HEYDƏR ƏLİYEVİN NAXÇIVANDA XİLASKARLIQ MİSSİYASI VƏ TÜRKİYƏ İLƏ MÜNASİBƏTLƏR (1991-1993)
SSRİ tərkibində müttəfiq respublika sayılan Azərbaycanda 1980-ci illərin sonlarında olduqca ağır siyasi vəziyyət yaranmışdı. Sovetlər Birliyinin tərkib hissəsi olan Ermənistanda Azərbaycana qarşı qaldırılan əsassız ərazi iddiaları tədricən əməli müstəviyə keçmiş, həm Azərbaycanın Qarabağ bölgəsində separatizm hərəkatı başladılmış, həm də sərhədboyu ərazilərdə Azərbaycan torpaqlarını ələ keçirmək üçün təcavüzkar hərəkətlər törədilmişdi.1990-cı ilin yanvar ayının ortalarından etibarən daha da şiddətlənən erməni təcavüzkarlığı nəticəsində Azərbaycanın Naxçıvan Muxtar Respublikasının kəndləri topa tutulmuş, yaxşı silahlandırılmış erməni quldur dəstələrinin hücumuna məruz qalan sərhəd kəndlərimizdə şəhidlər verilmişdi. Bütün bunlar SSRİ hökumətinin erməni separatizminə açıq-aşkar dəstəyi şəraitində həyata keçirilirdi. Bununla əlaqədar Azərbaycan xalqının böyük əksəriyyətində mərkəzi hökumətə və kommunist ideologiyasına qarşı tam inamsızlıq yaranmışdı. Yanvarın 19-da Ermənistan silahlı dəstələrinin Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədlərində təcavüzünün daha da şiddətlənməsi və bu təcavüz qarşısında əliyalın xalqın çarəsiz qalması ona gətirib çıxardı ki, həmin gün gecə yarısı təcili toplanan Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (Naxçıvan MSSR) Ali Sovetinin deputatları fövqəladə sessiya keçirib “Naxçıvan MSSR-də yaranmış ictimai-siyasi vəziyyət haqqında” məsələ müzakirə etdilər. Sessiyada SSRİ hökuməti tərəfindən Azərbaycan torpaqlarına, o cümlədən Naxçıvan ərazilərinə ermənilər tərəfindən təcavüzün qarşısı alınmadığına, Muxtar Respublikanın ərazi bütövlüyünün pozulmasına göz yumulduğuna görə Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması və özünü müstəqil respublika elan etməsi haqqında qərar qəbul edildi. Bu qərarda vurğulanırdı ki, 1921-ci ilin oktyabrında imzalanmış Qars müqaviləsinin şərtləri kobud şəkildə pozulduğundan, Muxtar Respublika əhalisinin təhlükəsizliyi və torpaq bütünlüyü təmin olunmadığından bu addım atılır.(Naxçıvan Ensiklopediyası. 2 cilddə, 1-ci cild, Qars Müqaviləsi. Naxçıvan, 2005, s.321)
Bu qərar və bu addımla əlaqədar dünyanın böyük dövlətlərinə və xalqlarına Müraciət qəbul edildi və radiokanallar vasitəsilə müxtəlif dillərdə yayımlandı. Naxçıvanda yaranmış vəziyyətlə əlaqədar həmin ölkələrin rəhbərliyinə və oradakı diplomatik nümayəndəliklərə çatdırılması üçün Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasının Təbriz şəhərinə gizli olaraq heyətlər göndərildi. Bir həftə bu şəkildə davam edən “müstəqillik” şəraitində nəşr edilən “Şərq qapısı” qəzetində mərkəzi hakimiyyəti, xüsusilə Mixail Qorbaçovu, Kremlin ermənipərəst siyasətini kəskin tənqid və ifşa edən məqalələr dərc olunurdu. Həmin vaxt məsul vəzifə tutan bu sətirlərin müəllifinin də dərc edilən “Səngərdən məktub” adlı məqaləsində Kommunist Partiyasının, Sovet dövlətinin bu mənfur siyasəti pislənmiş və vətəndaşlarımıza Kommunist Partiyası sıralarını tərk etmək çağırışı edilmişdi. (Bax: “Şərq qapısı” qəzeti, 23 yanvar 1990-cı il)
Azərbaycan SSR rəhbərliyi Naxçıvan MSSR Ali Sovetinin qərarını ləğv edərək və Naxçıvanın partiya sovet rəhbərliyinə təzyiq göstərərək onları Moskvaya tabe etdirməyə çalışırdı. Belə bir şəraitdə Naxçıvana Ermənistan tərəfindən həmlələr, basqınlar davam edir, insanların girov götürülməsi, mal-qaranın aparılması kimi hallar baş verirdi. Bəzi hallarda belə qanunsuz hərəkətlərin qarşısı alınsa da, vəziyyət acınacaqlı idi. Bakı-Naxçıvan qatarı ermənilər tərəfindən tez-tez dayandırılır, sərnişinlər girov vəziyyətinə düşürdü. Naxçıvan ərazisində də ermənilərin bu hərəkətlərinə adekvat cavablar veriləndə Mərkəzi hökumətin Naxçıvana təzyiqləri güclənirdi. Bir sözlə, ermənilər fürsət yaranan kimi Azərbaycanın həm Qarabağ vilayətini, həm də Naxçıvanı ələ keçirmək üçün hərtərəfli fəaliyyətə başlamışdılar.
