15.05.2026, 10:29 - Baxış sayı: 5

Hüquq və əxlaq: əxlaq və təbii qanun arasında qarşılıqlı əlaqə


Əxlaq və təbii qanun arasında qarşılıqlı əlaqəni təhlil etməzdən əvvəl, əxlaq və təbiət arasında olan bağlılıqdan bəhs etməliyik. Çünki əxlaq və qanun hər ikisi insan varlığını (ruhi və cismi) dəyərləndirmək üçün İlahi tərfindən insana verilən – təbətdə mövcud olan yüksək imtiyazdır. Bu imtiyazın ruhi və cismi tərəfləri olduğu kimi təbii tələbləri də mövcudur. Sağlam düşüncə təbiətdə mövcud olan və olmayan şeyləri sadəcə fərqləndirir. Təbiətdə ağaclar, qayalar, dağlar, heyvanlar və s. var, amma kompüterlər, avtomobillər, evlər, klublar və s. təbiətdə yoxdur, bnların hamısı insan tərəfindən yaradılır. Belə olan halda, onda doğru və yanlış haqqında nə demək olar? Onlar təbiətdə var, yoxsa onlar da insan tərəfindən yaradılıb? Aydındır ki, doğru ilə yanlış qayaların altında olmur, ağacların yarpaqlarında bitmir. Biz onları görə bilmirik, hiss edə və eşidə bilmirik, amma gün qürub edəndə görürük, küləyi hiss edirik və ildırım gurultusunu eşidirik. Buna görə də doğru və yanlışı burada görmək mümkün deyil, yeganə ağlabatan sual onların təbiətdə varlığının olub-olmamasıdır. 

Burada çox mühüm suallarla üzləşirik: əxlaq varlıqların təbii nizamının etibarlı bir hissəsidir, yoxsa sosial quruluşdur? Problemi bu şəkildə nəzərdən keçirsək sual verə bilərik: təbiəti olduğu kimi dərk etməklə nəyin doğru və yanlış olduğunu müəyyən edə bilərikmi? Təbii qanun bu suala müsbət cavab verir. Təbii qanuna əsasən, əxlaq mövcud olan təbii varlıqların bir hissəsidir. Fərdi və ictimai davranışlarda ən vacib şeylər təbii olaraq doğru və ədalətlidir, insanların düşüncə və hərəkətlərindən asılı deyildir. Digər şeylər, məsələn, geyim tərzi, adət-ənənələr yalnız adət və ənənəyə görə düzgün hesab olunur. Bu barədə ilk fikir yaradan Roma dövlət xadimi və filosofu Mark Tulli Siseron olmuşdur: “qanun insan dühasının yaratdığı bir şey deyil, həmçinin xalqın əmri ilə də yaranmayıb, qanun bütün dünyanı idarə edən əbədi bir prinsipdir”. Belə bir əbədi qanun əxlaqi-mənəvi qanunçuluğun bir forması olaraq, bütün hallarda insanlara hökm edir. Əbədi, ümumi və ya ümumbəşəri qanun mütləqdir və əxlaqi nisbiliyin əks istiqamətindədir. Məlumat üçün qeyd etmək istərdik ki, əxlaqi nisbilik və ya etik relativizm (moral relativism or ethical relativism) müxtəlif təbəqələr və mədəniyyətlər arasında əxlaqi mühakimələrdəki fərqlə bağlı bir neçə fəlsəfi mövqeyi izah etmək üçün istifadə olunan termindir.

Belə olan halda dərhal ağlımıza iki sual gəlir: birincisi, əxlaq və təbii qanun arasında qarşılıqlı əlaqə dedikdə hansı məsələlər nəzərdə tutulur? İkincisi, təbii qanun bizim üçün hansı əməlləri müəyyən edir? Bəzən belə bir fikir yaranır ki, Tanrı təbiətdə mövcuddur (immanent), hətta təbiətin obyektidir (Rəvvaqi – Stoaçılıq məktəbində olduğu kimi), bəzən Tanrı təbiətdən müstəqil hesab olunaraq dünyanı yaradan bir varlıq kimi tanıdılır (xristian dinində olduğu kimi). Bununla belə, təbii qanuna əsaslanan bir sıra müasir əxlaq nəzəriyyəsində belə hesab olunur ki, Tanrının varlığı fərziyyəsi təbii qanun üçün lazım deyil. Ona görə də, Tanrının təbiətlə yanaşı təbii qanunun mənbəyi hesab edilib-edilməməsindən asılı olaraq, təbii qanuna əsaslanan əxlaqın həm dini, həm də qeyri-dini formaları mövcuddur.

