26.08.2025, 11:11 - Baxış sayı: 74

Vətənə və xalqa xidmət nümunəsi


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun məqsədləri sırasında yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək mühüm yer tutur. “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat naminə”, “Yeniləşən Azərbaycana yeni məktəb”, “Tolerantlığın ünvanı - Azərbaycan”, “Təhsilə dəstək” layihələri kifayət qədər mühüm fəaliyyətlərdəndir.

Mehriban xanım Əliyevanın xeyirxah əməlləri, milli dəyərlərimizin təbliği, təhsilimizin inkişafı, xalqın rifahı naminə gördüyü işlər Azərbaycan qadınının uğurla fəaliyyət göstərməsinə bariz nümunə olaraq, sonsuz rəğbətlə qarşılanır.

“Talassemiyasız həyat naminə” layihə də ciddi qayğının nəticədir. Ölkəmizdə hər il 300-ə yaxın uşaq bu xəstəliklə doğulur. Bu xəstəlikdən əziyyət çəkənlərin daim qana ehtiyacı olur. Talassemiyanın əsas səbəblərindən biri qohumlar arasında bağlanan nikahlardır. Bu xəstəlikdən əziyyət çəkən insanların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələləri həmin layihə üzrə görülən işlərin əsas istiqamətləridir.

2005-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” proqramı həyata keçirilməyə başlanmışdır. Bu layihə çərçivəsində inkişaf etmiş Avropa dövlətlərinin talassemiya ilə mübarizə sahəsində təcrübəsi ətraflı öyrənilib. Həmin ölkələrin tanınmış mütəxəssislərinin ölkəmizə səfərləri zamanı təcrübə mübadilələrinin aparılması nəticəsində yerli mütəxəssislər hazırlanmışdır.

Heydər Əliyev Fondunun diqqət yetirdiyi məsələlərdən biri də kimsəsiz uşaqlara göstərilən qayğının artırılmasıdır. “Uşaq evləri və internat məktəblərinin İnkişaf Proqramı” bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Layihə çərçivəsində paytaxt Bakıda və digər ərazilərdə yerləşən uşaq evləri və internat məktəblərində araşdırmalar aparılır, mövcud problemlər öyrənilir və onların həlli istiqamətində bir sıra vacib işlər görülür.

Heydər Əliyev Fondunun həyata keçirdiyi “Azərbaycan muğamları” layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış “Qarabağ xanəndələri” musiqi albomu böyük maraqla qarşılanan uğurlu iş olmuşdur.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daim şəhid ailələri ilə görüşür, onları diqqətlə dinləyir, qayğı və himayədarlıq nümunəsi göstərir. Bu çoxsaylı nümunələr aydın surətdə göstərir ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış insanların xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinə diqqət, qayğı zaman keçdikcə artır, məzmunca daha da dolğunlaşır. Ölkə Prezidenti İlham Əliyevin və Mehriban xanım Əliyevanın şəhid, qaçqın və məcburi köçkün ailələrinin nümayəndələri ilə görüşləri zamanı yaranan xoş ovqatı, canlı ünsiyyəti, səmimiyyəti dillə ifadə etmək çox çətindir. Həmin ailələr həmişə dövlət siyasətini yüksək qiymətləndirirlər.

Azərbaycanın yeni tarixini yaradan Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq Birinci vitse-prezident Mehriban xanım Əliyeva sosial, humanitar və iqtisadi siyasətin həyata keçirilməsində yeni idarəçilik modeli ortaya qoyub.

Prezident İlham Əliyevin söylədiyi kimi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial bir insandır, eyni zamanda çox xeyirxah bir insandır və təsadüfi deyil ki, Azərbaycan xalqı ona çox böyük rəğbətlə, sevgi ilə yanaşır”.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi Mehriban xanım Əliyevanın adı yüz minlərin, milyonların qəlbində ümid yerinə, xeyirxahlıq, haqq-ədalət ünvanına çevrilib.

İnsanlara dost, simsar olan bu nəcib xanım çətinliyə düşən, ona üz tutan, ürək qızdıran hər kəsə köməyini əsirgəmir. Hər bir kəsin dərdini duyması və bu ağrını öz ağrısı kimi yaşaması Mehriban xanım Əliyevanı xarakterizə edən ən gözəl cizgilərdir.

Günel MƏLİKLİ, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

science.gov.az