22.05.2026, 14:26 - Baxış sayı: 10

Alimlər “Beynəlxalq cinayət hüququnda ətraf mühitin mühafizəsi” adlı Beynəlxalq Konfransda iştirak ediblər


 AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun “Fəlsəfi-hüquqi təlimlər və suverenlik” şöbəsinin müdiri, hüquq elmləri doktoru, professor Habil Qurbanov və həmin şöbənin aparıcı elmi işçisi, hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Malik oğlu Əliyev 2026-ci il 14 may – 17 may tarixində Serbiya Respublikasının paytaxtı Belqrad şəhərində “Beynəlxalq cinayət hüququnda ətraf mühitin mühafizəsi” adlı Beynəlxalq Konfransda iştirak ediblər.

Keçirilən tədbirdə dünyanın 30-dan artıq ölkəsinin tanınmış alimləri iştirak edirdi.

Belqrad şəhərində əyani olaraq Beynəlxalq Konfransda professor H. Qurbanov “Azərbaycan Respublikasının çay hövzələrinin beynəlxalq cinayət hüququ kontekstində ekoloji problemləri” mövzusunda çıxış edərək – Azərbaycan ilə həmsərhəd dövlətlər arasında transsərhəd su ehtiyatlarının istifadəsi və mühafizəsi sahəsində, o cümlədən cinayət-hüquqi sahədə beynəlxalq hüquqi əməkdaşlığın inkişafın xüsusi əhəmiyyətini təhlil edib. Professor H. Qurbanov qeyd edib ki, belə münasibətlərin hüquqi tənzimlənməsi beynəlxalq su hüququnun hamılıqla tanınmış prinsiplərinə əsaslanır. Bunlara beynəlxalq su axarlarından ədalətli və ağlabatan istifadə prinsipi, əhəmiyyətli transsərhəd zərərin vurulmasının qarşısının alınması prinsipi, habelə dövlətlərin ortaq su ehtiyatlarının idarə olunması zamanı vicdanlı əməkdaşlıq prinsipi daxildir. Çıxışda – Araz və Kür çayları hövzəsinə aid dövlətlər arasında su ehtiyatlarının birgə istifadəsinin hüquqi tənzimlənməsinə, ekoloji təhlükəsizliyin təmin olunmasına və transsərhəd çirklənməyə görə müxtəlif növ hüquqi məsuliyyət mexanizmlərinin (o cümlədən cinayət məsuliyyətinin) müəyyən edilməsinə yönəlmiş beynəlxalq müqavilənin bağlanması məqsədəuyğun hesab edilir. Regionun fiziki-coğrafi quruluşunun xüsusiyyətlərinə görə Azərbaycan ərazisi Cənubi Qafqazın digər dövlətləri — Gürcüstan və Ermənistan ilə müqayisədə aşağı axında yerləşdiyinə görə Araz və Kür çayları açıq şəkildə transsərhəd xarakter daşıyır və əsasən həmin dövlətlərin ərazilərində yerləşən hövzələrin yuxarı və orta axınlarında formalaşır. Regionun su ehtiyatlarının antropogen çirklənməsinin mühüm amillərindən biri dağ-mədən və metallurgiya müəssisələrinin tullantı suları, o cümlədən mis-molibden yataqlarının istismarı ilə bağlı fəaliyyət nəticəsində yaranan çirklənmədir. Araz və Kür çaylarının vəziyyəti əhəmiyyətli dərəcədə hövzə üzrə qonşu dövlətlərin həyata keçirdiyi antropogen fəaliyyətin miqyası və xarakteri ilə müəyyən olunması qeyd edilir.

Konfransda həmçinin hüquq üzrə fəlsəfə doktoru, dosent İlham Malik oğlu Əliyev “Beynəlxalq xarakterli cinayət olan ekosidin mənəviyyata zidd mahiyyəti və onun Azərbaycan qanunvericiliyində təsbiti” mövzusunda qiyabi-distant şəklində çıxış edib və qlobal ekoloji böhran şəraitində ətraf mühitin mühafizəsi problemin milli tənzimləmə çərçivəsindən kənara çıxaraq ümumbəşəri dəyər xarakterindən bəhs edib. Məruzəçinin fikrinə görə – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində ekosidə görə 2024-ci ilə qədər cinayət məsuliyyəti nəzərdə tutulmamışdır ki, bu da qanunvericilikdə uzunmüddətli boşluq kimi qiymətləndirilə bilər və ekosidin mənəviyyata zidd mahiyyəti insan hüquqlarının, gələcək nəsillərin maraqlarının və təbiətin dəyərinin nəzərə alınmamasında təzahür edib.

Hər iki çıxış Konfrans iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdı. Bütün çıxışlar ingilis, serb və rus dillərinə tərcümə olunurdu.