19.01.2026, 17:21 - Baxış sayı: 36

20 Yanvar Ümumxalq Hüzn Günü ilə bağlı anım tədbiri keçirilib


Yanvarın 19-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Yanvar hadisələrinin mahiyyəti:müasir siyasət kontekstində” mövzusunda dəyirmi masa keçirilib.

Anım mərasimində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri f.e.d., professor İlham Məmmədzadə açaraq bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının tarixinə həm faciəli, kədərli, həm də qəhrəmanlıq, rəşadət səhifəsi kimi daxil olub, müstəqillik, azadlıq uğrunda mübarizənin və yenilməz iradənin rəmzinə çevrilib. 36 il əvvəl doğma Vətəninin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən üstün tutan Azərbaycanın mərd övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Həmin gün Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə tarixi səhifə yazdılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur.

1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Liderin səyləri nəticəsində 20 Yanvar hadisələrinə siyasi və hüquqi qiymət verildi, dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara faciənin əsl mahiyyəti çatdırıldı. Bu yolda canlarından keçən Şəhidlərimiz isə daim qəlblərdə yaşayacaq, hörmət və ehtiramla yad ediləcəklər.
Tədbirdə h.e.d., professor Habil Qurbanov, f.e.d. Füzuli Qurbanov, f.ü.f.d. Məhəmməd Cəbrayılov, f.ü.f.d., dosent. Faiq Ələkbərli, və digər çıxışçılar 20 Yanvar hadisəsi ilə bağlı çıxış ediblər.