23.02.2026, 15:49 - Baxış sayı: 83

Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Fəlsəfi şüur və şeir” mövzusunda elmi konfrans keçirilib


Fevralın 23-də Fəlsəfə və Sosiologiya İnstitutunda Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunmuş “Fəlsəfi şüur və şeir” mövzusunda elmi konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 yanvar 2026-cı il tarixində dahi Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900 illiyinin qeyd olunması haqqında Sərəncam imzalayıb. Bu Sərəncam Xaqani Şirvani irsinin milli-mədəni yaddaşımızdakı yerini bir daha təsdiq etməklə yanaşı, onun zəngin ədəbi-fəlsəfi irsinin daha geniş miqyasda öyrənilməsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan keçirilən bu günkü elmi konfransı giriş sözü ilə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru f.e.d., professor İlham Məmmədzadə açaraq Xaqani Şirvaninin yalnız Azərbaycanın yox, bütün yaxın Şərq ədəbi-ictimai fikrinin XII əsrdə yetirdiyi ən görkəmli simalardan biri olduğunu vurğulayıb. Xaqani Şirvani klassik ədəbiyyata qazandırdığı yeniliklərlə bütövlükdə Yaxın və Orta Şərq xalqlarının ədəbi-fəlsəfi fikrinin inkişafına qüvvətli təsir göstərmişdir- deyə bildirib.

İnstitutun direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli “Xaqani Şirvaninin dövrü, elmi-fəlsəfi və ədəbi mühiti” mövzusunda çıxış edərək Xaqani Şirvaninin həyat və yaradıcılığından onun Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardan olduğunu bildirmişdir. Xaqani Şirvani Nizami Gəncəvidən onunla fərqlənir ki, onun çoxsaylı mətiyyələrində, qəzəllərində, səyahətnamələrində bütün dövr, region yaxın uzaq dövrlərə aid dəyərli məlumatlar var. Xaqaninin qəzəllərində ümumiyyətlə Şirvanşahlar dövlətinin həmin dövrdəki tarixi həm tarixçilər üçün, həm ədəbiyyatçılar üçün ən qiymətli mənbə hesab olunur. Çünki, Xaqani öz yaşadığı dövrü təsvir edərkən həm tarixi materiala, həm o dövrün fəlsəfəsinə, ədəbiyyatına, şerinə, din və ilahiyyat məsələlərinə dərindən bələd olan adam kimi sanki dövrün təsvirini yaradır. Xaqani yaradıcılığında parlaq lirik lövhələrlə ifadəsini tapan vətənpərvərlik motivləri şairin doğma yurda və onun gözəlliklərinə sonsuz sevgisinin dolğun poetik təzahürüdür-deyə vurğulayaraq onun “Şirvan” şerindən bir parça səsləndirib.

Daha sonra f.ü.f.d., dosent Faiq Ələkbərli “Xaqani Şirvaninin yaradıcılığında fəlsəfi məsələlər”, f.e.d. Arzu Hacıyeva “Xaqani Şirvaninin timsalında Azərbaycan orta əsr fəlsəfi poeziyasının tədqiqinə dair”, f.ü.f.d. Zaur Rəşidov “Xaqaninin fəlsəfəsində həbsin simvolu və dinlərin vəhdəti: zünnar anlayışı kontekstində”, ümumi işlər üzrə direktor müavini Qabil Camalov “Töhfət-ül-İraqeyn” və “Mədain xərabələri” əsərlərinə bir baxış” mövzularında çıxışlar edərək mövzu ətrafında öz fikirlərini bölüşüblər.