XVI-XVII əsrlərdə milli dövlətin formalaşması və böyüməsi ilə beynəlxalq qanunların mahiyyətinə, siyasi və hüquqi öhdəliklərin əsaslandırılmasına maraq səviyyəsi yüksəldi. Buna görə də təbii qanun nəzəriyyəsi əxlaqdan daha çox siyasi və sosial fəlsəfə, hüququn fəlsəfəsi ilə əlaqəli olan nəzəriyyələrin yaranmasına səbəb oldu. Ancaq buna baxmayaraq, təbii qanun öz prinsiplərində sabit olaraq qalmaqdadır. Təbii qanun insanın başqaları ilə yanaşı özünə qarşı olan vəzifələrini də izah etmək zərurətini təsdiq edir. Başqalarına qarşı öhdəliklərə gəlincə, bütün insanlar üçün mütləq və hər yerdə məcburi olan öhdəliklərin izahının zəruriliyi nəzərdə tutulur. Şərti vəzifələrə əlavə olaraq bu, konkret humanitar institutların zəruriliyini tələb edir. Məhz bu şərti vəzifələr haqqında aparılan araşdırmalar (təbii qanuna dair düşüncə) sosial və siyasi fəlsəfəni doğurdu.

Ancaq insanın təbiətlə əlaqəsinə gəldikdə isə təbii qanun bəzən insanın təbiətinə, bəzən isə fitri (zati) tələblərinə bağlıdır, yəni təbii qanun nəzəriyyəsində insan səadəti önə çəkilir. Nəzərə almalıyıq ki, bu məfhumun dərk edilməsi insanın təbii imkanları ilə bağlıdır. Məlum olduğu kimi insanlar təbiətdə doğulur, yaşayır və ölürlər; təbiət bir ana kimi insanın inkişafında və böyüməsində mühüm rol oynayır və ona görə də bunu nəzərdən qaçırmaq olmaz. İnsanın təbiət və ya ətraf mühitlə əlaqəsi müqəddəs qanunlarla tənzimlənir. İnsan İlahi vəhyin formalaşmasında əsas rol oynayan qanunlara uyğun olaraq yaradanın əmrinə tabe olur və təbiətlə üz-üzə gələrək yer üzündə israfçılıqdan, fitnə-fəsaddan özünü xəbərdar edir. İslam dini baxımından təbiət insanlara əmanətdir və insanlar bu mövzuda sorğu-sual olunacaqlar (Qurani-Kərim, 1/27; 5/87; 54/49).

Mövzuya fəlsəfi aspektdən baxsaq deyə bilərik ki, bu mövzu, yəni insanın təbiəti və onun təbiətlə əlaqəsi fəlsəfi antropologiyada geniş araşdırılır. Fəlsəfi antropologiya özünün rasional (əqli) təbiətinə əsaslanaraq ümumi insanı nəzərə alır, çünki fəlsəfi biliyin mahiyyəti ümumi anlayışlar haqqında bilikdir və filosof xüsusi və şəxsi məsələlər axtarmır. Başqa sözlə desək, fəlsəfə insanın varlığını araşdırarkən konkret bir insanı və ya bir insanı konkret vəziyyətdə zaman və məkanda öyrənmir, fəlsəfə insanın fitrətinə və insanla bağlı reallıqlara diqqət yetirir. Buna görə də antropologiyada fəlsəfə həqiqət teoremi şəklində insanın təbiətini, ekzistensial meyarlarını, insanın təbiətilə bağlı qaldırılan məsələləri bilməyə çalışır və bunları təcrübə, sınaq yolu ilə deyil, məhz rasional düşüncə və təhlil əsasında araşdırır; keçmiş, indiki və gələcək bütün insanlar bu elmin mövzusudur və onun metodu təfəkkürə əsaslanır, həmçinin insanın təbiəti haqqında danışmaq, insanların əsasən ortaq bir təbiətə sahib olduğu vacib fərziyyəni ehtiva edir. Bu ümumi anlayışdan məqsəd insanın təbiətinə xas olan xüsusiyyətlərdir ki, bütün insanlarda da mövcuddur və insanın təbiətini öyrənməyə çalışan antropologiya həqiqi bir teoremdir. Sokrat, Platon, Aristotel, İbn Sina, Fərabi, Sədrəddin Şirazi (Molla Sədra) kimi böyük filosoflar bu elmin carçıları hesab olunurlar. Əslində Tanrı, dünya və insan məsələsi tarix boyu filosofların qarşısında bir çox suallar qoymuşdur ki, bunlardan biri də insana mənsub olan haqlardır. Çünki inasana verilən haqlar ilk növbədə İlahi tərfindən təbii olaraq verilmişdir; haqlar sonradan deyil, insan yarandığı vaxtdan onunla birlikdə yaranır. Hər bir varlıq ona mənsub olan haqlardan qanunun tələblərinə uyğun olaraq faydalanmalıdır; bu, onun təbii haqqıdır. Qurani-Kərimin bir çox ayələrində təbiətlə yanaşı bütün canlılar üçün haqlar göstərilir. Bunların arasında insan haqları xüsusi yer tutur, çünki insan yer üzündə Tanrının seçilmiş və sevdiyi varlığıdır; insanda olan mehr-məhəbbət məhz Tanrının insana olan məhəbbətindən irəli gəlir. Hər şey insan üçün yaranıb, ancaq insan da yaradanı qarşısında cavabdehlik daşıyır. Təbii ki, bu cavabdehlik təkcə ruhi və mənəvi deyil, həm də əməli (praktiki) olaraq yerinə yetirilməlidir.

