09.10.2020, 12:22 - Baxış sayı: 432

İtaliyalı professor: Bu gün Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlara qəzəblənənlər yalnız riyakarlıq etmiş olar


İtaliyalı professor: Bu gün Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatlara qəzəblənənlər yalnız riyakarlıq etmiş olarİtaliyanın Geopolitica.info Tədqiqat Mərkəzinin portalında Venesiyanın Ca Foscari Universitetinin professoru və İtaliyanın aparıcı beyin mərkəzi olan İSPİ-nin tədqiqatçısı Karlo Frappinin “Dağlıq Qarabağdakı münaqişə yenidən alovlandı: Prof. Karlo Frappi ilə reportaj” başlıqlı müsahibəsi dərc olunub.
Azərbaycanın İtaliyadakı Səfirliyindən Trend-ə verilən məlumata görə, Qafqaz üzrə tədqiqatçı-ekspert olan professor Karlo Frappi ilə müsahibədə Ermənistanın Azərbaycana qarşı 27 sentyabr tarixində başlatdığı yeni hərbi təcavüzü və bu xüsusda, Azərbaycanın özünü-müdafiə hüququ çərçivəsində həyata keçirdiyi hərbi əməliyyatlar, Ermənistan-Azərbaycan münaqişəsi, münaqişənin siyasi və hüquqi çərçivəsi, region dövlətlərinin rolu kimi məsələlərə toxunulur.
Dağlıq Qarabağ münaqişəsinin 1988-ci ildən etibarən davam etdiyini, genişmiqyaslı silahlı toqquşmaların isə məhz indi baş verməsinin səbəbi ilə bağlı suala cavab olaraq, K.Frappi hazırkı vəziyyətin heç də təəccüblü olmadığını bildirmişdir: “Ermənistanla Azərbaycan arasında silahlı toqquşmaların yenidən başlaması təəssüf ki, proqnozlaşdırılan idi. İyul ayında baş vermiş qısa müddətli qarşıdurma, döyüşlərin dayandırılmasına baxmayaraq, narahatlıq doğururdu və bu, toqquşmalarda keyfiyyətcə bir sıçrayış olduğu aydın şəkildə görünürdü. Mən hələ ən inkişaf etmiş hərbi texnologiyaya və istifadə olunan silah növlərinə toxunmuram. Hər şeydən öncə, toqquşmaları müşayiət edən vəziyyətə, Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətlərinə, həm ölkə daxilində, həm də xaricdə - demək olar ki, bütün böyük ölkələrdə təkrar qarşıdurmaların baş verdiyi millətçilik dalğalarına işarə edirəm. Eyni zamanda, iki ölkənin institusional təmsilçiləri arasında münaqişədən sonrakı həftələrdə azalma əvəzinə daha da dərinləşən şifahi qarşıdurmanı nəzərdə tuturam.”
K.Frappi hadisələrin hazırkı vəziyyətə gəlib çıxmasında beynəlxalq ictimaiyyətin hərəkətsizliyi və vasitəçilərin səmərəsizliyinin də böyük rol oynadığını vurğulayır: “Bu mənzərəyə bölgədə davamlı olaraq çalınan həyəcan təbili qarşısında beynəlxalq ictimaiyyətin və vasitəçilərin ənənəvi hərəkətsizliyini də əlavə edərsək, münaqişənin yenidən alovlanmasının az qala açıq-aşkar bir nəticə olduğunu başa düşürük.
