Medianın inkişafı ziyalı – jurnalist münasibətləri işığında
I MƏQALƏ
Tarixi seçim anı
Hər bir xalqın tarixi yolu, müəyyən mənada, “zaman yolayrıcında” seçim anlarından yaranır. K.Lorens yazır ki, toplumun “nəsillərinin yaşı” onun kollektiv olaraq ətrafında baş verən yeniliklərə reaksiya ritmi ilə ölçülür. Bu anlamda hər bir cəmiyyətdə “nəsil” qövmün yeniliklərə “zamanın yolayrıcında” özünə uyğun “cavab hazırlığı”dır – cəmiyyət “çevikdirsə” kollektiv dəyişiklikləri sürətli olur, “ləngdir”sə “köhnə nəslin” ömrü uzanır (illərin sayı anlamında).
Qövmün yeni seçim etməsi baxımından vurğuladığımız anlamda Azərbaycan xalqı üçün 1875-ci il iyulun 22-si elm, mədəniyyət, təhsil aspektlərində tarixi seçim anının başlanğıcı idi! Burada söhbət cəmiyyətin fəaliyyətinin müasir dövr üçün çox böyük əhəmiyyəti olan mənəvi fəaliyyət sahələrinindən birində – mətbuat sferasında geniş anlamda edilən seçimdən gedir. Bu cəhətin izaha ehtiyacı vardır.
Ənənə və onun pozulması
Konkretliklərinə varmadan onu ifadə edək ki, XIX əsrə Azərbaycan qövm, ölkə və dövlət olaraq qeylü-qallarla qədəm qoydu. Bir neçə istiqamətdən zalım imperialist dairələr bu tarixi dövlətçilik məkanını bütün sferalar üzrə dağıtmaq xislətindən əl çəkmədilər. İşğal etdilər, parçaladılar, ərazisinin bir qismində yad qondarma ölkə yaratdılar. Bununla kifayətlənmədilər – bu xalqın mənəviyyatını, əxlaqını, psixologiyası və şüurunu yadlaşdırmağa girişdilər.
Bu proses azərbaycanlıların aşağılanmaları, hüquqlarının kütləvi pozulmaları və tarixi dövlətçilik ənənəsinin unutdurulması cəhdləri fonunda baş verirdi. Onun üçün aydındır ki, ilk növbədə, azərbaycanlıların şüurlarında süni “tarixi yaddaş” formalaşdırmağa, özünün əsrlərə daşıdığı əsl yaddaşı isə silməyə çalışdılar.
Bu zaman Avropa və Rusiyada bir yeniləşmə, mənəvi milliləşmə və həmin anlamda dirçəliş başlamışdı. O cümlədən əsas olaraq Avropada mətbuat sürətlə millilik istiqamətində inkişaf edirdi. Əslində, Avropa üçün bunun bünövrəsi məşhur “Hutenberq qalaktikası”nda (XV əsrin ortaları) qoyulmuşdu. İki əsr sonra onun siyasi-hüquqi təkanvericisi Avropada Vestfal Sülh Sazişi oldu (1648-ci il). Lakin avropalıların şüurunda dəyişiklik ləng getdi və xeyli sonra kollektiv şüurda möhkəmləndi. Bu prosesdə Avropa təfəkküründən qaynaqlanan xüsusi termin kimi “maarifçilik” həlledici rol oynadı.