Əxlaq təbii qanunda daşıyıcı funksiya ola bilərmi? Ümumiyyətlə, əxlaq üstündür yoxsa qanun?

Əxlaq təbii qanunda daşıyıcı funksiyadır dedikdə, yəni təbii qanunun bütün tələblərində əxlaq normalaına təkid olunur. Buna fəlsəfi aspektdə yanaşsaq şahidi olarıq ki, insanın firətində əxlaqi vicdan (moral conscience) deyilən bir istək, meyil mövcuddur ki, bu, insan təbiətində özünü göstərir. Təbii qanun İlahi qanunla eynidir, ona görə ki, ağıl vasitəsilə dərk olunur; ümumbəşəri ehtiyaclar, insan meylləri haqqında elmi biliklər bir-birini tamamlayan meyarlardır ki, birbaşa olaraq əxlaq və qanuna söykənir. Filosoflar, xüsusilə Akvinalı Tomas təbii qanunu əməli ağlın (practical reason) ilk qaydaları kimi müəyyən etmişdir və bununla o, əxlaqın təbii qanunda daşıyıcı funksiya olduğuna işarə etmişdir. Bu ümumi ilkin prinsiplər hansısa toplunun istəyi ilə deyil, təbii olaraq tanınır və bir çox etik mühakimələrdə qapalı olaraq mövcuddur. Məhz bu səbəbdəndir ki, Ralf Mukeynri “Xristian etikası” adlı əsərində bu prinsiplərin ümumi olaraq əxlaq fəlsəfəsinə, yəni etika və məişət idarəçiliyinə, mülki siyasətə və mülki qanuna hakim olduğunu bildirmşdir

Mövzun araşdırarkən digər mühüm bir sual qarşımıza çıxır: əxlaq üstündür yoxsa qanun? Bu suala cavab vermək üçün diqqəti aşağıdakı mövzuya yönəldək.

Əxlaqın təbii qanunda daşıyıcı funksiya olduğunu nəzərə alsaq, belə bir sualla üzləşirik: əxlaq üstündür yoxsa qanun? Digər tərəfdən, hüququn fəlsəfəsinə əsasən əxlaq və qanunun nisbətindən bəhs edərkən yenə bu sualla qarşılaşırıq: əxlaq qanundan üstündür ya qanun əxlaqdan?

İlk olaraq qeyd etməliyik ki, insanlar qanun qarşısında bərabər olanda insanlardan riyakarlıq, sünilik, yaltaqlıq ruhu uzaqlaşır. Qanunun aliliyini sübut etmək üçün deyə biləcəyimiz birinci dəlil (first proof) qanunun nizam-intizam yaratmasıdır. Əgər borclu borcunu vermədiyi halda (gərək borcunu ödəsin) məhkəmənin onu mühakimə etdəcəyini bilmirsə və ya cinayətkar etdiyi cinayətin müqabilində cəzalandırılacağına əmin deyilsə, belə olan halda heç bir tərəqqidən söhbət gedə bilməz. Buna görə də nizam-intizam yaratmaq hər bir ölkənin ehtiyac və dəyərlərindən biridir. İkinci dəlil (second proof) qanunun aliliyidir; bəzən buna qanunun hakimiyyəti də deyilir. Bu dəlilə əsasən bütün insanlar qanun qarşısında bərabərdir. Əgər ən pis hakimiyyətlərdə fərd belə bir qayda yaratmaq istəyirsə, onda həmin fərd də qaydaya əməl etməlidir. Bu baxımdan qanun qarşısında bərabərlik formalaşır, hərçənd bərabərlik ədalətdən aşağıdır və ədalət mükəmməl olmasa da, “heç”dən daha üstündür. İnsanlar qanun qarşısında bərabər olduqda hiylə və yaltaqlıq ruhu onlardan uzaqlaşar və hakimiyyətin xoşuna gəlmək üçün özlərini göstərməyə məcbur olmurlar. (Qeyd etmək lazımdır ki, burada hər hansı bir ölkənin hakimiyyəti nəzərdə tutulmur, məqsəd hakimiyyət məfhumudur). Belə olan surətdə insanlar bir-birindən asılı olmaz və hər biri öz vəzifəsini layiqincə yerinə yetirmiş olarlar. Qanuna əsaslanan hakimiyyətlərdə dürüstlük, vicdanlılıq, vicdanlı olmaq və şərəf kimi seçilmiş xüsusiyyətlər sünilik və yaltaqlığı aradan aparır və onun yerini alır.

