCID ID (tam açıqlanmalı, kiçik hərflərlə, adi şriftlə, sağ tərəfdən);
- xülasə (250-300 söz, məqalənin yazıldığı dildə və ingilis dilində);
- açar sözlər (5-7 söz, məqalənin yazıldığı dildə və ingilis dilində);
- məqalənin mətni (bütün tərtibat daxil olmaqla 8 səhifəyə qədər);
- ədəbiyyat siyahısı və istinadlar APA7 üslubunda yazılmalıdır.
Məqalələr 15 sentyabr 2026-cı il tarixindən gec olmayaraq energy2026@gmail.comelektron ünvanına göndərilməlidir.
Qeyd: Konfransın keçirilmə tarixi və proqramı ilə bağlı əlavə məlumat təqdim ediləcəkdir.