Jurnalistin 29 mart 2019-cu il tarixində Vyanada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüşün keçirilməsi və görüşdə iki rəhbərin sərhəd boyunca silahlı qarşıdurmanı azaltmaqla bağlı söz verməsi fonunda indiki genişmiqyaslı qarşıdurmaya gətirən səbəblərlə əlaqədar sualına K.Frappi Nikol Paşinyanın “saxta islahatçı” olmasına işarə edərək bildirir: “Şəxsən mən son iki ildə meydana gələn iki əhəmiyyətli və əlaqəli dinamikaya diqqət yetirərdim. Bir tərəfdən, şübhəsiz ki, regionda və regiondan kənardakılar üçün 2018-ci il sözdə erməni məxməri inqilabı, Nikol Paşinyanın siyasi bəyanatları və “Qarabağ klanı”nı marginallaşdırmasının münaqişənin sülh yolu ilə həllinə kömək edə biləcəyinə ümid bəsləyənlər üçün təəssüfedici oldu. Lakin, ümidverici əlamətlərə baxmayaraq, Paşinyanın islahatçı platforması daha açıq danışıqlara və diplomatik cəhətdən çıxılmaz vəziyyəti qurtarmaq üçün kömək edə biləcək kompromisə getməsinə doğru yönəlmədi. Bəzən isə hətta əksinə, bir maneə oldu. Bu dinamikaya bir sıra beynəlxalq və daxili amillər təsir göstərmiş ola bilər - daxili institusional qütbləşmədən diasporla çətin münasibətlərə qədər, lakin Ermənistan Baş nazirinin ritorikası və təşəbbüsləri onun sələflərindən heç də fərqli olmadığı faktını dəyişdirmir.”
Daha sonra diqqəti Azərbaycanın suveren ərazilərinin işğal edilməsi və məcburi köçkünlərin insan faciəsinə yönəldən K.Frappi sözlərinə belə davam edir: “Xatırlamaq istədiyim ikinci element “məyusluq amili” ilə əlaqəlidir. Mən, Azərbaycan hakimiyyətinin münaqişənin sülh yolu ilə həlli perspektivlərinin dondurulması ilə bağlı artan məyusluğunu nəzərdə tuturam. Bakı üçün - bu günə qədər beynəlxalq təşkilatların münaqişənin həlli üçün təsdiq etdiyi sənədlərin prinsip və müddəalarına uyğun olaraq - işğal altında olan Dağlıq Qarabağ və ətraf rayonlar üzərində Azərbaycanın suverenliyin yenidən təsdiqlənməsi məsələsi müzakirə predmeti deyildir. Eyni zamanda, məcburi köçkünlərin həmin ərazilərə qayıtmaq hüququna heç bir şübhə yoxdur. Bu baxımdan, gözləntilərin qarşılanmaması və beynəlxalq ictimaiyyətin aşkar maraqsızlığının partlayıcı qarışığı, elə bir vəziyyət yaratdı ki, güc tətbiq etməklə işğal edilmiş əraziləri güc tətbiq etməklə geri almaq yeganə alternativə çevrilmiş oldu”.
Azərbaycan tərəfinin daima münaqişənin danışıqlar yolu ilə həll edilməsini dəstəklədiyini, lakin özünü-müdafiə hüququ çərçivəsində ərazilərin geri qaytarıla biləcəyini də dəfələrlə vurğuladığını bildirir: “Digər tərəfdən, cənab Əliyev və Azərbaycan hakimiyyətinin digər nümayəndələri illərdir ki, münaqişənin sülh yolu ilə həllinə üstünlük vermələrinə və dəstəkləmələrinə baxmayaraq, həmin ərazilərin öz suverenliyi altına qaytarılması üçün hərbi yolun son çarə olaraq qaldığını açıq şəkildə təkrarlayırdı. Bu gün Azərbaycanın başlatdığı geniş və açıq şəkildə planlaşdırılan hərbi əməliyyata təəccüblənən və ya qəzəblənən hər kəs - erməni təxribatına cavab verilib-verilməməsindən asılı olmayaraq, yalnız riyakarlıq etmiş olar.”
