Milli Qurtuluş Günü xalqımızın birliyinin və dövlətçiliyimizin şanlı tarixidir
Xalqların və dövlətlərin tarixində elə günlər vardır ki, həmin günlər təkcə bir tarixi hadisəni deyil, həm də dövlətin gələcək inkişaf istiqamətini, milli birliyini və müstəqilliyinin taleyini müəyyənləşdirir. Azərbaycan xalqının tarixində belə əlamətdar günlərdən biri də 15 İyun- Milli Qurtuluş Günüdür. Bu tarix ölkəmizin siyasi sabitliyə qovuşması, dövlətçilik ənənələrinin möhkəmlənməsi, müstəqilliyin qorunması və Azərbaycanın gələcək inkişafının əsasının qoyulması baxımından müstəsna əhəmiyyət daşıyır. Məhz buna görə də 15 İyun Azərbaycan dövlətçilik tarixində dönüş nöqtəsi və milli qurtuluşun rəmzi kimi qiymətləndirilir.
Siyasi sosioloq, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı, fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov 15 iyun tarixinin əhəmiyyətindən və Ulu Öndərin Azərbaycan tarixində əvəzsiz rolundan danışıb:
"15 iyunun Azərbaycanın siyasi, müstəqillik və dövlətçilik tarixində önəmli bir gün olması bütün xalqımıza aydındır. 15 İyun - Ulu Öndərin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ölkəmizi bir çox bəlalardan xilas etdi. Bu qayıdış Azərbaycanın müstəqilliyini və suverenliyini daimi etdi. Biz 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətini ildən-ilə daha dərindən dərk edirik.
Bu günün tarixi və siyasi əhəmiyyəti dünya azərbaycanlıları üçün iftixar mənbəyidir. Onun önəmi hər il daha çox diqqət çəkir. Həmin dövrdə Azərbaycanda çox mürəkkəb tarixi vəziyyət mövcud idi. Ərazilərimiz işğal altında idi. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ölkəmizin işğal prosesinin qarşısının alınmasına şərait yaratdı. Eyni zamanda, dövlətimizə və dövlətçiliyimizə qarşı yönələn xarici təhdidlərdən qorunmaq üçün Azərbaycanın müstəqil və institusional siyasi aparatının qurulmasına başlanıldı".
Ekspert Ulu Öndərin bundan əvvəl də, Sovet dövründə, 1970-1980-ci illərdə Azərbaycan xalqının rifahının yüksəlməsi və ölkəmizin digər sovet respublikaları arasında önə çıxması istiqamətində böyük işlər gördüyünü qeyd edib:
"Heydər Əliyev Azərbaycanın mədəniyyətinin dünyada tanıdılmasına mühüm töhfələr verdi və 1990-cı illərdə müstəqilliyini əldə etmiş Azərbaycan üçün azərbaycançılıq ideyasının təməl prinsiplərini formalaşdırdı.
Milli Qurtuluşun başlanması, yəni Ulu Öndərin siyasi hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycanda cəmiyyətin vahid ideya ətrafında birləşməsi üçün mühüm əsas yarandı. Dövlətçilik idealları ətrafında ümummilli birliyin formalaşması üçün möhkəm zəmin yaradıldı. 1993-cü ildə, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ərəfəsində ölkə son dərəcə ağır vəziyyətdə idi. Ərazilərimizin 25 faizdən çoxu işğal altında idi. Bir milyona yaxın qaçqın və məcburi köçkün vardı. İqtisadi vəziyyət ağır idi, xarici investisiyalar qoyulmurdu və ordu quruculuğu demək olar ki, yox idi. Pərakəndə hərbi birləşmələr mövcud idi. Xocalı soyqırımından sonra xalq arasında təşviş yaranmışdı və bu acı həqiqətlər dünyaya lazımi səviyyədə çatdırıla bilmirdi. Bütün bunlar xalqımızı böyük sarsıntı qarşısında qoydu".