Maarifçiliyin yeni mənəvi-ictimai cərəyan kimi müxtəlif təsnifini verirlər. Bir qisim tədqiqatçı onun XVII əsrin, digərləri XVIII əsrin ortalarından başladığını yazırlar. Bir başqaları isə əsasən XIX əsrin son onilliyi və XX əsrin başlanğıclarını vurğulayırlar. Ancaq bütün hallarda Avropada “Maarifçilik” elmi hadisə idi. Onun əsas məqsədi cəmiyyətdə elmi təbliğ və təşviq etməkdən ibarət idi. Bu, əlbəttə, təhsil sistemindən kənarda ola bilməzdi. Bura ünsiyyətin məzmunu, mənası və məqsədi də kifayət qədər ciddi faktor olaraq qəbul edilməli idi. Bununla ümumi halda maarifçilik elmi əsasda yanaşma sayəsində yeni mənəvi-əxlaqi, dünyagörüşü, mədəni məqamları davamlı olaraq toplumda populyarlaşdırmaqdan ibarət idi. Aydındır ki, burada elm, təhsil, kommunikasiya üsulu və mədəniyyət vəhdətdə olmalı idilər.
Bunlardan ümumi nəticə çıxarılır ki, maarifçilikdə fikir hərəkatı və ictimai hadisə kimi Qərbdə mövcud olan ənənəvi dini dünyagörüşünün əvəzinə elmi nailiyyətlərin praktiki tətbiqi sayəsində ictimai inkişafı təmin etmək, bu zaman elmi bilikləri ictimai kommunikasiya və müzakirələrin predmetinə çevirmək əsas yer tuturdu.
Beləliklə, maarifçilik bir tərəfdən ənənənin pozulmasını, digər tərəfdən isə onun əvəzində elm, mədəniyyət, təhsil sayəsində ictimai inkişafa nail olmağı nəzərdə tuturdu. Bu keyfiyyətdə maarifçilik Avropa üçün doğrudan da fikir, mənəviyyat və mədəniyyət yeniliyi idi. Onun məna anlamından “modern” və “modernizm”in də tarixi-fəlsəfi dərkinə keçid etmək olar. Burada bizi məsələnin kommunikasiya tərəfi maraqlandırır.
Yeniliyə həssas qövmlər
Qəbul edilməlidir ki, XVII əsrdən başlayaraq fəlsəfi və elmi fikir, təhsilin təşkili, ziyalıların yetişdirilməsi istiqamətlərində dünyada qabaqcıl yeri bütövlükdə Qərb tuturdu (Avropa+Şimali Amerika). Avrasiya üçün avropalıların bu yeni təcrübəsinə reaksiya əsas idi. Məhz həmin dönəmdə yeniliklərə ən çevik və əsaslı reaksiya verən ölkələrdən biri Azərbaycan oldu! Azərbaycanda yeni ziyalılar nəsli formalaşmağa başladı, elmin bir sıra istiqamətləri Avropa yanaşmasına uyğun inkişaf etdi.
Lakin bütün bunların qarşısını Rusiya imperiyasının işğalı aldı və ya başqa ruhda inkişafa istiqamətləndirdi. Burada bizim üçün xilas rolunu xeyli dərəcədə Bakının sənaye və neft şəhəri kimi inkişafı oynamağa başladı. 1875-ci il təsadüfən tariximizə daxil olmamışdır. Həmin dönəm Bakının sənaye, mədəniyyət, kommunikasiya, miqrasiya, demoqrafiya və digər aspektlər üzrə yeniləşməsi haqqında kifayət qədər elmi tədqiqatlar mövcuddur.
İndi bizim üçün diqqət mərkəzində olan məqam mətbuatla bağlıdır.
Azərbaycanda zadəgan zümrəsinin sürətli inkişafı öz təsirini mütləq elm, təhsil və kommunikasiyanın aparıcı üsulu olan (həmin dövr üçün) mətbuata da göstərməli idi. XIX əsrin ikinci yarısına artıq əsasən Avropa və Rusiyada təhsil almış intellektuallardan ibarət Azərbaycan ziyalı zümrəsi formalaşmışdı. Onları birləşdirən və mütərəqqi sayılan ideyalar vardı. O ideyaları milliləşdirən dühalar meydanda idi. Ancaq cəmiyyətin çox az kəsimini əhatə edirdi. Ona görə də ədəbiyyat və mətbuatda yaranmağa başlamış maarifçilik xarakterli proseslər asan getmirdi.
