“Əli və Çet. İnsan əqli və süni intellekt arasında dialoqlar” kitabı barədə
Fəlsəfə elmləri doktoru, professor Əli Abasovun rus dilində nəşr olunmuş
“Əli və Çet. İnsan əqli və süni intellekt arasında dialoqlar” kitabının elmi redaktorundan
Etiraf edirəm, bütün elmi-tədqiqat fəaliyyətim dövründə ilk dəfədir ki, bir elmi kitab haqqında rəyi böyük zövq və heyranlıq hissi ilə yazıram. Üstəlik, bu tamamilə şəxsi istəyimlə, “Əli və Çet” kitabını oxuyub bitirdikdən dərhal sonra yaranmış bir ehtiyacdan irəli gəldi. Mən təxirəsalınmaz vəzifə və öz borcum hesab etdim ki, yerli və beynəlxalq ictimaiyyəti, müxtəlif peşə və yaş qruplarından olan insanları dəyərli kitabın işıq üzü görməsi ilə əlaqədar mümkün qədər tez məlumatlandırım, onların nəzər-diqqətini əsərə yönəldim. Güman ki, o, çağdaş dövrün və gələcək illərin bestsellerinə çevriləcək. Yüksək elmi-nəzəri səviyyəsinə, danılmaz orijinallığına, evristik intellektual potensialına və böyük faydalılıq əmsalına görə!
Şübhəsiz, bu kitab, hər şeydən əvvəl, dərin fəlsəfi əsərdir. Lakin onun əhəmiyyəti fəlsəfənin və onunla əlaqəli bütün elmlərin sərhədlərini aşır. Məncə, bu kitab hamı və hər kəs üçün vacibdir. Xüsusilə də müasir dövrün və gələcəyin taleyüklü problemləri ilə ciddi və dərindən maraqlanan insanlar üçün. Mövcud reallığın mahiyyətini və fəaliyyət prinsiplərini anlamağa çalışan, eyni zamanda bu reallığın yaxşılaşdırılması yollarını və üsullarını təklif etməyə can atan, dünyanı daha ağıllı, daha ədalətli və daha sabit etmək istəyən insanlar üçün!
Dialoq formasında qurulmuş monoqrafiyanın annotasiyasında qeyd olunur:
“Kitab XXI əsrin əsas intellektual problemlərindən biri – süni intellektin yaranması şəraitində zəkanın formasının dəyişməsi məsələsinə həsr olunmuş fəlsəfi tədqiqatdır”.
Şüur, sivilizasiya, məsuliyyət, ölümsüzlük və biliklərin gələcəyi problemlərinin dialoji müzakirəsi yolu ilə yeni ümumnəzəri düşüncə sisteminin – birgəintellekt fəlsəfəsinin formalaşdırılmasının zəruriliyi əsaslandırılır. Bu fəlsəfi megabilik dünyanı sinergetik qarşılıqlı daxilolma, qarşılıqlı tamamlama və qarşılıqlı zənginləşmə sistemi kimi anlama üzərində qurulur. Bu, həm insan zəkasının və süni intellektin, həm də Yer üzündə yaşayan bütün insanların, xalqların və millətlərin mütərəqqi birgə mövcudluğunu müəyyən edən ümumi düşüncə platformasıdır. Başqa sözlə desək, bu, bəşəri sivilizasiyanın düz məcraya yönümlənməsi və xilas olunması, sağlamlaşdırılması və ən məqbul inkişaf meqatrendi qazanması deməkdir. Daha geniş mənada isə – təbiətin, yaşayış mühitinin, insanın özünün, nəhayət, Kosmosun etibarlı qorunması və mükəmməl mövcudluğu deməkdir!
Ümumilikdə, fikrimcə, “birgəintellekt fəlsəfəsi”ni həm də geosiyasət və yeni dünya düzəninin formalaşdırılması baxımından layiqli nəzəri və praktiki alternativ üçün mühüm əsaslardan biri kimi qiymətləndirmək olar. Daha dəqiq desək, əsrlər boyu hökm sürən və bu gün xüsusilə qəddar şəkildə özünü göstərən “geosiyasi realizm” doktrinasına (fəlsəfəsinə) mümkün və məqbul olan alternativin təfəkkür-məfkurə, praksioloji əası kimi. Həmin doktrinaya görə, gücün (güclünün) hüququ ağıla və ədalətə qarşı sərhədsiz və kinli şəkildə hökmranlıq edir. Onun qarşısıalınmaz yürüşü və triumfu Həqiqət, Məsuliyyət və Vicdan üzərində dominantlıq edir, günahsız insanların, xalqların və ölkələrin talelərini əzir və məhv edir. Məsələn, bu kontekstdə Rusiyanın Ukraynaya qarşı təcavüzünü və ya İsrail ilə ABŞ-ın İrana qarşı siyasətini nəzərdən keçirmək olar. Bir sözlə, mahiyyət etibarilə geosiyasi realizm doktrinası ən təhrif olunmuş və amansız sosial-darvinizmin formalarından biridir.