İ.Hüseyn bildirib ki, Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı və “qurtuluş” anlayışı yalnız adi bir söz deyil, bu, mühüm siyasi-ideoloji və elmi paradiqmadır:
"Dünyada qurtuluş paradiqması dövlətçiliyini əldə edib möhkəmləndirmiş ölkələrin tarixində əsaslı rol oynayır. Amerikanın müstəqillik tarixindəki liderlərin rolu, Avropanın bir çox ölkələrinin və qardaş Türkiyənin təcrübəsi bunu göstərir. Azərbaycanın tarixində də bu qurtuluş anı məhz Ulu Öndərin yenidən siyasi hakimiyyətə gəlməsi ilə başlandı. İlk növbədə, əraziləri işğal altında olan ölkənin diplomatik fəaliyyəti və hərbi gücü qurulmalı idi. Ulu Öndər xalqın bu çətin vəziyyətdən çıxması üçün mühüm addımlar atdı. Atəşkəsin imzalanması və ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində tarixi, siyasi və beynəlxalq qərarlar qəbul edildi. Dövlətçiliyə qarşı yönəlmiş qüvvələrin zərərsizləşdirilməsi və xalqın birliyinin təmin olunması istiqamətində mühüm işlər görüldü. Azərbaycanın həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması da əsas prioritetlərdən biri oldu. Ulu Öndər göstərdi ki, Azərbaycan xalqı müstəqillik ideallarına sadiqdir. O, sübut etdi ki, xalqımız vahid dövlətçilik ideyası ətrafında birləşməyi bacarır".
Müsahibimiz vurğulayıb ki, Ulu Öndər azərbaycançılıq ideyası ilə yanaşı, plüralizm, demokratiya və digər bəşəri dəyərlərin də cəmiyyətdə inkişafını vacib hesab edirdi:
"Azərbaycanın problemlərinin və həqiqətlərinin dünyaya çatdırılması istiqamətində vahid siyasi xətt həyata keçirilirdi. Məhz bunun nəticəsi idi ki, həmin çətin dövrdə dövlətimiz “Əsrin müqaviləsi” kimi mühüm tarixi müqaviləni bağlamağa nail oldu. Ərazilərimizin işğalının və düşmən hərəkətlərinin dünyaya tanıdılması istiqamətində mühüm işlər görüldü. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün həm cəmiyyət, həm də beynəlxalq ictimaiyyət səfərbər edildi. Bütün bunlar Milli Qurtuluş Günü və Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı ilə başlandı. İllər keçdikcə həmin günün əhəmiyyəti daha aydın görünür.
Biz bir daha anlayırıq ki, Ulu Öndər dövlətçiliyimizi və xalqımızı ağır problemlərdən böyük çətinliklər və əziyyətlər hesabına xilas edib.
Bu, böyük iradə və böyük güc tələb edirdi. Coğrafi və geosiyasi baxımdan həssas mövqedə yerləşən Azərbaycanın müstəqilliyinə qarşı olan təhdidlərin qarşısını almaq üçün güclü siyasi liderliyə ehtiyac var idi. Bu missiyanı Ulu Öndər Heydər Əliyev yerinə yetirdi.
Azərbaycan xalqının xoşbəxtliyi onda oldu ki, həmin dövrdə Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı baş verdi. Bununla da Azərbaycanda yeni bir dövrün - əbədi müstəqillik dövrünün əsası qoyuldu".
Siyasi sosioloq Azərbaycanın qazandığı müstəqilliyin uzun illər ərzində həm ordu quruculuğunu, həm də xalqımızın rifahının yaxşılaşmasını təmin etdiyini söyləyib:
"Sonrakı mərhələdə bu siyasi irsin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ərazilərimiz işğaldan azad edildi və ölkəmizin siyasi suverenliyi tam təmin olundu.
Bütün bunların əsasında məhz həmin böyük qayıdış günü - Milli Qurtuluş Günü dayanır. Ona görə də bu gün sıradan bir bayram deyil. O, milli dövlətçilik tariximizin mühüm mərhələsini ifadə edən milli bayramdır.
Milli adət-ənənələrimizin və siyasi ənənələrimizin qorunmasının əsasında da Milli Qurtuluş Günü dayanır. Bu bayram ərazi bütövlüyümüzün, siyasi mədəniyyətimizin və dövlətçiliyimizin qorunması ilə sıx bağlıdır.
Milli Qurtuluş Bayramı bayramlarımız sırasında ən təntənəli və əhəmiyyətli günlərdən biridir. Onun tarixi mahiyyəti Azərbaycan müstəqilliyinin tarixində əbədi iz qoyub".
Analitik bu bayramın dövlətçilik ənənələrimizin, milli qürur və milli iftixar hissimizin təcəssümü kimi qeyd olunduğunu deyib:
"15 iyun müstəqillik və suverenlik ideallarımızın bugünkü günə qədər gəlib çatmasının tarixi simvoludur.
Bütün bunlar bir daha göstərir ki, Milli Qurtuluş Günü həm siyasi, həm iqtisadi, həm mədəni, həm də ideoloji baxımdan xüsusi əhəmiyyətə malikdir. Bu gün xalqımızın birliyinin və dövlətçiliyimizin əbədiliyinin şanlı tarixidir".