Azərbaycanda, həmçinin onun əsas hissəsindən Ermənistan ərazisi ilə ayrı salınmış Naxçıvan bölgəsində yaranmış mürəkkəb siyasi-hərbi şəraitdə, 20 iyul 1990-cı il tarixində ulu öndər Heydər Əliyev Moskvanın təqiblərindən yaxa qurtararaq Bakıya, iki gün sonra isə Naxçıvana gəldi.(Azərbaycan Respublikasının tarixi.1-ci cild, Bakı, Azərbaycan Tarixçiləri İctimai Birliyi, 2016, s.21) Bu gəlişin əhalidə yaratdığı ümid işığını elə ilk gün on minlərlə adamın iştirak etdiyi izdihamlı görüşdə müşahidə etmək olardı. Xalq öz sevimli rəhbərinə, uzun illər Azərbaycana uğurla və şərəflə xidmət etmiş, SSRİ hökumətinin başında duranlardan biri olmuş Heydər Əliyevə haqlı olaraq bir xilaskar kimi baxırdı. Çünki Naxçıvan əhalisi cəsur və mübariz olmasına baxmayaraq həm təcavüzkar ermənilərin işğalçı siyasətlərinə qarşı, həm erməniləri dəstəkləyən Sovet hökumətinin təxribatçı qurumlarına qarşı təkbaşına mübarizə aparmalı olmuşdu. Azərbaycanın o zamankı Moskvapərəst rəhbərliyi Heydər Əliyevə Bakıda yaşamaq imkanı vermədiyi kimi, Naxçıvana mümkün olan yardımı da etmirdi. Digər tərəfdən də, iqtisadi blokada. Vaxtilə Sovet hökuməti tərəfindən Azərbaycan ərazisi olan Zəngəzur bölgəsinin Ermənistana verilməsi nəticəsində bütün kommunikasiyalar da bu ərazidən keçdiyindən yaranmış fürsətdən istifadə edən ermənilər Naxçıvana ötürülən elektrik, qaz, rabitə xətlərini kəsməklə bölgəni tamam əzmək istəyində idilər.