Geosiyasi realizm doktrinası xalqlar, millətlər, cəmiyyətlər, dövlətlər arasında ədalətsizliyi, kəskin qütbləşməni daha da artırmaqla yanaşı, insanlara amansızcasına divan tutur, onların sosial-mənəvi varlığına təcavüz edir; total surətdə insanın İnsan olmaq və İnsan kimi yaşamaq imkanlarını əlindən alır, durmadan onu cansız-düşüncəsiz hansısa istifadə alətinə çevirməyə çalışır. Əslinə qalanda, geosiyasi realizm doktrinasını rəhbər tutan qlobal kapitalizmə heç yüksək mənəviyyatlı, intellektli insanlar lazım deyil, xüsusən də böyük kütlə miqyasında. Bu mənada o, Zəkaya qarşıdır. “Zəkanın suverenliyi” onun birbaşa hədəfində olan və məhvə məhkum edilmiş varlıqdır. Bəli, hələ ki, Zəka ona gərəklidir, çünki onsuz keçinə bilməz. Lakin, istismarçı kapital diktaturasının müəyyən etdiyi sayda, həcmdə, statusda və mütləq olaraq suverensiz-filansız. Üstəlik, bu “realistlərə” görə, yaxşı olar ki, “parlaq zəka” deyilənlər “Allahın sevdiyi və seçdiyi” mənşədən, dini-mədəni və coğrafi arealdan təyin edilsin!
Təbii ki, bu qeyri-insani, bəşəriyyətə qənim kəsilmiş doktrinanın hökmranlığını davam etdirmək istəyən və buna can atan “seçilmiş” dairələr üçün “qızıl milyard” ideyası müqəddəs arzu-ideal olaraq qlobal gündəlikdə qalmaqdadır. Mən deyərdim ki, süni intellektin və robot texnikasının inkişafı müəyyən mənada onların ifrat materialist istəklərini və korporativ maraqlarını daha da gücləndirib. Ən əvvəl ona görə ki, ciddi nəzarətləri/sərəmcanları altında olan elm, texnika və texnologiyanın ən yeni nailiyyətləri onlar tərəfindən intəhasız sərvət toplamaq, insanları əsarət altına almaq və istismar etmək üçün daha əlverişli, məhsuldar və etibarlı vasitə kimi qavranılır və təqdir edilir. Təbii ki, əsasən, “başqaları”nın – fərqli mədəniyyətlər, inanclar və etnik mənsubiyyətlər nümayəndələrinin! İlk növbədə “yadlar” istismar, qarət buxovları altında sürünməlidirlər! Aydındır ki, belə gedişlə qurulacaq “yeni dünya nizamı” ümumbəşəri sivilizasiya üçün yaxşı heç bir şey vəd etmir. Və bu halda süni intellektin döğura biləcəyi fəlakətlərin mümkünlüyünü bəribaşdan söyləmək olar.
Diqqətəlayiq haldır ki, Ə.S. Abasovun təqdimatında “birgəzəka fəlsəfəsi” nəsihətlər, deklarasiyalar və ya kateqorik imperativlər üzərində qurulmur. Burada bəsit və primitiv “gəlin mehriban yaşayaq” çağırışı yoxdur. Əksinə, burada yumşaq, hörmətli və çevik, eyni zamanda ciddi şəkildə əsaslandırılmış, mənəvi və məntiqi baxımdan ardıcıl fikir təqdimatı, sistemli mühakimə və nəticə çıxarma prosesi mövcuddur. Nəhayət, açıq sistem kimi bütöv epistemoloji bazaya malik ümumi düşüncə şəbəkəsinin qurulması həyata keçirilir.
Bu sistem yeni mülahizələrə, nəticələrə, təklif və tövsiyələrə açıqdır. Yəni özünü təkmilləşdirməyə və zənginləşdirməyə qabiliyyətlidir. Bu mənada professor Əli Abbasovun düşüncə dialektikası, əslində, dialektikanın məzmun-mahiyyətcə boğulduğu və öldürüldüyü yanaşmalardan xeyli üstün və parlaq görünür. Tarixən “dialektika” anlayışının örtüyü altında Həqiqət üzərində diktat həyata keçirilib və bu diktat tədricən hər şeyə qarşı amansız terrora çevrilib, kütləvi repressiyalara yol açıb. Əslinə qalanda, fikrimcə, isə hər bir diktatura, despotiya məhz həqiqət üzərində diktatdan başlayır.
