“Milli fəlsəfə necə mümkündür?” mövzusunda seminar keçirilmişdir
Seminarda “İdrak nəzəriyyəsi”nin müdiri, f.ü.e.d. Füzuli Qurbanov “Milli fəlsəfə necə mümkündür?” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi bütövlükdə “milli fəlsəfə” anlayışının analizi əsasında “milli fəlsəfə” anlayışının məzmunu barədə fikir söylədi. Ayrıca Azərbaycan milli fəlsəfəsi kontekstində ölkə ictimai fikir tarixinin təkamülünə nəzər saldı. Burada XIX əsr Azərbaycan maarifçiliyinə qədər olan dövr, maarifçilik və ondan sonrakı mərhələ arasında məntiqi və məzmun əlaqəsinin fəlsəfi refleksiyası zərurətini qeyd etdi. Müasir mərhələdə Azərbaycan fəlsəfəsini gələcəyə hədəflənmiş, lakin keçmişi dərindən öyrənmək şərti ilə inkişaf etdirmək haqqında fikirlər ifadə etdi. Bütövlükdə qlobal təfəkkürlə regional təfəkkürün qarşılıqlı əlaqəsi məsələsinin aktuallığını vurğuladı.
Seminar iştirakçılarından f.ü.e.d., professor Əlikram Tağıyev, f.ü.e.d. Rəfiqə Əzimova, i.ü.f.d. Əhməd Qəşəmoğlu, f.ü.e.d. Aydın Əlizadə, f.ü.f.d. İradə Zərqanayeva, f.ü.f.d. Radif Mustafayev mövzu ilə bağlı suallar verdilər və çıxışlar edildi.
Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, f.ü.f.d., dosent Eynulla Mədətli də çıxış edərək mövzunun aktuallığını vurğuladı və tədqiqatları davam etdirməyin lazım gəldiyini ifadə etdi. Sonda “Müasir fəlsəfi problemlər” şöbəsinin müdiri f.ü.e.d. Əli Abasov milli fəlsəfə haqqında öz mövqeyini söylədi. Bu çıxış da çox maraqla qarşılandı. Bununla seminar öz işini başa vurdu.