Məlum olduğu kimi hüququn fəlsəfəsində qanun ümumi və xüsusi mənada işlədilir. Qanun ümumi mənada – qanunvericilik və icra hakimiyyəti orqanları da daxil olmaqla, hökumət tərəfindən qəbul olunan bütün normativ aktları və nizamnamələri ehtiva edir. Qanunun xüsusi mənasına gəldikdə isə, insanların iradəsinə söykənən qanun nəzərdə tutulur. (Nəzərə almaq lazımdır ki, burada hər hansı bir ölkənin qanunu nəzərdə tutulmur, məqsəd bütün hallarda qanunun aliliyidir). Amma nəzərə almaq lazımdır ki, dövlət tərəfindən yaradılan hər hansı bir tələbi qanun adlandırmaq olmaz. Bəzən adi bir məsələnin də qanun olduğu iddia olunur, lakin qanunun aliliyi dedikdə yalnız hakimiyyətə tabe olmaq nəzərdə tutulur kimi zərərli fikri (qanunun aliliyi yalnız hakimiyyətə tabe olmaqdır) şüurdan çıxarmaq lazımdır, çünki qanunun aliliyi dedikdə milli iradəyə tabe olmaq nəzərdə tutulmalıdır; daha XIV Lüdovikin zamanı bitdi, deyirdi qanun mənəm, mənəm... qanun, yəni xalqın iradəsi.

Əgər qanunun dəyəri qanunun tərifi ilə əvəz olnarsa, yəni qanunun dəyərini dərk etmədən ona kor-korana əməl olunarsa, həmçinin təsəvvür edək ki, hər şey qanunidir və biz hər şeyi qanun çərçivəsində edə bilərik və bu kimi düşüncə zərərlidir. İlk olaraq qanunda mövcud olan dəyələri nəzərə almaq lazımdır; qanunlarda olan ədalət, insaf, vicdan və şərəf anlayışlarını nəzərə almadan ifrat, təəssüb və qərəzli qanunlara sitayiş etmək yolverilməzdir və belə qanunvericilik zərərli hesab olunur.