Bu kimi çətinliklər fonunda belə Azərbaycan cəmiyyəti yeniliyə çox həssas yanaşdı və onu özünəxas üsulla əxz etməyə başladı.
Azərbaycanın sonrakı dönəmlərdə mətbuatın inkişafı ilə bağlı təcrübəsi də olduqca maraqlı və əhəmiyyətlidir.
Mədəniyyət və informasiya keşikçiləri
Azərbaycanda informasiya-kommunikasiya və maarifləndirmə istiqamətlərindəki yeniliyin qarşısını ala bilmədilər. Onu “sındırmağa” gücləri çatmadı. İllərlə açıq və ya gizli mətbuat savaşdı. Cəmiyyətin təmizliyi, inkişafı, milliliyin təmini üçün Azərbaycan mətbuatı çox böyük işlər gördü. “İrşad”, “Tərəqqi”, “Həyat”, “Təkamül”, “Molla Nəsrəddin” və “Füyuzat” – hər biri ayrı tarixçədir. Onlar müxtəlif istiqamətlərdən Azərbaycanın milli mövcudluğunun fəlsəfəsini, siyasi-ideoloji və informasiya yollarını axtarırdılar. Yanaşmalar arasında siyasi, ideoloji, stilistik fərqlər vardı. Ancaq ümumi məqsəd eyni idi – Azərbaycan cəmiyyət, ölkə, mədəniyyət və iqtisadi məkan kimi müstəqil mövcud olmalıdır və buna bütün potensialı yetərlidir.
Azərbaycan mədəniyyəti, mənəviyyatı və ruhunun “keşikçisi olmaq missiyası” bizim mətbuat üçün XX əsrin ortalarına qədər çox keşməkeşli oldu. Bu barədə sanballı tədqiqatlar kifayət qədərdir. Biz bu gün də çox aktual olan bir xüsusiyyət üzərində dayanaq.
Ziyalılıq və jurnalistlik
Nə Çar Rusiyasının, nə də sovetlərin sərt repressiyaları Azərbaycanın özünəməxsus ziyalı və jurnalist vəhdətini poza bilmədi! Onun məhv olmasını çox istədilər, olduqca amansız işlər gördülər, lakin açıq və lazım gələndə, xüsusi məcaz, dolayı işarələr və güzəştsiz özünütənqidlər öz işini gördü. Azərbaycan mətbuatı öz ziyalısını bütün gücü ilə qorudu, onun nüfuzunu “göylərə yüksəltdi”, alçaldılmasına qarşı dağ kimi dayandı, informasiya savaşı verdi. Ziyalılar da yerli mətbuatla sıx əməkdaşlıq etdilər, müxtəlif üsullarla Azərbaycan kimliyini yeniləşdirən ideyalar verdilər. Repressiyalar əsasən ziyalının Azərbaycankimliyi sevgisi ilə bağlı idi.
Dahi Hüseyn Cavidin, sırf azərbaycançı C.Məmmədquluzadənin, satirası ilə beyinləri “təmizləyən” Sabirin və yüzlərlə digər çox dəyərli ziyalı-mətbuat xadimlərimizin birgə səyi sayəsində Azərbaycan obrazı saxlandı, yeni çalarlar əlavə olundu, ideoloji təsiri kütlələr sırasında genişləndi. Bizim cəsarətli, davası uğrunda həyatından keçməyə hazır jurnalist təbəqəmiz, həm də əsl Azərbaycan ziyalısı obrazına malik idi.