Belə bir şəraitdə Azərbaycan rəhbərliyinin və onun Naxçıvandakı funksionerlərinin təzyiqinə baxmayaraq Heydər Əliyevi Naxçıvan seçiciləri həm Azərbaycan Respublikası Ali Sovetinə, həm də Naxçıvan Muxtar SSR Ali Sovetinə deputat seçərək böyük xilaskarlıq missiyası üçün ona yol açdılar. Xalqda qəti inam yaranmışdı ki, yalnız Heydər Əliyev ölkəni bu çıxılmazlıqdan qurtara bilər. Akademik İsa Həbibbəyli yazır: “....Ümummilli lider Heydər Əliyev böyük xilaskarlıq missiyasına Naxçıvan Muxtar Respublikasından başlamışdı. Bu dövrdə Naxçıvan Muxtar Respublikası ölkənin xilası laboratoriyası funksiyasını həyata keçirirdi. O zaman Naxçıvan Heydər Əliyevin xilaskarlıq məktəbinə çevrilmişdi” (İsa Həbibbəyli Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr. Naxçıvan, “Əcəmi”, 2013, s. 156)
3 sentyabr 1991-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Ali Məclisi deputatlarının yekdilliklə səs verməsi və Muxtar Respublika əhalisinin dəfələrlə təkidli tələbi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublika Ali Məclisinə sədr vəzifəsinə seçilməyə razılıq verdi.Ali Məclisin sədri kimi, Azərbaycanda müstəqil dövlət quruculuğunun ilk və əsas tədbirlərini həyata keçirən, Naxçıvanın erməni işğlından xilası, sosial-iqtisadi vəziyyətin düçar olduğu ağır böhran durumundan qurtarılması üçün fədakarlıqla səy göstərən, bütün çətinliklərə əzmlə dözüb vəziyyətdən çıxış yolları tapan Heydər Əliyev ilk növbədə Naxçıvanı blokadadan çıxarmaq üçün qardaş Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əlaqələrin qurulmasına önəmli əhəmiyyət verirdi. Heydər Əliyevin Türkiyə Cümhuriyyətinə və İrana səfərləri, dövlət və hökumət başçıları ilə görüşləri və müzakirələri nəticəsində Azərbaycan hökuməti tərəfindən gözümçıxdıya salınan Naxçıvana yollar açmaq, əhalini aclıq və soyuqdan qismən qorumaq mümkün oldu. Uzun əsrlər ayrı salınmış xalqlarımızın vahid etnik köklərə, ortaq dil və mədəniyyətə dayanan münasibətləri təbii bir doğmalıq və yaxınlıq mühiti yaratmışdı. Azərbaycan Cümhuriyyətinin öz müstəqilliyini yenidən qazanması, təbii ki, Türkiyədə məmnunluqla qarşılanmışdı və Türkiyə Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət olmuşdu. Sovet İttifaqının hələ mövcud olduğu bir vaxtda, 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti hökuməti bu cəsarətli addımı atmışdı.( Musa Qasımlı. Azərbaycan Respublikasının xarici siyasəti (1991-2003), I hissə, Bakı, Mütərcim, 2015, s.427)
Məlum olduğu kimi, 1989-cu ilin 31 dekabr tarixində Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində o zamankı SSRİ-nin İran və Türkiyə ilə dövlət sərhədinin istehkamları və tikanlı məftilləri Kremlin antiazərbaycan siyasətinə etiraz olaraq tamamilə dağıdılmışdı, Arazın hər iki tərəfindəki Azərbaycan türklərinin 70 illik qadağalardan sonra ilk dəfə bir-biri ilə qucaqlaşmaq imkanı yaranmış, az sonra isə İran və Türkiyə ilə razılaşdırılmış, sadələşdirilmiş gediş-gəliş bərqərar olmuşdu. Sovet dövlət orqanları geniş vüsət alan ümumxalq hərəkatı ilə hesablaşmağa məcbur olmuşdular.
