"İnsanlar sosial şəbəkələrdə daha çox kollektiv düşüncənin təsiri ilə davranırlar" — Hüseyn İbrahimov
"Həqiqətən də, bu gün bütün dünya cəmiyyətləri, xüsusilə yeni nəsil və gənclər üçün bir sıra suallar doğuran məsələlər mövcuddur. Sosial şəbəkələrin təsiri gündəlik həyatda davamlı dəyişikliklər yaradır. Bu dəyişikliklər həm davranışlarda, həm həyat tərzində, həm də istehlak vərdişlərində özünü göstərir. Süni intellektin sosiologiyası və rəqəmsal sosiologiya çərçivəsində bu məsələlərə yanaşdıqda görürük ki, insanlar bəzən daim trenddə olmaq və diqqəti öz üzərlərinə çəkməyi fərdilik kimi qəbul edirlər. Lakin burada əsas sual yaranır: insanlar bunu həqiqətən fərdi seçimlərinin nəticəsi kimi edirlər, yoxsa kollektiv təsirlərin və ümumi ictimai tendensiyaların təsiri altında formalaşan davranış modelidir? Aparılan təhlillər, xüsusilə monitorinqlər göstərir ki, insanlar bu gün rəqəmsal sosiallaşmanın əsas vasitələrindən birinə çevrilən sosial şəbəkələrə fərqli münasibət göstərirlər. Rəqəmsal sosiologiya kontekstində yanaşdıqda belə bir tendensiya ortaya çıxır ki, insanlar fərdi istəklərindən daha çox kollektiv rəyin və kollektiv düşüncənin təsiri ilə müəyyən addımlar atırlar".
Bu fikirləri Aznews.az-a açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Qeyd edək ki, sosial şəbəkələrin təsiri ilə trendlər gündəlik həyatın ayrılmaz hissəsinə çevrilib. Geyim tərzindən danışıq üslubuna, həyat tərzindən istehlak vərdişlərinə qədər bir çox sahədə insanlar populyar axınlara qoşulmağa çalışırlar. Xüsusilə gənclər arasında “trenddə olmaq” bəzən sosial qəbulun, diqqət qazanmağın və özünü ifadə etməyin vasitəsi kimi qiymətləndirilir. Bununla yanaşı, bu meylin fərdiliyi kölgədə qoyduğu, insanların öz seçimlərindən daha çox ictimai rəyi nəzərə aldığı barədə fikirlər də səsləndirilir.
Sosioloq qeyd edib ki, burada əsas məqam ondan ibarətdir ki, sosial şəbəkələr vasitəsilə populyarlıq qazanmaq və gündəmdə qalmaq istəyən insanlar çox zaman təqdim etdikləri trendlərin mahiyyətini dərk etmirlər.
"Onlar həmin davranışın ictimai normaları nə dərəcədə pozduğunun və ya həmin normalarla nə qədər uyğunlaşdığının fərqinə varmırlar. Bəzi insanlar hətta vulqar davranışlarla öz fərdi mövqelərini ictimai fikrə qəbul etdirməyə çalışırlar. Bu tendensiya cəmiyyətin müxtəlif sosial qruplarında, fərqli sahələrin nümayəndələri arasında, eləcə də konkret sosial sahəyə aid olmayan insanlarda da müşahidə olunur. Lakin məsələ ondadır ki, istər ictimai normalara uyğun şəkildə öz kimliyini formalaşdırmağa çalışan, istərsə də həmin normaları pozaraq fərdiliyini nümayiş etdirmək istəyən insanlar müəyyən mənada eyni problemlə üzləşirlər. Hər iki halda fərdlər sosiallaşma prosesində yeni çağırışlarla qarşılaşırlar. Bu tendensiyanın geniş yayılmasının əsas səbəblərindən biri sosial şəbəkələrin funksiyasının dəyişməsidir. Əgər ilkin dövrlərdə sosial şəbəkələr sosiallaşma vasitəsi kimi qəbul edilirdisə, bu gün onların həddindən artıq geniş yayılması birbaşa ünsiyyət imkanlarını azaldaraq sosiallaşma prosesində müəyyən problemlər yaradır. Fərdin sosiallaşma axtarışları getdikcə daha çox sosial şəbəkələr üzərindən həyata keçirilir. İnsan özünü müəyyən trendlərə uyğunlaşdırmağa çalışır və bunun nəticəsində onun fərdi xüsusiyyətləri, özünəməxsusluğu zəifləyə bilir. Bir tərəfdən insan özünü ifadə etdiyini düşünür, digər tərəfdən isə daha çox təkrarlama və təqlid prosesinə daxil olur. Yəni fərd özünü ifadə etməkdən daha çox mövcud modelləri imitasiya etməyə başlayır. Bütün bunları ümumiləşdirdikdə görürük ki, insanların sosial şəbəkələrdə özünü ifadə, təsdiq və təqdimetmə prosesi ilk növbədə ictimai rəydən cavab gözləmək ehtiyacına əsaslanır. İkinci məqam isə ondan ibarətdir ki, sosial şəbəkələrdə təqdim olunan trendlər müxtəlif xarakter daşıyır. Onların arasında ictimai normalara uyğun olanlar da, uyğun olmayanlar da mövcuddur. Lakin hər iki halda əsas məqsəd çox zaman ictimai rəydən reaksiya almaq olur. Üçüncü məqam ondan ibarətdir ki, bu proseslər fərdiliyi müəyyən mənada kölgədə qoyur və insanın seçim imkanlarını azaltmaqla təkrarçılıq və təqlid mexanizmlərini gücləndirir. Nəticədə isə təqdim olunan trendlərin xüsusiyyətindən asılı olaraq fərdin özünəməxsusluğunun zəifləməsi prosesi baş verir. Təbii ki, bu, yalnız fərdi məsələ deyil, eyni zamanda ictimai problemdir. Çünki fərdin özünəməxsusluğunun zəifləməsi onun şəxsiyyət kimi formalaşması prosesində müəyyən çətinliklər yaradır və bu, artıq cəmiyyət səviyyəsində müzakirə olunan məsələyə çevrilir. Bu mövzunu daha geniş şəkildə araşdırmaq mümkündür. Xüsusilə media ilə əməkdaşlıq çərçivəsində sosioloji onlayn sorğuların keçirilməsi və nəticələrin xüsusi proqramlar vasitəsilə təhlil olunması bu istiqamətdə daha aydın nəticələr əldə etməyə imkan verə bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az