Bir nümunə gətirək. Salman Mümtaz keçən əsrin 20-ci illərində Mirzə Ələkbər Sabirdən tarixi sayıla biləcək bir müsahibə götürmüşdür. Suallar və onlara verilən cavablar əsl azərbaycançı ruhudur, yaradıcı ziyalı ilə jurnalist peşəkarlığının mükəmməl vəhdətidir. Deyirlər, həmin müsahibə M.Ə.Sabirin yeganə müsahibəsidir. Ancaq bu “yeganə”likdə Azərbaycan mədəniyyəti, mənəviyyatı, təhsili, dünyagörüşünün nə qədər vacib məqamları ifadə edilmişdir.
Ümumiyyətlə, Sabirin sarkazmı ilə Sokratın sarkazmı müqayisə oluna bilər. Sabir bir Azərbaycan türk mütəfəkkiri kimi “özünə istehza”nın fərqli nümunəsidir. Sokrat da bütövlükdə Qərb fəlsəfi fikrinin “bənzərsiz sakrazmıdır”. Ancaq onların yanaşmasının ekzistensial fərqi vardır. Sabir qüsurları kəskin, sərt, lakin dəqiq ifadə edir ki, beyinləri təmizləyir. İnsan özünə daha geniş mövqedən tənqidi baxa bilir.
Sokrat isə insana mənaları izah etməklə, onların sosial funksiyasını qabartmaqla “şüurun xüsusi tərbiyə edilməsi”nə çalışır. Bu mənada, Sokrat istehza edir. Lakin onun istehzası təhqiredici deyil, alçaldıcı deyil. Əksinə, insanlığı, şərəfliliyi, düzlüyü, özünə tənqidi yanaşmanın zövqünü yaşadır. Bu məqamda Sabirin və Sokratın sarkazmları ümumbəşəri dəyərlərin işığında fərqli deyillər – hər ikisi insanlığı ucaldır, onu tərəqqiyə dəvət edir!
Hüseyn Cavidin dühası qarşısında həmişə baş əymişəm. Bir azərbaycanlı kimi fəxarət duymuşam! Çünki incə, dərin və poetik gücü yüksək olan ifadə tərzi ilə Azərbaycan milli həqiqətlərini çox gözəl anlatmışdır. Ən çətin anlarda belə, H.Cavid öz milli kimliyini yüksək səviyyədə ifadə etmişdir. Onun qadınlarla bağlı fəlsəfi və poetik fikirləri bütün dünya üçün mədəniyyət nümunəsidir – “sürüklənən bəşəriyyət qadınla yüksələcək”!
Mikayıl Müşfiq... Heç nədən çəkinmədən “Oxu tar” hayqırdı! Həyatını itirdi, lakin azərbaycanlılığından bir addım da kənara çəkilmədi!
Heydər Hüseynov “Azərbaycan fəlsəfi fikir tarixi vardır!” yazdı və bir sıra dairələrin qəzəbinə tuş oldu.
Digər nümunələri də göstərə bilərik. Ancaq Azərbaycanın bu cür ziyalılıq nümunəsi əvəzedilməz və unudulmazdır! Onların yaddaşımızda məhz həmin vətənpərvərlik, nəciblik və azərbaycançılıq rəmzləri kimi qalmasında mətbuat əvəzsiz rol oyanmışdır! Çox az qismi çıxmaq şərti ilə, Azərbaycan mətbuatı ziyalıları tərənnüm etmiş, onları təbliğ və təşviq etməklə millətin tarixi yaddaşına həkk olunmalarında böyük rol oynamışdır.
Bu mətbuat günündə bizim üçün əsas suallardan biri bundan ibarətdir: hazırda Azərbaycan ziyalılığı ilə peşəkar mətbuatın vəhdəti davam edirmi? Çünki indi məsələnin informasiya-kommunikasiya və təşviqi tərəfi yeni aktual səviyyəyə yüksəlmişdir! Mətbuat indi “KİV”dir. Onun informasiya yaymaq sərbəstliyi də fərqlidir. Bunların işığında ziyalı–KİV münasibətləri necə görünür?
(ardı var)
Füzuli QURBANOV,
fəlsəfə elmləri doktoru