Jurnalistin Türkiyə, Rusiya, ABŞ kimi ölkələrin, eləcə də Avropa İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) münaqişəyə cəlb oluna bilmə ehtimalı ilə bağlı sualına cavab olaraq, K.Frappi məsələyə sözügedən ölkələrin regionda oynadıqları rol baxımından yanaşaraq bildirir: “Daha əvvəllər beynəlxalq aktyorlar hazırkı mübahisədə bu günlə müqayisədə daha əhəmiyyətli rol oynayıblar. Qeyd edilənlər arasında Rusiya əsas oyunçu olaraq qalır: digərlərindən fərqli olaraq, daxili və xarici dinamikanın qarışıq bir şəkil aldığı bölgədə əhəmiyyətli maraqlara sahibdir. Rusiya bu ərazidə real nüfuza sahib yeganə aktyor olaraq qalır. Rusiyanın təsiri heç də birmənalı deyil, belə ki, o, hər iki döyüşən tərəflə dialoq qurur (və onlara silah satır), Ermənistana xarici təhlükəsizliyin əsas zəmanətini təklif edir və eyni zamanda, həm ATƏT-in çoxtərəfli kontekstində, həm də ikitərəfli müstəvidə özünü münaqişədə əsas vasitəçi kimi göstərir.” Daha sonra, “adı çəkilən digər aktyorların, Moskvaya nisbətən daha məhdud güc mənbələrindən qaynaqlanan daha marjinal bir rolu olan Türkiyə ilə bağlıdır, ya da bölgədə daha aktiv bir rol oynamaq istəməyən ABŞ-dır. ABŞ ən azı 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən etibarən ayrıca bir mövqe tutur. Avropa İttifaqı isə həmin dövrdən etibarən ümumilikdə bölgədə və xüsusilə də Dağlıq Qarabağdakı münaqişəyə münasibətdə özünü maraqsız və ya öz çəkisini yeritmək iqtidarında olmayan biri kimi göstərir.”, deyə sözlərinə davam edir.
K.Frappi KTMT ilə bağlı isə Azərbaycan tərəfinin hərbi əməliyyatları öz suveren ərazisi daxilində həyata keçirməsi səbəbindən Təşkilat üzvlərinin münaqişəyə cəlb olunmasının hüquqi əsaslarının olmadığını bildirir: “KTMT-yə gəldikdə isə “qarşılıqlı yardım klazulası”nın işə salınması üçün, siyasi məsələlərdən əvvəl hüquqi şərtlərin də yarandığını düşünmürəm. Ermənistan Respublikası hücum altında deyil və çox güman ki (və ümid edirəm ki), heç vaxt da olmayacaqdır. Münaqişə Azərbaycanın suveren ərazisi daxilində “məhdudlaşdırılmış” olaraq qalır. Azərbaycan tərəfinin hərbi əməliyyatların genişləndirilməsində heç bir marağı və ya bu baxımdan rahatlığı da yoxdur. Bunu söyləyərək diqqəti xarici aktyorlara yönəltmək münaqişənin ən dərin mahiyyətindən yayındırmaq riskini daşıyır. Münaqişənin mahiyyəti isə Ermənistan və Azərbaycan arasında etno-ərazi mübahisəsidir”.
Jurnalistin münaqişənin xristian Ermənistanla müsəlman Azərbaycan arasında dini qarşıdurma kimi təqdim edilmə halları ilə bağlı sualına cavab olaraq, K.Frappi münaqişənin dini münaqişə olmadığını qeyd edir və diqqəti Azərbaycandakı dünyəvilik və tolerantlıq dəyərlərinə yönəldir: “Dağlıq Qarabağ münaqişəsinin dinlə heç bir əlaqəsi yoxdur. Bu yanaşma - münaqişənin özü ilə yaranmış və o vaxtdan etibarən ətalət və təbliğatın qarışığı nəticəsində sağ qalmışdır - 90-cı illərin ortalarında “sivilizasiyaların toqquşması” nəzəriyyəsinin mövcud olduğu və məlumatsızlığın olduğu bir mərhələdə baş verməsinin “günahı”nın əvəzini ödəyir. O zaman Ermənistan-Azərbaycan münaqişəsinin fonunda formalaşan Rusiya-Türkiyə qarşıdurması da bu yanaşmanın yaranmasına kömək etdi. Ancaq o zaman da bu, Ankara-Bakı oxunu möhkəmləndirən İslam həmrəyliyindən daha çox Pan-Türk həmrəyliyi idi. Yuxarıdakı mülahizələrə Qərb ictimai rəyinin bir hissəsinin gizli İslamofobiya instinktini nəzərə alaraq başqa bir element də əlavə edərdim. Azərbaycan tamamilə dünyəvi ölkədir və onun institutları ənənəvi olaraq dünyəvilik dayaqlarına malikdir, habelə kimlik və milli quruculuq inkişaf yolunu keçmiş sosial, mədəni və siyasi həyatın dünyəviliyi əsasında formalaşmışdır. Bu səbəbdən bu münaqişədə din qarşıdurması fərziyyəsinin heç bir əsası yoxdur.”
