02.07.2026, 14:49 - Baxış sayı: 10

AMEA-da “Rəqəmsal Türkologiya” mövzusunda keçirilən panel iclasında dosent Məhəmməd Cəbrayılov çıxış edib



İyulun 1-də AMEA-nın Rəyasət Heyətində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində “Rəqəmsal Türkologiya” adlı panel iclas təşkil edilib.

Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk dünyası həftəsi”nin elm və mədəniyyəti əhatə edən genişmiqyaslı silsilə tədbirlərdən ibarət olduğunu vurğulayıb.

“Türk dünyası həftəsi”nin Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil edildiyini söyləyən AMEA rəhbəri bildirib ki, yubileyin dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın Türk dünyasının ortaq elmi-mədəni irsinə verdiyi yüksək dəyəri açıq şəkildə nümayiş etdirir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, 5 türk dövləti başçısının yubiley tədbirləri ilə bağlı təbrik məktubu ünvanlaması Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun və Azərbaycanın Türk dünyasında artan rolunun göstəricisidir.

O, “Türk Dünyası Həftəsi”nin əsas hadisəsinin Heydər Əliyev Mərkəzində keçirilən “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres olduğunu diqqətə çatdırıb. Konqresdə 26 ölkədən 200-dən çox türkoloq-alimin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyini deyən alim bildirib ki, bu, Azərbaycanın elmi və intellektual mərkəz kimi artan beynəlxalq çəkisini təsdiqləyir.

Müasir dövrdə rəqəmsallaşmanın xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran akademik İsa Həbibbəyli qeyd edib ki, ölkədə rəqəmsal dövlət, elektron hökumət və süni intellekt istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, normativ-hüquqi baza formalaşdırılır. O, bu günlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsini bu prosesin sürətləndiyinin göstəricisi kimi dəyərləndirib. Alim AMEA-da da rəqəmsal inkişaf və süni intellektlə bağlı struktur islahatlarının aparıldığını qeyd edib.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, qarşıda duran əsas məqsəd rəqəmsal texnologiyaların və süni intellektin imkanlarının humanitar və ictimai elmlərin inkişafına sistemli şəkildə tətbiq edilməsidir. Müasir dövrdə ədəbiyyat, folklor, dilçilik, incəsənət və ümumilikdə türkologiya rəqəmsallaşma prosesindən kənarda qala bilməz.

“Rəqəmsal Türkologiya” paneli Birinci Türkoloji Qurultayın 100 illiyinə AMEA-nın yeni elmi düşüncəyə əsaslanan mühüm töhfəsidir”, – deyə qeyd edən akademik İsa Həbibbəyli iclasın AMEA-nın institutlarında rəqəmsallaşma istiqamətində aparılan işlərin daha da dərinləşməsinə və sistemli inkişafına geniş imkanlar yaradacağını söyləyib. AMEA rəhbəri panelin elmi müzakirələr baxımından səmərəli olacağına əminliyini ifadə edərək, tədbirin işinə uğurlar arzulayıb.

Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov “Müasir geosiyasi şəraitdə Azərbaycanın rəqəmsal suverenliyi və milli təhlükəsizlik çağırışları” adlı məruzə ilə çıxış edib.