Müəllifin fikrincə, kitabda təqdim olunan dialoqun əsas dönüş nöqtəsi “rəqabət məntiqindən qarşılıqlı asılılıq məntiqinə keçid” olmuşdur. O, həmçinin qeyd edir ki, bu keçid əvvəlcədən planlaşdırılmamışdı. Tədqiqatın ümumi məna-məzmunundan və ruhundan çıxış etsək, mənə elə gəlir ki, “qarşılıqlı asılılıq məntiqi” ifadəsi oxucuya bu qədər gözəl təqdim olunan interpretasiyanın bütün dərinliyini, məna çalarlarını, zənginliyini və zərifliyini tam əhatə etmir. Qəti şəkildə iddia edə bilmərəm, lakin bəlkə də burada “pozitiv sinergizm məntiqi” ifadəsindən istifadə etmək daha münasib olardı. Bu məntiqə əsaslanan düşüncə tipini isə “tənqidi-sinergetik düşüncə tipi” kimi müəyyənləşdirmək olar.
Qeyd edim ki, burada “tənqidilik”, ilk növbədə, özgəsinin deyil, insanın öz düşüncəsinə münasibətdə nəzərdə tutulur. Əslində, bu münasibət olmadan “özünütənqid” üçün yer qala bilməz. Halbuki, özünütənqidin olmaması və ya zəif fəaliyyəti həm gündəlik həyatda, həm də cəmiyyətin siyasi, iqtisadi, sosial və mənəvi həyatında çox ciddi mənfi nəticələrə gətirib çıxarır. Bu, xüsusilə, geosiyasət və beynəlxalq münasibətlər, dünya düzəninin qurulması və fəaliyyəti kontekstində mühüm əhəmiyyət kəsb edir. Hər şeydən əvvəl isə dövlət rəhbərlərinin və aparıcı siyasətçilərin düşüncə tipi, intellektual-mənəvi potensialı, davranışı və praktiki fəaliyyəti baxımından!
Fikrimcə, fəlsəfə hər şeydən əvvəl filosofun öz taleyinin əksi və ifadəsidir. Burada həyatın və yaradıcılığın, qayğı və narahatlıqların, nailiyyət və uğurların əsas daşıyıcısı məhz zəkadır. Elə bir zəka ki, yalnız dərinliyi və miqyası ilə deyil, çox zaman tam həcmdə və mənada anlaşılmayan müəmmalılığı ilə də fərqlənir. Məhz bu müəmmalılıq fəlsəfəyə xüsusi spesifiklik verir. Həmin spesifiklik fəlsəfi düşünməyə cəsarət edən və bunu bacaran insanı həmişə azsaylı insanlar kateqoriyasına – yəni, əqli dərinlik və mütəfəkkirlik baxımından seçilmişlər sırasına daxil edir. Bu kateqoriyanın nümayəndələrinin sayca son dərəcə az olmasını nəzərə alsaq, onu hətta “çoxluq” adlandırmaq belə çətindir.
Lakin, bir çox hallarda faciə ilə müşayiət olunan problem ondadır ki, həmin spesifiklik və onun müəmmalılığı insanla olduqca acı və kədərli bir oyun oynaya bilər. Məsələ bundadır ki, fəlsəfə müəyyən mənada son həddə çatmış düşüncəyə, yaxud metafizikanın “esxatologiya” adlandırdığı anlayışa meyllidir. Mənə elə gəlir ki, insanın fəlsəfəçiliyə iddiası məhz bu müstəvidə tale tərəfindən sınağa çəkilir. Burada əsas meyar isə, bütün çətinliklərə, maneələrə, əzab-əziyyətlərə baxmayaraq, insanlıq imtahanından uğurla keçməkdir. Ləyaqəti, məsuliyyəti və vicdanı qoruyub saxlamaq, gündəlik həyatda və yaradıcılıqda insanlara, cəmiyyətə və dünyaya faydalı olmaqdır!
Bu imtahandan uğurla keçən iddiaçı əslində fəlsəfə ilə məşğul olmaq, fəlsəfə adından danışmaq və yazmaq üçün mənəvi (hətta deyərdim — ilahi!) bir sanksiya qazanır. Əli Abasov da bu sınaqdan uğurla keçmiş nadir insanlardandır. “Əli və Çet” kitabı bunun növbəti inandırıcı sübutudur. Ümidvaram ki, şiddətləşərək davam edən düşüncə xaosundan, insaniliyin özüllərini çürüdən axın və dəblərdən xilas olmaq yolunda əsər çox fayda verə bilər. Vacibdir ki, ona layiqli diqqət yetirək, onu dərindən mənimsəyək!
Kitabla yaxından tanış olmağı müxtəlif peşə sahiblərinə, yaradıcı-məhsuldar və məsuliyyətli elmi təfəkkürün formalaşmasına can atan və çalışan hər kəsə tövsiyə edirəm. Xüsusilə isə – gənclərimizə, böyüməkdə olan nəslə! Çünki mütərəqqi Yeni Sivilizasiyanı yaratmaq missiyası məhz onların üzərinə düşəcək.
Professor Ə.S. Abasova möhkəm cansağlığı, xoşbəxtlik və yaradıcılığında yeni-yeni uğurlar arzulayıram.
Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Fərhad oğlu Abbasov