Jurnalistin münaqişənin həllində Minsk Qrupunun rolu ilə bağlı sualına K.Frappi Minsk Qrupunu köhnəlmiş və səmərəsiz adlandırır, eləcə də Qrupun formatının regiondakı yeni güclər balansına uyğunlaşdırılmasının zəruri olduğuna işarə edir: “münaqişənin gələcəyinə baxsaq, bu, açıq şəkildə mərkəzi düyünlərdən biridir və eyni zamanda açılması ən mürəkkəbdir. Minsk Qrupu açıq şəkildə təsirsiz qalmamışdan daha əvvəl də tükənmiş bir mexanizm idi, buna baxmayaraq Minsk Qrupu hazır bir danışıq formatı təklif edir, artıq sınaqdan keçmiş və döyüşən tərəflərin təsdiqlədiyi münaqişənin həlli üçün prinsiplərdə israrlıdır. Beləliklə, istər-istəməz oyunda iştirak edən bütün oyunçular üçün məcburi istinad nöqtəsi olaraq qalan bir mexanizmi dəyişdirmək çətindir. Minsk Qrupunun döyüşən tərəflərin təsdiq edilmiş prinsiplərə hörmət göstərməyə məcbur etməkdə sübut edilmiş təsirsiz qalmasından əlavə olaraq düşünürəm ki, danışıqlar mexanizminin zəifliyi hər şeydən əvvəl onun köhnəlməsindən qaynaqlanır. Başqa sözlə, söhbət hazırkı tərkibində 1990-cı illərin ortalarında müəyyənləşdirilən, Cənubi Qafqazdakı hazırkından tamamilə fərqli olan əməkdaşlıq və güc rəqabətinin məntiqini əks etdirən bir formatdan gedir. Qrupun həmsədrliyinin eyni tərkibi mövcud ssenaridə az məna kəsb edir: ABŞ və Fransa – bu ölkələrin birincisi cəlb olunmur, ikincisi heç vaxt həqiqətən nüfuzlu deyil və getdikcə daha az etibarlı görünür və hər halda əlbəttə ki, Rusiyanın çəkisini tarazlaya bilmir. İnanıram ki, mövcud regional güc və təsir tarazlığına daha çox uyğunlaşma vasitəçilik işini buradan götürməli olan hər hansı bir mexanizm üçün vacib şərtdir”.
Jurnalistin sonda hazırkı qarşıdurmanın nəticə olaraq, bölgədəki tarazlığı poza bilirmi ehtimalı ilə bağlı sualına K.Frappi “Ermənistanla Azərbaycan arasındakı mübahisəli ərazinin əhəmiyyəti, mənbələri baxımından taleyi nə olursa olsun, regional tarazlığı dəyişə biləcək qədər deyil. Yəni, döyüşən tərəflər üçün maddi baxımdan deyil, mənəvi baxımdan daha çox aktuallıq qazanır. Digər tərəfdən, davam edən qarşıdurma və xarici aktyorların reaksiyası regional diplomatik və strateji oyunda müəyyən dəyişikliklərə səbəb ola bilər”, deyə fikrini tamamlayır.
"Trend.az"

P.S. Qeyd edək ki, AMEA Fəlsəfə və Sosiologiya İnstitutu Ca`Foskari Universiteti ilə uzun illərdir əməkdaşlıq edir. Bu əməkdaşlıq sayəsində qarşılıqlı birgə beynəlxalq elmi konfranslar keçirilmişdir.
Həmin universitetdə “Azərbaycan və İtaliya multikulturalizminin müqayisəsi” mövzusunda konfrans keçirilib və onun məntiqi davamı olaraq Fəlfəsə və Sosiologiya İnstitutunun təşkilatçılığı ilə 27.10.2017-ci il tarixində Bakıda keçirilən "İdentiklik və multikulturalizm: metodologiya, tendensiyalar və perspektivlər" mövzusunda konfransda italiyalı professor Karlo Farappi iştirak etmişdir. O, həmin konfransda “Kimlik və xarici siyasət arasında əlaqə: Azərbaycan multikulturalizmi” mövzusunda məruzə ilə çıxış etmişdir.