AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru professor İlham Məmmədzadə beynəlxalq konfransda iştirak edib
15–16 iyun 2026-cı il tarixlərində Buxarest Universitetinin Fəlsəfə fakültəsində “Multiculturality and Morality in the Digital Age” (“Rəqəmsal dövrdə multikulturallıqvə mənəviyyat”) adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransın təşkilatçıları Dəyərlər və Fəlsəfə üzrə Tədqiqatlar Şurası (Council for Research in Values and Philosophy), Buxarest Universitetinin Fəlsəfə fakültəsi və UNESCO-nun İnterkulturallıq, İdarəetmə və Dayanıqlı İnkişaf kafedrası (The UNESCO Chair in Interculturality, Good Governance and Sustainable Development) olmuşdur. Konfransda Avropa, Asiya, Afrika və Şimali Amerikadan olan tədqiqatçılar iştirak edərək multikulturalizm, etika, din, süni intellekt və mədəniyyətlərarası dialoq mövzularında məruzələrlə çıxış etmişlər.
Konfransın açılış mərasimində Buxarest Universitetinin Fəlsəfə fakültəsinin dekanı Viorel Vizurianu, fəxri professor Mihaela Pop və UNESCO kafedrasının müəllimi Oana Şerban çıxış etmişlər. Plenar iclaslarda dünyanın aparıcı universitet və elmi mərkəzlərini təmsil edən alimlər iştirak etmişlər: Xrisula Gitsulis (Nyu-York Universiteti, ABŞ), Joao Vila-Şa (Pontifik Qriqorian Universiteti, İtaliya), Qeyl Presbi (Detroit Mercy Universiteti, ABŞ), Yesper Qarsdal (PROFILVIN proqramının koordinatoru, Danimarka), Mohamed Ahmed Suleyman (Sohag Universiteti, Misir), Boqdana Todorova (Bolqarıstan Elmlər Akademiyasının Mədəniyyət üzrə Elmi Tədqiqatlar İnstitutu, Bolqarıstan), İlham Məmmədzadə (Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu), Qizlan Elalaoui (Moulay Ismail Universiteti, Mərakeş) və başqaları.
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadənin “Multikulturalizmin tədqiqinin fəlsəfəsi və epistemologiyası haqqında” mövzusunda məruzəsi xüsusi maraq doğurmuşdur. Alim qeyd etmişdir ki, müasir multikulturalizm tədqiqatları çox vaxt mədəni müxtəlifliyin təsviri ilə məhdudlaşır və bu fenomenin fəlsəfi əsaslarına kifayət qədər diqqət yetirilmir. Onun fikrincə, bir çox elmi yanaşmalar multikulturalizmin inkişaf perspektivlərini nəzərdən keçirmir və müxtəlif cəmiyyətlərdə onun konsepsiyalarının dəyişmə səbəblərini təhlil etmir. Professor mədəni müxtəlifliyin öyrənilməsində fəlsəfə və epistemologiyanın rolunun daha dərindən araşdırılmasının, həmçinin tarixi irsin və müasir identiklik formalaşması proseslərinin təsirinin təhlil edilməsinin vacibliyini vurğulamışdır. Xüsusi diqqət multikulturalizmin ənənəvi olaraq tarixi prizmadan dəyərləndirildiyi Azərbaycan təcrübəsinə yönəldilmişdir. Professor Məmmədzadə yalnız mövcud multikulturalizm modellərini təsvir etməyə deyil, həm də onların inkişaf və transformasiya mexanizmlərini izah etməyə imkan verən yeni metodoloji yanaşmaların hazırlanmasını təklif etmişdir. O, çıxışının sonunda bildirmişdir ki, fəlsəfi və epistemoloji təhlil mədəniyyətlərarası qarşılıqlı əlaqələrin daha dərindən başa düşülməsi və mədəniyyətlər arasında davamlı dialoqun qurulması üçün vacib şərtdir.
Professor Məmmədzadənin təqdim etdiyi multikulturalizmin tədqiqinə dair fəlsəfi-epistemoloji konsepsiya canlı elmi müzakirələrin mövzusuna çevrilmişdir. Məruzədən sonra ona multikulturalizmin həm nəzəri aspektləri, həm də onun Azərbaycanda praktik tətbiqi ilə bağlı çoxsaylı suallar ünvanlanmışdır. Avropalı alimlər Azərbaycan multikulturalizm modelinə xüsusi maraq göstərmiş, onu mədəni və dini müxtəlifliyin qorunması, mədəniyyətlərarası dialoqun inkişafı və ictimai həmrəyliyin möhkəmləndirilməsi baxımından uğurlu nümunə kimi qiymətləndirmişlər. Müzakirələr göstərmişdir ki, Azərbaycan təcrübəsi mədəniyyətlərarası qarşılıqlı əlaqə və sosial inteqrasiya sahəsində müasir Avropa tədqiqatları üçün böyük aktuallıq kəsb edir.