Heydər Əliyevin məqsədyönlü Türkiyə siyasətinin nəticəsində 1991-ci il oktyabrın 29-da Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda Azərbaycanla Türkiyə arasında Araz çayı üzərindən salınmış müvəqqəti körpünün açılışı oldu. Beləliklə, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi və mədəni əlaqələr yeni mərhələyə qədəm qoydu. Noyabrın 9-da həmin körpü vasitəsilə Muxtar Respublikaya Türkiyənin “Qızıl Ay” cəmiyyətinin xətti ilə 126 ton ərzaq gətirildi.( Şərq qapısı”, 22 noyabr 1991-ci i)
Naxçıvanı türk-islam dünyasına bir qapı olaraq dəyərləndirən Heydər Əliyev Türkiyə Cümhuriyyətini Azərbaycanla birləşdirən bu yeganə ərazi bağlantısının qurulmasında, Araz çayı üzərində körpü salınıb gediş-gəlişin, iqtisadi-ticarət əlaqələrinin, mədəni-mənəvi münasibətlərin inkişaf etdirilib dərinləşdirilməsində tarixi rol oynadı. Heydər Əliyev ilk növbədə Naxçıvanı informasiya blokadasından çıxarmağa nail oldu. Onun şəxsi nüfuzu və blokada şəraitində olan Muxtar Respublkanı erməni təcavüzündən qorumaq sahəsində həyata keçirdiyi tədbirlər dünyanın bir sıra aparıcı kütləvi informasiya vasitələrinin müxbirlərinin Naxçıvana gəlməsinə , ilk mənbələrdən xəbərlər yayımlanmasına zəmin yaratdı. Məsələn, Londondan, 21 may 1992-ci il tarixində müxbir Y. Sidorovun məlumatıda bildirilirdi ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasmm rəhbəri Heydər Əliyev Londonun “Deyti tereqraf” qəzetinin orada olan müxbirinə demişdir: “Mən hərbi gərgintiyin artırılmasının əleyhdarıyam, lakin Ermənisran yenə də bu cür hərəkət etsə, kömək üçün Türkiyəyə müraciət etməkdən başqa çarəm qalmayacaqdır”. Heydər Əliyev xatırlatmışdır ki, 1921-ci ildə Qarsda imzalanmış müqaviləyə əsasən Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısıdır.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin müraciəti əsasında Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin tapşırığı ilə mayın 21-də Türkiyə Respublikası Xarici İşlər Nazirliyinin nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına gəldi. Bununla əlaqədar Ali Məclisin iclasında Heydər Əliyev məlumat verdi ki, may ayının 18-də Türkiyənin Baş naziri Süleyman Dəmirəl, xarici işlər naziri Hikmət Çətin, Baş nazirin birinci müavini Ərdal İnönü Naxçıvana telefon etdilər, lazımi məlumatlar aldılar və o gündən indiyə qədər biz Türkiyənin rəhbərliyi ilə daim əlaqədəyik. Türkiyənin Nazirlər Kabineti may ayının 18-də gecə saat 12-nin yarısında toplaşaraq geniş bir bəyanat vermişdir.Bütün bunların nəticəsində biz dünya ictimaiyyətində düzgün, obyektiv təsəvvür yarada bildik və Ermənistanın təcavüzkar mövqeyini ifşa etdik. (“Şərq qapısı” qəzeti, 23 may 1992-ci il)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı kimi həmin iclasda iştirak edən bu sətirlərin müəllifinin yaxşı yadındadır ki, Heydər Əliyev Türkiyə Cümhuriyyətinin qardaşlıq yardımını yüksək qiymətləndirirdi. O, vurğuladı ki, belə bir vaxtda bizi həm Naxçıvanın müdafiəsi, həm iqtisadiyyatin inkişafı, həm də əhalinin maddi vəziyyəti çox dərindən düşündürür. Lakin bildiyiniz kimi, daxili imkanlanmız çox məhduddur. Türkiyə bu günlər bizə yenə də hərtərəfli yardım göstərir. Bildiyiniz kimi, biz Sədərək vuruşmalarında yaralanmış 16 nəfəri müalicə olunmaq üçün Türkiyəyə göndərmişik. Əgər ehtiyac olsa, yenə də göndərə bilərik. Bundan əlavə, Türkiyədən həkimlər də gəlib və hazırda bizim xəstəxanalarda yaralıları müalicə edirlər. Dərman da göndərilib. Mən Baş nazir Süleyman Dəmirəllə telefonla danışarkən, o, bildirdi ki, “Qızıl Ay” Cəmiyyəti vasitəsilə Naxçıvana təcili yardım göndəriləcək.
Türkiyə Respublikası hökumətinin dəvəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev 1992-ci il martın 22-dən 25-nə qədər Türkiyədə səfərdə oldu. Ankarada Heydər Əliyevi Türkiyə Respublikasının Prezidenti Turqut Özal qəbul etdi.
23 mart 1992-ci il tarixində Heydər Əliyev Ankarada Baş Nazir Süleyman Dəmirəllə görüşmüşdür. S. Dəmirəl Heydər Əliyevi təqdim edərkən demişdir :Hörmətli Heydər Əliyev dünya siyasətində möhtərəm bir şəxsdir. Naxçıvan xalqı hörmətli Heydər Əliyevi baş tacı etmişdir. Şəxsən mən bunu təqdirəlayiq böyük bir iş kimi qiymətləndirirəm. Azərbaycanda da sabitlik axtarırıq və ümid edirik ki, bu yaxınlarda Azərbaycanda da siyasi sabitlik olacaq. Naxçıvanın isə bir sıra iqtisadi çətinlikləri var. Bu iqtisadi çətinlikləri aradan qaldırmaq üçün, ehtiyacları ödəmək üçün onlara kömək edəcəyik.