Qanunu tərif edənlər düşünürlər ki, qanun hüququn müstəsna mənbəyidir, hüquq və qanun arasında fərq yoxdur. Bu fikir Fransanın mülki hüququnda özünü göstərir və Fransada mülki hüquq müəlliflərindən biri açıq şəkildə bəyan edirdi ki, o, mülki hüququ tanımır və hər nə varsa mülki qanundadır. Problem ondadır ki, o hakimin şüurunda təsirli ola biləcək əxlaq meyarları – ədalət və vicdan çağırışları bir kənara qoyulmuşdur. Əgər hüququn mənbəyi müstəsna olaraq qanundadırsa, onda məhkəmə sisteminin və ya hüquqi doktrinanın hüquqda heç bir təsiri yoxdur, ən əsası isə əxlaq hüquqdan ayırılaraq kənara qoyulur. Əgər qanunu tərifləmək istəyiriksə, onda gərək ən yaxşı qanunlara malik olaq. Düşünürəm ki, bu nizama riayət edilməlidir, yəni yaxşı qanunla pis qanun arasında fərq olmalıdır. Milli maraqlara, ictimai əxlaqa uyğun olan qanun yaxşı qanundur, pis qanun isə tənqid edilməlidir. Bu fərqlilik qanunun şərhində də özünü göstərir, ancaq yaxşı qanuna gələndə isə təbii ki, onu genişləndirməyə çalışmaq lazımdır. Doğrudur, qanunun ümumi və ya xüsusi olduğunu bilmək üçün qanunvericinin özünə müraciət etmək lazımdır, lakin biz realist olsaq başa düşəcəyik ki, qanunu geniş və ya məhdud mənada şərh etmək üçün bizi istiqamətləndirən ağlımızdır. Siyasi vəziyyət, ictimai əxlaq, tarixi ənənələr və coğrafi vəziyyət bizim şüurumuzda qanunun prinsipcə doğru olub-olmaması barədə fikir formalaşdırır və təbii ki, bu, qanunvericiliyin doğru olması barədə motivasiyadır. Əgər bütün bunları qanundan çıxarıb desək ki, qanun nə deyirsə düzdür, onda qanunu tənqid edə bilmərik. Amma inkar etmək olmaz ki, bəzən cəmiyyətlər əxlaq və dəyər baxımından yüksək olmayan rəhbərlərin iradəsi ilə idarə olunur, məhz buna görə də qanun itaət kimi yox, bərabərlik kimi şərh olunur. Əgər hər şeyin qanunda olduğuna inansaq, o zaman cəmiyyətdə qanunda hökmü olmayan məsələlərlə üzləşəcəyik. Bu səbəbdən biz qanun anlayışını məntiqi məzmun, bənzətmə, razılıq və ziddiyyət anlayışının köməyi ilə qəbul etməyə məcbur oluruq, nəticədə, biz hissləri olmayan, mərkəzi insan olmayan dəmir maşına çevrilirik. Belə olan halda, həyatımızı ədalətli etmək üçün məntiq bir vasitə kimi bizim əlimizdə olmaqdansa, problemlərimiz məntiqə həvalə olunacaqdır ki, bu da çox təhlükəli bir vəziyyətə səbəb olacaqdır. Bir az da aydın izah etsək deyə bilərik ki, bu gün dünya elə bir istiqamətdə gedir ki, burada hakimlərin böyük rolu var və onlar qanunun mənasını və funksiyasını müəyyən edirlər. Əlbəttə, belə düşünmək doğru olmaz ki, harada uyğunsuzluq varsa, deməli qanunverici müqəssirdir, çünki bu günah hakimlərə yönəlib. Nəzərdən qaçırmamalıyıq ki, icraedici orqanı kənara qoyub, təkcə qanunvericiliklə kifayətlənmək olmaz. Digər tərəfdən, ölkədə nöqsan aşkarlanan kimi deyirik ki, bizdə pis qanun var, onu dəyişdirməliyik. Problemə bu cür yanaşma pis qanunun yox, pis şərhçinin olduğunu göstərir. Hakim bilir ki, qanunun dəyişikliyi hansı xaosa səbəb olacaqdır (xüsusi ilə də bəzi məhkəmə institutlarının ləğvi ilə müşayiət olunarsa), məsələn, birdən-birə şəhər məhkəməsi buraxılır və bütün işlər bir küncə yığılır və o işlərə altı ay, bir il baxılmaya bilər və altı aydan sonra isə işə yeni ədliyyə rəhbəri təyin olunur və o, asayişi və qanunun aliliyini pozan başqa bir sərəncam verir. Bəs unutmamalıyıq ki, qanunun tərifini düşünərkən, biz hakimiyyətin insanların şəxsi həyatına qarışmasına icazə veririk. İnsan dövlət quranda özünü dövlətin tələblərinə tabe edir ki, bütün həyatını onun təhlükəsizliyi altında yaşasın. Biz özümüzü tam olaraq dövlətə təslim etməmişik və şəxsi həyatımızı özümüz üçün qoruyuruq. Əgər şəxsi həyatımız əxlaq normalarından və etik dəyərlərdən uzaq olarsa, bu halda itirəcəyimiz çox şeylər olacaq, çünki insan ləyaqətinin istər-istəməz əxlaq normalarına və etik dəyərlərə ehtiyacı vardır. İnsanın ləyaqəti (əxlaqı) qanunlara sərbəst riayət etməsinə əsaslanır. Praktik həyatda insanın öz azadlığını şürlu formada dərk etməsi insanın fəaliyyəti üçün əsas motivasiya rolunu oynayır.

Filosofların və hüquqşünas filosofların gəldiyi nəticə də bundan ibarətdir ki, qanunların şərhində sadə dildən istifadə olunmalıdır, yəni sadə insanların anladığı dil unudulmamalıdır; sadə insanlar xəbərdar olmadlıdırlar ki, qanunu icra etsinlər. Əgər qanun əxlaqa ziddirsə, belə olan halda qeyri-etik qanun barədə insanlar məlumatlanmalı və bundan xilas olmaları üçün yollar göstərilməlidir.

Əntiqə Paşayeva

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun

“Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi” şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent.

science.gov.az