Dahi lider Heydər Əliyev 1918-ci ildə qurulan ilk respublikanın Azərbaycan xalqının dövlətçilik salnaməsinin parlaq səhifəsi olduğunu bəyan etmişdir
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin tarixində ən mühüm hadisələrdən biri olmaqla, xalqımızın azadlıq, müstəqillik arzusunu və əzmini nümayiş etdirib. Azərbaycanda ilk Xalq Cümhuriyyətinin yaranması xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının, göstərdiyi cəhdlərin ifadəsi olub. Bu, xalqımızın tarixində əlamətdar bir hadisədir və tarixi əhəmiyyət kəsb edir. Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-iqtisadi şəraitdə 23 ay fəaliyyət göstərsə də, sonrakı nəsillərin yaddaşında xalqımızın tarixinin ən parlaq səhifələrindən birinə çevrilib.
Ümummilli Lider Heydər Əliyev XX əsr Azərbaycan tarixini səciyyələndirərkən qeyd etmişdir: “XIX əsrin sonu - XX əsrin əvvəlləri dünyada yeni münasibətlərin bərqərar olduğu bir dövr kimi, Azərbaycan xalqının həyatının bütün sahələrində də öz təsirini göstərib”. Bu dövrün ictimai prosesləri iri sənaye şəhərinə çevrilmiş Bakını bütün Qafqazın iqtisadi mərkəzi edib, iqtisadi inkişafla əlaqədar olaraq bu dövrdə təhsil, elm, incəsənət və ədəbiyyat sahələrində böyük canlanma başlandı. Bakı, Gəncə, Naxçıvan, Şuşa, Şəki, Salyan və sair şəhərlərdə yeni tipli şəhər və qəza məktəbləri açıldı. Qori müəllimlər seminariyasının məzunlarından olan Cəlil Məmmədquluzadə, Süleyman Sani Axundov, Üzeyir bəy Hacıbəyov, Həbib bəy Mahmudbəyov, Rəşid bəy Əfəndiyev, Firudin bəy Köçərli kimi görkəmli maarifçilər təhsildə gedən islahatlara güclü təkan verirdilər. 1920-ci il aprelin 28-də Azərbaycanda Cümhuriyyətin fəaliyyətinə xitam verilib. Azərbaycan xalqı 70 il Sovet Sosialist Respublikaları İttifaqında müttəfiq şəraitində yaşayıb. Bu, XX əsrdə bizim xalqımızın həyatının böyük bir hissəsidir. Biz o vaxt dövlət müstəqilliyindən məhrum olmuşduq, ancaq Respublika kimi bir çox müstəqil işlər görmək imkanına malik idik.
Ona görə də, bu dövrü lazımınca qiymətləndirmək zəruridir. Çünki bu dövrdə bizim xalqımız yaşayıb, yaradıb, qurub və nəhayət, 1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini elan edərkən Azərbaycan Respublikası artıq böyük bir ölkə idi. 1991-ci il oktyabrın 18-də Konstitusiya aktı ilə, sonra isə dekabrın axırında ümumxalq səsverməsi ilə Azərbaycan öz dövlət müstəqilliyini elan etdi və müstəqil dövlət kimi yaşamağa başladı. Biz 35 ildir ki, müstəqil dövlətik, dövlət müstəqilliyimizin 35-ci ilini yaşayırıq. Ancaq bu illərin özünəməxsus, xarakterik cəhətləri var. Bu illər çox çətin, ağır, müəyyən qədər ziddiyyətli illər olub və Azərbaycan Respublikasının bu gün mövcud olan dövlət müstəqilliyi böyük sınaqlardan keçib, iftixar hissi ilə demək olar ki, bu sınaqlardan şərəflə çıxıb və indi Azərbaycanın dövlət müstəqilliyi artıq mövcuddur və dönməzdir. Azərbaycanın iqtisadi yüksəlişi, xalqın güzəranının yaxşılaşdırılmasının təmin olunmasında yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin müstəsna əhəmiyyətini görən Heydər Əliyev 1994-cü ildə “Əsrin müqaviləsi” adı altında ən böyük neft kontraktı imzalayıb. 2002-ci ildə isə Bakı-Tbilisi- Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsinə başlanması Azərbaycanın ilk müstəqillik dövründə əldə etdiyi ən böyük nailiyyətləridir. Etiraf etməliyik ki, dövlət müstəqilliyimizi 1991-ci ildə elan etsək də, tam müstəqilliyimiz Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdışı ilə başlanıb. Belə bir məqama da diqqət yetirilməlidir ki, müstəqil Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisidir. Bu varislik özünü dövlətçiliyin bir sıra əlamətlərində aydın şəkildə büruzə verir: cəmiyyətin dövlət siyasi təşkilinin spesifik formalarında (idarəetmə formaları, dövlət quruluşu, hakimiyyətin strukturu, siyasi münasibətlər və s.); rəsmi dövlət dilindən istifadə olunmasında; emblematikada (gerb, bayram, himn). Milli dövlətçilik ölkədə yaşayan millət və xalqların, etnik qrupların konsolidasiyasının siyasi forması kimi çıxış edir. Mövcud reallıqları obyektiv surətdə nəzərə alan dövlətçilik əhalinin müxtəlif qrup və təbəqələrinin təşəbbüskarlığını, fəallığını stimullaşdırır; bu, həm yerli, həm də ümumdövlət vəzifələrinin uğurla həllinin zəruri şərtidir.
Mövcud reallıqlar Azərbaycanın müasir dövlətçilik tarixində İlham Əliyev faktorunun prioritet, həlledici mahiyyətini bir daha ortaya qoyur. Ötən 23 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf kursu bütün sahələrdə böyük uğurlara yol açıb, əhalinin rifahını daim gücləndirib. Dünyanın ən böyük və mötəbər tədbirlərindən biri olan WUF13-ə ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti böyük qələbəsi, ölkəmizin beynəlxalq nüfuzunun növbəti parlaq təzahürüdür.
Günel MƏLİKLİ, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