Heydər Əliyev çıxışında bildirmişdir ki, Naxçıvanın xüsusi bir statusunun olması, Türkiyənin Naxçıvan üçün zamin bir dövlət olması 70 il bundan əvvəl bağlanmış müqavilələrdə öz əksini tapıb. ... Mən heç də şübhə etmirəm ki, hörmətli Baş nazir, bütün türk millətini sevən insanların hamısı Azərbaycana yardım edəcəkdir. Azərbaycan türk diyarıdır, azərbaycanlılar türklərdir. İndi 100 ildən sonra türklərin qalxması üçün, türklərin bir-birinə yaxınlaşması üçün, türklərin birləşməsi üçün böyük bir fürsət yaranıb. Bu fürsətdən hər bir türk respublikası yaxşı istifadə etməlidir. (Şərq qapısı”, 1 aprel 1992-ci i)
Səfərin sonunda 24 mart 1992-ci il tarixində Ankarada Azərbaycana bağlı Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında Əməkdaşlıq PROTOKOLU imzalandı. Protokola görə Türkiyə Cümhuriyyəti hökuməti Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı, sənaye, qida və istehlak malları, nəqliyyat, telekommunikasiya, tikinti və turizm kimi sahələrdəki zəruri ehtiyaclarını təmin etmək üçün bütünlükdə 100 milyon dollarlıq bir kredit ayırdı. Razılaşdırıldı ki, Türkiyə Cümhuriyyəti ilə Naxçıvan Muxtar Respublikası arasındakı enerji xətləri ən qısa vaxtda birləşdiriləcək, Naxçıvan Muxtar Respublikası Türkiyənin elektrik şəbəkəsindən öz tələbatını qismən ödəyə biləcəkdir. (Qayıdış. s.616-617)
Protokolda iqtisadi, sosial və mədəni əlaqələrlə yanaşı, daha bir maddə - hər il 100 nəfər naxçıvanlı gəncin Türkiyənin ali təhsil ocaqlarında təhsil alması maddəsi də yer almışdı. Heydər Əliyevin bu təşəbbüsü həmin dövrdə Naxçıvan əhalisinin ərzaq, enerji və sair həyati zəruri ehtiyacları qədər lazımlı idi, belə ki, cəmiyyətdə baş verən böhranlı proseslər təhsil sahəsinə də ağır zərbə vurmuşdu. Eyni zamanda, blokada şəraiti naxçıvanlı gənclərin Azərbaycan Respublikasının ali məktəblərində təhsilə müntəzəm davam etmələrinə də ciddi əngəllər yaratmışdı. Belə bir şəraitdə Türkiyə universitetlərinin qapısının açılması və Azərbaycanlı tələbələrin təhsilinin və yaşamının həmin dövlət tərəfindən qarşılanması olduqca böyük imkan idi. Bu əsil qardaşlıq köməyi idi. Heydər Əliyev azərbaycanlı gənclərin Türkiyədə təhsil almaq imkanını çox yüksək dəyərləndirirdi. O, deyirdi ki, müqayisə edəndə görürsən ki, bir Naxçıvan üçün ildə 100 nəfərin, onun artıq 75 nəfəri yola düşür - Türkiyənin universitetlərində təhsil alması, mən sizi inandırıram ki, Türkiyənin bizə ayırdığı 100 milyon dollar kreditdən də, göstərdiyi cürbəcür yardımlardan da çox-çox qiymətlidir. Çünki bu işin qiymətini heç bir para ilə ölçmək olmaz. Bu, bizim xalqın gələcəyidir.( “Şərq qapısı” qəzeti, 7 oktyabr 1992-ci il)
Qeyd etmək lazımdır ki, Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasını birləşdirən, çox qisa bir müddətdə tikintisi başa çatdırılan Araz çayı üzərində “ Həsrət” körpüsü Vüsal körpüsünə döndü və 28 may 1992-ci ildə bu tarixi körpünün açılışı oldu. Açılışda iştirak edən Türkiyənin Baş naziri Süleyman Dəmirəl dedi: “Biz sizin çətinliklərinizi yaxşı bilirik, sizin xeyli itkilərinizdən xəbərdarıq. Lakin əmin olun: Azərbaycan özünün ədalətli mübarizəsində tək deyil. Biz dünyanın Azərbaycan haqqında həqiqəti bilməsi üçün özümüzdən asılı olan hər şeyi edirik və edəcəyik. Sizi əmin etmək isləyirəm ki, Türkiyə həmişə Azərbaycanla olmuşdur və olacaq. Biz kədəri və sevinci sizinlə birlikdə bölüşəcəyik”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev vurğuladı ki, bu gün bizim arzu və ümidlərimizin körpüsü açılır. 