Rumıniya Elmlər Akademiyasında «Azərbaycan-Rumıniya dialoqu kontekstində fəlsəfənin perspektivləri» adlı beynəlxalq elmi konfrans keçirilib
2025-ci il mayın 20–21-də Rumıniya Elmlər Akademiyasında “Azərbaycanlı və rumıniyalı filosofların düşüncələrində fəlsəfənin gələcəyi” (“L’avenir de la philosophie dans les réflexions des philosophes azerbaïdjanais et roumains”) mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. Tədbirdə hər iki ölkənin elmi ictimaiyyəti fəal iştirak etmiş, bu isə fəlsəfə sahəsində elmi dialoqun inkişafında mühüm mərhələ olmuşdur. Konfransda Rumıniya Elmlər Akademiyasının vitse-prezidenti, akademik Mirçea Dimitru, Akademiyanın Fəlsəfə və Psixologiya İnstitutunun direktoru professor Viorel Vizureanu, həmçinin Buxarest Universitetinin Fəlsəfə fakültəsinin aparıcı müəllimləri iştirak etmişlər. Azərbaycan tərəfini Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə təmsil etmişdir. O, Akademiyanın vitse-prezidenti ilə görüş zamanı AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmi və tədris fəaliyyəti haqqında ətraflı məlumat vermiş, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi haqqında məlumat çatdırmışdır.Konfransın işi Buxarest Universitetinin Fəlsəfə fakültəsində davam etmiş, iştirakçılar qlobal dəyişikliklər fonunda fəlsəfi fikrin müasir çağırışları və perspektivlərini müzakirə etmişlər.Konfrans çərçivəsində AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu ilə Rumıniya Elmlər Akademiyasının Fəlsəfə və Psixologiya İnstitutu arasında elmi əməkdaşlıq haqqında saziş imzalanmışdır.Professor İlham Məmmədzadə konfransda çıxış edərək Azərbaycanın fəlsəfi irsini təqdim etmiş və ölkədə müasir fəlsəfi fikrin əsas istiqamətləri haqqında məlumat vermişdir.Konfransın sonunda akademik Mirçea Dimitru və professor Viorel Vizureanu Beynəlxalq Fəlsəfə Günü münasibətilə noyabr ayında Bakıda keçiriləcək tədbirə rəsmi şəkildə dəvət olunmuşlar. Bu kimi tədbirlərin keçirilməsi elmi əməkdaşlığın dərinləşməsinə, mədəni əlaqələrin möhkəmlənməsinə və humanitar elmlərin beynəlxalq səviyyədə birgə inkişafına töhfə verib.