Elmi işçi Hafizə İmanova “İqlim dəyişikliyi kontekstində gender bərabərliyi” mövzusunda təlim keçib
3 dekabr 2025-ci il tarixində "Qadınların İnkişafına və Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin və Maestro School-un təşkilatçılığı ilə İqlim Dəyişikliyi kontekstində gender bərabərliyi:qadınların hüquq və imkanlarının gücləndirilməsi mövzusunda təlim keçirilib. Təlimçilər AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Davamlı inkişafın fəlsəfəsi və sosiologiyası" şöbəsinin elmi işçisi Hafizə İmanova və Azərbaycan Dillər Universitetinin Qərb ölkələri üzrə Regionşünaslıq kafedrasının baş müəllimi Şəfa Əbdürrəhimova olmuşdur. Hafizə İmanova İqlim dəyişikliyinin Azərbaycanda və qlobal müstəvidə dayanıqlı inkişaf konsepsiyası çərçivəsində sosial təsirləri haqqında prezentasiya təqdim etmiş və müqayisəli təhlil vasitəsilə əhalinin həyat tərzinə və rifahına, xüsusilə həssas təbəqə hesab edilən qadınların həyatına təsirlərdən bəhs etmişdir. Şəfa Əbdürrəhimova isə iqlim dəyişmələrinin gender bərabərliyinə təsirindən bəhs etmişdir. Təlimdə Azərbaycan Dillər Universitetinin müəllim və tələbə heyəti, eləcə də müxtəlif sferalarda çalışan sahibkar qadınlar iştirak etmişdir. Təlim diskussiya və sorğu-sual formatında keçirilmişdir.