70 ildən artıq idi ki, biz bu günü gözləyirdik və arzularımız həyata keçdi. Bu gün biz Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadəni, onun silahdaşlarını xatırlayır və onlara əbədi minnətdarlığımızı bildiririk... Naxçıvan özünün faciəli günlərini yaşayır. Naxçıvanla Ermənistan sərhəddində müharibə gedir. Naxçıvanın qəhrəman oğulları çətinliklərə baxmayaraq öz doğma torpaqlannı müdafiə edirlər. (Qayıdış, 1996, s.638).
Həmin il iyunun 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev Türkiyənin Baş naziri Süleyman Dəmirəlin dəvəti ilə Türkiyədə səfərdə oldu. Heydər Əliyev İzmirdə keçirilmiş milli iqtisadi konqresdə iştirak etdi. Görüşlərdə vizasız gediş-gəliş barədə razılıq əldə edildi və Naxçıvanda Türkiyənin konsulluğunun açılması məsələsi də həll edildi. (“Şərq qapısı” qəzeti, 17 iyun 1992-ci il)
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev 1993-cü il aprel ayının 19-dan 25-dək Türkiyə Respublikasında yenidən səfərdə oldu. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəylə birlikdə Türkiyə Respublikasının Prezidenti Turqut Özalın Ankarada və İslanbulda keçirilən matəm mərasimlərində iştirak etdi. Türkiyə Respublikasının Prezidenti Turqut Özalın dəfn mərasimi başa çatdıqdan sonra Heydər Əliyev İslanbuldan Ankaraya qayıtdı, aprelin 23-də və 24-də Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı və blokada ucbatından burada yaranmış problemlərin həlli ilə əlaqədar Türkiyə hökuməti nazirləri ilə işgüzar görüşlər keçirdi. Heydər Əliyev aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin Türkiyə Respublikasının yaradılmasının 73-cü ildönümünə həsr olunmuş iclasında iştirak etdi, aprelin 24-də Türkiyə Respublikasının Baş naziri Süleyman Dəmirəl Heydər Əliyevi qəbul etdi.
Naxçıvan MR Ali Məclisinin sədri olaraq Muxtar Respublikaya rəhbərlik etdiyi dövrdə (3 sentyabr 1991-15 iyun 1993) beş dəfə qardaş Türkiyəyə səfər edən Heydər Əliyev Naxçıvan bölgəsində hərtərəfli xilaskarlıq missiyası həyata keçirirdi. Naxçıvan bölgəsinin etibarlı müdafiəsi və zəruri həyat tələbatlarının təmin edilməsi ilə yanaşı, onun Qardaş Türkiyə Cümhuriyyətinin siyasi rəhbərliyi ilə, Türkiyənin yaxın-uzaq vilayətlərinin başçıları və ictimaiyyəti ilə qurduğu əlaqələr və xoş münasibətlər Azərbaycan Respublikasına rəhbərlik etdiyi sonrakı illərdə “Bir millət, iki dövlət” formulunda uğurla davam etdi. Artıq uzun illərdir ki, dəfələrlə tarixin sınağından üzüağ və şərəflə çıxan Azərbaycan- Türkiyə Birliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan qardaşlığında daha da möhkəmlənərək xalqlarımızın qarşısında yeni zəfərlər yolu açır. Bu daim uğura aparan Heydər Əliyev Yoludur!
Eynulla Mədətli
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor
müavini, tarix elmləri doktoru, Fövqəladə və səlahiyyətli səfir

