Professor Habil Qurbanov Beynəlxalq konfransda iştirak edib
26-27 iyun 2026-cı il tarixdə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində Beynəlxalq narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gününə həsr edilmiş Tbilisi Dövlət Texniki Universitetinin və Cinayət hüququ Departamentinin təşkilatçılığı ilə Beynəlxalq elmi konfrans keçirilmişdir.
Konfransda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Fəlsəfi-hüquqi təlimlər və suverenlik şöbəsinin müdiri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov Respublikamızı təmsil etmişdir.
Professor Habil Qurbanov konfransda “Azərbaycan Respublikasında narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin beynəlxalq və milli mexanizmi” mövzusunda məruzə ilə çıxış edərək bu mübarizənin aktuallığını, beynəlxalq-hüquqi aspektlərini geniş şəkildə təhlil edib.
Məruzədə bu bəlaya qarşı mübarizənin beynəlxalq-hüquqi əsaslarını, Azərbaycan Respublikasının mürəkkəb coğrafiyasını, onun tranzit nəqliyyat koridorlarının kəsişməsində yerləşməsini (Şərq-Qərb və Şimal-Cənub) diqqətə çatdırmışdır.
Professor Qurbanov Azərbaycanda daha effektli mübarizə aparmaq üçün “Narkotik vasitələrin qanunsuz dövriyyəsi, psixotrop maddələrin və onların prekursorlarının hazırlanmasına qarşı” Dövlət Proqramının mütəmadi olaraq təkmilləşdirilməsini xüsusi qeyd etmişdir.
O, həmçinin bu proqramın hüquq mühafizə orqanları, səhiyyə və təhsil işçiləri üçün fəaliyyətlərində önəmli rol oynadığını göstərmişdir.
Professor bu mübarizənin tək bir dövlətin yox, sərhəddə yerləşən qonşu dövlətlərin də birgə fəaliyyət göstərmələrini və Müstəqil Dövlətlər Birliyinin (MDB) Daxili İşlər Nazirlikləri və Xüsusi Xidmət Orqanlarının mütəmadi olaraq birgə fəaliyyətlərinin effektivliyini də qeyd etmişdir.
Məruzənin sonunda professor Qurbanov bu bəlaya qarşı mübarizənin daha effektli aparılması üçün öz təkliflərini və mülahizələrini söyləmişdir.
Məruzə konfrans iştirakçıları tərəfindən maraqla qarşılanmış və göstərilən təkliflər ətrafında fikir mübadiləsi aparılmışdır.

